Logo
news content
User
Kateqoriyalar

Analitika

Əlilliklə bağlı yeni qanun layihəsi etirazla qarşılanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ötən ilin sonunda açıqladığı məlumata görə, Azərbaycanda 620 minə yaxın əlilliyi olan şəxs var. Onlardan 400 minə yaxını əmək stajından asılı olaraq aylıq əmək pensiyası, qalanları, eləcə də sağlamlıq imkanları məhdud uşaqlar, aylıq müavinətlə təmin olunurlar. Ötən ilin 1 oktyabr tarixinə olan məlumata əsasən 1 milyon 309 min nəfər pensiyaçının 30 faizi əlilliyi olan şəxslər, aylıq sosial müavinət ödənilənlərin isə 60 faizə qədəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır.

Müharibə əlilləri və onlara bərabər tutulanlara, 1-ci dərəcə əlilliyi olan şəxslərə pensiya və ya müavinətlə yanaşı, prezidentin aylıq təqaüdü də verilir.

Nazirlik bildirir ki, 2019-cu ildə müavinət və təqaüdlər orta hesabla 100 faiz, habelə pensiyanın minimum məbləği 72,4 faiz artırılıb, 2020-ci ilin əvvəlindən isə pensiyaların indeksasiya nəticəsində 16,6 faiz artırılması təmin edilib. Habelə ötən ildən sağlamlıq imkanları məhdud uşaqlara və 1-ci dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər üçün prezidentin aylıq təqaüdü təsis edilib.

Hazırda 1-ci qrup üçün 150 manat, 2-ci qrup üçün 130 manat, 3-cü qrup üçün isə 110 manat məbləğində müavinət nəzərdə tutulub. Qanunvericliyə görə, əlilliyi olan şəxslər pensiyaya 5 il tez çıxır və onlara orta pensiya (260 manat) təyin edilir. Bundan başqa, 1-ci qrupa daxil olan əlillərin baxıcılarına ayrıca 100 manat vəsait ödənilir. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinətin məbləği isə 150 manat təşkil edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2018-ci ildən etibarən saxta pensiya və əlillik qrupları alanlara qarşı mübarizə elan edib. Nazir Sahil Babayev ilin əvvəlində bildirmişdi ki, tədbirlər nəticəsində 750 milyon manatdan artıq vəsaitə qənaət edilib, ümumilikdə yaxın gələcəkdə büdcə 1.5 milyard manat artıq ödəniş yükündən xilas ediləcək.

Rəsmi məlumata görə, ötən ilin sonlarından may ayına qədər 23 min şəxsə əlillik pensiyasının ödənilməsi dayandırılıb, 17 mindən artıq vətəndaşın əlillik qrupu ləğv edilib. Bundan başqa, 90 mindən artıq əlilliyi olan şəxsə pensiya müddəti başa çatdığı üçün ödənişlər dayandırılıb. Onlar əlil olduqlarını sübut etmək üçün yenidən sənəd toplamalıdır. Dövlət qurumu tərəfindən yenidən əlillik təyinatı olana qədər onlar pensiya almaq hüququndan məhrum olurlar.

Amma hökumət bu tədbirlərlə kifayətlənmək niyyətində deyil. Nazirlik “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişikliklər təklif edib və Milli Məclisin növbədənkənar sessiyasında bu dəyişikliklər müzakirə olunur.

Dəyişikliyə əsasən, əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar yeni qaydalara keçilir. Belə ki, artıq I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq. Əlillik dərəcəsi orqanizmin funksiyasını itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq. Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda təsdiq edilib. Yeni qaydalar 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

İkinci oxunuşda 13 deputat “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin əleyhinə səs verib. Bu sırada Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Sabir Rüstəmxanlı, Aqil Abbas, Əli Məsimli kimi tanınmış simalar var. Sabir Rüstəmxanlı müzakirələrdə parlament üzvlərinin təkliflərinin nəzərə alınmamasına etiraz edib. O, Sosial siyasət komitəsinin sədri Musa Quliyevə iradını çatdırıb:

“Mən hörmətli Musa Quliyevin çıxışından belə başa düşdüm ki, əlilliklə bağlı qanun layihəsinin ilk oxunuşunda deputatların səsləndirdiyi təkliflərin heç biri nəzərə alınmayıb. Sadəcə, bu qanunların dünya standartlarına uyğun olduğu qeyd edildi. Biz hələ də bilmirik ki, bu qanundan nə qədər insan əziyyət çəkəcək. Əgər qanunun meyarları izah edilməsə, aydınlaşdırılmasa, mən lehinə səs verə bilməyəcəm”.

