Logo
news content
User
Kateqoriyalar

Analitika

Ərdoğan Paşinyanı və Əliyevi nəyə təşviq edir?
Türkiyə Ermənistanla sərhədlərin tezliklə açılmasına çalışır

Bu il də Qurban bayramı günlərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Türkiyə Prezident Administrasiyasının yaydığı məlumata görə, iyunun 18-də baş tutan söhbətdə Türkiyə lideri Baş naziri qarşıdan gələn Vardavar - İsa Məsihin Transfiqurasiyası münasibətilə təbrik edib, Paşinyan da öz növbəsində ona Qurban bayramı münasibəti ilə təbriklərini çatdırıb.  

Liderlər Ermənistan və Türkiyə arasındakı münasibətləri heç bir ilkin şərt olmadan tam bərpa etmək üçün siyasi iradələrinin olduğunu vurğulayıblar. Bu kontekstdə iki ölkənin xüsusi nümayəndələrinin görüşlərinin davam etdirilməsinin vacibliyi qeyd olunub və əldə olunan razılaşmalar təsdiqlənib.

Məlumatda bildirilir ki, Ərdoğan və Paşinyan Türkiyə və Ermənistanın yüksək səviyyəli nümayəndələri arasında davam edən dialoqu məmnunluqla qeyd edib, regionda baş verən son hadisələri və beynəlxalq gündəmi müzakirə ediblər.

Bu məlumatı bir il əvvəl - 2023-cü il 28 iyunda baş tutmuş Ərdoğan-Paşinyan telefon təmaslarından verilən rəsmi açıqlama ilə müqayisə etdikdə az fərqlərin olduğu məlum olur. Ermənistan hökumətinin yaydığı həmin açıqlamada da liderlərin bayramlaşdığı qeyd olunur. 

“Ermənistan və Türkiyə liderləri ikitərəfli münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər, həmçinin diplomatik pasportlara malik şəxslər və üçüncü ölkə vətəndaşları üçün quru sərhədlərinin açılması prosesinə toxunublar”, - məlumatda vurğulanıb.

Bu istiqamətdə ötən bir ildə nə dəyişib? 

Baş nazir Nikol Paşinyan Ankaraya səfər edərək Ərdoğanın inauqurasiya mərasimində iştirak edib, daha sonra xarici işlər naziri Ararat Mirzoyan Antalya Diplomatiya Forumuna qatılıb və xarici işlər naziri Hakan Fidan, XİN-in Ermənistan siyasəti üzrə məsul diplomatı Sərdar Klıçla görüşüb. Həmçinin İrəvanın Türkiyə ilə normallaşma prosesinə məsul vitse-spiker Ruben Rubinyan Sərdar Kılıçla bir araya gəlib. Rubinyan gileylənib ki, liderlər arasında sərhədlərin açılması, münasibətlərin normallaşması prosesi ilə bağlı razılaşmalar yerinə yetirilməyib. Türkiyə bu istiqamətdə əməli addımlar atmayıb. 

Mayın 24-də erməni mediası Türkiyə-Ermənistan sərhədində yenidən təmir olunmuş və açılması ilə bağlı qərar gözləyən Marqara keçid məntəqəsinin görüntülərini yayıb. Burada sıfırdan gözləmə zalı, hərtərəfli yoxlama anqarı, yüklərin rəsmiləşdirilməsi pavilyonları, anbar və dayanacaqlar, eləcə də müasir avadanlıqla təchiz olunmuş digər infrastrukturlar tikilib.

Göründüyü kimi, ötən 1 ildə Ermənistan tərəfindən addımlar atılsa da Türkiyə tələsməyib. Ankaranın bu istiqamətdə diplomatik fəallığı ötən ilin sentyabrından - Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatından sonra hiss olunmağa başlayıb. Əvvəlcə Türkiyə-Avropa İttifaqı rəsmiləri, daha sonra Ankara-Vaşinqton yüksək səviyyəli razılaşmalarında (F-16-ların satılması, Türkiyənin Cənubi Qafqazda ABŞ-la birgə işbirliyi və s) Ermənistanla münasibətlərin normallaşması, sərhədlərin açılması, prosesin Azərbaycan-Ermənistan sülh danışıqlarından kənara çıxarılması müzakirə olunmağa başlayıb.

Ötən ilin dekabrından etibarən Türkiyə rəsmiləri - xarici işlər naziri Hakan Fidan, Milli müdafiə naziri Yaşar Gülər və prezident Ərdoğan Azərbaycanlı həmkarları ilə bütün təmaslarda, o cümlədən fərdi bəyanatlarda və Qərb diplomatları, siyasətçiləri ilə görüşlərdə Azərbaycan-Ermənistan sülh sazişinin imzalanmasının vacibliyini vurğulayıblar.

