Logo
news content
User
Kateqoriyalar

Analitika

Əli Məsimli: “Nəticəsi olmayan danışıqların limiti çoxdan bitmişdi”

Müharibə mövzusunda növbəti həmsöhbətimiz Milli Məclisin deputatı Əli Məsimlidir.

 

  • Əli müəllim, Qarabağ müharibəsinin anidən başlaması Sizin üçün gözlənilən idimi?
  • Əslində ikinci Qarabağ müharibəsi anidən başlamayıb. Bu müharibə yetişmiş tarixi şərait və məqamın, Qarabağ ətrafında gedən proseslərin xüsusən son vaxtlar getdikcə kəskinləşməsinin labüd nəticəsidir. Nəticəsi olmayan danışıqların limiti çoxdan bitmişdi. Qarabağ ətrafında cərəyan edən hadisə və proseslər problemin həllinin güc müstəvisinə çıxacağını labüd etdi və son vaxtlar bu barədə çox deyilirdi. Ermənistanın baş nazirinin özündən əvvəlkilərlə müqayisədə klassik erməni yalanlarının əsirinə daha çox çevrilməsi və həm də, himayədarlarına arxayın olmaqla, xalqımızın milli və mənəvi hissiyatına toxunan dərəcədə Azərbaycana açıq-aşkar meydan oxumasının, dövlət başçısına yaramayan dərəcədə yekəxana ibarələrinin və səviyyəsiz hərəkətlərinin cavabsız qalmayacağı da gözlənilən idi. Bu ilin son dörd ayında Ermənistan iki dəfə genişmiqyaslı təxribata əl atdı. İyul ayında  Tovuz dəhlizindən keçən, çox mühüm geoiqtisadi və geosiyasi əhəmiyyət kəsb edən tranzit neft və qaz kəmərlərini nəzarətə götürməyə cəhd göstərdi. Paşinyan (özü idi, yoxsa havadarları ilə birgə layihəsi idi, bunu araşdırmaq lazım gələcək) bununla mesaj vermək istəyirdi ki, Qarabağ problemini Ermənistann xeyrinə tam həll edib, qurtarıb, indi də Azərbaycanın digər torpaqlarını zəbt etməyə səy göstərəcək. Hadisələrin gedişi göstərdi ki, Ermənistanın 27 sentyabr hərbi əməliyyatı da planlaşdırılmış təxribat idi. Əsas hədəfi sübh çağı sürətli hücuma keçib, Azərbaycan cəmiyyətində panika yaratmaq və qısa müddət əzində yeni ərazilər işğal etmək, sonra da himayədarlarının köməyi ilə atəşkəsə nail olmaqla, Azərbaycanı yeni ərazi itkisi faktı ilə üz-üzə qoymaq idi. Lakin düşmənin bu arzusu gözündə qaldı. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısı alındı və Azərbaycan Ordusu tərəfindən qoşunların bütün cəbhə boyu əks-hücum əməliyyatları həyata keçirildi. Torpaqlarımızın xeyli hissəsi artıq işğaldan azad olunub və bu proses uğurla davam edir.
  • Amma Minsk Qrupunun həmsədr ölkələri atəşkəsin bərpasını tələb edirlər. Bu barədə üç dəfə razılıq əldə olunsa da, erməni tərəfi buna riayət etməyib. Sizcə, hərbi əməliyyatlar davam etməlidir, yoxsa danışıqlar prosesi bərpa olunmalıdır?
  • Azərbaycan 27 ildir ki, Qarabağ probleminin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd məlum qətnaməsinə uyğun surətdə ədalətli həllini gözləyirdi. Həmin qətnamələrdə açıq şəkildə göstərilib ki, işğal olunmuş Azərbaycan əraziləri qeyd-şərtsiz azad edilməlidir. ATƏT-in Minsk Qrupuna mandat verilmişdi ki, bu qətnamələrin tələblərinin yerinə yetirilməsi üçün fəaliyyət göstərsin və torpaqlarımızın işğaldan azad olunması təmin edilsin. Azərbaycan beynəlxalq hüquqa əsaslanmaqla həmin danışıqlarda həmişə konstruktivlik nümayiş etdirib. Lakin Ermənistan tərəfi status-kvonu saxlamaq üçün daim manevr və imitasiyalarla məşğul olub. Təkcə onu xatırlatmaq kifayətdir ki, sülh danışıqlarının yekunlaşmasına və müqavilənin imzalanmasına bir addım qalanda, Ermənistanın birinci  prezidenti Ter-Petrosyan hakimiyyətdən uzaqlaşdırıldı. Ondan sonra məsələnin beynəlxalq hüquqa uyğun surətdə sülh yolu ilə həllinə üstünlük vermək istəyən Ermənistan parlamentinin sədri Dəmirçiyan, baş nazir və digərləri daxil, yeddi nəfər qətlə yetirildi. Onun ardınca daha qəribə manevr üsulu seçildi. