Logo
news content
User
Kateqoriyalar

Analitika

Dünya Bankının “yaşıl” müstəmləkəçilik siyasəti
Oyun qaydaları getdikcə sərtləşir... COP29 ərəfəsi daha diqqətli olmalıyıq  

Müəllif: İsa Əliyev,
iqlim dəyişmələri üzrə
müstəqil ekspert

Qlobal iqlim dəyişmələri dünya ölkələrinin gələcək inkişafını ciddi şəkildə təhdid etməkdədir. Qeyri-müəyyənliklərin həddindən artıq olduğu və heç bir ölkənin bu problemdən sığortalanmadığı bir zamanda, inkişaf səviyyəsindən asılı olmayaraq, bütün ölkələrin baş verə biləcək itkilərin minimuma endirilməsi üçün elmə əsaslanan müfəssəl biliklərə, faydalı təşəbbüslərə böyük ehtiyacı vardır. Belə qeyri-müəyyənliklər qarşısında məqsədə çatmaq üçün başqalarına doğru-düzgün yol göstərmək indiki dünyanın bəşəri vəzifəsidir.

Amma bəşəriyyətin bu ölüm-dirim məsələsində xoşməramlı fəaliyyətlər əvəzinə, bəzən yaranmış şəraitdən bəhrələnərək, “iqlim” adı altında ölkələri təhdid etmək, təsir dairələrinə salmaq, öz maraqlarına uyğun layihələr həyata keçirmək və yanlış təsəvvürlərlə çaşqınlıq yaratmaq üçün heç bir əsası olmayan məlumatlar yayılır, məkrli oyunlar oynanılır. Həm də bu kimi hallar xırda lobbiçi təşkilatlar tərəfindən deyil, dünyanın aparıcı elmi, iqtisadi, maliyyə və s. təşkilatları tərəfindən oynanılanda ikiqat təəssüf hissi doğurur. Bu cür oyunlardan biri də 29 noyabr 2023-cü il tarixində Bakının mərkəzində (Landmark Biznes Mərkəzinin Rotunda konfrans zalında) oynanıldı.

Həmin gün Dünya Bankı tərəfindən hazırlanmış “Azərbaycan üzrə İqlim və İnkişaf Hesabatı” (CCDR) dərc edilərək, ictimaiyyətə (ekspertlər, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti üzvlərinin, əksər aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə) təqdim olundu. Ölkəmizin iqlim fəaliyyətləri ilə bağlı reallıqdan uzaq məlumatlarla dolu olan və tələm-tələsik hazırlandığı (çoxlu texniki, qrammatik və tərcümə səhvləri buna dəlalət edir) dərhal nəzərə çarpan hesabatdakı fikirlərin təhlilinə keçməzdən əvvəl deyim ki, burada əsas təəccüb doğuran məqam təqdimat mərasiminin dünyanın əksər ölkə başçılarının, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin iştirakının nəzərdə tutulduğu Qlobal İqlim Sammitinin yüksək seqmentindən bir gün əvvələ təsadüf etməsidir. (Bu “təsadüf”ün təhlilini politoloqlarımız versələr, yaxşı olar).  

İndi isə əsas mətləbə keçək. Ədalət naminə qeyd edək ki, Azərbaycanda iqlim və inkişaf problemlərinə həsr olunmuş hesabatda iqlim problemlərinin ümumbəşəri xarakter daşıyan məsələləri (su çatışmazlığı, quraqlıqlar, daşqınlar, ekstremal atmosfer hadisələri, kənd təsərrüfatına təsirlər və s. kimi qlobal təhdidlər) üzrə bəzi faydalı tövsiyələr var, ancaq əsas diqqətin ölkəmizdə bu sahədəki vəziyyətə dair heç bir məntiqə söykənməyən fikirlər və təhdid xarakterli mülahizələrə yönəldiyi açıq-aşkar hiss olunur.

Bu baxımdan, Azərbaycanda iqlim fəaliyyətləri barədə yanlış məlumatlar üzərində qurulan belə bir dolaşıq hesabatın özəyində duran vacib məqamlara aydınlıq gətirilməsi müstəsna əhəmiyyət kəsb edir. Gəlin baxaq, görək, hesabatda nə deyilir, faktlar nə göstərir.

