
Əliyev-Ərdoğan görüşünün pərdəarxası
Türkiyə Azərbaycandan nə istəyir və niyə tələsir?
13 İyun 2024
İyunun 10-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya bir günlük işgüzar səfər etdi. Rəsmi məlumatda səfər çərçivəsində Türkiyə rəhbərliyi ilə ikitərəfli münasibətlər, qarşılıqlı əlaqələrin müxtəlif aspektləri, eləcə də regionda cərəyan edən proseslərin müzakirə olunacağı bildirilmişdi.
İlham Əliyevi Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz qarşılamışdı və Prezident R.T.Ərdoğan da müttəfiqi ilə Ankaranın Esenboğa hava limanında görüşdü.
Xatırladaq ki, növbədənkənar prezident seçkilərindən sonra, ənənəyə uyğun olaraq, fevralın 18-də Azərbaycan Prezidenti ilk xarici səfərini Türkiyəyə edib. Müttəfiq ölkələr arasında intensiv siyasi-diplomatik təmaslar, yüksək səviyyəli qarşılıqlı səfərlər təbiidir, vaxtaşırı ikitərəfli münasibətlər, regional siyasətin uzlaşdırılması ilə bağlı məslhətləşmələr həyata keçirilir. Əliyevin sonuncu Türkiyə ziyarəti də bu qəbildəndir, görünür, səfərlər arasında zaman məsafəsi az olsa da Bakı və Ankara vəziyyəti yenidən dəyərləndirməyə ehtiyac duyub.
Liderlərin görüşündən əvvəl iki ölkənin xarici işlər nazirləri - Ceyhun Bayramovla Hakan Fidan telefonla danışıblar, daha sonra Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ankarada Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla fikir mübadiləsi aparıb. Qaydalara görə, nazirlər və yüksək rütbəli diplomatlar liderlərin müzakirə gündəliyini müəyyənləşdirir, daha sonra prezidentlər onların müzakirəsi aparır və qərarlar verilir.
İlham Əliyevin və Ərdoğanın gündəliyində hansı mövzular ola biləcəyini müəyyənləşdirmək üçün bu ərəfədə baş verən bəzi hadisələrə diqqət etməyə ehtiyac var:
Azərbaycan Prezidenti Misirə rəsmi səfər etdi, 1967-ci il sərhədləri daxilində və Şərqi Qüds paytaxt olmaqla Fələstin dövlətinin yaradılması ilə bağlı rəsmi Bakının mövqeyini bir daha açıqladı;
İlham Əliyev Qahirəyə yollanmazdan əvvəl İran Prezidentinin səlahiyyətlərini icra edən Birinci vitse-prezident Məhəmməd Müxbirlə telefon danışığı apardı. O, mərhum Seyid İbrahim Rəisinin Azərbaycan-İran sərhədində keçirilmiş görüşü, görüşdə aparılmış müzakirələrin və əldə edilmiş razılaşmaların əhəmiyyətinə toxunub. Qeyd edilib ki, bir çox önəmli məsələlərin müzakirə edildiyi həmin görüşdə əlaqələrin inkişafının gələcək istiqamətləri və hər iki tərəfin güclü siyasi iradəsi bir daha təsdiqlənib. Azərbaycanın bu görüşdə əldə edilmiş razılaşmalara tam şəkildə sadiq olduğunu deyən dövlət başçısı bildirib ki, Bakı onların icrası istiqamətində İranla birlikdə fəaliyyətini davam etdirəcək;
Daha sonra Azərbaycanın İran islam Respublikası ilə ilk dəfə birgə hərbi təlimlərin keçiriləcəyi açıqlandı;
Bir neçə gün əvvəl Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyətinin başqanı Orxan Həsənoğlu rəsmi Bakının Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) rəsmən tanıya biləcəyini, bu ölkədə səfirlik açmaq qərarına gəldiyini açıqlayıb. Habelə Azərbaycan ŞKTC-nın Türk Dövlətləri Təşkilatının tam hüquqlu üzvü olmasını dəstəklədiyi barədə məlumatlar yayılıb;
Türkiyə Dövlətləri Təşkilatının vahid ordusunun yaradılması ilə bağlı müzakirələr başlayıb. Türkiyə, Azərbaycan və Özbəkistan buna razıdır, Qazaxıstan və Qırğızıstanla məsləhətləşmələr gedir.
İlham Əliyev və Ərdoğanın gündəminin bir hissəsini bu mövzular təşkil edə bilər. Xüsusən, Ankara Azərbaycandan İsraillə ikitərəfli münasibətləri daha korrekt çərçivəyə salmasını gözləyir. Bakı ilə Tehran arasında əldə olunan razılaşmalar, hətta birgə hərbi təlimlərə qədər “irəli gedilməsi” Ərdoğanın təşəbbüsü ilə irəli sürülən 3+3 prinsipi çərçivəsində atılmış sabitləşdirici addımlardan biri hesab oluna bilər.
Əlbəttə, önəmli mövzulardan biri də Azərbaycan və Ermənistan arasında sülh prosesinin intensivləşdirilməsidr. Bu, Ankara ilə Vaşinqton arasında əldə olunmuş razılaşmaların bir hissəsini təşkil etməklə bərabər, həm də Türkiyənin regiondakı maraqları ilə bağlıdır.
