Logo
news content
User
Kateqoriyalar

Analitika

Döyüşə yenə qocalar gedir...
Hakim partiyanın siyahısı cəmiyyətin və siyasi institutların çağırışları ilə nə qədər səsləşir?

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlər siyahısı 800 minlik hakim gücün imkanlarını əks etdirmir. Doğrudur, partiya 125 seçki dairəsinin hər biri üzrə namizəd irəli sürüb. Amma siyahıya göz gəzdirdikcə, təxminən 50 dairənin başqa namizədlər üçün “boş” saxlanıldığı görünür. YAP üçün prinsipial deputat sayı qanunların qəbulunda yetərsay üçün vacib olan 63 səsi təmin etməkdir, adətən iqtidar partiyası fors majorlardan sığortalanmaq üçün 67-75 deputatla təmsil olunur. Qalan seçki dairələri hakimiyyətə yaxın bitərəflər və konstruktiv müxalifət partiyaları arasında bölüşdürülür.

Bu yanaşma, əslində, siyasi mübarizə, seçki metodologiyaları ilə bir araya sığmır və ölkədəki seçki mühitinin problemlərindən xəbər verir. Əslində, siyasi partiyalar maksimum nəticə əldə etmək uğurunda mübarizə aparırlar, ancaq görünür, Azərbaycandakı seçki praktikası onları “mümkün olanı əldə etmək” reallığı ilə üz-üzə qoyub. Artıq neçə illərdir, partiyaların əksəriyyəti siyasi isteblişmentdə formal da olsa, status qazanmaq, bəzilər isə dövlət tərəfindən ayrılan maliyyəni əldə etmək üçün mümkün üsullarla parlamentə düşmək üçün yarışırlar. Bu şəraitdə YAP-a öz “kvota”sı ilə kifayətlənmək də əl verir. 

YAP-ın namizədlər siyahısına gəldikdə, orada köhnə tərkibdən 12 nəfərin adı yoxdur. Vasif Talıbov, İsa Həbibbəyli, Oqtay Əsədov, Aqiyə Naxçıvanlı, Sədaqət Vəliyeva, Elşad Mirbəşir, Bəxtiyar Sadıqov, Nizami Cəfərov, Elnur Allahverdiyev, Cavid Osmanov, Əliabbas Salahzadə və İqbal Məmmədov bu dəfə hakim siyasi elitanın dəstəyini qazana bilməyiblər. 

Maraqlıdır, daha əvvəl medianın yazdıqlarının əksinə, YAP yaşı 70-i keçmiş, 3 və daha artıq çağırış deputat olmuş şəxslərin adlarını yenidən namizəd göstərib. Məsələn, Eldar İbrahimovun, Mixail Zabelinin, Əhliman Əmiraslanovun, Tahir Rzayevin, Elman Məmmədovun, Cavanşir Paşazadənin VII çağırış Milli Məclisin tərkibində olacaqları şübhə doğurmur. 

Hakim partiya həm keçmiş və indiki deputatların, həm də müxalif və bitərəflərin həyat yoldaşlarının, uşaqlarının namizədliyini müdafiə edir. Məsələn, eks-deputat Əhməd Vəliyevin oğlu Samir Vəliyevin, Tahir Süleymanovun oğlu Mahir Süleymanovun, Fəzail Ağamalının qızı Günel Ağamalının, Sabir Rüstəmxanlının həyat yoldaşı Tənzilə Rüstəmxanlının namizəd olduqları seçki dairələrindən önəmli namizəd irəli sürülməyib, belə qənaət yaranır ki, həmin dairələr “boş” saxlanılıb.  

Qəribə görünən məsələlərdən biri də hakim partiyanın vəzifədən çıxarılmış və çıxarılacağı gözlənilən məmurlara parlament kürsüsündə yer ayırmasıdır. Məsələn, Baş nazirin müavini Əli Əhmədov, Dini Qurumlar İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Mübariz Qurbanlı, onun müavini olmuş 73 yaşlı Səyyad Aran, keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədov hakim partiyanın siyahısı ilə yenidən deputat mandatı alacaqlar. Bu sırada YAP öz üzvü olmayan bəzi keçmiş və indiki məmurlara da “boş” dairələr saxlayıb. 

Bu qəribəliklər siyahısını daha da uzatmaq olar. Bütövlükdə hakim partiya namizədlər siyahısı ilə qanunverici hakimiyyətin rolunu artıracaq addım atmayıb. Əksinə, öz potensialını gizlədərək, sanki Milli Məclisin cəmiyyətdəki və dövlət hakimiyyətinin idarə olunmasındakı rolunu aşağı çəkməyə çalışıb. 

Belə çıxır, siyasi hakimiyyət seçkili qanunverici orqanın nüfuza malik olmasında maraqlı görünmür, onun üçün qanunverici orqanda yalnız sədaqətli şəxslərin oturması kifayət edir. Bu, Azərbaycan cəmiyyətinin maraqları ilə səsləşmir. Təkcə bir məsələni qeyd etmək olar ki, VI çağırış parlament dövründə əhalinin, xüsusi ilə maddi gəlirlərinə görə aşağı təbəqəsinin, sahibkarların, media və vətəndaş cəmiyyətinin əleyhinə onlarla qərarlar qəbul olunub, qanunvericiliyə sərt, ağırlaşdırıcı, məhdudlaşdırıcı düzəlişlər edilib. Qiymətlər, cərimələr, vergilər artırılıb. YAP qətiyyən narahatlıq keçirmədən vətəndaşların mənafelərinə qarşı yekdillik göstərən bu deputatların əksəriyyətini yenidən parlamentə göndərir. 

Bəzi deputatlar daha da irəli gedərək, bunu ərazi bütövlüyünü, suverenliyini təmin etmiş Azərbaycanda keçirilmiş ilk parlament seçkiləri adlandırırlar. Görünür, heç olmasa, indiki  seçkinin azad, ədalətli, şəffaf keçirilməsi barədə cəmiyyətin, siyasi institutların arzu və çağırışları da elə bu amillə bağlıdır. 

Turqut