  1. Hesabatın hər yerində Azərbaycanın Paris Sazişi üzrə istixana qaz emissiyalarının 1990-cı illə müqayisədə 2030-cu ildə 35% və 2050-ci ildə 40% azaldılmasına dair götürdüyü iqlim öhdəliklərini yerinə yetirə bilməyəcəyinə dair fərziyyələr dönə-dönə vurğulanır.
Hesabatdan çıxarışlar: “Neft və qaz rentasından və dövlət investisiyasından asılı olan hazırkı inkişaf modeli ilə bu məqsədlərə nail olmaq mümkün deyil” (bax: səh. 11); “Hazırkı siyasətlər Azərbaycanın karbonsuzlaşdırma ilə bağlı 2030-cu və 2050-ci illər üçün məqsədlərinə nail olmayacaq” (bax: səh. 13); “Hazırkı siyasətlər əsasında ölkənin 2030-cu ilədək 35 faizlik, 2050-ci ilədək isə 40 faizlik (1990-cı illərdə mövcud olmuş səviyyələrlə müqayisədə) 24 MMT+ hədəflərinə nail oluna bilməz” (bax: səh. 13); “Ölkə həm karbonsuzlaşdırma, həm də dayanıqlılıq göstəriciləri üzrə uzunmüddətli məqsədlə faktiki icra arasında boşluqla uzləşir” (bax: səh. 17); “3.1.1. Nisbətən az səy tələb olunmasına baxmayaraq, Azərbaycan emissiyanın azaldılması sahəsində müəyyənləşdirdiyi MMT+ hədəflərinə nail olma yoluna davam etmir” (bax: səh. 25); “Ölkədaxili karbonsuzlaşdırma fəaliyyətləri yoxdur” (Bax: səh. 44) və.s. və i.a...    

İndi hesabatdan bu çıxarışların nə dərəcədə düzgün olduğunu bilmək üçün məsələnin mahiyyətinə və faktlara diqqət yetirək. Azərbaycanın ümumi istixana emissiyaları 1990-cı baza ilində 82,6 milyon ton CO2 ekvivalenti olub. Bunun 3,7 milyon tonu meşələr, digər torpaq və çoxillik kənd təsərrüfatı əkinləri tərəfindən udulub, deməli, təmiz netto emissiyamız 1990-cı ildə 79 milyon ton CO2 ekvivalenti olub. Azərbaycan isə Paris Sazişi üzrə öhdəlik götürüb ki, bununla müqayisədə 2030-cu ildə emissiyalarımızı 35% azaldacaq. Rəqəmlə ifadə etsək, söhbət təxminən 27,7 milyon tondan gedir. Yəni, Paris Sazişi üzrə öhdəliklərimizin yerinə yetirilməsi üçün ölkəmizin istixana qaz emissiyaları 2030-cu ildə 79-27,7=51,3 milyon ton CO2 ekvivalenti olmalıdır. Dövlət Statistika Komitəsinin  rəsmi məlumatına əsasən, artıq 2021-ci ildə bu rəqəm 58,1 milyon ton CO2 ekvivalenti təşkil etmişdir. Beləliklə, biz hələ 2021-cı ildə öhdəliklərimizin təxminən 73%-ni yerinə yetirmişik və hədəfə çatmaq üçün qarşıdakı 7 ilə cəmi 6,8 milyon ton qalıb. Belə bir uğur ölkədə həyata keçirilən irimiqyaslı mitiqasiya tədbirləri – istilik elektrik stansiyalarında mazutdan ən təmiz yanacaq olan qaza keçid (dünyada hələ bir çox ölkədə, o cümlədən Almaniyada, ABŞ-da daha çox emissiya yaradan kömürdən istifadə edilir), bərpa olunan enerji mənbələrindən istifadə, yeni meşə massivlərinin salınması, enerji səmərəliliyinin artırılması, yeni texnologiyalara keçid, tullantıların səmərəli idarə edilməsi və s. – nəticəsində mümkün olmuşdur. Planlaşdırılan digər tədbirlərin təhlili isə göstərir ki, növbəti 7 ildə öhdəliklərimiz üzrə yerdə qalan kiçik payın da artıqlaması ilə yerinə yetirilməsi üçün möhkəm baza yaranmışdır. Belə olan halda təbii sual yaranır ki, görəsən, hesabatdakı əks fikirlər haradan götürülüb, nəyə əsaslanır? Demək olar ki, işin böyük hissəsini görmüş Azərbaycan niyə 2030-cu ilə olan öhdəliklərini yerinə yetirə bilməz? Nədən heç bir fakta əsaslanmadan belə bir cəfəng iddia irəli sürülür? Əsas qayəsini “Azərbaycan iqlim öhdəliklərini yerinə yetirə bilməz” kimi uydurma bir ideyanın təşkil etdiyi bu hesabatın Dubay Qlobal İqlim Sammiti öncəsi təqdim edilməsi bir təzyiq və təsir vasitəsi, ya təhdid deyildirsə, onda nədir? Kim deyə bilər ki, hesabat Azərbaycana kömək etmək niyyəti ilə hazırlanmışdır?

