Ələsgər Məmmədli: ”Azərbaycanda ayaq üstə dayana bilən QHT qoymayıblar”
16 Dekabr 2019
Azərbaycanda elan edilmiş islahatlardan vətəndaş cəmiyyətinə, onun əsas elementlərindən biri olan qeyri-hökumət təşkilatlarına da ”pay” düşəcəkmi? Dəyişikliklər mətbuat və digər ictimai institutlarla hakimiyyət orqanaları arasındakı münasibətlərə yenidən baxılması kimi dərin qatlara enəcəkmi?
Hüquqşünas, medianın və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin tənzimlənməsi məsələləri üzrə ekspert Ələsgər Məmmədlinin old.pressklub.az-a müsahibəsində bu sahədə hazırkı durumdan, aparılmalı olan islahatlardan və cəmiyyətin hakimiyyətdən gözləntilərindən bəhs edilir.
-Qeyri-hökumət təşkilatları uzun illər, bəlkə, mediadan da böyük təzyiqlərlə üzləşiblər. Bir vaxtlar bu sahədə həyat qaynayırdı. İndiki vəziyyəti qısaca şərh edərdinizmi?
- Avropa Şurasına qoşulmaqla 2001-ci ildə ümidlər yarandı ki, demokratikləşmə dərinləşəcək, siyasi və ictimai institutlar funksional olaraq dövlətin inkişafı prinsipləri çərçivəsində fəaliyyət göstərəcək. Amma 2005-ci ildən sonra mediaya yönəlik basqılar artdı. Bu, o vaxt idi ki, biz diffamasiyanın monitorinqini aparırdıq. Nəticədə 2007-ci ildə məhkəmələrdə mətbuata qarşı 103 iş vardı, həbsdə olan jurnalistlərin sayı 13-ə çatmışdı – Eynulla Fətullayev, Yaşar Ağazadə, Rövşən Kəbirli və sair. 2009-cu ildən qanunvericiliyi dəyişmək təşəbbüsü ilə vətəndaş cəmiyyətinə də qarmaq atıldı. O zaman vətəndaş cəmiyyəti xeyli diri olduğundan buna qarşı ciddi koalisiya təşkil olundu və qanuna dəyişiklik təşəbbüsü qismən geri götürüldü. Yadınızdadırsa, qrantın qeydiyyata alınması tələbinin qanunvericiliyə daxil edilməsi də 2009-cu ildə baş verdi. Amma 2013-cü ilin sonunda proses o həddə gəlib çıxdı ki, qanunvericilik daha da sərtləşdirildi və dərhal – 2014-cü ilin fevralından QHT-lərə qarşı məlum cinayət işləri açıldı, beynəlxalq qurumlar ölkədən qovuldu, fəal, cəmiyyətdə nüfuzlu QHT-lər kütləvi şəkildə məsuliyyətə cəlb olundu, bəzilərinin rəhbərləri ölkəni tərk etmək məcburiyyətində qaldı, bəziləri həbsxanaya salındı – İntiqam Əliyev, Xədicə İsmayıl, Rəsul Cəfərov və s. 2015-2017-ci illər ağır proseslər dövrü kimi yadda qaldı. Məsələn, ”Kanal-13”ün rəhbəri Əziz Orucovun, REAL-çı Natiq Cəfərlinin, ”Turan” agentliyinin direktoru Mehman Əliyevin həbsi bu dönəmdə baş verdi. 2018-ci ildən sonra propses qismən dayandı, köhnə cinayət işlərinin bəzilərinə xitam verildi, bəzilərinin xaricə çıxışla bağlı məhdudiyyətləri götürüldü. Amma bu gün nə baş verir? Hələ heç nə: 2013-cü ildə qanunvericiliyə gətirilən sərt qaydalar qüvvədədir; vətəndaş cəmiyyəti institutlarının ölkə xaricindən daxil olan maliyyə mənbələrinə çıxış imkanları bloklanıb. Belə davam edərsə, heç bir xarici donor gəlib Azərbaycanda indiki şərtlərlə qeydiyyatda durmayacaq.
- Azərbaycanın bu qadağalardan itirdikləri çoxdurmu?
