Erməni arzuları: Blinken Azərbaycana təzyiqə razılaşacaqmı?
Diaspor nümayəndəsi ABŞ dövlət katibinə müraciətində “Artsax prezidentlərini” azad etməyə çağırıb
28 Avqust 2024
Erməni Ümumi Xeyriyyə Birliyinin (AGBU) sədri Perç Sedrakyan ABŞ dövlət katibi Antoni Blinkenə müraciət edərək, “Azərbaycanda qanunsuz həbsdə olan erməni məhbusların və xüsusən də Artsax Respublikasının keçmiş rəhbərlərinin” azad edilməsinə nail olmağa çağırıb.
Təşkilatın rəhbəri AGBU-nun saytında dərc olunmuş məktubunda Antoni Blinkenə Azərbaycan Prezidenti İlham Əliyevi Bakıda keçiriləcək COP29 iqlim konfransı ərəfəsində insan haqları sahəsində beynəlxalq öhdəliklər və vəzifələrini yerinə yetirməyə və bütün “haqsız yerə həbs edilənləri” mümkün qədər tez azad etməyə çağırdığını xatırladıb.
“Mən, sizin sözlərinizə diqqət yetirilmədiyi və bundan sonra da məhəl qoyulmayacağından narahat olduğumuzu deyəndə AGBU-nun bütün dünyadakı, xüsusilə də ABŞ-dakı çoxsaylı və müxtəlif üzvləri adından danışıram.
Qeyd etmək vacibdir ki, biz erməni məhbusların, o cümlədən, Azərbaycan hərbçilərinin ötən ilin sentyabrındakı hücumundan sonra 120 mindən çox erməni ilə birlikdə qaçmağa cəhd edərkən saxlanılan Artsax (Dağlıq Qarabağ) hökumətinin səkkiz keçmiş üzvünün tezliklə azad ediləcəyi barədə heç bir xəbər eşitməmişik. Bir gündə respublikanın üç keçmiş prezidenti - Arayik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, eləcə də digər keçmiş məmurlar - David Babayan, Levon Mnatsakanyan, David İşxanyan və David Manukyan həbs olundu. Bundan başqa, keçmiş dövlət naziri, AGBU-nun idarə heyətinin keçmiş üzvü, Ermənistan və beynəlxalq humanitar məqsədlər üçün çox işlər görmüş aparıcı xeyriyyəçi Ruben Vardanyan da həbs edilib”, – Perç Sedrakyan məktubunda yazır.
AGBU rəhbərinin sözlərinə görə, “Azərbaycanın 2020-ci ildə azad edəcəyi ilə bağlı vədinə zidd olaraq, bir sıra erməni hərbi əsirləri hələ də həbsdə saxlanılır”. O, bir qədər də irəli gedərək, “naməlum sayda mülki girovun da” Azərbaycanın əlində olduğunu iddia edib və bütün bunların həyəcanverici olduğunu bildirib.
“Bu məhbuslar daxili və beynəlxalq hüququn, o cümlədən regionda sülhün və sabitliyin asılı olduğu və Azərbaycanın üzv olduğu Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və İnsan Hüquqları üzrə Avropa Konvensiyasının açıq şəkildə pozulması ilə əsrlikdə saxlanılır. Hər ötən gün ailələrinin artıq dörd ilə yaxındır sağ-salamat qayıtmasını gözlədiyi bu gənc erməni əsgərlərinin həyatı üçün önəmlidir. Bu məhbusların azad edilməsi sülhə nail olmaq üçün lazımdır”, - Sedrakyan ABŞ dövlət katibinə müraciətində bildirib.
Onun sözlərinə görə, bu şəxslərin həbsdə qalması, bu ilin noyabrında Bakıda COP29-un keçirilməsi və xüsusən də Azərbaycanın onu “sülh COP-u”na çevirmək istəyinə ciddi zərbə vuracaq.
“Məhbuslar konfrans başlayana qədər azad edilməsələr, onların sonradan da azad olunmayacaqlarını güman etməyə hər cür əsasımız var. Çünki Prezident Əliyevin onları buraxmaq üçün heç bir stimulu olmayacaq.
Hazırda bütün dünyada bu qədər münaqişə olduğu bir vaxtda Birləşmiş Ştatların dünya düzəninin qorunmasında öz liderliyini nümayiş etdirməsinin vaxtı çatıb. Günahsız insanların həyatını məhv edən çoxsaylı müharibələr və təcavüzlər dövründə azad dünyanın lideri kimi Amerikanın reputasiyası təhlükə altındadır.