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan İsveçrədəki danışıqlar zamanı tualetə getməyi xahiş etdi və sonra danışıqlar masasına qayıtmadı. Bu oyunların hamısı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mümkün razılığın əldə olunmasına mane olmaq, status-kvonu mümkün qədər çox müddətə saxlamaq və işğalı əbədiləşdirmək üçün edilirdi. Son  iki ildə isə Ermənistanın yeni rəhbərliyi bir qarış da olsa torpaq güzəştə getməyəcəyindən dəm vurur və Azərbaycanın Ermənistanla yox, qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıq aparmasını tələb edirdi. Hələ üstəlik, yeddi sərsəm şərt də irəli sürürdü ki, Azərbaycan onun qarşısında kapitulyasiyaya getməliidr. Azərbaycan həmişə  olduğu kimi, Paşinyanın  sərsəmləmələrinə münasibətdə də beynəlxalq hüququn işləmədiyini, gücün hüququnun beynəlxalq hüququn gücündən daha vacib olduğunu gördü. Ona görə də, Qarabağ nizamlanması prosesində hərbi güc amilinin əhəmiyyəti ön plana çıxdı. Beləliklə, Azərbaycan beynəlxalq hüquqa güvənərək, “güclü dövlət-güclü ordu” tandemindən səmərəli istifadə edib, Ermənistanı fakt qarşısında qoyub. Fakt budur ki, otuz ilə yaxındır BMT Təhlükəsizlik Şurasının həyata keçirilməyən 4 qətnaməsini və ATƏT-n Minsk Qrupunun missiyasını intellektual müharibə üslubu sərgiləməklə, haqqında keçilməzlik  mifi yaradılmış istehkamları dağıdan, Ermənistan ordusunu darmadağın edən, müqəddəs vətən torpaqlarını düşmən tapdağından azad edən rəşadətli Azərbaycan ordusu həyata keçirir. Dünyada Ermənistandan başqa, ərazi bütövlüyümüzü dəstəkləməyən bir ölkə yoxdur. Bayaq dediyimiz kimi, nəticəsiz danışıqlar üçün müddət çoxdan bitib. Azərbaycan ordusu cəmi üç həftə ərzində Ermənistanın hərb maşınını o dərəcədə darmadağın edib ki, diplomatiya müstəvisində o dərəcədə üstünlük əldə edib ki, erməni yalanlarını o dərəcədə ifşa edib ki, 27 sentyabra qədər olan situasiyadan tam fərqli bir situasiya, yeni reallıq yaradıb. Azərbaycan böyük qələbənin astanasındadır. Nə status-kvo qalıb, nə də köhnə təmas xətti. Azərbaycan  diktə olunan yox, diktə edən tərəfə çevrilib. Ordumuz  böyük rəşadət və əzmkarlıqla Azərbaycanın dünya birliyi tərəfindən birmənalı şəkildə tanınmış tarixi ərazilərində otuz ildən bəri erməni işğalçıları tərəfindən pozulmuş suveren hüquqlarını bərpa edir. Ermənistan bu real həqiqəti dərk edib, Azərbaycan ərazilərindən çıxma qrafikinin təminatlı mexanizmini ortaya qoymasa, artan yeni təzyiqlərə baxmayaraq, Azərbaycanın müzəffər ordusu qalan torpaqlarımızı da işğaldan xilas edənə qədər öz zəfər yürüşünü davam etdirməlidir.
  • Bölgənin böyük gücü olan Rusiyanın hazırda bu məsələ ilə bağlı mövqeyini necə qiymətləndirirsiniz?
  • Qarabağ düyünündə Rusiyanın yeri və rolu məlum məsələdir. Həm də, reallıq hissini itirməyən hər kəsə məlumdur ki, Azərbaycan Qarabağ davasında təkcə Ermənistanla savaşmır. Ermənistan bu davanın yalnız görünən tərəfidir. Amma bu dəfə məhz Ermənistan, “əgər biz batırıqsa, qoy onda başqaları da batsın” prinsipindən çıxış edərərək öz çirkin əməlləri, hiylə və təxribatları ilə Qarabağ müharibəsinə KTMT-ni qatmaq, iki dövlət arasındakı müharibəni böyük regional böhrana çevirmək istəyir. Ona görə də, bu suala Rusiyanın da həmsədr olduğu ATƏT-in Minsk Qrupunun davranışları kontekstindən yanaşmaq daha