- Əlbəttə, Azərbaycan həm siyasi baxımdan, həm də vətəndaş cəmiyyəti institutlarının büdcəsinin formalaşdırılması baxımından böyük itkilərə məruz qalıb. Təkcə bir faktı deyim ki, 2013-cü ildə Azərbaycan QHT-ləri ianələr və qrantlar şəklində 89 milyon dollar vəsait cəlb etmişdilər. Bunun 30 milyonu, yəni 3/2 hissəsi xarici mənbələrdən idi. 2019-cu ildə dövlət büdcəsindən QHT sektoruna cəmi 4 milyon manatdan bir az artıq vəsait ayrılıb. Xarici mənbələrdən isə birbaşa qrant kimi ölkəyə 1 dollar da gəlməyib. Deməli, 2013-cü ildən bəri Azərbaycanda QHT-lərin illik büdcəsi təxminən 20 dəfədən çox aşağı düşüb. Bunun nəticədir ki, bu gün Azərbaycanda ayaq üstə dayana bilən bir QHT qoymayıblar. Məsələn, korrupsiya ilə mübarizə aparan strukurları sistemli şəkildə monitorinq edən, tenderləri araşdırıb hesabat hazırlayan heç bir QHT fəaliyyətinə rast gəlmirik.
- Prezident Adminstrasiyasındakı son dəyişikliklərdən sonra sanki üfüqdə nəsə işartı görünür. Cəmiyyət də bu barədə xəbərləri izləyir və gözləyir...
- Nə qədər deyilsə də ”islahat qızğılcımları görünür”, bu, sözdən o tərəfə keçmir. Preizdentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdirinin vəzifədən azad edilməsi belə bir müzakirələrə yol açıb ki, guya, hər şey düzələcək. Mən bu düşüncəni bölüşmürəm. Əlbəttə, Əli Həsənov problemlərin yaranmasında çox önəmli rol oynayıb. Amma parlamentdə QHT sektoru üzrə qanunvericiliyin sərtləşdirilməsi təklifini ortaya çıxarıb onu dəstəkləyənlər kimlərdir?! Parlamentin hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli eyni ampluasında fəaliyyətini davam etdirirsə, bu proseslərdə önəmli rol oynamış QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbəri Azay Quliyev hələ də üzərinə məsuliyyət götürüb geri çəkilmirsə, biz hansı müsbət meyllərdən danışa bilərik?! Demək istəyirəm ki, bir vəzifəli şəxsin dəyişməsi ilə proses dəyişməz. Bütöv siyasət dəyişməlidir. Məhz bu siyasətin nəticəsi olan basqılardan sonra beynəlxalq tədbirlərdə iştirakçılığımız heçə enib, ölkənin təmsilçiliyi və imici baxımından böyük geriləməyə yol verilib. Azərbaycan xaricdə təkcə hökumətlə təmsil olunmur, həm də vətəndaş cəmiyyəti institutları ilə tanınır. Əgər biz vətəndaş cəmiyyəti institutlarını sıradan çıxarmışıqsa, medianın adı ”qara siyahı”ya salınbsa, internet azadlğına görə qeyri-azad ölkələr siyahısına düşmüşüksə, hökumət nümayəndələrinin ”Bizdə demokratik dəyərlər var və biz islahat aparırıq” bəyanatlarına kim inanacaq?! Axı, biz hətta ”Açıq hökumətin təşviqinə dair Təşəbbüs Proqramı” üzrə fəaliyyətimizi dayandırmışıq və görməli olduğumuz işləri yerinə yetirmirik.
- Halbuki orada əsas məsələlərdən biri də vətəndaş cəmiyyəti institutlarının vəziyyətinin yaxşılaşdırılması idi...
- Tamamilə doğrudur. Eyni səbəblərdən Azərbaycan Mədən Sənayesində Şəffaflıq Koalisiyasının üzvlüyündən çıxarıldı. Bütün bunlar göstərir ki, hökumət dərin islahatlara getmir. Düzdür, göstərməyə çalışırlar ki, cəhdlər var. Amma real nəticələrlə ölçülə bilməyən cəhdlərə ”islahat” deyə bilmərik. Ölkədə vətəndaş cəmiyyətinin vəziyyətində dəyişiklik yoxdur, liberallaşma aspektindən qanunvericilkdə ən xırda dəyişiklik belə aparılmayıb. 2009 və 2013-cü illərdə qanunvericiliyə gətirilmiş məhdudlaşdırıcı normalar vətəndaş cəmiyyətinin fəaliyyətinə heç bir imkan vermir.
