Logo
news content
User
Kateqoriyalar

Analitika

“Dost”a zəng: Putin Paşinyandan nə istəyib?
“Moskva buna məcburdur...”

Rusiyanın Qafqazdakı mövqeləri gün-gündən zəifləyir. Son illərdə Ermənistan hökuməti Moskvanın bölgədəki maraqlarına qarşı açıq siyasət yürüdür. Azərbaycan da, müttəfiqlik sazişi imzalamasına baxmayaraq, Rusiyanın istəklərinə adekvat cavab vermir, müstəqil siyasət aparmağa alışır. “Sülhməramlılar”ın vaxtından əvvəl Qarabağdan çıxması və Rusiya sərhədçilərinin İrəvan hava limanını gözlənilmədən tərk etməsi hər iki ölkənin Moskva ilə dostluğa o qədər də həvəsli olmadığını göstərdi.

Bu günlərdə Putinin Bakıya səfəri zamanı deyilənlərin bir daha şahidi olduq. Dövlət başçılarının görüşündən sonra media üçün verilən bəyanatda Prezident İlham Əliyev Moskvanın danışıqlar prosesində aktiv rolunun bərpa olunması ideyasına müsbət yanaşmadığını hiss etdirdi. Rusiyalı həmkarından fərqli olaraq, Əliyev bu məqamın üzərində xüsusi dayanmadı. “Azərbaycanın öz ərazilər üzərində suverenliyini tam bərpa etdiyini və bölgədə yeni reallıq yarandığını” söyləməklə, ideyanın tərəfdarı olmadığını nümayiş etdirdi. 

Maraqlısı bundan sonra baş verdi. Moskvaya qayıdan kimi Putin Ermənistanın Baş naziri ilə telefon əlaqəsi saxlayıb. İki ölkə arasında üç ildən artıqdır, gərginlik var. Paşinyan dəfələrlə Moskva üçün mühüm əhəmiyyət daşıyan toplantılara qatılmayıb. Ermənistan Roma statutunu ratifikasiya edərək, nəzəri də olsa, Putinin bu ölkəyə gəlsə həbs olunacağına razılıq verib. Rusiya rəsmilərinin dilindən həm Paşinyanın özü, həm də Ermənistanın suverenliyi dəfələrlə təhdid olunub, hətta onun fiziki olaraq aradan götürüləcəyi barədə ehtimallar da səslənib. Bütün bunlardan sonra birdən-birə Putinin Ermənistan Baş naziri ilə telefon danışığı aparması və Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etməsi, yumşaq desək, əlamətdardır. 

Bu təmas hansı perspektivdən xəbər verə bilər? Ümumiyyətlə, Rusiya-Ermənistan münasibətində hansı dəyişiklik ola bilər? Eyni zamanda Rusiyanın Qafqaz siyasətində hansı yeniliklər gözlənilir?

Mövzu ilə bağlı Pressklub.az-a açıqlama verən politoloq Xaqani Cəfərlinin sözlərinə görə, Rusiyanın yalnız Cənubi Qafqazda deyil, bütün postsovet məkanında zəifləməsi müşahidə olunur: 

 “Rusiyanın bu gün bəlkə də ən güclü olduğu iki bölgədən biri Cənubi Qafqazdır. Ancaq o qədər zəifləyib ki, Cənubi Qafqazda da mövqelərini itirdiyi aşkar görünməyə başlanıb. Rusiya postsovet respublikaları, o cümlədən də Azərbaycan, Ermənistan və Gürcüstan üçün siyasi, iqtisadi və ideoloji cəhətdən cəlbedici dövlət, siyasi mərkəz ola bilmədiyi üçün keçmiş sovet respublikalarını münaqişələri idarə etmək və hərbi güclə təhdid etməklə öz təsirində saxlayırdı. Qarabağ münaqişəsinin həlli, Rusiyanın Ukraynada hərbi-siyasi uğursuzluğu Rusiyanın bölgədən çəkilməsinə səbəb oldu. Putin də bunları çox gözəl bilir və son addımları onun fərqli davranışlarla bölgədə iştirakçılığını təmin etməyə xidmət edir”. 

