Logo
news content
User
Kateqoriyalar

Analitika

Erkən nikahlara qarşı maarifçi təşəbbüs

Masallı Təhsil Fondu maraqlı təşəbbüslə çıxış edib. Fevralın 15-dən rayonun 66 orta məktəbində ali təhsil almaq istəyən qız məzunlara test kitabları, “Abituriyent” jurnalları və hazırlıq üçün digər lazımi dərs vəsaitlərindən ibarət hədiyyələr paylanılır.

Bu, Fondun cənub bölgəsində erkən nikahların qarşısını almaq, qızların ali məktəblərə daxil olaraq, ixtisaslı kadr kimi yetişməsinə yardım göstərmək üçün həyata keçirdiyi ilk tədbir deyil. Qurumun təşəbbüsləri həm bölgədə təhsilin inkişafına kömək, həm sosial dəstək proqramlarının genişləndirilməsi, həm də insan kapitalının artırılması baxımından əhəmiyyətlidir.

Fondun fəallarından biri, yerli “Ümidim sənsən” ictimai təşkilatının rəhbəri Fidan Abbaslı eyni zamanda rayon üzrə “Qarabağ bizimdir” mövzusunda inşa müsabiqəsi elan edildiyini və gənc qalibləri qiymətli mükafatlar gözlədiyini deyir:

“Masallı Təhsil Fondu özü də çox gəncdir, ötən ilin mayında təsis konfransı olub, iyunda isə dövlət qeydiyyatından keçib. Onun yaradılması təşəbbüsü Masallıdan seçilmiş millət vəkili Məşhur Məmmədova məxsusdur. İdarə Heyətinə rayonun nüfuzlu ictimaiyyət nümayəndələri daxildir. Məqsədimiz təhsilin inkişafına stimul vermək, xüsusilə qızlara oxumaq üçün təqaüdlər və yardımlar formasında şərait yaratmaqdır. Bilirsiniz ki, erkən nikahlar bizim bölgədə nisbətən geniş yayılıb. Əsas hədəflərimizdən biri də bu problemin köklü şəkildə həlli üçün çalışmaqdır. Digər tərəfdən, fəaliyyətimizin ilkin mərhələsində pedaqoji sahələrə yönələn qızlara üstünlük verməklə, biz həm də bölgədə müəllim çatışmazlığını yaxın gələcəkdə aradan qaldırmaq niyyətindəyik. Fondumuzun ilk layihəsi 70  saylı şəhər seçki dairəsi ərazisində buraxılış siniflərində oxuyan qızları təhsili davam etdirməyə həvəsləndirmək oldu. Müəyyən etdik ki, buradakı məktəbləri bitirən qızlardan 85 nəfəri ali pedaqoji təhsil almaq arzusundadır. Bir-bir onların evinə baş çəkdik, valideynləri ilə danışdıq, imtahanlara normal hazırlaşmaq üçün uşaqlara dərs vəsaitləri və materiallardan ibarət dəstlər hədiyyə etdik. Onu da nəzərdə tutmuşduq ki, 300-dən artıq bal toplayan abituriyent qızlara aylıq təqaüd verəcəyik, yaxud ödənişli əsaslarla qəbul olunanların təhsil xərclərini ödəyəcəyik”.

F.Abbaslı qeyd etdi ki, ötən il dairə ərazisindən ali məktəblərə 21 qız ödənişsiz əsaslarla, 25 nəfər isə ödənişli şərtlərlə qəbul olunub:

“Fond ödənişsiz əsaslarla qəbul olunan qızlara ayda 100 manat həcmində təqaüd verir, digərlərinin isə təhsil haqlarını qarşılayır. Təhsil ilinin birinci yarısında bu məqsədlə 30 min manat xərcləndi. Bu, nəzərdə tutulandan bir qədər artıq oldu, çünki şəhid ailəsinin övladı olan bir qıza təqaüd ikiqat artırıldı, bundan əlavə, rayondan çox yüksək balla Dövlət İdarəçilik Akademiyasına daxil olmuş bir oğlan da təqaüdçülər sırasına daxil edildi”.

Fidan Abbaslı Fondun yaxın gələcək üçün planlarından da danışır:

“Fevralın 13-də iclasımız oldu, 20-də isə ali məktəblərdə təhsil alan qızlarla görüş keçiriləcək, birinci semestr imtahanlarının nəticələri müzakirəyə çıxarılacaq, göstəricilər nəzərə alınaraq təqaüd və ödənişlərin davam etdirilməsi barədə qərar veriləcək. Eyni zamanda, yeni təhsil ili üçün araşdırmalara başlamışıq. Bəlli olub ki, şəhər seçki dairəsinin ərazisindəki 25 məktəbdə 296 qız təhsil alır və onların təxminən 130-nun bu il  ali məktəblərə sənəd verməsi gözlənilir. Amma Fond rayonun bütün 66 məktəbində 180 qız məzuna kitab və dərs vəsaiti paylamağı qərara alıb. 2021-ci dərs ili üçün Fondun xərclərinin 120 min manat təşkil edəcəyi proqnozlaşdırılır. Bunun 60 min manatını ötən il qəbul olunanlar, bir o qədərini də bu il ali məktəbə girənlər üçün xərcləmək nəzərdə tutulur. Fondun imkanları genişləndikcə, biz təkcə pedaqoji yox, başqa fənlər üzrə təhsil alanların, ilk növbədə şəhid ailələrinin övladlarının, eləcə də Masallının digər ərazilərində yaşayan tələbələrin bu imkanlardan faydalanmasını təmin etməyi də düşünürük. Bunun üçün Fondun ayrı-ayrı üzvləri rayonun iş adamlarına, xeyriyyəçilərə müraciətlər ünvanlayıblar, xahiş ediblər ki, hər bir ərazidə iş adamları məktəbə qəbul olmaq istəyən qızlarımıza dəstək versinlər. Elə şərait yaradılsın ki, ödənişlə, təqaüdlə bağlı problemlərə görə onların arzuları ürəyində qalmasın. Artıq xeyriyyəçi xanım Arzu Bağırova çağırışa səs verib, boya-başa çatdığı Bədəlan kəndində ali məktəblərin pedaqoji fakültələrinə daxil olan qızlara arxa duracağını bəyan edib”.

Qeyd edək ki, bu bu təşəbbüs ölkənin problemlərinin həllində ictimai qurumların, qeyri-hökumət təşkilatlarının oynaya biləcəyi mühüm rolu bir daha göstərir, dövlət və biznes strukturlarının fondlar və QHT-lərlə əməkdaşlıq şəraitində nail ola biləcəkləri uğurları əyani nümayiş etdirir.

 

Müəllif: Zahir Əmənov