məntiqli olar. Fransa prezidenti Makronun beynəlxalq hüquq və ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasının prinsiplərini pozan məsuliyyətsiz mövqeyini yeritmək istədiyi qısa zaman kəsiyində Rusiya, ABŞ və Fransanın həmsədr olduqları ATƏT-in Minsk Qrupunun birinci bəyanatında onun xeyli dərəcədə “makronlaşması” hiss olunurdu. İndi ABŞ və Fransada seçkilər amili, eləcə də Rusiya ərazisindən müxtəlif yollarla Ermənistana silah daşınması barədə mətbuatda tirajlanan məlumatlar istisna olmaqla, həmsədr ölkələrin, o cümlədən Rusiyanın hələlik neytral mövqeyə üstünlük verməsi daha çox görünür. Rusiya prezidentinin “KTMT-nin Ermənistan qarşısında öhdəliyi var, lakin indi müharibə Ermənistan ərazisində getmədiyi üçün belə öhdəliyin yaranmaması” barədə fikri Moskvanın mövqeyinə xeyli dərəcədə aydınlıq gətirir. Əgər Rusiya Qarabağ məsələsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsinə həllində sona qədər hazırkı mərhələdəki kimi mövqe sərgiləsə, təbii ki, məqbul sayıla bilər.
  • Qarabağ müharibəsi mövzusunda nəsə yazmaq düşüncəniz varmı?
  • Bəli, mən indi “Qarabağ: dünən, bu gün, sabah” adlı geniş bir yazı üzərində işləyirəm. Qismət olsa, onu gələcəkdə daha da genişləndirəcəyəm.
  • Hazırkı mərhələdə həmvətənlərinizə nə deyə bilərsiniz?
  • Bizim konkret hədəfimiz var: müqəddəs Azərbaycan torpaqlarını düşmən tapdağından xilas etmək. Qarabağ uğrunda mübarizə - xalq, dövlət, ordu birliyindən qaynaqlanan ümumxalq mübarizəsidir. Bu savaşda Azərbaycan xalqı siyasi, etnik mənsubiyyətindən, dünyagörüşündən, yaşından asılı olmayaraq, uşaqdan böyüyə kimi yumruq halında birləşib, düşmən tapdağı altında olan torpaqlarımızın azad olunması, axırıncı erməni silahlısı torpaqlarımızdan çıxarılana qədər sonacan vuruşmaqda israrlı olduğunu nümayiş etdirir. Otuz ilə yaxındır ki, Ermənistanın işğalında olan yurd yerlərimiz bir-birinin ardınca azad olunur, bayraqlarımız dalğalanır. Bu müqəddəs vəzifəni yerinə yetirəndə vətən uğrunda canını qurban verən şəhidlərimiz də var. Allah şəhidlərimizə rəhmət eləsin! Ordumuzun gündən-günə artan zəfər xəbərləri Azərbaycan xalqını böyük qələbəyə daha da yaxınlaşdırır. Ordumuzun zəfərləri həm şəhidlərimizin qanını yerdə qoymur, onların qisasını alır, onların və Qarabağı görmədən dünyadan nisgillə köçənlərin ruhunu şad edir, həm də vətən torpaqlarını düşməndən azad etmək kimi şərəfli bir tarix yazmaqla, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında rolunu və nüfuzunu möhkəmləndiririr. Bu isə hər bir azərbaycanlıya sözlə ifadəsi mümkün olmayan möhtəşəm bir qürur hissi yaşadır.
Bizim bu xilaskarlıq missiyamız təkcə Azərbaycan üçün yox, həm də Cənubi Qafqaz regionu və qlobal miqyasda da mühüm əhəmiyyət kəsb edir. Belə genişmiqyaslı xilaskarlıq missiyası ilə Azərbaycan yeni və şanlı bir tarix yazır. Ona görə də, bu xilaskarlıq missiyasını sona qədər uğurla həyata keçirib, yeni tarix yazmaq üçün həm Ali Baş Komandan kimi hərbi sahədə işğalçı Ermənistana ağır zərbələr vuran, həm dövlət başçısı kimi diplomatiya müstəvisində əldə etdiyi uğurlarla milli maraqlarımızı yüksək səviyyədə qoruyan, həm də informasiya cəbhəsində işğalçını ifşa edən prezident İlham Əliyevin ətrafında sıx birləşib, hər bir həmvətənimizi, hansı ölkədə yaşamasından asılı olmayaraq, vətənimiz uğrunda bu müqəddəs savaşda öz bacardığını əsirgəməməklə, Azərbaycan xalqının böyük qələbəyə çatmasına öz töhfəsini verməyə çağırırıq!

Ülviyyə Şahin