Logo
news content
User
Kateqoriyalar

Analitika

Dünyanın gözü qarşısında verilən dərs
Azərbaycan tarixi dəyişdi, bölgədə 30 ildən sonra yeni dövr başlayır 

Azərbaycan Silahlı Qüvvələrinin 19 sentyabrda Qarabağda həyata keçirdiyi uğurlu antiterror əməliyyatı qısa müddətdə məntiqi nəticəsinə çatdı. Əvvəlcə hərbçilər, ardınca polis, FHN əməkdaşları, tibb işçiləri, başqa dövlət qurumlarının nümayəndələri Xankəndiyə daxil oldular. Separatçıların ideoloqlarından və “qara kassası” biri sayılan Ruben Vardanyn dünyanın, ilk növbədə onu Qarabağa göndərən Rusiyanın gözü qarşısında həbs edilərək Bakıya gətirildi.

Nəhayət, bu gün – sentyabrın 28-də qondarma rejimin “prezidenti” Samvel Şahramanyan “Artsax" mövcudluğuna son qoyulması barədə “fərman” imzalayıb. Sərəncamda qeyd olunur ki, bu rejimin bütün "dövlət qurumları" və "təşkilatları" 1 yanvar 2024-cü il tarixinədək buraxılacaq.

Əlbəttə, “Artsax Respublikasının” yaradılmasının əsası, hüquqi qüvvəsi olmadığı kimi, Şahramanyanın “fərmanının” da heç bir hüquqi qüvvəsi yoxdur. Bu, sadəcə ermənilərin xülyasına, siyasi və hərbi avantürasına son verilməsinin elanı idi. 

Qondarma “DQR”lə bağlı hüquqi, legitim qərar 32 il öncə - 26 noyabr 1991-ci il tarixində Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi qanunla verilib. Həmin qanunda Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunub.

Qanuna əsasən "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında" Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul tarixli 1923-cü il tarixli dekreti və "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" Azərbaycan SSR-in 16 iyun 1981-ci il tarixli qanunu qüvvədən düşmüş sayılıb.

Eləcə də bölgədəki şəhər və rayonları tarixi adları bərpa olunaraq Stepanakert şəhəri – Xankəndi şəhəri, Mardakert şəhəri – Ağdərə şəhəri, Martuni şəhəri – Xocavənd şəhəri, Mardakert rayonu – Ağdərə rayonu, Martuni rayonu – Xocavənd rayonu adlandırılıb. Əsgəran və Hadrut rayonları ümumiyyətlə ləğv edilib, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılıb. Ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilib. 

Xankəndi və Şuşa şəhərləri respublika tabeli şəhərlərin, Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonları respublika tabeli rayonların sırasına daxil edilib.

"Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" Milli Şuranın 13 oktyabr 1992-ci il tarixli qərarı ilə Ağdərə rayonu ləğv edilmişdi və onun ərazisi Tərtər, Kəlbəcər və Ağdam rayonları arasında bölüşdürülüb.

Beləliklə, Azərbaycan suverenliyini təmin etməklə bu qanunun hüquqi qüvvəsinin bölgənin idarəçiliyinə tətbiq olunmasına şərait yaradıb. Daha Qarabağda erməni əhalinin nə hüquqi, nə faktiki muxtariyyəti, xüsusi statusu yoxdur, köç davam edərsə, onların özünün də yoxa çıxmaq ehtimalı var. 

Rəsmi Bakı milli birlik, hərbi güc, diplomatiya və siyasi bacarıq hesabına öz məqsədinə nail oldu. Azərbaycan keçmiş SSRİ məkanında etnik münaqişəni tam şəkildə həll edərək, ərazi bütövlüyü və suverenliyini təmin edən ilk ölkə kimi tarixə düşdü. Qeyd edək ki, Rusiyanın himayə etdiyi etnik separatizmdən əziyyət çəkən, böyük qurbanlar verən Ukrayna, Gürcüstan və Moldova hələ də heç bir nəticə əldə edə bilməyiblər. Baxmayaraq ki, Qərbin, Azərbaycandan fərqli olaraq, yuxarıda adları çəkilən ölkələrə hərtərəfli siyasi, iqtisadi, hərbi və mənəvi dəstəyi var. Təəssüf ki, bu qüvvələr eyni xarakterli problemlə bağlı ikili standartlar nümayiş etdirərək, Azərbaycanın qarşısında dayanıblar. Bakı, həm Qərbin təzyiqlərini neytrallaşdırmaq, həm də Rusiyanın bəslədiyi etnik separatzimin kökünü kəsmək kimi olduqca mürəkkəb vəziyyətdən tam qələbə ilə çıxa bildi. 

Hazırda Rusiya Qarabağdakı vəziyyətdən narazı deyil. Dünən Rusiya Xarici işlər naziri S.Lavrov azərbaycanlı həmkarı C.Bayramova zəng edib və nazirlər bölgədəki vəziyyəti geniş müzakirə ediblər. Bu gün isə Kremlin sözçüsü Dmitri Peskov bəyan edib ki, bölgədə humanitar vəziyyəti izləyirlər, Qarabağda rejimin buraxılması proseslərin müsbət dinamikasına töhfə verə bilər. 