  1. Hesabatda ölkənin iqlim öhdəliklərinin yerinə yetirilməsi üçün tələb olunacaq maliyyə vəsaitləri üzrə fərziyyələrin ən azından 5-6 dəfə şişirdilərək, dəfələrlə təkrarlanması diqqəti cəlb edir.
Hesabatdan çıxarışlar: “Azərbaycanın strateji hədəflərində karbonsuzlaşdırma və dayanıqlılığa ehtiyacın yaratdığı uzunmüddətli çağırışlar hələ də əks olunmamaqla yanaşı, bir neçə istisna xaric, mövcud hədəflər hələ də müvafiq siyasətlərlə və investisiyalarla dəstəklənmir” (bax: səh. 17); “Ümumilikdə, MÖS-də Azərbaycan 2022-2030-cu illərdə enerji sisteminə əlavə 6,3 milyard ABŞ $ investisiya yatırmalı ola bilər,.. 2022–2060-cı illərdə isə əlavə 12,4 milyard ABŞ $ yatırmalı ola bilər” (bax: səh. 26); “Ümumilikdə, baza ssenarisi ilə müqayisədə, XSS-də Azərbaycanın enerji sisteminə 2022-2030-cu illərdə əlavə 7,9 milyard ABŞ $, 2022-2060-cı illərdə isə əlavə 28,1 milyard ABŞ $ investisiya (hazırkı qiymətlərlə göstərilmişdir) yatırması tələb oluna bilər” (bax: səh. 29); “2060-cı ilədək qlobal xalis sıfır emissiyaya uyğunlaşdırma yolu Azərbaycan üçün əlavə iqtisadi xərclər yarada bilər” (bax: səh. 47); “Təhlil göstərmişdir ki, 2060-cı ilədək xalis sıfır səviyyəsinə nail olmaq üçün Azərbaycan enerji sisteminə 2022-30-cu illərdə 7,9 milyard ABŞ $, 2022-60-cı illərdə isə 28,1 milyard ABŞ $ (diskontlaşdırılmış) investisiya yatırmalı ola bilər” (bax: səh. 65) və s.

Göründüyü kimi, hesabatda 2022-2030 illər üzrə iqlim öhdəliklərinin yerinə yetirilməsi üçün Azərbaycanın enerji sisteminə tələb olunacaq maliyyə vəsaitinin 7,9 milyard ABŞ dolları olacağı vurğulanır. Bu, heç bir əsası olmayan və reallıqlardan dəfələrlə artıq olan bir rəqəmdir. Sübut etmək üçün alim olmaq lazım deyil. Baxın, ölkəmizin energetika sisteminin ümumi qoyuluş gücü 7927 MVt təşkil edir. Bunun 6623 Mvt-ı istilik elektrik stansiyalarının payına düşür, iri su elektrik stansiyaları daxil olmaqla, bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1304 MVt-dır ki, bu da ümumi gücün təxminən 17%-ni təşkil edir.  

Buradan aydın olur ki, Azərbaycana əlavə olaraq maksimum 1500 Mvt bərpa olunan enerji lazımdır ki, həm enerji istehsalında onun payını lazımi səviyyəyə çatdırsın, həm də Paris Sazişi üzrə 2030-cu ilə 35% azalma öhdəliyini artıqlaması ilə yerinə yetirsin. Yada salıram ki, öhdəliyin 73%-i artıq yerinə yetirilib. Qalan hissəsi üçün isə lap 2022-ci il qiymətləri ilə götürülsə belə (hərçənd, dünya bazarında günəş və külək stansiyalarının qiymətləri sürətlə ucuzlaşmaqda davam edir), Azərbaycanda “2030 hədəfi”nə nail olmaq üçün Qaradağ GES (hansı ki, tikintisi 293,3 milyon ABŞ dollarına başa gəldi) kimi cəmi 6  stansiyanın tikilməsi kifayət edir. Buna da indiki qiymətlərlə təxminən 1,7 mlrd. ABŞ dolları lazım gəlir ki, növbəti 7 ilə böləndə hər ilə, hesabatda qeyd edildiyi kimi, 1,1 milyard ABŞ dolları deyil, 250 milyon ABŞ dolları düşür. Bəs onda hesabatdakı “ilə 1,1 milyard ABŞ dolları, ümumilikdə isə 2030-cu ilədək 7,9 milyard ABŞ dolları lazımdır” kimi fikir haradan götürülüb və əgər bu şişirdilmiş məlumat, yanlış təsəvvürlər yaradaraq, qaranlıq otaqda qara pişik tutmaq cəhdi deyildirsə, onda nədir? Belə hesabat hansı məqsədə xidmət edir? Bu, yeni müstəmləkəcilik metodunun tətbiqi forması deyildırsə, nədir? Bəzi ekspertlər soyləyə bilərlər ki, göstərilən rəqəmlər hesabatın hazırlanmasında tətbiq olunan modelin verdiyi “obyektiv” nəticələrdir. Amma atalar demişkən, görünən dağa nə bələdçi? Yəni, hər şeyin göz qabağında olduğu vəziyyətdə 7 illik yaxın bir dövr üçün ayrıca modelin (istifadə olunan model və ona verilən parametrlər barədə bir az sonra) “icad edilməsinə” nə ehtiyac vardı? 

