Logo
news content
User
Kateqoriyalar

Analitika

Ərdəbildə Azərbaycan Ordusuna dəstək aksiyası keçirənlər saxlanılıb

Sentyabrın 29-da İranın Ərdəbil şəhərində Azərbaycan ordusuna dəstək aksiyası keçirən fəallar saxlanılıb.

Bu barədə məlumatı güneydə yaşayan soydaşlarımız yayıb. Onların sözlərinə görə, Azərbaycan Ordusunun Qarabağ ərazisini azad etmək istiqamətində həyata keçirdiyi hərbi əməliyyata dəstək vermək üçün Ərdəbildə mitinq keçirilib. Mitinqdə Ermənistanın Azərbaycan ərazisini işğal etməsi qınanıb və Ermənistandan həmin əraziləri tərk etməsi tələb edilib. Lakin polisin müdaxiləsi nəticəsində bəzi fəallar saxlanılıb. İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi saxlanılanlardan 11 nəfərin adlarını yayıb: Əsgər Əkbərzadə, Müctəba Pərvin, Mürtəza Pərvin, Mustafa Pərvin, Mehdi Huşmənd, Məhəmməd Covlani, Pərviz Siyabi, Səccad Covlani, Bəhmən Xeyrcu, Hüseyn Balaxani və Hamid Heydəri.

Məsələ ilə bağlı İran İslam Respublikasının Azərbaycandakı səfirliyi ilə əlaqə saxladıq. Səfirliyin mətbuat xidmətinin katibi Səyid Əi Musəvi deyilənləri təkzib etdi:

“Mən bilmirəm bu söz-söhbətlər haradan və necə yaranır. Əvvəl qeyd etdilər ki, guya İran Ermənistana hərbi sursat yardımı edir. Sonra da bu hadisənin baş verdiyini bildirirlər. Bu, Azərbaycan və İran arasında olan qardaşlıq münasibətlərinə xələl gətirmək üçün atılan addımlardır”.

İrandakı azərbaycanlı fəallar isə bildirdilər ki, səfirliyin təkzib etməsi normaldır: “Onlar heç vaxt bu tip hadisələri təsdiq etmirlər. Hələ də saxlanılanlar həbsdədir və azad olunmayıblar”.

Ülviyyə Şahin