Dişsizlikdən işsizliyə...
Diplomlu və diplomsuz vətəndaş eyni dərdi bölüşür
24 Yanvar 2026
Azərbaycanda işsizliyin statistikası rəsmi rəqəmlərdən daha aydın görünür. Real durum isə müsbət mənada xeyli fərqlidir. Belə ki, ölkədə təxminən 5.3 milyon nəfər əməkqabiliyyətli əhali var, (ümumi ölkə vətəndaşlarının təqribən 50 faizini təşkil edir) amma rəsmi əmək müqaviləsi ilə işləyənlərin sayı 1.782 min nəfərdir. Bu işçilərin 865,7 min nəfəri dövlət sektorunda, 916,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Müstəqil ekspertlərin hesablamalarına görə, Azərbaycanda təqribən 1 milyon nəfər insan xidməti müqavilə ilə çalışır, sahibkarlıq fəaliyyəti ilə məşğuldur və s. Bu rəqəmləri ümumi əməkqabiliyyətli vətəndaşların sayından (5.3 milyon) çıxdıqda təqribən 2.9 milyon nəfərin nə ilə məşğul olduğu haqda konkret məlumat yoxdur. Hökumət aqrar sektorda çalışanları-pay torpaq sahiblərini də qeyri-məşğul hesab etmir. Beləliklə, arzulanan rəsmi işsizlik rəqəmi - 5.2 faiz alınır. 2025-ci ilin avqust ayına olan rəsmi rəqəmlərə görə, Azərbaycanda 281 min nəfərdən artıq vətəndaş rəsmən işsizdir.
Ölkə başçısı İlham Əliyev də yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib ki, Azərbaycanda iş tapmaq problemi yoxdur. "İşləmək istəyən Azərbaycanda özü üçün iş tapa bilər, ya inşaatda, ya kənd təsərrüfatında, ya başqa sahələrdə”, - dövlət başçısı vurğulayıb.
Prezident qeyd edib ki, inkişaf etmiş ölkələrdə Azərbaycandan da böyük faizlə ölçülən işsizlik var: "Amma mənim sözüm odur ki, bu gün Azərbaycan kimi ölkədə, geniş imkanları olan ölkədə iş tapmaq o qədər də çətin məsələ deyil. Sadəcə olaraq, bəziləri bəlkə də onlara təklif olunan işlərlə razı deyillər, ona görə iş axtarmağa davam edirlər. Özünüməşğulluq proqramı işsizliyin böyük hissəsini faktiki olaraq aradan qaldırır və bu insanlara verilən vasitələrlə onlar öz ailə büdcələrini təmin edə bilərlər".
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin doqquz ayı ərzində ölkə üzrə 91 718 iş yeri açılıb. Amma rəsmi statistika başqa bir rəqəm də verir: həmin dövr ərzində ölkədə 88,8 min iş yeri bağlanıb. Yəni iş yerlərinin sayı təqribən 3 min artıb. Amma rəsmi statistika bağlanan iş yerlərinin hansı sahələri əhatə etdiyi, hansı səbəblərdən qapandığı haqda detallı məlumat açıqlamır. Qeyri-rəsmi statistikaya görə, bağlanan iş yerlərinin bir çoxu bir neçə il əvvəl yaradılan, özünü doğrultmuş bizneslərdi. Bağlanma səbəbləri müxtəlif ola bilər, lakin başlıca səbəblər sırasında dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının intensiv müdaxilələri, ölkədə alıcılıq qabiliyyətinin azalması, vergi, cərimə və rüsumların artırılması var. Ölkə mediasında, sosial şəbəkələrdə bu haqda çoxsaylı şikayətlər yer alır.
Yeni iş yerləri isə daha çox Dövlət Vergi Xidmətində qeydiyyata alınan VÖEN-lər və əmək müqavilələridir. Burada real iş yerlərinin sayını müəyyənləşdirmək mümkün deyil, çünki yeni iş yeri kimi qeydə alınanların bir çoxu “ağartma” əməliyyatının məhsuludur. Yəni, iş yeri uzun illər faktiki mövcud olub, amma vergi müfəttişlərinin səyi nəticəsində aşkara çıxarılıb, işverən cərimələnib və əmək müqaviləsi qeydə alınıb. Qeyd edək ki, son bir ildə vergi əməkdaşları rayonlarda fermerlərə qarşı çoxsaylı reydlər keçirib. İşçiləri müqaviləsiz mövsümü işlərə cəlb edən sahibkarlara ağır cərimə sanksiyaları tətbiq edilib. Bu rəqəmlər 4-200 min manat arasında dəyişir.
İş yerləri ilə bağlı məlumat qıtlığını Dövlət Məşğulluq Agentliyinin açıqladığı hesabat qismən doldura bilir. Bu hesabat həm də ölkənin əmək bazarındakı acınacaqlı mənzərəni göz önünə sərir. Məlum olur ki, ali təhsil alan vətəndaşın durumu diplomu, peşəsi olmayan həmyerlisindən o qədər də fərqli deyil...
