Di̇asporların Savaşı
25 Sentyabr 2019
Diaspor - təsirli bir vasitə, xaricdə rəsmi fəaliyyət göstərən ictimai təşkilatlar şəbəkəsi kimi - heç də hər millətə gərək deyil. Çinliləri, yaxud şimal qonşularımız rusları götürək. Saylarının çoxluğu, ya milli dillərinin geniş yayılması belə etnik qrupların digər xalqlara əlavə təsir formaları yaratmasına ehtiyacı xeyli dərəcədə aradan qaldırır: bunsuz da (o cümlədən medianın daimi diqqəti sayəsində) onların başqalarından nə istədikləri, niyə istədikləri hamıya bəllidir.
Həmyerlilər cəmiyyəti yaxşı şeydir, diaspor ondan da yaxşıdır
Ancaq belə "imtiyazdan" yalnız bir neçə böyük milli icma istifadə edə bilər. Nisbətən kiçik millətlər (azərbaycanlılar da onların sırasında) öz “həqiqətlərini” dünyaya çatdırmaq üçün bütün mövcud təşkilati formalardan yararlanmaq məcburiyyətindədirlər. Bu işin isə öz “qabaqcılları” və “geridə qalanları” var.
Öncüllər arasında birinci, şübhəsiz ki, yəhudilər hesab edilməlidirlər. Hələ XIX əsrin sonlarında dövlətlərarası münasibətlərin sivil normalarının ortaya çıxması ilə onlar milli imiclərinin yaxşılaşdırılması üçün ardıcıl fəaliyyət göstərməyin zəruriliyini dərk etdilər; niyə məhz “İsrail övladları” ilə yumşaq davranmağın, yəhudilərin istəklərini yerinə yetirməyin vacibliyini müxtəlif ölkələrin siyasətçilərinə izah etməyə başladılar. Bu gün ən azı bir yəhudi icma təşkilatının fəaliyyət göstərmədiyi ölkə tapmaq çətindir. Onlar hər yerdə, bütün məsələlərdə həmvətənlərinin maraqlarını müdafiə edirlər, diasporun imkanlı üzvləri lazım gələndə ictimai rəyə təsir göstərmək üçün mediaya sahiblənirlər. Bu, etibarlı, konsolidasiyaya xidmət edən formatdır.
Yunanlar və ermənilər də XX əsrin əvvəllərində bütün dünyada oxşar təşkilatlar yaratmağa başlayanda məhz həmin modeli nümunə seçdilər. Lakin yəhudilər ilkin mərhələdə öz qarşılarına milli varlıqlarını qorumaq, milli dövlətlərini formalaşdırmaq kimi vəzifələr qoymuşdularsa, yunanlar və ermənilər fərqli hədəflərə kökləndilər. Söhbət, hər şeydən əvvəl, bir çox müasir qonşuların da ərazilərini özündə cəmləşdirən yarımifik qədim imperiyaların bərpası ilə bağlı utopik ideyalardan gedir. Müxtəlif səviyyələrdə zaman-zaman səsləndirilən belə iddiaların qonşu dövlətləri heç də sevindirmədiyini söyləməyə ehtiyac varmı?
Fikrimcə, SSRİ-nin dağılması ilə Azərbaycan ermənilərin ərazi iddialarına məruz qalmasaydı, xarici icmaların fəaliyyətini canlandırmaq mövzusu onun üçün indiki qədər böyük əhəmiyyət kəsb etməzdi. Bu gün Azərbaycan hakimiyyətinin bu məsələyə xüsusi diqqət ayırdığı barədə ən yüksək səviyyələrdə tez-tez bəyanatlar verilir.
Qismən, həqiqətən də belədir. Azərbaycan beynəlxalq aləmdə Ermənistanla informasiya qarşıdurmasında vaxtaşırı müəyyən qələbələr qazanır. Ancaq kiçik uğurları böyüdüb dağa döndərmək, onların dəyərini şişirtmək lazım deyil. Ən azı ona görə ki, mövcud şəraitdə bu sahədə iş daim davam etdirilməlidir – başqa cür mümkün deyil, əks halda, sizi məğlubiyyət gözləyir.