- Prezident Administrasiyasında vətəndaş cəmiyyəti strukturları ilə işləyən köhnə şöbə ləğv olunub, əvəzinə başqa adla yenisi yaradılıb. Deyilənlərə görə, müdir yerinə namizəd çoxdur, amma təyinat yoxdur. Ola bilərmi ki, hökumət bu sahədə hansısa yenilik etmək istəyir, seçimi buna görə ləngidir?
- QHT-lərlə iş və kommunikasiya şöbəsinə rəhbərin təyin olunmaması məndə belə bir qənaət formalaşdırır ki, bu vəzifəyə prosesi dərindən bilən, indiyəqədərki problemlərin yaranmasında rolu olmayan şəxsin gətirilməsi mümkündür. Mövcud vəzifəli şəxslərdən kimsə bu şöbəyə rəhbər təyin olunsa, orada heç bir şey dəyişməyəcək. Problemləri yalnız vətəndaş cəmiyyəti qurumları ilə şəffaf şəkildə işləməyi bacaran yeni kadrlar aradan qaldırmağa qadirdirlər. Çoxlu QHT rəhbərləri var ki, hansı məsələni necə həll etməyi yaxşı bilirlər. Əgər həqiqətən ortada siyasi iradə varsa, onda həmin iradəni reallaşdıracaq şəxslərin bilik və bacarıqları çox önəmli olur. İndiyədək həm QHT sektorunda dair qanunvericiliyi formalaşdıran tərəflər, həm də bu sahədə dövlət siyasətini aparanlar iflasa uğrayıblar. Dövlət büdcəsindən ayrılan vəsaitləri QHT-lərin müəyyən hissəsi arasında bölməklə kimlərəsə ”əməkhaqqı” veriblər. Belə vətəndaş cəmiyyəti olmaz. Məncə, QHT-lərə Dövlət Dəstəyi Şurası buraxılmalıdır, artıq bu qurumun funksiyası bitib. Eyni zamanda KİV-in İnkişafına Dəstək Fondu kökündən dəyişməlidir. Hər iki qurumun fəaliyyəti göstərdi ki, son 10 ildə bunlar media və QHT sektorunu çökdürüblər. Baxın, medianın 40 milyonluq reklam gəlirləri 4 milyona düşüb. QHT-lərin qrantları 90 milyon dollardan 3 milyon dollaradək azalıb. Bu fakt hər iki qurumun fəaliyyətinin nəticəsidir. Əgər islahatlardan danışırıqsa, onda bunlarla davam etmək olmayacaq.
- “Qonqo” deyilən bir termin var, yəni, hökümətin əlaltısı olan qeyri-hökumət təşkilatı. Azərbaycanda hətta məmurlar da xeyli sayda QHT-lər yaradıblar. Burada incə bir məqam var: hökümətə xidmətlə onunla əməkdaşlıq arasında sərhəd haradan keçir?
- Bu suala cavabda bir prinsipial məsələni qeyd etməliyik: vətəndaş cəmiyyəti qurumları dövlət orqanlarının fəaliyyətinə nəzarət etməlidir. QHT-lərin bir funksiyası da budur. Məmur, yaxud millət vəkili QHT yaradırsa, deməli, o, özünə nəzarət mexanizmi formalaşdırır? Normalda, etik baxımdan heç kəs özünə nəzarət edə bilməz. Digər tərəfdən, QHT yaratmış parlament üzvü Dövlət Dəstəyi Şurasından qrant alırsa, ən azı, ciddi məsuliyyətsizliyə yol verir. Belə hallara çox rast gəlinir: deputat QHT rəhbəri, ya üzvü olaraq həm hökumətdən pul alır, həm də, guya, Milli Məclisdə onun fəaliyyətinə nəzarət edir. Bu özü korrupsiyanın bir formasıdır. Pul aldığı tərəfi o necə tənqid edə bilər? Məsələnin başqa aspekti də var: Şuradan maddi dəstək görən deputat ona dövlət büdcəsində daha çox vəsait ayrılmasına çalışacaq ki, öz maraqları da təmin olunsun. Yəni, QHT-nin ictimai nəzarət funksiyası qalır bir tərəfdə, alış-veriş başlayır.
- Bəs iş necə qurulmalıdır?