Agentliyin məlumatına görə, 2018–2023-cü illərdə Azərbaycanda ali təhsil müəssisələrini bitirənlərin ümumi sayı 120 min 776 nəfər olub. Məzunların 58,6%-i, yəni 70 min 769 nəfəri işlə təmin edilib, qalan hissə isə əmək bazarında yer tapa bilməyib. Məzunların 41 min 69 nəfər, yəni işləyənlərin 58%-i 400 manatdan aşağı maaş alıb. Aylıq əmək haqqı 1551 manatdan yuxarı olan məzunların sayı cəmi 582 nəfərdi.
Bu statistikadan belə çıxır ki, qeyd olunan beşillikdə 50 minə yaxın universitet məzunu ümumiyyətlə özünə iş tapa bilməyib. Yarıdan çoxu isə ixtisasına baxmayaraq, minimum əməkhaqqına razı olub. 121 minə yaxın məzundan cəmi 582 nəfəri dövlət qulluğunda və ya özəl sektorda nisbətən yüksək maaşlı iş sahibi olub. Haşiyə olaraq vurğulayaq ki, dövlət qulluğuna qəbul olunmaq Azərbaycanda çox ciddi problemdir, həm qanunvericilik, həm də bürokratik əngəllər gənclərin yolunu bağlayır (Bu, ayrıca araşdırma mövzusudur – müəl.).
Məşğulluq Agentliyinin hesabatında diqqətçəkən məqamlardan biri universitet məzunlarının harada iş tapmalarıdır. Qurum ilk onluğu açıqlayıb:
Bu siyahıya 1 203 nəfərlə “Araz Supermarket” MMC başçılıq edir. Onu “Kapital Bank” ASC (994 nəfər), Bakı Şəhəri Təhsil İdarəsi (858 nəfər) və “Dost İş Mərkəzi” MMC (708 nəfər) izləyir. İlk onluqda həmçinin “ABC-Telecom” MMC (“Kontakt Home”) – 557 nəfər, “Unibank KB” ASC – 516 nəfər, “McDonald’s” ASC – 503 nəfər, “OBA Market” MMC – 496 nəfər, “ANC Group” MMC (“Rahat market”) – 492 nəfər və “Azərbaycan Supermarket” MMC (“Bravo market”) – 487 nəfər yer alıb.
Göründüyü kimi, yeni iş yerləri daha çox xidmət, ticarət və bank-maliyyə sektorunda yaradılıb. Belə çıxır ki, Azərbaycanda son 10 ildə büdcədən ən böyük vəsaitlərin ayrıldığı (ildə 6-7 milyard manat) tikinti sektorunda yaradılan iş yerlərinin sayı birinci onluğa düşmür.
İş yerləri ilə bağlı 2025-ci ilin statistik məlumatları təhlil edən iqtisadçı Toğrul Maşallı da bu məqama diqqət çəkir. Bildirir ki, ölkənin "tikinti meydançası" qismində Qarabağ yox, məhz Bakı çıxış edir. Belə ki, tikinti sahəsində açılan iş yerlərin 76.7%-i Bakının payına düşür. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına tikinti sahəsində açılan iş yerlərinin cəmi 235-i düşür. Bu iqtisadi rayonlarda müvafiq olaraq ən çox iş yeri təhsil və turistlərin yerləşdirilməsi sahələrində açılıb.
İqtisadçı bir məsələyə də aydınlıq gətirir: ”Əlbəttə, qeyd edə bilərsiniz ki, müvafiq işləri həyata keçirən şirkətlər Bakıda qeydiyyatdan keçiblər deyə onların məlumatları Bakı üzrə qeydə alınır. Bununla belə, ölkə üzrə 2025-ci ilin doqquz ayı ərzində 91 718 iş yeri açılıb. Ümumi muzdla çalışan şəxslərin sayında bu cəmi 2.9 min nəfərlik artım verib. Başqa sözlə, yalnız rəsmi statistikaya görə 91,7 min iş yeri açıldığı halda 88,8 min iş yeri bağlanıb. Eyni zamanda rəsmi olaraq ölkədə 278.7 min işsiz var”.
Bir məqamı da qeyd edək ki, 2026-cı ilin yanvarından 1-dən etibarən özəl sektorda çalışanlar 3 faiz gəlir vergisi ödəyəcəklər. Bu rəqəm gələn il 7 faiz olacaq, sonrakı illərdə daha da artırılması nəzərdə tutulur. Müstəqil ekspertlər hesab edirlər ki, hökumətin güzəştləri ləğv etməsi özəl sektoru daha çətin vəziyyətə sala bilər. Belə ki, vergi yükünün artması əmək müqavilələrinin ləğv olunmasına, ikili mühasibatın yenidən vüsət almasına gətirib çıxarır. Birinci rübün nəticələrində özəl sektorda məşğulluğun, yeni iş yerlərinin azalması mütləq görünəcək.
Bir sözlə, hökumətin özəl sektoru çətin vəziyyətə salan qərarlarına parlamentdən, ictimai qurumlardan və özəl sektordan təpkilərin olmaması ölkədə biznes mühitinin ağırlaşmasına rəvac verir. Necə deyərlər, dişsilzik işsizlik gətirir...
Turqut