[embed]https://www.facebook.com/togrul.allahverdili.92/videos/755647827937169/[/embed]
Əlbəttə, unutmamalıyıq ki, xaricdəki həmvətənlərlə doğma yurd arasında güclü qarşılıqlı əlaqələr qurmağın zəruriliyi haqda azərbaycanlılar nisbətən yaxın zamanlardan etibarən ciddi düşünməyə başlayıblar. 2002-ci ildə ölkədə böyük heyətə və büdcəyə malik Diaspor işləri üzrə ayrıca dövlət komitəsi yaradılıb. Ancaq demək olarmı ki, artıq bu gün Azərbaycan diasporu doğma ölkəsinin dəstəyi ilə bir çox yerlərdə layiqincə təmsil olunur və ortaq dövlətin xarici siyasət ehtiyaclarına cavab verən səviyyədə fəaliyyət göstərir? Çətin. Sadə bir nümunə: azərbaycanlıların ən böyük icma təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) bir neçə ildir ki, Rusiya məhkəməsinin qərarı ilə ləğv olunub və fəaliyyətini bərpa edə bilmir. Bəlli olur ki, bu işıqlı ad altında “qaranlıq” işlər görülürmüş.Hələ 2004-cü ilin yayında məşhur rus milyarderi Araz Ağalarov Nardarandakı bağ evində bu sətirlərin müəllifinə verdiyi müsahibədə demişdi ki, Rusiyanın bir neçə azərbaycanlı oliqarxı ÜAK-ın ehtiyacları üçün hər il külli miqdarda pul ayırır. Başqa sözlə, onlar Rusiyada Azərbaycan diasporunun işini dəstəkləyirlər. Belə çıxır, milyonlar boş yerə xərclənib. Bu gün Rusiya Federasiyasının Dövlət Dumasında heç olmasa bir azərbaycanəsilli deputat varmı? Rusiya parlamenti Azərbaycan xalqının maraqlarını nəzərə alan hər hansı qanun qəbul edirmi? Xeyr. Ancaq "1915-ci il erməni soyqırımını" həmin Duma çoxdan rəsmi olaraq tanıyıb.Obyektiv qiymətləndirsək, deməliyik ki, bütün bunlar Rusiyadakı erməni diaspor qurumlarının yaxşı işi və Azərbaycan icmalarının eyni məsələdə kifayət qədər səy göstərməməsi barədə nəticə çıxarmağa əsas verir. Sual: belə vəziyyəti necə izah edək? Yəqin ki, ilk növbədə, ikincilərin lazımi təcrübəsinin olmaması ilə. Ancaq daha bir incə məqam var: bir sıra ölkələrdəki çoxsaylı Azərbaycan icmalarını sözün tam mənasında “diaspor” adlandırmaq hələ çətindir. Bunun üçün onlara “davamlı birlik” çatışmır (ən yeni lüğətlər isə “davamlı birliyi” diasporun mühüm keyfiyyəti kimi önə çəkir). Neyləməli, hərəkət etmək və Azərbaycanın əleyhinə işləyən qüvvələrdən daha fəal olmaq lazımdır. Deyilənlər ilk növbədə məhz bu məqsədlə dövlət tərəfindən işə götürülmüş məmurlara aiddir.Kim kimə kömək edəcək: ölkə diaspora, yoxsa diaspor ölkəyə?Ermənistandan fərqli olaraq, Azərbaycanın öz mövcudluğunu layiqli səviyyədə təmin etməsi üçün diasporun maliyyə ayırmalarına ehtiyacı yoxdur. Əksinə, onun vəziyyətində əks istiqamətdə maddi dəstək mümkündür və zəruridir. Bu halda başqa bir şeyə ehtiyac var ki, məhz həmin məsələdə ermənilərin öz dövlətlərinin problemlərinin həllinə yanaşma tərzi maraqlıdır. Onların – Ermənistan hökuməti ilə diasporun - təşəbbüsləri çox vaxt qarşılıqlı olur, daxili siyasi məqsədlərə deyil, ümumi işə xidmət edir. Məram birdir: hamı üçün ortaq olan bir dövlətin mövqeyini möhkəmləndirmək. Axı, Azərbaycanın da insanların siyasi görüşlərindən, kimin kimdən xoşu gəlib-gəlməməsindən asılı olmayaraq birlikdə həll ediləsi xeyli problemləri var. Ermənistan hökuməti bunu yaxşı başa düşür. Azərbaycan haqqında isə eyni sözü söyləmək çətindir, onun diasporunda “davamlı birliyin” olmamasının əsas səbəbi də buradan irəli gəlir.