Aqil Abbas bildirib ki, təklif edilən dəyişikliklərə səs verməyəcək:

"Otursunlar, işləsinlər də. Birinci Qarabağ müharibəsinin iştirakçıları hələ də veteranlıq ala bilməyib. Nazirlər Kabineti yanında veteranlarla bağlı komissiya yaradılıb. Onların hələ də bir açıqlaması yoxdur. Mütəxəssislər dəvət olunsunlar və layihəyə bir də baxsınlar”.

“Saxta əlilliklər ləğv olunan zaman xeyli əlilliyə haqqı olan insanın haqqı tapdanıb. Bəzi ailələrin əlillik müavinətindən başqa heç bir gəliri yoxdur. Bunun cavabını kim verəcək?!” Bu sözləri isə Əli Məsimli deyib. O qeyd edib ki, məsələni həll etmək üçün qanunda bir maddə var:

“Ona istinad edə bilərik. Qanunun monitorinqlərə aid maddəsi işləsə, ictimaiyyətin iştirakı ilə monitorinqlərin keçirilməsində hansı tərəfin haqlı, hansının haqsız olması istiqamətində ciddi işlər görülə bilər. Burada göstərilən 31-60 faiz heç də üçüncü, 61-80 faiz ikinci dərəcəyə, 81-100 faiz birinci dərəcə əlilliyə müvafiq deyil. Biz daha çox tibbi xarakter daşıyan modeldən sosial xarakter daşıyan modelə yönəlməliyik”.

Vahid Əhmədov isə xatırladıb ki, Səlim Müslümov da islahat adıyla parlamentə belə bir qanun layihəsi göndərmişdi:

"Bu günə qədər biz bu qanun layihəsinin altından çıxa bilmirik. Bu da o cür qanun layihəsidir. Bu qanun çox ciddi problemlər yarada bilər".

V.Əhmədov təklif edib ki, layihə parlamentə paket şəklində təqdim olunsun və nazir izahat versin:

"Nazir gəlib, bizə bu qanun layihəsini şərh etsin. Qanun layihəsi Avropa ilə müqayisə olunur. Biz Avropa deyilik. Bu qanun layihəsi üzərində çox ciddi iş getməlidir. Qanun layihəsi bizə paket şəklində verilməlidir".

Qüdrət Həsənquliyev nəzərə çatdırıb ki, Azərbaycanda əhalinin 7 faizi 65 yaşdan yuxarıdır, deməli, 7 faiz əhali pensiya ala bilir. Onun fikrincə, Azərbaycanda orta yaş aşağıdır, buna görə də pensiya yaşını aşağı salmaq lazımdır:

“Bir çoxları bu qanun layihəsini mütərəqqi adlandırır. O zaman mütərəqqi olardı ki, faiz dərəcələrinə uyğun pensiya verilərdi. Yəni "31 faiz"lə "60 faiz" eyni pensiya alacaq?! Burada 100 faiz sağlamlığın itirilməsi ölüm deməkdir. Ona görə də sağlamlığın itirilməsi nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə pensiya təyin edilməlidir. İndi vətəndaşın 3-cü qrup əlillik alması üçün orqanizmin neçə faizi funksiyasını itirməlidir?.."

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev tənqidlərə münasibət bildirib. O deyib ki, bura Milli Məclisdir, kim istəyər qanuna səs verər, kim istəməz səs verməz:

"Elə təsəvvür etdim ki, burada tək qapıya futbol oynayırıq, mən qapıçıyam, hamı da mənə qol vurur..."

Sədr Sahibə Qafarova təklif edib lki, qanun layihəsinin üçüncü oxunuş komitə iclası geniş formatda, nazirlik əməkdaşlarının iştirakı ilə keçirilsin.

Turqut