Logo
news content
User
Kateqoriyalar

Analitika

Əlli milyon insan Azərbaycanı vətən hesab edirsə, Azərbaycan da onlara vətəndaş (soydaş) dəyəri verməlidir

Son onilliklərdə daha çox yayılmış bu ifadə soyu bir olan insanlar toplumunu ehtiva edir. Sovetlər dönəmində əsasən “həmvətən” ifadəsindən istifadə edilərdi ki, onun da kökündə vahid coğrafi məkan - Vətən faktoru dayanır. “Soydaş” isə millətimizin dünyanın istənilən nöqtəsində doğulmuş, yaşayan nümayəndələrinə aid edilə bilən kəlmədir.

Mənaca “soydaş”ın hüdudları bütün türkdilli xalqları əhatə edəcək qədər geniş olsa da, bu gün onun hüquqi çərçivəsini daraltmalı, tarixi Azərbaycan coğrafiyası ilə məhdudlaşdırmalı oluruq. Söhbət Azərbaycan Respublikasından başqa, Güney Azərbaycan, Borçalı, Dərbənd, artıq soydaşlarımızın yaşamadığı İrəvan xanlığı, Göyçə və Zəngəzur əsilli olan, qardaş Türkiyə, eləcə də dünyanın istənilən nöqtəsində soy-kökü ilə bu coğrafiyaya bağlı insanlardan gedir. O insanlar ki, Azərbaycan Respublikasını gerçəkdən öz vətənləri, milli dövlətləri bilirlər və Azərbaycanın maraqlarının qorunmasında hər zaman maraqlıdırlar.

Ölkəmiz 28 ildir müstəqilliyinə qovuşub, amma, təəssüf ki, sayı 50 milyonu aşan soydaşlarımızla bağlı ortaya əsaslı və əhatəli konsepsiya qoyulmayıb. Bu sahədə ən təsirli mövqe məhz müstəqilliyimizin ilk illərində sərgilənib. Qeyd olunan məsələdə Bütöv Azərbaycan idealının müəllifi, prezident Əbülfəz Elçibəyin rolu müstəsna əhəmiyyətə malikdir. Özü də iş bəyanatlarla məhdudlaşmayıb. Həmin illərdə Güney Azərbaycandan Quzeyə ana dilində oxumaq üçün yüzlərlə gənc gəlib və dövlət hesabına ali təhsil almağa başlayıb. Ancaq sonrakı dönəmdə güneyli soydaşlarımız üçün açılmış bu “imkan qapısı” bağlanıb, hətta onların deportasiyası halları olub. Əslində o dövrdə soydaşlarımızın Azərbaycan Respublikasında yerləşməsi üçün milli və mənəvi zəminlər mövcud olsa da, buna hüquqi əsaslar yox idi. Yəni, tənzimləyıcı qanunlara ehtiyac duyulurdu.

Azərbaycan Respublikasından kənarda yaşayan soydaşlarımız, başqa sözlə, dünya azərbaycanlıları haqqında ilk önəmli hüquqi akt 2002-ci ilin 27 dekabrında qəbul edildi. Onu da deyim ki, “dünya azərbaycanlıları” ifadəsi özü 1995-ci il Konstitusiyasında millətimizin və dilimizin adı ilə bağlı yol verilmiş böyük yanlışlığın davamı oldu. Bəs, bu yeni qanunun mahiyyəti nədən ibarət idi?

“Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” cəmi 11 maddəlik Qanunda onun əsas məqsədinin soydaşlarımızın milli özgünlüyünün qorunub saxlanması və inkişaf etdirilməsi olduğu bildirilirdi. Sənədin ilk maddəsində isə “xaricdə yaşayan azərbaycanlılar” anlayışına hüquqi tərif və təsnifat verilirdi:

“1. Bu Qanunun məqsədləri üçün "xaricdə yaşayan azərbaycanlılar" dedikdə, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan və özünü azərbaycanlı hesab edən aşağıdakı şəxslər başa düşülür:

1.1.1. Azərbaycan Respublikasının vətəndaşları və onların övladları;

1.1.2. əvvəllər Azərbaycan SSR-nin və ya Azərbaycan Respublikasının vətəndaşları olmuş şəxslər və onların övladları;

1.2. "Xaricdə yaşayan azərbaycanlılar" anlayışı həmçinin bu Qanunun 1.1.1 və 1.1.2-ci maddələrində göstərilmiş kateqoriyalara aid olmayan, lakin etnik, dil, mədəniyyət və ya tarixi əlaqələr baxımından özünü azərbaycanlı hesab edən şəxslərə və onların övladlarına da şamil olunur”.

