Logo
news content
User
Kateqoriyalar

Analitika

Əlillik müavinəti almaq müşkülə çevrilib

Azərbaycanda əlilliklə bağlı müraciətlərə verilən imtina cavabları kəskin artıb.

Bu məsələni deputat Vüqar Bayramov gündəmə gətirib. O, parlamentdə təmsil etdiyi Füzulu rayonu üzrə statistik məlumatları təqdim edərək bildirib ki, bu ilin 8 ayında uşaqlara əlilliyin təyin edilməsi barədə göndərilən 139 müraciətin 99-na birinci mərhələdə imtina cavabı gəlib:

"Həmin müddətdə əlillik dərəcəsi almaq istəyən və yaşı 18-dən çox olan 152 vətəndaşımızın 116-sı imtina ilə üzləşib. Bu, o deməkdir ki, ümumi müraciətlərin 74 faizinə elektron müraciətdən sonra imtina cavabı verilib. Digər rayonlarımızda da oxşar vəziyyətdir. Əslində əlilliyin verilməsi ilə bağlı elektron müraciət heç də kütləvi imtina üzərində qurulmamalıdır".

Şəmkirdə yaşayan Aydın Həsənov dializ xəstəsidir, bu il mart ayının 13-də ilk dəfə dializ olub və müvafiq sənədləri rayon poliklinikasına təqdim edib. Amma uzun müddət ona əlillik qrupu təyin olunmayıb. A.Həsənov iş qabiliyyətini itirib, ailədə yeganə işləyənin özü olduğunu, səhhətində problemlər yarandıqdan sonra çətin vəziyyətə düşdüyünü deyir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan müraciətlərə cavabda bildirilib ki, əlilliyin verilməsi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) asılıdır. Adıçəkilən qurumdan isə pandemiyaya görə əlilliyin təyinatı barədə məsələlərin qeyri-müəyyən müddətə təxirə salındığı deyilib. Beləliklə, 5 aydan sonra nəhayət, A.Həsənova 1-ci qrup əlillik təyin oldunduğu barədə mesaj gəlib. Onun ailəsi 200 manat müavinət, 100 manat prezident təqaüdü, 50 manat isə xəstəyə qulluğa görə ödəniş alacaq. A.Həsənov qeyd edib ki, bu vəsaitin əksəriyyəti onun müalicəsinə xərclənir, həftədə iki dəfə qonşu Tovuz rayonuna gedib dializ olunur, iynə-dərman alır: "Dövlət beş ay ərzində maraqlanmadı ki, dializ xəstəsi nə ilə dolanıb? Üstəlik, ailə üzvlərimizdən heç birinə 190 manat yardım verilmədi".

2016-cı ildən etibarən Azərbaycanda əlilliyin təyin olunması prosesduru sadələşdirilib. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Tibbi-Sosial Ekspert komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” adlanan elektron xidməti vasitəsilə tibbi-sosial ekspert komissiyalarında keçirilmiş əlillik müayinəsinin nəticəsini heç bir qeydiyyat vasitəsinə ehtiyac olmadan əldə etmək mümkündür. Bu e-xidmət istifadəçiyə aparılmış müayinənin nəticəsi, növbəti əlillik müayinəsinin nə zaman keçiriləcəyi (əgər əlillik müddətsiz təyin edilibsə, o zaman onun müddətsiz olması) barədə məlumat verməyə xidmət edir.

Bunun üçün aşağdakı sadə qaydalara əməl etmək lazımdır:

  1. “Elektron hökumət” portalına daxil olmaq (www.e-gov.az);
  2. Bütün xidmətlər bölməsində (https://www.e-gov.az/az/services) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətləri sırasından “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı e-xidməti seçmək (https://www.e-gov.az/az/services/read/3493);
  3. Müvafiq bölmədə yalnız şəxsiyyəti təsdiq edən sənədin nömrəsini və doğum tarixlərini qeyd etmək.
Bəs, bu sistem necə işləyir, əgər proses elektronlaşdırılıbsa, o zaman vətəndaşların əlilliklə bağlı müraciətlərinin əksəriyyətinə niyə mənfi cavab verilir?