Türkiyə Cənubi Qafqazda coğrafi, siyasi, iqtisadi imkanları və Azərbaycan, Gürcüstanla qurduğu strateji əlaqələri ilə ən unikal imkanlara malik ölkədir. Ankara regionu bütöv iqtisadi məkan kimi görür, rəqbilərini sıxışdırmaq, öz nüfuzunu gücləndirmək və sabitləşdirmək üçün yaranmış fürsətləri dəyərləndirir. Azərbaycan-Ermənistan sülhünün əldə olunması bu istiqamətdə prosesləri sürətləndirə bilər, çünki İrəvanın Qərbə açılan qapısı Türkiyə sərhədləridir. Sərhədlərin açılması məsələsi ilə bağlı hələ 2022-ci ilin iyulunda Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan və Türkiyənin yüksək vəzifəli diplomatı Serdar Kılıc bir neçə dövrə danışıqlardan sonra razılaşma imzalamışdılar. Razılaşmaya görə, Ermənistan və Türkiyənin diplomatik pasportları olan vətəndaşları və üçüncü ölkələrin vətəndaşları sərhəddən keçə bilərlər. Sərhədin rəsmi açılışına hazırlıq çərçivəsində Ermənistan hökuməti Marqara sərhəd keçidinin tikintisi üçün özəl şirkət dəvət etmişdi. Marqara sərhəd kəndi Yerevanın 40 kilometrliyindədir.
Rubinyan dünən yerli mətbuata deyib ki, Türkiyə Ermənistanla sərhədin qismən açılmasına dair razılaşmanın icrası üçün addımlar atmayıb: “Keçid məntəqəsi hazırdır, lakin biz bu razılaşmanın icrası üçün Türkiyə tərəfindən atılan heç bir addım görmürük”.
Rubinyan və Kılıc arasında 2022-ci ildə əldə olunmuş başqa bir razılaşma iki ölkə arasında yük daşımaları üçün hava nəqliyyatının açılmasını nəzərdə tuturdu.
Bu razılaşma da hələlik icra olunmur, hərçənd Türkiyə 2023-cü ilin yanvarında Ermənistana və Ermənistandan hava ilə yük daşımalarına icazə vermişdi. Ankara hələ də Ermənistan malları üzərində qadağanı saxlayır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və başqa Türkiyə rəsmiləri dəfələrlə bəyan ediblər ki, Ankara-İrəvan münasibətlərinin bundan sonrakı yaxınlaşması Azərbaycanla sülh müqaviləsinin bağlanmasından asılı olacaq.
Ərdoğanın Azərbaycandan gözləntisi mümkün kompromislər hesabına sülh prosesinin tezləşdirilməsi, yaxud Ermənistanla sərhədlərin açılması məsələsinin bu kontekstdən çıxarılmasıdır. Ankaranı tələsdirən əsas məsələlərdən biri Fransa və ABŞ-nin İrəvanda getdikcə daha geniş mövqelər qazanmasdır. Belə ki, ötən ilin payızından Fransa Ermənistanla hərbi əlaqələrini genişləndirməyə başlayıb, ölkənin ordusunun yenidən qurulmasında, silahlandırılmasında iştirakını artırır. Son aylarda Ermənistan bu ölkənin hərbi sənaye kompleksinin müasir avadanlıqlarını əldə edib. Bir neçə gün əvvəl isə Baş qərargah rəisi general-leytenant Edvard Asryan ilə Fransa Quru Qoşunlarının komandanı general Pyer Çil arasında keçirilən görüşdə əməkdaşlığın gələcək inkişafı ilə bağlı yeni razılaşmalar əldə olunub. Tərəflər xüsusilə təcrübə mübadiləsi və kadr hazırlığı sahəsində məsələləri müzakirə ediblər.
Aprelin 5-də Brüsseldə gerçəkləşən Ermənistan-ABŞ-Avropa İttifaqı sammitində əldə olunan razılaşmaların icrasına start verilib. Dünən Birləşmiş Ştatlar və Ermənistan İrəvanda keçirilən danışıqların ardınca iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı yardımlaşmasına dair saziş imzalayıblar. ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms O’Brayen deyib ki, müzakirələrdə diqqət demokratik inkişaf, iqtisadi şaxələndirmə, müdafiə islahatları və Avro-Atlantika əməkdaşlığına yönəldilmişdi. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə bildirib ki, görüş iki ölkə arasında yüksək siyasi səviyyədə dialoqu nümayiş etdirir.
“İkitərəfli gündəlik Ermənistanın dayanıqlığı və davamlı inkişafı üçün kritik olan istiqamətlər də daxil genişlənməkdə davam edir”, - o əlavə edib. O’Brayen deyib ki, razılaşma ABŞ və Ermənistan gömrük xidmətləri arasında “informasiya mübadiləsini” nəzərdə tutur. Razılaşma habelə ikitərəfli ticarət əlaqələrinin inkişafına təkan verməlidir.
O’Brayen onu da deyib ki, Vaşinqton İrəvanla müdafiə və təhlükəsizlik sahəsində bağların dərinləşdirilməsi üzərində işi davam etdirəcək:
“Biz habelə iqtisadi imkanlarımızı Mərkəzi Asiyadan Aralıq dənizinədək olan ərazidə genişləndirmək üzərində işləyirik. Ermənistan və Azərbaycan arasında davamlı sülh olarsa, bu imkanlar daha da genişlənəcək. Biz bu istiqamətdə göstərilən səyləri dəstəkləməkdən məmnunuq”.
Ermənistanın gömrük məlumatlarına görə, ötən il iki ölkə arasında ticarətin həcmi 670 milyon dollara çatıb.
Türkiyə Rusiya və İranın zəifləməsi fonunda Qərbin Ermənistanda artan fəallığını narahatlıqla izləyir və gedişatı öz maraqlarına zidd hesab edir. ABŞ isə Ermənistanın Qərbə daha geniş açılmasında Ankaranın imkanlarına ümid bağlayır. Türkiyə Azərbaycansız bunu edə bilmir, ona görə də Əliyevlə Ərdoğan arasındakı müzakirələrin əsas hissəsinin bu barədə olması ən böyük ehtimaldır.
Turqut