ABŞ-da və bütün dünyadakı ermənilər uzun müddətdir əsirlikdə saxlanılan soydaşlarının taleyindən dərin narahatdırlar. Biz Azərbaycanda saxlanılan erməni əsirlərin dərhal azad edilməsi üçün görülən işlərə dair yeni məlumat almaqdan məmnun olardıq”, - AGBU sədrinin məktubunda deyilir.
Erməni xadiminin bu müraciətinin hansı əhəmiyyəti olması maraqlıdır. Bu müraciət Blinkenin diqqətinə çatdırılacaqmı və o, Azərbaycan rəhbərliyi qarşısında bu məsələni qaldırmağa razı olacaqmı? Əgər çatdırsa belə, rəsmi Bakının iqlim sammiti ərəfəsində separatçı rejimin rəhbərlərini və erməni hərbi əsirlərini azad etmək ehtimalı varmı?
Beynəlxalq məsələlər üzrə ekspert, Cənubi Qafqaz Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.
O, hesab edir ki, Bakıda keçiriləcək COP29 sammiti yaxınlaşdıqca Azərbaycanla bağlı müxtəlif mövzular ətrafında siyasi spekulyasiyaların sayı da təbii olaraq artır. “Necə deyərlər, hər kəs öz rəzilliyinin, öz maraqlarının ölçüsünə görə məharət göstərir. Bir müddət əvvəl Qreta Tunberq bu sammit ərəfəsində özünü göstərmək qərarına gəldi və o da Azərbaycana qarşı hansısa gülünc ittihamlar səsləndirdi. Görünür, sadəcə olaraq öz ampluasını dəyişməyərək, aktivliyini nümayiş etdirmək istəyir. O, ümumiyyətlə nəyi və necə tənqid etmək lazım olmasından asılı olmayaraq, tənqidçi kimi çıxış edir. Əsas odur ki, tənqid edib ictimaiyyətin diqqət mərkəzində qalsın.
Erməni diasporu və erməni təşkilatlarının fəalları da özlərini göstərməsəydilər, təəccüblü olardı. Burada vəziyyəti dəyişmək üçün real imkandan çox piar var. Onlar da çox gözəl başa düşürlər ki, can atdıqları hər şey baş tuta bilməz. Lakin bu, o qədər də vacib deyil – əsas məqsəd diqqəti cəlb etmək, özlərini erməni xalqının ruporu kimi bəyan etmək və sairdir. Çörəklərini boş yerə yemədiklərini, müxtəlif fondlardan, strukturlardan maliyyələşmənin əbəs olmadığını göstərməkdir. Ona görə də, Sedrakyanın bu müraciəti, eləcə də bu qəbildən olan digər bəyanatların heç bir dəyəri yoxdur - hətta müraciətin yazıldığı kağızın dəyərindən də ucuzdur. Və çətin ki, kimsə onların tələblərini yerinə yetirməyə can atsın. Bundan əlavə, Azərbaycanın öz prinsiplərini dəyişəcəyinə (hətta nüfuzlu kənar oyunçuların təzyiqi altında) və faktiki cinayətkarları azadlığa buraxacağına ümid etmək lazım deyil. Onların niyə azadlığa buraxılmalı olduğu da bəlli deyil. Sadəcə ona görə ki, hansısa köhnəlmiş, anlaşılmaz erməni təşkilatı ABŞ-da qərar qəbul edən şəxslərə müraciət edib? Düşünmürəm ki, Blinken addım atan zaman belə insanların şübhəli məktublarına fikir versin”, - ekspert bildirib.
Eyni zamanda o, təəssüflə etiraf edir ki, bu məsələ bu və ya digər dərəcədə gündəmdə durur. “Amerika və Avropa vaxtaşırı müxtəlif bəhanələr və müxtəlif rakurslarda bu mövzunu qaldırırlar. Lakin bunu kifayət qədər ehtiyatla edirlər. Çünki anlayırlar ki, əgər təzyiq etsələr, çox uzağa gedə bilərlər. Bunu isə nə ABŞ, nə də Aİ istəyir. Onlar xüsusən də son zamanlar regionumuzda yaranmaqda olan reallıqları çox gözəl başa düşürlər. Mən qətiyyən güman etmirəm ki, bu cür çağırışlar ümumiyyətlə eşidiləcək və nəzərə alınacaq. Mediada, sosial şəbəkələrdə səs-küy isə normaldır. Ona görə də yəqin ki, bu cür bəyanatlara daha təmkinli yanaşmaq lazımdır”, - Vəlizadə hesab edir.
Rauf Orucov