Logo
news content
User
Kateqoriyalar

Analitika

Ərdoğandan Putinə 2025-ci il mesajı
Rusiya hərbçilərini Qarabağdan hansı yolla çıxartmaq olar?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO sammiti zamanı çox vacib bəyanatla çıxış edib. Ərdoğan azərbaycanlı jurnalistin sualını cavablandırarkən, Rusiyanın 2025-ci ildə Qarabağı tərk edəcəyini bildirib.

Jurnalistin bölgədəki Rusiya “sülhməramlı” qüvvələri ilə bağlı sualını cavablandıran Türkiyə prezidenti çox açıq şəkildə Rusiyanın 2 ildən sonra bu ərazini tərk etməli olduğunu söyləyib: “Buradakı anlaşma Rusiyanın 2025-ci ilə qədər müəyyən edilən yerlərdə qalmasıdır. 2025-ci ildə isə Rusiya buraları tərk edəcək. Anlaşma belədir. Mən də Rusiyanın anlaşmayaq sadiq qalacağına inanıram. Əziz qardaşım İlham Əliyev də bunu diqqətlə izləyir”.

Bölgədə vəziyyətin qeyri-müəyyən olduğu və hətta gərgin olduğu, hər gün atəş səslərinin eşidildiyi bir zamanda Ərdoğanın bu açıqlaması xüsusi önəm daşıyır. Əvvəla, bu, Türkiyə liderinin Rusiya “sülhməramlılarının” bölgədə qalma müddəti ilə bağlı verdiyi ilk belə açıqlamasıdır. Sualı jurnalist səsləndirsə də, Ərdoğan ondan yayına, qeyri-müəyyən cavab verə bilərdi. Amma o, heç bir manevr etməyərək Rusiya hərbi kontingentinin 2025-ci ildə bölgədən çıxacağını söylədi. Bunu artıq uzun müddətdir Azərbaycanla eyni cəbhədən çıxış edən və Azərbaycanın onun maraq dairəsində olduğunu göstərən Türkiyənin qəti mövqeyi və Rusiyaya açıq mesaj kimi qəbul etmək lazımdır. 

Ərdoğanın bu açıqlamanı NATO sammitində, Türkiyə-Rusiya münasibətlərinin o qədər də yaxşı olmadığı, narazılıqların yaşandığı bir vaxtda verməsi də xüsusi önəm daşıyır. Qeyd edək ki, Türkiyə lideri Qərblə, xüsusən də ABŞ-la münasibətləri yeniləmək kursu götürüb. O, bu barədə iki gün öncə prezident Co Baydenlə görüşündə də danışıb. Hazırkı reallıq isə ondan ibarətdir ki, Qərb Moskvanı Cənubi Qafqazdan sıxışdırmağa çalışır və Rusiyanın bölgədən çıxarılmasının açarı məhz Qarabağdadır. Rusiya Qarabağdan çıxsa, qısa müddət ərzində Cənubi Qafqazdakı təsirini itirəcək. Belə bir zamanda bir tərəfdən Ermənistanla münasibətlərin nizamlanmsı istiqamətində ciddi addımlar atan Ərdoğan, digər tərəfdən Rusiya hərbi kontingentinin çıxarılması istiqamətində gördüyü işlərlə, münasibətlərin yenidən qurulması və Rusiyanın deyil, Qərbin müttəfiqi olması kursuna sadiqliyini nümayiş etdirir.

Daha bir məqam Ərdoğanın İlham Əliyevin Rusiya hərbi kontingentinin bölgədən çıxarılması məsələsini izləməsini xüsusi olaraq vurğulaması ilə bağlıdır. Ərdoğan bununla Azərbaycanın mövqeyindən xəbərdar olduğu və bu məsələnin iki dövlət arasında razılaşdırıldığı barədə bütün tərəflərə mesaj vermiş oldu. Açıqlamanın Azərbaycan və Ermənistan liderlərinin bir neçə gün sonra gözlənilən Brüssel görüşü ərəfəsində səslənməsi həm də rəsmi İrəvanı düşünməyə vadar edə bilər.

Sirr deyil ki, Azərbaycan Rusiyanın bölgədəki mövcudluğunun 2025-ci ildən o yana keçməməsi üçün ciddi şəkildə çalışır. Qarabağda, Laçın yolunda proseslərin sürətlənməsi, yolun nəzarətə götürülməsi, keçid buraxılış məntəqəsinin quraşdırılması, “sülhməramlıların” bəzi məqamlarda oyundankənar vəziyyətə salınması da bununla bağlıdır. Dövlət başçısının hər çıxışında Rusiya hərbi kontingentinin Azərbaycan ərazisində müvəqqəti yerləşdirildiyini deməsi və bir neçə dəfə bu müddətin 2025-ci ildə başa çatdığını söyləməsi də bunu göstərir və açıq mövqedir.

Amma Rusiya hərbi kontingentini tez bir zamanda Qarabağdan yola salmaq mümkün olacaqmı? Etiraf etmək lazımdır ki, Rusiya bölgəyə buranı tez bir zamanda tərk etmək üçün gəlməyib. Tarix də göstərir ki, Moskvanı hansısa bölgədən çıxartmaq çətin, bəzən isə mümkünsüz olur. Ən yaxın tarixə nəzər salanda, bunu qonşu Gürcüstan, Moldova, Mərkəzi Asiyadakı Rusiya hərbi mövcudiyyəti, eləcə də Ukraynada davam edən müharibə də sübut edir. 

Amma hazırda Azərbaycanla vəziyyət bir qədər fərqlidir. Əvvəla, Azərbaycan həm gücünə, həm də mövqeyinə görə Rusiyanın münasibətlərini pozmaq istəyəcəyi dövlət deyil. Bölgədə belə bir  müttəfiqini itirmək Moskvanın da marağına xidmət etmir. Digər tərəfdən, Azərbaycanın yanında NATO-nun ikinci ordusu sayılan Türkiyə dayanıb. Qarabağdakı qarşıdurma zamanı bu faktor (Şuşa bəyannaməsi) nəzərə alınmaya bilməz. 

Nəhayət, çox şey hazırda Moskvanın ilişib qaldığı Ukrayna “bataqlığı” ilə bağlıdır. Cəbhədə çox ağır durumda olan və getdikcə güclənən Ukrayna ordusu qarşısında geri çəkilən Rusiya ikinci gərginlik ocağı yaratmaq marağında və gücündə deyil. 

Rəsmi Bakıya isə vaxtı tələsdirməmək lazımdır. “Sülhməramlıları” hazırkı oyundankənar vəziyyətdə saxlamaq, təminat məsələsində Azərbaycanın təklif etdiyi seçimi qəbul etdirmək, hazırkı oyun qaydalarını diktə etdirmək ən doğru seçimdir.

 Press Klub