Vüqar Bayramov "old.pressklub.az"a şərhində bildirdi ki, imtinaların sayı kəskin artıb:

"Bizim apardığımız təhlillər və monitorinqlər zamanı məlum olub ki, əlilliyin təyin olunmasında əsas problem "Forma 88"in doldurulması zamanı texniki səbəbdən verilən imtinalardır. Vətəndaş əllilik dərəcəsi almaq üçün müraciət edir, "Forma 88"i doldurur, amma təəssüf ki, əksər hallarda onlara imtina cavabları verilir. Hətta əlillik hüququ olan vətəndaşlara da bildirirlər ki, formanın doldurulması zamanı qeyri-müəyyənliyə yol verilib".

V.Bayramov hesab edir ki, əlilliyin təyin olunması qaydalarının təkmilləşdirilməsi çox vacibdir. Onun sözlərinə görə, xüsusən əlillərin bir qisminin elektron xidmətlərdən tam şəkildə istifadə edə bilmədiklərini nəzərə almaq lazımdır:

"Bizim sorğular göstərir ki, hətta onların valideynləri də bu xidmətlərdən yararlanmaqda çətinlik çəkirlər. Ona görə də, "Forma 88"in doldurulması və təqdim edilməsi mexanizminin dəyişdirilməsinə və təkmilləşdirilməsinə ehtiyac var. Digər tərəfdən, yerli səhiyyə orqanlarının qiymətləndirmələrinin nəticələrinin əsas kimi götürülməsi çox vacibdir. Apardığımız sorğular göstərir ki, yerli səhiyyə qurumları əlilliklə bağlı müsbət rəy versələr də, mərkəzi orqanlardan mənfi cavab verilir. Nəticədə vətəndaş haqqı olan əlillik dərəcəsi ala bilmir".

Millət vəkili sistemin təkmilləşdirilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət etdiklərini deyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov isə tənqidləri qəbul etmir. O bildirib ki, əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın artırılması və əlillik təyinatlarında ünvanlılığın təmin olunması məqsədilə davamlı olaraq aparılan araşdırmalar nəticəsində indiyədək 6500-dən çox şəxsə verilmiş əsassız əlillik təyinatları ləğv edilib. Nazirliyin sözçüsü deyib ki, bu təyinatlar üzrə dövlət büdcəsinin illik qənaəti 30 milyon manata yaxındır. Uzunmüddətli dövr üzrə dövlət büdcəsinin qənaəti 700 milyon manatdan yuxarı olacaq.

Bəs, millət vəkili Vüqar Bayramovun göstərdiyi rəqəmlər barədə nazirliyin mövqeyi nədən ibarətdir?

F.Talıbovun sözlərinə görə, ləğv edilən əlillik təyinatlarından 42 nəfərə dair göndərişlər məhz Füzuli RMX tərəfindən rəsmiləşdirilib:

"Belə ki, həmin şəxslərə rəsmiləşdirilən göndərişlərdə təqdim olunan məlumatların öz təsdiqini tapmaması, qeyd edilən diaqnozların şişirdilməsi, vətəndaş haqqında digər elektron informasiya sistemlərində toplanan məlumatların ziddiyyət təşkil etməsi kimi faktlar müəyyənləşdirilib. Göndərişlərdə qeyd edilmiş məlumatların etibarlılığını ciddi sual altına qoyan bu kimi hallar tibbi-sosial ekspert komissiyalarını daha da diqqətli olmağa, eyni zamanda şübhəli, ziddiyyətli və tam təqdim olunmamış məlumatlar əsasında rəsmiləşdirilən göndərişlər barədə qərar verərkən daha ehtiyatlı olmağa vadar edir".

F.Talıbov qeyd edib ki, bu kimi problemlərin aradan qaldırılması üçün göndərişin rəsmiləşdirilməsində əsas götürülən digər tibbi sənədlərin (epikriz, tibbi rəy və s.) elektronlaşdırılması zəruridir: “Bu istiqamətdə Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin gördüyü tədbirlərin qısa müddətdə nəticə verəcəyinə əminik".

Turqut