Logo
news content
User
Kateqoriyalar

Analitika

Ərəblərin sükutu
Bölgə dövlətləri Fələstinə görə ABŞ ilə münasibəti pozarlarmı?

İsrail və HƏMAS qruplaşması arasında müharibə tam şiddəti ilə davam edir və yaxın vaxtlarda bu müharibənin dayanacağı real görünmür. İsrail tərəfi də son məqsədlərinin HƏMAS-ı bir təşkilat kimi məhv etmək olduğunu bildirir.

Hazırkı hərbi əməliyyat öz dəhşətli nəticələrinə və aparılma üsullarına görə indiyə kimi olan heç bir müharibəyə bənzəməyib. İsrail və Fələstin qruplaşmaları arasında toqquşmalar zamanı həmişə ilk növbədə mülki insanlar zərər çəkib. Amma HƏMAS yaraqlılarının İsrailə son hücum zamanı törətdikləri ağır cinayətlər heç bir ölçüyə sığmır. Qruplaşma üzvlərinin qətlə yetirdiyi dinc insanların sayı 1300 nəfərə yaxınlaşır. İsrail mənbələri HƏMAS-ın 200 dinc insanı, o cümlədən uşaqları girov götürdüyünü açıqlayıb. Bu saya öldürülən və əsir götürülən hərbçilər aid deyil.

Eyni zamanda, etiraf etmək lazımdır ki, müharibə cinayətləri törətmək üsulunda İsrail də HƏMAS-dan geri qalmır. Son bir neçə gündə Qəzza zolağına vurulan zərbələr nəticəsində ölən fələstinlilərin sayı mini keçib. Onların arasında xeyli uşaq da var. Qəzza zolağında 23 minə yaxın bina vurulub. Artıq 340 minə yaxın insan evini tərk edib. HƏMAS üzvləri arasında öldürülənlərin sayı isə yüzlərlədir. Bölgə tam mühasirəyə alınıb, Qəzza zolağına elektrik enerjisinin, suyun verilməsi, ərzaq və tibbi ləvazimatlat çatdırılması dayandırılıb.

Bu fonda, ərəb ölkələri təəccüblü dərəcədə dözümlülük nümayiş etdirilər. Sözsüz ki, bunu tam susqunluq saymaq olmaz: başda Səudiyyə Ərəbistanı olmaqla, bütün dövlətlər İsrailin Qəzza sektorunu nizamsız bombalamasını, bölgədə quru əməliyyatları keçirtməyə hazırlaşmasını pisləyən bəyanat veriblər. Demək olar ki, bütün ərəb ölkələri dərhal hərbi əməliyyatları dayandırmağa çağıraraq, müharibənin davam etməsinin ciddi nəticələrə,o cümlədən siyasi nəticələrə səbəb ola biləcəyini vurğulayıblar. Səudiyyə Ərəbistanı isə ümumiyyətlə, ABŞ-ın dəstəyi ilə həyata keçirilən İsraillə münasibətlərin yaxşılaşdırılması prosesini dayandırdığını açıqlayıb.

Bununla yanaşı, ərəb ölkələrinin belə zəif reaksiyası qətiyyən gözlənilən deyildi və mümkündür ki, HƏMAS-ın son hücumunu hazırlayanların, ona dəstək verənlərin planlarını alt-üst edib. Axı, ərəb dövlətləri İsrailin Fələstinə qarşı bundan qat-qat zəif hərbi əməliyyatlarına bundan qat-qat sərt reaksiya veriblər. Bəs indi niyə belə zəif reaksiya göstərilir? Ərəb dövlətləri daha ağır əməliyyatların aparıldığı, HƏMAS-ın mövcudluğunun təhlükə altına alındığı və Qəzza zolağının əhalisinin bir hissəsinin bölgədən köçməsi təhlükəsi yarandığı bir zamanda niyə susurlar?

Bunun bir neçə səbəbi ola bilər. Öncə onu qeyd etmək lazımdır ki, HƏMAS atəşkəs rejimini pozmaq, dinc əhaliyə divan tutmaqla, ərəblərin özünü, apardıqları mübarizəni zərbə altına qoyublar. Hazırda heç bir normal dövlət, normal siyasi qüvvə HƏMAS-ın bu vəhşiliyinə sona qədər haqq qazandıra bilmir, ancaq “fələstinlilərin haqlı mübarizəsini dəstəkləyirik” kimi ümumi bəyanat verirlər. 

İkincisi, HƏMAS ərəb dövlətlərinin ümumi düşməni olan İranla sıx əlaqələrə malikdir. Bu gün İran HƏMAS-ın ən böyük sponsorlarından birinə, bəlkə də birincisinə çevrilib. Məlumdur ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 1990-cı illərdən HƏMAS-la sıx əlaqə saxlayır, qruplaşmanın yaraqlıları hərbi yardımı Tehrandan alır və onlara təlimlər də SEPAH tərəfindən keçirilir. Eyni sözləri Rusiya barədə də söyləmək mümkündür. Rusiya rəsmiləri bir çox ölkələr tərəfindən terror təşkilatı kimi tanınan HƏMAS-ın rəhbərlərini Moskvada ən yüksək səviyyədə qəbul edirlər. 

Nəhayət, ərəb ölkələri kiçik Qəzza zolağına (baxmayaraq ki, bəzi məlumatlara görə, cəmi 360 kvadrat kilometr ərazidə 2,5 milyona yaxın ərəb yaşayır) öz maraqlarını zərbə altına atmağa tələsmirlər. Son dövrlər ABŞ-ın vasitəçiliyi və rəhbərliyi ilə ərəb ölkələri və İsrail arasında ciddi yaxınlaşma əldə edilib. Hətta bəzi ərəb dövlətlərində, məsələn, Misir, İordaniya, Bəhreyn, Birləşmiş Ərəb Əmirliklərində İsrail səfirlikləri açılıb. Yuxarıda da qeyd etdiyimiz kimi, Vaşinqton Ər-Riyad və Tel-Əviv arasında münasibətləri düzəltmək üçün ciddi fəaliyyət göstərirdi.

Bir müddət əvvəl Hindistanda keçirilən G20 sammitində isə ABŞ-ın nəhəng layihəsi açıqlandı. Hindistandan başlayan bu infrastruktur meqa-layihəsi BƏƏ, İordaniya, İsraildən keçməklə, Avropa Birliyinə doğru uzanmalıdır. 21-ci əsrin ən böyük ticarət layihələrindən biri sayılan bu meqa-layihənin yanına onlarla digər kiçik layihələri də əlavə etmək olar ki, sürətlə inkişaf edən İsrailin də, ərəb dövlətlərinin də marağındadır. Həm də, bu dövlətlər reallığı başa düşərək, özlərini ABŞ-a qarşı qoymaq istəmirlər.

Ərəblərin susqunluğu, zəif reaksiyası da yuxarıda sadalanan və sadalanmayan bir çox digər faktorlarla bağlıdır. Qəzza zolağında qarşıdurma başa çatandan sonra İsraildə də ciddi siyasi proseslər olacağı gözlənilir. İstisna deyil ki, ifrat sağçı Netanyahu hökuməti HƏMAS hücumu zamanı yol verdiyi boşluqlara görə tarixin siyasi arxivinə göndərilsin. Yeni gələn hökumətlər isə ərəb dünyası ilə dil tapmağa çalışacaqlar. Çünki yəhudilərin bundan sonrakı dinc həyatı da problemin həllindən keçir.

Ərəb dövlətləri kiçik Qəzza zolağına görə susqunluğu pozarlarmı?

Press Klub