Logo
news content
User
Kateqoriyalar

Analitika

Dördüncü icra hakimiyyəti
yaxud, felix dies festus, collega...

Qabil Abbasoğlu

Özümü dərk etməyə başlayandan məni ən çox düşündürən suallardan biri də latın dili və bu dilin daşıyıcılarının taleyi ilə bağlı olub. Düzdür, sonradan tarixlə xüsusi  maraqlandığım dövrlərdə bu haqda bəzi məlumatlar əldə etdim. Lakin özü olmayıb dili yaşayan bir xalqın əsrarəngiz taleyi hələ də mənimçün sirr olaraq qalır...

Belə olurmuş, demək... Azərbaycan mətbuatı kimi. Adı var, özü yoxdur. Mətbuat, özünün ilkin və təbii funksiyasından kənarda “fəaliyyət” göstərirsə, bu, artıq fəaliyyət deyil. Fəaliyyət yoxdursa, deməli, mövcud olan nədirsə, başqa bir şeydir. Artıq ürək ağrısı ilə (ürəklə yox!) deyə bilərik ki, Azərbaycanda mətbuat hökumətin bir struktur bölməsi kimi formalaşıb və onun ümumi idarəçilik sisteminin “qeyri-üzvi” elementinə çevrilib. Əslində, dördüncü müstəqil hakimiyyət qolu kimi institutlaşmalı və işləməli olan mediamız indi qoşulub digər hakimiyyət qollarına, olub 4-cü icra hakimiyyəti. Necə ki qanunvericilik və məhkəmə orqanları, parlamentimizin öz dili ilə desək, “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada” səliqə ilə idarə olunur, o cür də mətbuat. Bu, nə ölkə, nə də mətbuat üçün yaxşı bir şey vəd edir. Jurnalistlərdən danışmırıq, onların yaxşıya inamı çoxdan sarsılıb...

Hakimiyyətin fəaliyyətinə nəzarətçi rolunda çıxış etməli olan mətbuat indi elə həmin hakimiyyət strukturlarının və onların təmsilçilərinin tabeliyində işləyir. Bununla da özünün təbii təyinatından kənarda qalır, peşə norma və tələbləri deqradasiya olunur, unudulur. 

Ən qorxulusu isə odur ki, indi Azərbaycanda jurnalistika sahəsində çalışan və say üstünlüyü getdikcə artan gənc nəslin nümayəndələri mətbuatın... elə məhz bu olduğunu düşünürlər. Buna inanırlar. Dəhşətli nəticədir.

Bəzən partiya, bəzən də yüksək dövlət qurumu sifətində vahid siyasi mərkəzdən idarə olunan media çox yaşaya bilməz. Məsələn, gün gəlir, büdcə fondlarının xərclənməsinə nəzarət edildiyi kimi, mediaya ayrılan (qeyri-rəsmi) vəsaitlərin də səmərəli xərclənməsi mövzusu müzakirəyə çıxarılır. Mövcud reallıqdan çıxış edərək, israfçılığın aradan qaldırılması naminə ixtisarlardan tutmuş ləğvetməyə qədər müxtəlif tədbirlər görülür. Bunu redaksiyaların özləri deyil, siyasi hakimiyyət müəyyən edir, qərarı da o verir. Media rəhbərlərinin nə iş görməli, nə yazmalı, hətta hansı tədbirlərdə iştirak etməli olduğunu da hakimiyyətin sahəyə idarəçi təyin etdiyi, çox vaxt medianın təbiətindən uzaq şəxslər və agentliklər həll edir. Normal şəraitdə bütün bunlar oxucunun, auditoriyanın həll etməli olduğu məsələlərdir. 

Elə bir yerə gəlib çıxmışıq ki, indi bir neçə il əvvəl olduğu kimi, kimdənsə, hansı KİV-dənsə inciməyə də yer qalmayıb. Çünki umacaq qalmayıb, inam qalmayıb. Oxucu ilə jurnalist arasındakı bağlar qırılıb. İndi jurnalist və redaksiya üçün oxucu ilə deyil, hökumətlə bağları qorumaq daha önəmlidir, daha mühüm meyardır. Odur ki, bəzən yarızarafat işlətdiyimiz “jurnalistləri də dövlət qulluqçuları günündə təbrik etmək daha səmimi olardı” deyimi gerçəyə çevrilməkdədir. 

Redaksiyaların, Mətbuat Şurasının və Media Agentliyinin sahə ilə bağlı müstəqil və ictimai xarakterli hansısa tədbir, kampaniya keçirməyə ixtiyarı, imkanı və gücü yoxdur. Gündəlik iş planı çərçivəsində müəyyən xırda addımları atıla bilər, lakin bütün miqyaslı tədbirlər “yuxarı” ilə razılaşdırılmalıdır. Baxmayaraq ki, mətbuatın “yuxarı”sı oxucudur, yaxud belə olmalıdır. Hələ senzura və təqiblərdən şikayət etdiyimiz 1990-cı illərdə qəzetin manşetinə hansı mövzu və başlığı çıxarmağı bizə qəzet satıcıları diktə edirdi. Çünki oxucunun marağını onlar bilir, auditoriya ilə onlar işləyirdilər. Biz o vaxt başqa “yuxarı” tanımırdıq...

İndi dövlətdən jurnalistlər üçün nəsə istəmək və onu almaq o qədər çətin iş deyil. Çünki hakimiyyətin özü bunda maraqlıdır. Çətini jurnalistika üçün nəsə istəmək və onu almaqdır. Bunlar ayrı-ayrı anlayışlardır. Zatən hakimiyyətlərin məntiqi həmişə belə olub: jurnalistə sən nəzarət edirsən, jurnalistika isə sənə nəzarət edir. Asan deyil sənə nəzarət edən, işini araşdıran və tənqid edən bir institutun güclənməsinə dəstək vermək, medianın imkanlarının artmasına şərait yaratmaq!   

Milli Mətbuat günündə bu gerçəkləri yazmaq nə qəhrəmanlıqdır, nə də öyünüləsi bir iş. Bu, acı etirafdır. Xatırlatmadır. Hələ yaddaşlarda ilişib qalan, közərən jurnalistika odunun sönməkdə olan işartılarıdır. Sadəcə, təqvim sindromu bu tarixin üzərindən sakit, düşünmədən, xatırlamadan keçməyə imkan vermir. Bir vaxtlar 22 iyulda Azərbaycan jurnalistikası bayram keçirirdi. İndi isə Azərbaycan jurnalistləri. 

Latınlar demiş, felix dies festus, collega cui nomen est nec ipse est...