2060-cı ilə tələb olunan investisiyaların necə şişirdildiyi də nəzərdən qaçırılmamalıdır. Heç kim deyə bilməz ki, 30 ildən sonra dünyada elektrik enerjisinin, suyun, ərzağın və ya yanacağın qiymətləri necə olacaq? Ona görə də bu cür əsassız, özünü doğrultma ehtimalı 1%-dən aşağı olan cəfəng fərziyyələrin üzərində dayanmaqla oxucuların vaxtını itirməyinə dəyməz.  

  1. “Azərbaycan 2030 və 2050-ci il üzrə öhdəliklərini yerinə yetirə bilməz” fikri qəti olaraq bəyan edilən hesabatda başqa maraqlı bir məqam da var. Nədənsə, burada Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “Yaşıl enerji” zonasının yaradılması, 30 min ha sahədə meşəbərpa işlərinin aparılması, KSES-lər (170  Mvt) tikilməsi, habelə Qaradağ GES (Masdar 230 Mvt), Abşeron Xızı KES (AQVA Pover 240 Mvt), Cəbrayıl-Zəngilan GES (BP 230 Mvt), Xudafərin SES (100 Mvt), "Qız Qalası” SES (40 Mvt), Koreya şirkətləri tərəfindən  Laçın/Kəlbəcər ərazisində tikintisi planlaşdırılan 100 Mvt gücündə KES, 2022-ci il dekabrın 17-də Buxarest şəhərində imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” barədə məlumatlar verilməyib və ya onlardan istifadə olunmayıb. Halbuki, bu yeniliklər ölkənin iqlim öhdəliklərinə böyük töhfələr verəcək. Onların nəinki 35% öhdəliklərin yerinə yetirilməsini, hətta emissiyalarda əlavə azalmaları necə şərtləndirəcəyini görməmək gülüncdür. Əksinə, hesabatda qeyd olunur ki, “Yeni azad olunmuş ərazilərdə 2050-ci ilədək xalis sıfır emissiya səviyyəsinə nail olmaq üçün əlavə təklif və tələbat yönümlü investisiyalar tələb oluna bilər” (bax: səh. 26). Sual olunur: qlobal emissiyalarda 0,1% karbon izi olan, gənc və dinamik inkişaf edən bir ölkənin qlobal iqlim öhdəliklərindən narahat olan Dünya Bankı kimi nəhəng maliyyə təşkilatı infrastrukturu tamamilə dağıdılmış bu torpaqlarda yaradılmağa başlayan “Yaşıl enerji zonası”na niyə aşağı faizli, uzunmüddətli güzəştli kreditlər ayırmır?       
Qeyd edilən iri layihələrlə yanaşı, bütün sektorlarda innovativ texnologiyalardan istifadə və yeni qanunun yaratdığı stimullar nəticəsində icra ediləcək minlərlə kiçik layihələrin də növbəti illərdə emissiyaların azalmasına mühüm töhfə verəcəyi heç kimdə şübhə doğurmur.      
  1. Hesabatda istifadə edilən modellər barədə nəzərinizə çatdırım ki, onların tətbiqi dünyada qismən qəbul edilmiş prosedurlar sırasına daxildir. Özünü doğrultma ehtimallarının aşağı olması modellər üzrə təlimatlarda da qeyd olunur. Düzgün parametrlər verildiyi halda həmin modellər uzunmüddətli dövrlər (40,60 il və s.) üçün yararlı nəticələr verə bilər. Həm də modelə nə qədər çox və daha son illərin məlumatları daxil edilsə, onun etibarlılığı bir o qədər yüksək olar. Mənə hesabatda istifadə edilən CompactPRIMES modelinin adı tanış gəlmədiyindən Google-da axtarış apardım və öyrəndiklərimdən dəhşətə gəldim. Məlum olur ki, E3-Modelling şirkəti tərəfindən CompactPRIMES əsasında hazırlanmış ESA (Azərbaycan üçün Enerji Sistemi) modeli Azərbaycanın 2015-ci il statistikasına uyğunlaşdırılıb və onun təxminlərinin 2050-ci ilə qədər dövrü əhatə etdiyi bildirilir. Baxın, 2023-cü ilin sonunda hazırlanan bir hesabatda istifadə olunan modeldə parametrlər 8 il əvvəlin, yəni, 2015-ci ilin məlumatlarıdır. Heç olmasa təxminlərin etibarlılığını artırmaq xatirinə, ölkənin ingilis dilində olan rəsmi statistikasından son 5 ilin məlumatlarını götürməyi belə özlərinə rəva biməyiblər. Bu da hesabatın necə tələsik və başdansovdu hazırlanmasının daha bir sübutudur. Üstəlik, yuxarıda qeyd etdiyim, “Yaşıl enerji” üzrə ölkəmizdə həyata keçirilən irimiqyaslı tədbirlərin heç biri haqqında məlumatlar o modeldə nəzərə alınmayıb. Çünki əks təqdirdə, nəticə fərqli olacaqdı və təzyiq göstərmək məqsədi güdənlərə sərf etməyəcəkdi. Burada E3-Modelling şirkətinin daha insaflı davrandığını demək istəyirəm. Çünki şirkət ən azından bu modelin ancaq Azərbaycan üçün hazırlandığını və ora yerləşdirilən məlumatların 2015-ci ilin statistik məlumatları olduğunu saytında açıq bildirir. 
Hesabatda “Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) iqlim dəyişmələri üzrə proqramın milli koordinatoru kimi, UNFCCC konvensiyasına hesabat verməyə məsul olsa da, ölkənin strateji baxışının müəyyənləşdirilməsinə və idarə edilməsinə məsul deyil” kimi absurd bir fikir də yer alır (bax: səh. 18).  Bu nə deməkdir? Axı dünya ölkələrinin hamısında belə nazırliklərin funksiyaları elə adından bəllidir?!