Politoloq deyir ki, Putinin Azərbaycana səfəri, Ermənistan rəhbərliyi ilə telefon danışığı, Gürcüstana yönəlik şirnikləndirici mesajlar Rusiyanın Cənubi Qafqazda son 200 ildə ən aşağı səviyyəyə düşən iştirakçılığını, heç olmasa, bu səviyyədə qoruyub saxlamağa hesablanıb. Rusiyanın bölgədə iştirakçılığı, təsiri elə aşağı düşüb ki, o, Ermənistanla Azərbaycan arasında balans gözləməyə məcburdur. Burada elə bir vəziyyət yaranıb ki, Cənubi Qafqaz respublikaları Rusiya ilə Ukrayna arasındakı seçimdə birmənalı Moskvanı seçmirlər. Əksinə, Azərbaycan, Ermənistan və Gürcüstan rəhbərlərinin Ukraynanın Müstəqillik Günü ilə bağlı təbrikləri göstərir ki, Cənubi Qafqaz respublikaları artıq Rusiyadan çəkinmirlər. Bu tendensiya güclənəcək. Rusiyanın isə bu vəziyyətlə barışmaqdan başqa çıxış yolu yoxdur. Çünki Rusiyanı indi Şimali Qafqazda tezliklə başlayacaq mərkəzdənqaçma meylləri daha çox narahat edir. 

 “Rusiyanın son illərdə Qafqazdakı siyasəti xeyri zəifləyib və başa düşür ki, o, burada gedən proseslərə mühüm təsir edə bilmir”. 

Bu sözləri hərbi-siyasi ekspert Azad İsazadə Pressklub.az-a açıqlamasında deyib.

Müsahibimizin fikrincə, Rusiya çalışır ki, idarəetməni itirsə də, hansısa formada varlığını saxlasın. Bu gün faktiki olaraq Rusiyanın təsiri altında olan təkcə Gürcüstandır. Gürcüstandakı parlament seçkiləri göstərəcək ki, Rusiya öz təsirini Gürcüstanda nə qədər saxlaya biləcək. Ermənistanda isə Rusiyanın təsiri ən çox iqtisadi və hərbi sahələrdə qalıb. Siyasi təsiri isə daha çox müxalif qüvvələrin arasında var, amma əvvəlkindən fərqli olaraq, bu təsir xeyli zəifləyib. 

Ekspert deyir ki, vaxtı ilə Rusiya Ermənistanı həm cənubi, həm də şimali Qafqazda öz postu kimi qiymətləndirirdi. İndi isə bu post yavaş-yavaş Rusiyanın təsiri altından çıxmaq istəyir: “İrəvan hava limanından sərhədçilərin çıxması daha çox rəmzi xarakter daşıyır. Təxminən 10-15, hətta daha az sərhədçi pasport yoxlanışında iştirak edirdi. Onların hava limanından çıxması mühüm rol oyanmır. Daha mühüm rol oynayan isə Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində yerləşdirilən sərhədçilərdi. Rusiya hələ də ümidini itirmir ki, gələcəkdə açılan Zəngəzur dəhlizinə onlar nəzarət edəcək, amma bunun nə vaxt olacağı bilinmir. Hər iki dövlət Azərbaycan-Ermənistan münasibətlərində və sülh müqaviləsi ilə bağlı gedən proseslərdə moderator rolunu oynayan hansısa 3-cü dövlətləri bu danışıqlarda istəmir. Biz Fransaya, Ermənistan da Türkiyəyə razılıq vermirsə, deməli, təkbətək, hansısa moderator dövlətlərin iştirakı olmadan bu məsələni həll etməliyik”.

Mədinə Useynova