Logo
news content
User
Kateqoriyalar

Analitika

“Erməni layihəsi”nin sonu?
Ekspert: “Tarixə çevrilən dünya düzəninin köhnəlmiş layihəsi məhvə məhkumdur və bağlanacaq”

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan MDB ölkələrindən olan həmkarları ilə noyabrın 8-də keçirilən görüş üçün Moskvaya getməyib.

“Armenpress” dövlət agentliyi xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat katibi Tatevik Petrosyan məlumat verib. Amma o, bu qərarın səbəbini açıqlamayıb. Beləliklə, ilk dəfə belə iclas Ermənistan nümayəndələrinin iştirakı olmadan keçirilib.

Oktyabrda Ermənistanın baş naziri Nikol Paşinyan da MDB dövlət başçılarının sammitində iştirakdan imtina etmişdi. O zaman da Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti imtinanın səbəbini açıqlamamışdı. Sammitə ev sahibliyi edən Qırğızıstanda isə Paşinyanın iştirak etməməsini “bir sıra hallarla” izah etmişdilər.

MDB dövlət başçılarının görüşündən əvvəl Qırğızıstanda MDB xarici işlər nazirlərinin də sammiti keçirilmişdi və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da bu görüşə qatılmamaq qərarı vermişdi. İrəvanı tədbirdə onun müavini təmsil etmişdi.

Ermənistanla Rusiya arasında münasibətlərin soyuması Qarabağdakı müharibədən sonra baş verib. Bu müharibə nəticəsində qondarma “respublika” öz fəaliyyətini dayandırıb, bölgə tamamilə Azərbaycanın nəzarətinə qayıdıb.

Ermənistan hakimiyyəti mütəmadi olaraq Rusiyanı və KTMT-ni (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) Qarabağdakı vəziyyətlə bağlı fəaliyyətsizliyə görə tənqid edib. Sentyabrın əvvəlində isə Ermənistan prezidenti Vaaqn Xaçaturyan ölkənin KTMT-dəki daimi nümayəndəsini geri çağırıb, bundan sonra İrəvan ABŞ-la hərbi təlimlər keçirəcəyini bəyan edib.

Öz növbəsində baş nazir Paşinyan Rusiyanı ölkənin müstəqilliyinə qəsddə ittiham edib, KTMT-nin səmərəsiz olduğunu söyləyib, eləcə də “hərbi münaqişənin qarşısını almalı olsalar da, Azərbaycanın addımlarına heç bir şəkildə mane olmayan” Rusiya sülhməramlıları ilə bağlı “ciddi suallar” olduğunu bildirib.

Kreml İrəvanın qınaqlarına cavab olaraq bəyan edib ki, Ermənistanın KTMT-dən çıxmaq niyyətinin ciddiliyinə inanmır. Bundan sonra “Moskvadakı yüksək vəzifəli anonim mənbə” RİA Novosti və TASS-a bildirib ki, Kreml Paşinyanın bəyanatlarını “məsuliyyətsiz və təxribat xarakterli” hesab edir.

“Biz Moldovanı “2 nömrəli Ukrayna” hesab etsək, Ermənistanı necə “3 nömrəli Ukraynaya” çevirməyə çalışdıqlarını görərik, Paşinyan isə iri addımlarla Ukrayna prezidenti Vladimir Zelenskinin yolu ilə gedir”, - mənbə xəbərdarlıq edib.

Bu qəribə vəziyyət necə başa çata bilər? Məsələ ondadır ki, bir sıra müstəqil müşahidəçilər də İrəvanın bu cür bəyanatlarına tam inanmadıqlarını bildirirlər. Çünki bu bəyanatlar uzun müddətdir – ötən ildən etibarən səslənir. Ermənistan hakimiyyəti isə o zamandan KTMT-ni tərk etmək üçün heç bir əməli addım atmayıb, Türkiyə və İranla sərhədində Rusiya sərhədçilərinin xidmətindən imtina etməyə cəhd göstərməyib. Üstəgəl, Rusiyanın 102-ci hərbi bazası heç bir problem olmadan Gümrüdə qalmaqda davam edir. Bir tərəfdən, Rusiyanı qınayaraq Qərbə doğru nümayişkaranə addımlar atan, digər tərəfdən isə Rusiyanı öz ərazisindən çıxarmaq üçün heç nə etməyən rəsmi İrəvan nə dərəcədə səmimidir? Bütün bunlar nə deməkdir?

Müstəqil analitik Rəşad Rzaquliyev old.pressklub.az-a bildirib ki, cavab sadədir, “erməni layihəsi” iflasa uğrayıb.

Onun fikrincə, layihənin funksionallığı və parametrləri o qədər köhnəlib ki, Ermənistan artıq nəinki regional, hətta qlobal siyasi və iqtisadi sistemə də uyğun gəlmir.

“Vektor münasibətləri” proyeksiyasında Rusiyanın qlobal tarixi layihəsinə əlavə kimi yaradılmış erməni dövlətçiliyi müasir Rusiya üçün lazımsız və həddindən artıq enerji tələb edən bir ballasta çevrilib... Rusiya Federasiyası yeni dünya düzəni sistemində Avrasiya blokunun qurulması kombinasiyasında tədricən “sivilizasiyalı rus imperializmi” formatından imtina edərək, anqlo-sakson dünyası ilə qarşıdurmada özünü Qlobal Cənubun regional güclər birliyində qoruyub saxlamağa çalışır.

Ermənistan rəsmiləri bunu kəskin və ağrılı şəkildə qəbul edirlər. Erməni isteblişmentinin dövrümüzün geosiyasi əxlaqsızlığının ən gözəl nümunəsi ruhunda “qiyamçılığı” da buradan qaynaqlanır... İfadəmə görə üzr istəyirəm, onların Aİ və Fransanın simasında yeni “oynaş” tapmaq cəhdləri isə Ermənistan dövlətinin özünün mövcudluğu ilə bağlı problemləri daha da dərinləşdirir”, - Rzaquliyev bildirib.

Ermənistanın özündə bunu başa düşürlərmi? Ekspert əmindir ki, başa düşürlər. “Ancaq sadəlövhcəsinə inanırlar ki, Böyük Yaxın Şərq müharibəsi ərəfəsində “striptiz şüvülündə” siyasi rəqs onları daha əhəmiyyətli və perspektivli edəcək. Ermənistan administrasiyası bir tərəfdən Rusiya qarşısında vassal öhdəliklərindən əl çəkmir, digər tərəfdən isə ölməz olduğuna olan inamı ilə intiharçı kimi öz xarici siyasətini şaxələndirməyə çalışır... Və bu, böyük dövlətlərin maraqlarının hərbi-siyasi toqquşmasının artması fonunda baş verir. 

Əminəm ki, erməni siyasi elitasının mənasız hərəkətlərini və diplomatiyasını təhlil etmək və şərh etmək mənasızdır. Çünki əminəm ki, tarixə çevrilən dünya düzəninin köhnəlmiş “erməni layihəsi” məhvə məhkumdur və bağlanacaq. Və bu, ən yaxın gələcəkdə baş verəcək”, - deyə analitik yekunlaşdırıb.

Rauf Orucov