Əlbəttə, Dubay Qlobal İqlim Sammitinin rəsmi açılışından bir gün qabaq Bakıda belə bir hesabatın təqdimatının keçirilməsi acı təəssüf doğurur. 

Daha çox təəssüf doğuran məsələ isə sənədi hazırlayan, 75-dən çox üzvü olan komandanın tərkibində 5-6 yerli mütəxəssisin də olması, “sapı özümüzdən olan” həmin ekspertlərin  bəzilərinin dövlət qurumlarında məsul vəzifə tutmalarıdır.  

Ən qəribəsi isə odur ki, yanlış məlumat, fərziyyə və fikirlər üzərində qurulan bu hesabata dair yayilmış press-relizdə o, “Azərbaycan üçün dayanıqlı və xalis sıfır emissiyalı inkişafın təmin edilməsi üçün strateji yol xəritəsi və ölkə əhalisini iqlim dəyişikliyinin mənfi təsirlərindən qoruya biləcək tədbirlərin həyata keçirilməsinə keçid üçün praktiki yol kimi təqdim olunur”.

Buna bənzər təxribat xarakterli hadisənin 2015-ci ildə COP-un Parisdə keçirilən 21-ci sessiyası ərəfəsində də şahidi olmuşduq. O zaman Fransa COP21-in ev sahibi kimi canfəşanlıq göstərirdi.  Azərbaycana səfərə gəlmiş Aİ nümayəndə heyəti tərkibində olan Fransa nümayəndələri görüş zamanı ölkəmizi qlobal iqlim dəyişmələri problematikasında neft ölkəsi kimi tarixi məsuliyyət daşıdığını bəyan etmişdilər. Vaxtında verilən əsaslı cavablar nəticəsində məkrli niyyətin qarşısı alındı.

Buradan görünür ki, “iqlim” adı altında gedən qlobal mübarizədə müəyyən dairələrin öz maraqlarını güdməsi nəticəsində bəzən müxtəlif konfliktlərin yaranması qaçılmaz olur. Belə halları nəzərdən qaçırmamalı, “hər çalınan havaya oynamamalı”, problemin mahiyyətini dərindən araşdırandan sonra qərarımızı verməliyik. COP-un 29-cu sessiyasının 2024-cü ildə ölkəmizdə keçiriləcəyi Konvensiya Katibliyi tərəfindən rəsmən elan edildiyi indiki şəraitdə dövlətin aidiyyəti qurumlarının belə məsələlərə yüksək səviyyədə diqqətli olması müstəsna əhəmiyyət kəsb edir.