Əlbəttə, cəmiyyəti düşündürən “Rusiya Azərbaycana Qarabağı götürməyə niyə imkan verdi, prədəarxasında hansısa razılaşma varmı” sualı aktualdır. Ermənilərin bölgədən köçüb getməsinə Rusiyanın mane olmaması Kremlin Qarabağda uzunmüddətli planlarının olduğunu düşünməyə əsas vermir. “Əhali yoxdursa, sülhməramlıya nə ehtiyac var” məntiqini elə bu gün Rusiya Dövlət Dumasının MDB məsələləri Komitəsinin sədr müavini Viktor Vodolatski də səsləndirib. “Rusiya sülhməramlılarının Qarabağ regionunda mövcudluğu yəqin ki, aktual olmayacaq. Azərbaycan tərəfi orada qalan insanlara şərait yaradacaq, çünki ora Azərbaycanın ərazisidir. Bu halda Rusiya sülhməramlılarının bölgədə qalması öz aktuallığını itirə bilər”, - o vurğulayıb.

Birləşmiş Ştatlar və Avropa İttifaqı da Qarabağda vəziyyəti diqqətlə izləyir. Onların başlıca narahatlığı erməni əhalinin bölgədən köçüb getməsidir. Separatçı qurumun süqutu, Vardanyanın həbsi, digər separatçı rejim mənsublarının taleyi onları az maraqlandırır. Bununla belə Qərb mətbuatı Azərbaycana qarşı geniş kampaniya aparır, erməni köçü “etnik təmizləmə” kimi qələmə verilir. 

Rəsmi Bakı bu kampaniyanın dövlətlərin, beynəlxalq təşkilatların gündəliyinə təsir etməməsi üçün bir sıra vacib addımlar atıb:

Qarabağ ermənilərinə bölgədə qalıb yaşamaları üçün təhlükəsizlik qarantiyası vəd olunub, DTX və Prezident Administrasiyası müvafiq bəyanatla çıxış edib;

Qarabağda sosial-iqtisadi vəziyyətin sabitləşməsi ilə bağlı Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə İşçi qrupu yaradılıb;

Xankəndinə elektrik enerjisinin verilməsi təmin olunub, köməksiz insanlara, habelə yanacaq rezervuarının partlaması nəticəsində xəsarət alanlara tibbi yardım göstərilib, köçənlərin avtomobilləri yanacaqla təmin olunub, Qarabağda qalanların isə qeydiyyatı aparılır;

Birləşmiş Ştatların Qarabağda humanitar vəziyyətə beynəlxalq nəzarətin təmin olunması ilə bağlı təklifi qəbul edilib. Bu barədə Dövlət katibi Antoni Blinkenlə Prezident İlham Əliyev arasında razılıq əldə olunub. Qeyd edək ki, USAİD-in rəhbəri Samanta Pauer və Dövlət katibinin köməkçisi vəzifəsini icra edən Yuri Kim dünən Bakıda olub və Prezident İ.Əliyev tərəfindən qəbul edilib. Prezident onlara deyib ki, Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi, Qarabağdakı etnik ermənilərin də hüquqları ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin ediləcək. “Azərbaycan nümayəndələri ilə Qarabağın erməni sakinlərinin təmsilçiləri arasında reinteqrasiya istiqamətində dialoq aparılır”, - dövlət başçısı əlavə edib.

Bundan başqa həm yerli ermənilərə, həm də maraqlı dövlətlərin nümayəndələrinə Azərbaycanın hazırladığı reinteqrasiya proqramı ilə tanış olmaq təklif edilib;

Nəhayət Ermənistanla sülh danışıqları qaldığı yerdən davam etdirilir, oktyabrın 5-də Qaranada şəhərində Azərbaycan, Ermənistan, Aİ, Fransa, Almaniya liderlərinin iştirakı ilə müzakirələr keçiriləcək. 

Bu gün ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Vaşinqton ləyaqətli və davamlı sülhün əldə oluna biləcəyi danışıqlar masasına qayıtmaq istəyir.

Beləliklə, Azərbaycana sarsıdıcı zərbələr vurmuş, paralel olaraq Ermənistanı, regionu, iqtisadi, siyasi inkişafdan saxlamış etnik separatizm qürub çağını yaşayır. Azərbaycan dünyanın 30 ildə bacarmadığı, yaxud bacarmaq istəmədiyi münaqişəni öz gücü ilə həll edə bildi. Bu, dünya tarixində xüsusi yeri olan bir hadisədir, şübhəsiz ki, siyasətçilər üçün böyük təcrübə, separatizm havadarları üçün isə yaxşıca dərsdir. 

Yaxın aylarda Qarabağda proses yekunlaşacaq, bölgədə həyat yenidən canlanmağa başlayacaq. Sülh də olacaq, Cənubi Qafqazda yeni dövr başlayır...

Turqut