Logo
news content
User
Kateqoriyalar

Analitika

Elmi sıçrayış: Dünyanın yarandığı an <span class="redthis">FOTOLARDA</span>
Yeni teleskop kosmosun ən dərinliklərinə baxaraq, qalaktikaları bizə 13,5 milyard il əvvəl olduqları kimi göstərir

“Ceyms Vebb” (JWST) kosmik teleskopu cəmi iki il əvvəl orbitə buraxılsa da, artıq astronomların kainatımızın yaranışı haqqında baxışlarını dəyişməyə başlayıb. Çəkdiyi şəkilləri isə ən yaxşı kosmos fotoları kimi cəsarətlə beynəlxalq müsabiqələrə təqdim etmək olar.

Kassiopeya A

Kassiopeya bürcündə partlamış ən yeni ulduzun qalıqları. Əsas halqanın diametri 15 işıq ili təşkil edir. 

Yupiter 

Günəş sisteminin ən iri planeti olan Yupiteri teleskop infraqırmızı işıqda çəkib. Onun ən parlaq detalları ən böyük hündürlüklərdə gözə dəyir: bu, konvektiv ammonyak buludlarının zirvələridir. 

İnfraqırmızı kosmik rəsədxana xüsusi çətinlik çəkmədən kosmosun ən dərinliklərinə baxa bildi və qalaktikaları bizə 13,5 milyard il əvvəl olduqları kimi göstərdi. 

Alimlərin fikrincə, onların çoxu 13,8 milyard il əvvəl baş vermiş Böyük partlayışdan keçən belə az müddətdən sonra olmalı olduqlarından daha parlaq, daha böyükdürlər və daha yaxşı formalaşıblar. 

“Bilirdik ki, yayğın ulduz topasını görəcəyik, amma eyni zamanda, tam formalaşmış, ideal spiral qollara malik qalaktikalar müşahidə edirik. Nəzəriyyəçilər kainatın formalaşmasının belə erkən mərhələsində bu qədər yetkin strukturların necə yaranması mövzusu üzərində artıq işləyirlər. Bu mənada “Ceyms Vebb” gerçəkdən elmi təsəvvürü dəyişir”, - Britaniya astronomik texnologiyalar mərkəzinin direktoru Cillian Rayt BBC-yə müsahibəsində deyib. 

Burulğanlar qalaktikası

Bu qalaktikanı gecə səmasında adi binoklun köməyi ilə müşahidə etmək olar. İndi mövcud olan ən güclü kosmik teleskop isə onun mürəkkəb spiral qollarının ən xırda detallarını tədqiq etməyə qadirdir.

Xameleon I

Xameleon I molekulyar buludu Yerdən 630 işıq ili məsafəsində yerləşdir.  Teleskop bu buludda, -260 °C hərarətdə əvvəllər heç zaman müşahidə olunmayan buz zərrələri tapıb. 

Oxatan C

Teleskop bu fotoda öz nəzərini bizim qalaktikanın mərkəzinə, çox böyük qara dəliyin olduğu yerə yönəldib. İnanmaq çətindir, amma təxminən 50 işıq ilini əhatə edən bu şəkildə yarım milyona yaxın ulduz yerləşir. Mavi rəngi həyəcanlanmış hidrogen atomları yaradır. 

Alimləri bu gənc qalaktikaların öz ulduzlarını belə tezliklə yaratmasından çox həmin qalaktikaların mərkəzindəki qara dəliklərin ölçüləri təəccübləndirir. Məsələn, bizim Süd Yolunun mərkəzində yerləşən əjdahanın çəkisi bizim Günəşin çəkisindən 4 milyard dəfə çoxdur. 

Nəzəriyyələrdən birində deyilir ki, belə bədheybətlər zaman ərzində, ən yeni ulduzların partlayışı ilə yaranan kiçik ölçülü çoxlu qara dəliklərin birləşməsi ilə formalaşır. 

“Ancaq JWST vasitəsilə əldə olunan ilkin məlumatlar göstərir ki, ola bilər, bu erkən nəhənglər ulduz mərhələsini artıq arxada qoyublar,  - Edinburq universitetinin professoru Adam Karnall deyir. – Axı belə bir ssenari də mümkündür ki, erkən Kainatdakı böyük qaz buludları partlayış prosesində dərhal qara dəliklərə çevriliblər”.

Yelkən bürcündə NGC 3256 qalaktikası

 NGC 3256 — iki qalaktikanın 500 milyon il əvvəl baş verən toqquşmasının nəticəsidir.  Belə toqquşmalar nəticəsində yeni ulduzlar yaranır, onlar da öz növbəsində ətraflarındakı qaz və ulduz tozunu işıqlandırırlar. 

Yengəcvari dumanlıq

Ən yeni qalıqlardan ibarət Yengəc dumanlığını Çin və ərəb astronomları 1054-cü ildə kəşf ediblər. O, bizdən 6500 işıq ili məsafəsində, Buğa bürcündə yerləşir. 

“Ceyms Vebb” 2021-ci ilin Miladı ərəfəsində kosmosa buraxılanda 10 il işləyəcəyi proqnozlaşdırılırdı. Onun yanacaq ehtiyatı Yerdən 1,5 milyon km uzaqda məhz bu müddətdə fəaliyyət göstərmək üçün nəzərdə tutulmuşdu. 

Amma “Ariane” daşıyıcı raketi onu hesablanmış nöqtəyə elə dəqiq çıxardı ki, əlavə manevrlərə yanacaq sərf olunmadı və JWST 20 il, bəlkə də daha çox istismar oluna bilər. 