Aydınlıq gətirmək, ölkə ilə diaspor arasında real qarşılıqlı əlaqələrin strukturunu anlamaq üçün açıq erməni mənbələrindən bəzi nümunələri nəzərdən keçirək.SSRİ-nin dağılmasından sonra qısa müddət ərzində erməni diasporu Rusiya Federasiyasında institusionallaşa bildi və buradakı siyasi proseslərdə fəal rol oynamağa başladı. Rusiyanın böyük (təxminən 2,5 milyonluq) erməni diasporunun daxili siyasi resursu hökumətdə, mediada, elmdə, təhsildə, incəsənət və biznesdə geniş təmsilçilikdən, onun xarici siyasi resursu isə Ermənistandakı proseslərə əhəmiyyətli təsir imkanlarından qaynaqlanır.Fransada isə çoxdan siyasi proseslərə təsir etmək imkanı ilə seçilən erməni diasporu öz ölkəsinin maraqları naminə böyük lobbiçilik təcrübəsinə malikdir. Orada diaspor tərəfindən bir sıra təşkilatlar, o cümlədən Ermənistana humanitar və maliyyə yardımı göstərən cəmiyyətlər yaradılıb.Demək olar ki, dünyanın hər yerində erməni icmalarının fəaliyyətə başladıqları ilk gündən ortaq vəzifələri formalaşıb: dövlət orqanları ilə əməkdaşlığı genişləndirməklə regional diaspor təşkilatlarının gücləndirilməsi; ehtiyacı olan diaspor nümayəndələrinin təhsil almasına və sonradan işlə təmin olunmasına dəstək; diaspor nümayəndələrinin dövlətin ictimai-siyasi həyatına inteqrasiyasının təşkili. Beyinlərə təsir etmək və nüfuz qazanmaq baxımından fəaliyyət sahələrini düzgün seçmək də çox vacibdir. Məsələn, Rusiya Federasiyasında rusdilli ermənilərin təxminən yarısı (41%) elm, təhsil və mədəniyyət sahələrində çalışır. Onların arasında iri sənayeçilər, sahibkarlar, hökumətdə məsul vəzifə tutan nümayəndələr də var.Diasporun nəzarət edə bildiyi medianın mövcudluğu onun uğur faktoru hesab olunur. Rusiyada “Nuhun Gəmisi” qəzeti (çap tirajı 100.000-dən artıqdır) və saytı erməni diasporunun ən fəal informasiya mərkəzi kimi çıxış edir. Şəbəkəyə çıxışı olan Rusiya-Ermənistan xəbər agentliyi də geniş tanınır. Krasnodar vilayətində yerkramas.org saytı 23 ildir media bazarında yerini qoruyur. Bundan əlavə, ermənilərin yaşadığı müxtəlif bölgələrdə jurnal və qəzetlər dərc olunur.Diasporun nüfuzlu təməl institutu – Erməni Apostol Kilsəsi – başlıca vəzifəsini bu xalqın nümayəndələrinin yaşadıqları ölkələrdə öz milli kimliklərini qorumağa dəstək verməkdə görür.Ermənilərin ən qədim siyasi institutlarından "Ramkavar Azatakan", "Daşnaksutyun", "Hnçak" diasporda fəaliyyətlərini davam etdirirlər. “Hunçak” partiyası ilə əlaqəli strukturlar, məsələn, Avropadakı Erməni Şurasının Fransa Bürosu 2011-ci ildə "erməni soyqırımının inkar edilməsini görə məsuliyyət” nəzərdə tutan qanunun qəbul olunması üçün çox iş görüb. “Daşnaksütyun” partiyası Livanda güclü mövqeyə malikdir, həmçinin Vaşinqtonda türk və Azərbaycan lobbilərinə qarşı mübarizə aparan Amerikanın Erməni Milli Komitəsi (ANCA) ilə sıx əlaqədədir. Eyni dərəcədə əhəmiyyətli, “Ramkavar Azatakan” partiyası ilə bağlı digər bir qurum isə ABŞ və Fransada fəaliyyət göstərən Ermənistan Ümumi Xeyriyyə İttifaqıdır (AGBU). Bu iki ölkədə erməni biznesi nəinki kilsələri, məktəbləri, mədəniyyət mərkəzlərini maliyyələşdirir, eyni zamanda Ermənistan səfirliyinin və Qarabağ ermənilərinin nümayəndəliklərinin fəaliyyətinə də pul ayırır.Ancaq erməni diasporunun da zəif tərəfləri var...(Ardı var)Rauf Orucov