- Birincisi, QHT-lərlə bağlı bütün məsələlərdə tam şəffaqlıq olmalıdır – vətəndaş cəmiyyəti institutlarının funksiyaları, təsisçiləri, rəhbərləri, onların maliyyələşdirilməsi prinsipləri və s. İkincisi, hökumətdən alınan vəsaitlə onun fəaliyyətinə nəzarətin mümkünsüzlüyü dərk edilməlidir. Hökumət bəlli şərtlərlə QHT-lərə vəsait ayıra bilər, məsələn, məcburi köçkünlərin hüquqlarının qorunması üçün və s. Amma hökumətin öz mənbəyindən birbaşa verdiyi qrantlar heç vaxt onun fəaliyyətinə, şəffaf idarəçiliyə nəzarət vasitəsinə çevrilə bilməz. Bu təcrübəni dəyişmək üçün birbaşa vəsaitlərdən imtina olunmalıdır.
- QHT-lərin özlərində nələr dəyişməlidir? İndi “islahat” sözü dəbdədir. Qeyri-hökumət təşkilatlarının da daxili islahatlara ehtiyacı varmı?
- Düşünün ki, reanimasiyada bir xəstə huşsuz vəziyyətdədir. Həkimlər, tibb bacıları onun sağalması üçün heç nə etmirlər. Ümid qalır xəstənin özünə. Amma huşsuz xəstə də heç nə edə bilmir. Bax, indi QHT-lər həmin xəstənin halındadırlar. Yəni, təşkilat kimi formal mövcuddurlar, ancaq vətəndaş çəmiyyəti qurumları olaraq yoxdurlar. Araşdırsaq görərik ki, QHT-lərin 90 faizi VÖEN hesablarını bağlayıb, fəaliyyət göstərmir, son 3-4 ildə qrant almır. Hətta 200 manatdan artıq ianə alan QHT onu Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməlidir. İnanın ki, bunun özü də problemdir. Ümimiyyətlə, Ədliyyə Nazirliyi bu sektorda ən yarıtmaz institutdur. QHT-lərin fəaliyyətinin həmin nazirlik tərəfindən tənzimlənməsi təcrübəsindən imtina olunmalı və funksiyalar ”Asan xidmət”ə verilməlidir. İslahat aparmaq istəyirlərsə, birinci növbədə QHT sektorunu Ədliyyə Nazirliyinin caynağından qurtarsınlar.
- Sizin bu sahədə sözün əsl mənasında geniş təcrübəniz var. Həm fəal QHT-lərdə işləmisiniz, həm donor təşkilatında çalışmışınız. İndi donorların əksəriyyəti Azərbaycanla əlaqələrini kəsiblər. Onları yenidən ölkəyə cəlb etmək lazımdırmı? Lazımdırsa, bunu necə etmək olar?
- Xarici donorları birmənalı şəkildə Azərbaycana qaytarmaq lazımdır. Onlar Cənubi Qafqazda vətəndaş cəmiyyətinin inkişafına hər il xeyli vəsait xərcləyirlər. Amma biz bu propsesdən təcrid olunmuşuq və Azərbaycana gələ bilməyən vəsaitlər Ermənistanda, Gürcüstanda inkişafa yönəldilir. Hökumət bilməlidir ki, bu tip vəsaitlər dövlətin qənaət etdiyi xərclər olacaq. Yəni, bir var, vətəndaş cəmiyyətinin inkişafına yönəldilən vəsaitlər hökumətdən çıxsın, bir də var, kənardan cəlb olunsun. Bu, yeni iş yerlərinin yaranmasına, hökumətin əlinin yetmədiyi problemlərin həlli üçün daha çevik mexanizmin qurulmasına kömək edəcək. Həmin vəsaitlərin ölkəyə cəlb olunması üçün yalnız bir şərt qoymaq lazımdır – şəffaflıq: qrantlar şəffaf şəkildə qeydə alınsın və hansı məqəsdlər üçün ayırılıblarsa, o istiqamətə də doğru-düzgün xərclənsin. Şəffaflığı təmin edən qaydalar elektronlaşdırılmalıdır və faydalı olardı ki, bu sistem, dediyim kimi, köhnə qurumlardan alınıb “Asan xidmət” mərkəzlərinə verilsin. O zaman vətəndaş cəmiyyəti institutları qısa müddətdə itirdikləri mövqeləri geri qaytara, iki-üç ildən sonra isə daha irəli gedə bilər.
Müsahibəni hazırladı: Elxan Salahov