Logo
news content
User
Kateqoriyalar

Analitika

Əliyev-Bərzani danışıqlarının pərdəarxası məqamları...
“Türkiyə ilə Azərbaycan razılaşdırılmamış addım atmırlar”

Xəbər verdiyimiz kimi, ötən gün İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Azərbaycana işgüzar səfərə gəlib. Bərzanini paytaxtda əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib. Daha sonra isə o, iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb. Maraqlıdır ki, hər iki mühüm görüşün təfərrüatları ilə bağlı yerli mətbuata az və səthi məlumat verilib. Nəticədə ölkə ictimaiyyəti muxtariyyat liderinin Bakı səfəri kimi çox ciddi və geosiyasi əhəmiyyətə malik hadisə barədə ətraflı məlumat əldə edə bilməyib. 

Mövzunun aktuallığını nəzərə alaraq, old.pressklub.az Ümid Partiyasının sədri İqbal Ağazadənin fikirlərini öyrənib. Elə partiya lideri də Bərzaninin Azərbaycana səfərini şərh edərkən ilk öncə informasiya qıtlığının olduğunu deyib:

“Doğrusu, Neçirvan Bərzaninin Azərbaycana səfərinin məqsədləri və onun Bakıda keçirdiyi rəsmi görüşlərlə bağlı olduqca az məlumat var. Ona görə də bizdə dəqiq informasiya yox, gümanlar mövcuddur. Bu da hadisənin şərh edilməsini çətinləşdirir. Lakin istənilən halda, bizim bu danışıqlardan ciddi gözləntilərimiz var. Bu gözləntilərin başında isə kürd probleminin gələcəkdə Türkiyəyə və Güney Azərbaycana ötürülməməsi durur. Əgər bu istiqamətdəki gözləntilər özünü doğrultsa, gələcəkdə tərəflər arasındakı diplomatik əlaqələrin intensivləşməsi fonunda “İraq Kürdüstanı”na Azərbaycan tərəfindən daha yaxın münasibətin şahidi ola bilərik”.

Qeyd edək ki, Neçirvan Bərzani və Mikayıl Cabbarov arasında keçirilən görüşdə kürd investisiyasının Azərbaycana yönəldilməsi məsələsi də müzakirə edilib. İqbal Ağazadə isə bu mövzuda rəsmi Bakının diqqətli olmasının vacibliyini bildirib:

“Azad bazar iqtisadiyyatı şəraitində investisiyanın milliyyəti müzakirə mövzusu ola bilməz. İnvestisiya üçün kürd, türk, ərəb anlayışı mövcud deyil. Hazırda Azərbaycan açıq ölkə funksiyasını yerinə yetirir və öz iqtisadiyyatının qapılarını bütün xarici investorların üzünə açır. Habelə, onlara ölkədə normal və səmərəli fəaliyyət göstərmələri üçün şərait yaradılır. Lakin söhbət məhz kürd investisiyasından gedirsə, burada diqqətli davranmaqda fayda var. Məlumdur ki, Kürdüstanda YPG və PKK kimi terror təşkilatları fəaliyyət göstərir. Kürd investorlar Azərbaycandan əldə etdikləri sərmayəni bu təşkilatlara ötürə bilər. Bu isə nə rəsmi Bakı, nə də onun müttəfiqləri üçün arzuolunan hal deyil. Ona görə də ölkəyə gələcək kürd investorlara bu məsələ ilə əlaqədar xəbərdarlıq edilməlidir”.

Yeri gəlmişkən, hazırda rəsmi Ərbil İraq Kürdüstanındakı neft yataqlarına tam nəzarət edir. İsrail başda olmaqla müxtəlif xarici ölkələr kürd neftinə böyük maraq göstərir. Xarici mətbuatda yer alan xəbərlərə görə, kürd nefti həm xarici ölkələrə ixrac edilir, həm də bəzi dövlətlər onun beynəlxalq bazarlara tranzitini həyata keçirir. “Azərbaycan bu məsələdə rəsmi Ərbillə əməkdaşlıq edə bilərmi” sualına İqbal Ağazadə belə cavab verib:

“Hesab etmirəm ki, hazırkı danışıqların əsas mövzusu kürd neftinin Azərbaycan vasitəsilə emalıdır. Çünki burada tranzit imkanları neftin öz qiymətindən baha başa gələcək. Məncə, Bakı və Ərbil arasında aparılan danışıqların əsas predmeti İranın gələcəyi və Güney Azərbaycan məsələsi ilə bağlıdır. Məlumdur ki, kürdlər Güney Azərbaycanın tarixi şəhərlərindən biri olan Urmiyaya qarşı iddialar irəli sürüb. Urmiya başda olmaqla bəzi Azərbaycan əraziləri Kürdüstan xəritəsinə daxil edilib. Ona görə də, zənnimcə, danışıqlarda İran və onun ətrafında baş verən hadisələrə də toxunulub. Üstəlik, məlumunuzdur ki, indiyədək Kürdüstan və PKK Ermənistana açıq dəstək verib. Bu səbəbdən, mümkündür ki, hazırkı danışıqlar PKK-nın Ermənistandan ayağını kəsməyə istiqamətlənib”.

Sonda isə İqbal Ağazadə Bakı və Ərbil arasında qurulan təmasların Türkiyə ilə razılaşdırılmış formada həyata keçirildiyini bildirib:

“Ümumiyyətlə, Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri o qədər yüksək səviyyədə inkişaf edib ki, tərəflər bir-biri ilə razılaşdırılmamış addımlar atmır. Bu yanaşma Bakı-Ərbil münasibətləri üçün də xarakterikdir. Prezident İlham Əliyevdən əvvəl Bərzani ilə Rəcəb Tayyib Ərdoğan görüşmüşdü. Elə bu səfərin zəmininin hazırlandığı fevral ayında keçirilən Münhen Təhlükəsizlik Konfransındakı görüşdən az əvvəl də Ərdoğan Ankarada Bərzanini qəbul etmişdi. Ona görə də düşünürəm ki, Ərbillə qurulan təmaslarda mütləq şəkildə Türkiyənin mənafeləri nəzərə alınıb”.

Press Klub