Bu da o deməkdir ki, astronomlar öz müşahidələri ilə tələsməməlidirlər, onlar teleskopla bağlı uzunmüddətli, necə deyərlər, strateji yanaşma sərgiləyə bilərlər. 

“Biz düşünürdük ki, kosmik latteni çəkə biləcəyik, indi buna ehtiyac yoxdur”, - NACA-nın əməkdaşı, JWST layihəsinin iştirakçısı doktor Erik Smit deyir. 

İndi daha da sürətlə görüləcək işlərdən biri, yəqin ki, “dərin sahələr”in yaradılması praktikası, yəni göy səthinin nisbətən kiçik sahələrinin detallı tədqiqi olacaq ki, bu da teleskopa ən uzaq qalaktikaların zəif işığını tutmağa imkan verir. Ola bilər, “Ceyms Vebb” Kainatda parlamış lap birinci qalaktikaları və hətta ayrı-ayrı ulduzları məhz bu yolla görməyə nail olacaq. 

Saturn

Halqası sayəsində asan tanınan planet şəkildə tutqun düşüb, bu da atmosferindəki metana görədir: metan infraqırmızı şüalanmanı güclü şəkildə udur. Solda Saturnun üç ayı görünür.  

HH212 ulduzu

Bu, körpə ulduzdur, ən çoxu 50 min il yaşı var. Aşıb-daşan enerjisi hər iki qütbündən çıxır və molekulyar hidrogeni çəhrayı rəngə boyayır. Bu kosmik “konstruksiya”nın eninə ölçüsü 1,6 işıq ilidir.

Bir vaxtlar “Habbl” teleskopu günlərlə kosmosdakı bir nöqtəyə “zillənirdi”. Hartfordşir universitetinin doktoru Emma Kertis-Leyk deyir ki, “Ceyms Vebb”in buna ehtiyacı yoxdur, amma çoxsaylı “dərin sahələr”i işləmək lazım olacaq. 

“Bizdə JWST-in uzunmüddətli kontaktla çəkdiyi fotolar var və çoxsaylı variasiyalar müşahidə edirik. Biz diqqətimizi xırda nöqtəyə yönəldə bilmərik, çünki həddindən artıq maraqlı bir şey aşkar edəcəyimizin təminatı yoxdur”.

JADES-GS-z13-0 qalaktikası

Genişləndirilmiş dərin ekstraqalaktik tədqiqat (JADES) zamanı “Ceyms Vebb” təsdiqlənmiş ən erkən qalaktikanı, Böyük partlayışdan cəmi 325 milyon il sonra müşahidə edilən JADES-GS-z13-0 qalaktikasını aşkar edib. 

IC 348 ulduz topası

Persey bürcündəki IC 348 ulduz topası parlaq ulduzların klasterləri arasındakı nazik qaz telləri və toz selidir. “Ceyms Vebb” burada az kütləli qəhvəyi cırtdan, ya da, başqa deyimlə, formalaşmamış ulduz tapıb. Onun kütləsi Yupiterinkindən 3-4 dəfə artıqdır ki, bu da ulduz üçün çox azdır. 

Kosmosun teleskopla araşdırılması ilə məşğul olan Baltimor institutundan Massimo Stiavelli Böyük partlayış dövrünün başlanğıc kimyəvi tərkibinə malik, sonradan yaranan elementlərlə çirklənməmiş ilkin ulduz tapmaq arzusundadır. 

“Biz onları partlayan ən yeni ulduz formasında müşahidə etməliyik. Buna nail olmaq üçün isə kosmosun eyni sahəsini illərlə izləmək lazımdır ki, onları partlayış zamanı və bundan dərhal sonra qeydə alasan. Amma bu hadisələr çox nadirdir və bəxtimiz inanılmaz dərəcədə gətirməlidir”, - “Ceyms Vebb” missiyasının rəhbəri deyir. 

WHL0137-LS Earendel ulduzu

Hələ “Habbl” teleskopu tərəfindən kəşf edilən Earendel Yerdən ən uzaq və məlum ulduzlar arasında ən birincisi sayılır. 

“Ceyms Vebb” də təsdiq edir ki, Böyük partlayışdan 900 milyon il sonra bu ulduzdan işıq gəlməyə başlayıb və Yerə 12,9 milyard ilə çatıb. 

Orion dumanlığı

Ulduzlar doğulan bu məşhur dumanlığı gecə səmasında adi gözlə görmək mümkündür. Onun bu başından girib o biri başından çıxmaq üçün 4 ildən bir qədər çox vaxt lazımdır, bir şərtlə ki, kosmik gəminiz işıq sürətilə hərəkət etsin. 

“Ceyms Vebb” kosmik teleskopunun çəkdiyi şəkillər heyranedicidir, halbuki fotoqraflıq onun heç də əsas vəzifəsi deyil. 

O, vaxtın 70 faizindən çoxunu kosmik obyektlərin spektroskopik analizinə həsr edir və bunun sayəsində astronomlar tədqiq edilən obyektlərin kimyəvi tərkibi, hərarəti, sıxlığı və sürəti haqqında çox mühüm informasiya alırlar. 

“Siz teleskopu hərdən yaxşı şəkillər çəkən nəhəng spektroqraf hesab edə bilərsiniz”,  - doktor Smit zarafatla deyir. 

İlan bürcünün Ro-su

Bu ulduz cütü, hər ikisi B spektral sinfinə aid olan ağ subnəhəngdən və ağ ulduzdan ibarətdir. Onlar yerləşdikləri ulduz topasındakı qaz-toz buludunu işıqlandıran ən parlaq ulduzlardır və Yerdən 400 işıq ili məsafəsindədirlər. 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://www.bbc.com/russian/articles/c972ddnq57ro