Azərbaycan Prezidenti İlham Əliyev prezident seçkilərindən sonra Türkiyəyə dövlət səfərində olarkən liderlərin birgə bəyanatında Ərdoğan bu məsələnin üzərində xüsusi ilə dayandı. Türkiyə lideri vurğuladı ki, tərəflər sülh üçün yaranmış şəraitdən maksimum istifadə etməlidirlər. 

Bu istiqamətdə Bakı ilə Ankara arasında sonuncu yüksək səviyyəli təmas iyunun 10-da İlham Əliyevin Ərdoğanın dəvəti ilə Türkiyəyə qısamüddətli işgüzar səfəri zamanı baş tutub. Rəsmi məlumata görə, liderlər ikitərəfli əlaqələri və regional mövzuları müzakirə ediblər. Ərdoğan bu görüşdə də Ermənistanla sülh sazişinin vacibliyini gündəmə gətirib. 

Şübhəsiz, Ərdoğan Paşinyanla planlaşdırdığı telefon danışığı barədə müttəfiqini məlumatlandırıb, bu səbəbdən bu gün İlham Əliyevə zəng etməyə ehtiyac olmayıb.

Əlbəttə, Türkiyə prezidenti təkcə Azərbaycanı sülhün tezləşdirilməsinə təşviq eləmir, onun bəyanatı daha çox Ermənistanın Baş nazirinə ünvanlanıb. Bu yaxınlarda Ərdoğan Paşinyanı Qərbdəki dostlarının “qəzəllərinə” qulaq asmadan Azərbaycanla sülh sazişini tezləşdirməyə çağırmışdı.

Bu da Cənubi Qafqazda hərbi qarşıdurma risklərinin aradan qaldırılması, sülhün əldə olunması və nəqliyyat-ticarət əlaqələrinin bərpa olunmasının Türkiyə üçün nə qədər vacib olduğunu göstərir. Bu, həm də Türkiyə ilə ABŞ və Avropa İttifaqı arasında əldə olunan razılaşmanın bir hissəsidir. Tərəflərin regionla bağlı maraqları üst-üstə düşür, bu da Ankaranın açılım siyasətini genişləndirməyi zəruri edir.

Məlumdur ki, Türkiyə Cənubi Qafqazın ən böyük və güclü ölkəsi Azərbaycanla müttəfiqlik, Gürcüstanla strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Onlar həm də üçlü formatda əməkdaşlıq edir, xarici siyasət, təhlükəsizlik, müdafiə siyasətini əlaqələndirirlər. Ermənistan aydın səbəbdən bu prosesdən kənarda qalıb, amma Türkiyə İrəvanın da prosesə cəlb olunmasına çalışır, bu, Ankaranın bütövlükdə regional maraqlarından irəli gəlir. 

Əvvəla, Türkiyə Fransa, Hindistan, Yunanıstan, İran və başqa dövlətlərin öz sərhədində - Ermənistanın müdafiə və təhlükəsizlik siyasətində önəmli yer tutmasından narahatdır. Rusiya regionda zəiflədikcə, onun yerini doldurmağa ən iddialı və daha geniş imkanlara malik ölkə Türkiyədir. Ermənistanın Qərbə inteqrasiyasının uğurlu olması da bu ölkə ilə münasibətlərin bərpa olunmasından çox asılıdır. Beləliklə, Türkiyə bu məsələni Azərbaycanla danışır və prosesin ikitərəfli sülh müqaviləsi çərçivəsində reallaşmasını arzulayır. Yox, obyektiv səbəblərdən bu alınmırsa, Türkiyə birtərəfli qaydada Ermənistanla münasibətlərin normallaşmasına Bakının xeyir-duasını almaq istəyir. 

İkincisi, Türkiyə regionda Qərbin ona artan ehtiyacını dəyərləndirir və əldə etdiyi kart-blanşı vaxtında istifadə etməyə çalışır. Çünki Qafqazda sülhün əldə olunmasına Ankaranın verdiyi töhfələr Qərblə münasibətlərdə digər mövzular üzrə Türkiyənin əl-qolunu açır, ona dividentlər qazandırır. Birləşmiş Ştatlar, Böyük Britaniya müttəfiq Türkiyənin daha geniş rola malik olmasında, regional dəhlizlərdə Rusiyanı tədricən sıxışdırıb çıxararaq, Orta Asiya qapısında söz sahibi olmasında maraqlıdırlar və ona dəstək verirlər. 

Beləliklə, Azərbaycanla Ermənistan arasında sülh sazişi təkcə regional deyil, həm də qlobal oyunçuların marağında olan prosesdir və Türkiyə burada önəmli mövqeyə malikdir. Ona görə də qarşıdakı dövrdə sülh sazişi ilə bağlı konkret addımların atılması və Ermənistan-Türkiyə münasibətlərində normallaşma mərhələsinə start veriləcəyi gözləniləndir. Gözləmək olar ki, gələn ilin yayında Ərdoğan və Paşinyan bu il verdikləri bəyanatları təkrarlamaqla kifayətlənməyib, yeni hədəflər haqqına telefonla deyil, bəlkə də üzbəüz danışacaqlar.

Turqut