Qanunun 1.1.2 maddəsində nəzərdə tutulan “Azərbaycan SSR vətəndaşları olmuş şəxslər və onların övladları” kateqoriyası kifayət qədər mübahisəli və ziddiyyətli idi. Həmin məntiqlə, vaxtilə Azərbaycan SSR-də yaşamış, ərazimizin işğalında iştirak etmiş əcnəbi ermənilər də qanunla “xaricdə yaşayan azərbaycanlı” statusuna malik olmalıdırlar.

Qanunun 1.2 maddəsində “etnik, dil, mədəniyyət və ya tarixi əlaqələr baxımından özünü azərbaycanlı hesab edən”lərin də “xaricdə yaşayan azərbaycanlı” olduğu barədə müddəa yer alıb. Amma həmin norma qanunun qəbul edildiyi 17 il ərzində bütün soydaşlarımıza deyil, yalnız iqtidarın siyasətini dəstəkləyənlərə tam qüvvəsi ilə şamil olunub. Bir çox hallarda iş “Azərbaycan 50 milyon azərbaycanlının vətənidir” kimi pafoslu bəyanatlardan o tərəfə keçməyib. Halbuki dövlət başçısı tərəfindən səsləndirilən belə bir güclü bəyanatın arxasında praktikada da 50 milyona eyni dərəcədə tətbiq olunan hüquqi baza dayanmalıdır.

Uzun müzakirələrdən sonra 2013-cü ilin iyulunda təsdiqlənmiş Miqrasiya Məcəlləsi ilə həmin bəyanat arasında yenə uçurum müşahidə olundu. Təkcə Məcəllənin 3.0.1 maddəsində təsbit edilmiş “əcnəbi” anlayışı üzərində dayanmaq kifayətdir. Mən hələ o zaman yazmışdım ki, öz soydaşımızı dünyanın hər hansı nöqtəsində yaşayan bir xarici vətəndaşla eyniləşdirmək ölkə prezidentinin Dünya Azərbaycanlılarının Qurultayında “50 milyonun vətəni” barədə verdiyi bəyanata adekvat deyil. Dünyanın hər yerində bütün insanlara sayğımız var, amma soydaşlarımıza sahib çıxmaq missiyası məhz Azərbaycan dövlətinin öhdəsindədir.

Son günlər soydaşlarımızla bağlı yeni qanun layıhəsinin hazırlanmasına dair sevindirici xəbərlər dolaşır. Hətta layihənin hazır olduğu barədə də açıqlamalar var. Düşünürəm ki, belə qanunun qəbul edilməsi dövlətin bütün dünyada yaşayan soydaşlarımıza sahib çıxması baxımından olduqca önəmlidir və hətta bu sahədə yeni səhifənin açılması deməkdir. Dünya azərbaycanlıları Azərbaycanı öz vətənləri hesab edirlərsə, Vətən( dövlət) də onlara vətəndaş (soydaş) dəyəri verməlidir. Sözü gedən qanunun qəbul edilməsi ayrı-ayrı ölkələrdə, fərqli mədəniyyətlər içərisində yaşayan soydaşlarımızın Azərbaycana kütləvi inteqrasiyasını sürətləndirə bilər. Şübhəsiz, bu inteqrasiyanın milli-mənəvi dəyərlərin qorunmasına tövhəsi ilə yanaşı, siyasi və iqtisadi faydası da olmalıdır. Ümid edirəm ki, yeni formalaşacaq parlamentin ilk səs verəcəyi qanunlardan biri məhz soydaşlarımız haqqında qanun olacaq və beləliklə, həmin sahə üzrə qanunvericilikdə indiyədək mövcud olmuş qüsurlar aradan qalxacaq.

Rüfət Muradlı