Logo
news content
User
Kateqoriyalar

Analitika

Diaspora yenidən ortalıqda: Ermənistanla sülhə mane ola bilərlərmi?
Paşinyan barışığa gedir, rəqibləri Qarabağ məsələsini gündəmə qaytarır

“Ay Data” Mərkəzi Şurası (ANC–International) 2026-cı il noyabrın 17-də “Qarabağ münaqişəsi üç il sonra da həll olunmamış qalır” (UNRESOLVED: The Conflict Over Artsakh) adlı proqram sənədinin yenilənmiş versiyasını dərc edib. Sənəd 2025-ci il martın 19-da yayımlanmış əvvəlki variantın yenidən işlənmiş formasıdır. Təşkilat bu sənəddə ərazi üzərində nəzarətin güc yolu ilə dəyişdirilməsinin yerli əhalinin hüquqları məsələsini həll etmədiyi barədə mövqeyini ortaya qoyur.

Sənədin müəllifləri bildirirlər ki, Ermənistan hakimiyyətinin 2022–2023-cü illərdə Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması, eləcə də 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanmış saziş ermənilərin geri qayıtmaq hüququ, təhlükəsizliyi, mülkiyyəti və saxlanılan şəxslərin azad edilməsi ilə bağlı müddəaları əhatə etmir. Qeyd olunur ki, yekun sülh müqaviləsi Bakının irəli sürdüyü ilkin şərtlər, o cümlədən Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbi səbəbindən hələ də imzalanmayıb.

Sənəddə vurğulanır ki, ATƏT-in Minsk prosesinin 2025-ci il noyabrın 30-da rəsmən başa çatmasından sonra Qarabağ ermənilərinin hüquqları ilə məşğul olan beynəlxalq mandatlı heç bir platforma qalmayıb.

Təşkilat Ermənistan hökumətini ermənilərin Qarabağa qayıdışı məsələsini gündəmdən çıxarmaqda, Qarabağ hərəkatının başa çatdığını qəbul etməkdə və mühacirətdə fəaliyyət göstərən Qarabağın təmsilçi qurumlarına təzyiq göstərməkdə ittiham edir.

Hesabatda iddia olunur ki, 2020-ci ildən bəri təxminən 150 min nəfər bölgəni tərk edib. Sənəddə həmçinin Bakıda 20 erməni məhbusun, o cümlədən səkkiz keçmiş rəhbər şəxsin saxlanıldığı və 2026-cı ildə BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına zidd olaraq bir sıra dini abidələrin və xatirə obyektlərinin dağıdıldığı iddia edilir.

Aysor.am-ın məlumatına görə, sənəddə Azərbaycan, beynəlxalq qurumlar və Ermənistan hakimiyyətinə ünvanlanmış 13 tələb yer alıb. Bunlara saxlanılan şəxslərin azad edilməsi, Qarabağ ermənilərinin təhlükəsiz qayıdışına və mülkiyyətlərinin qorunmasına beynəlxalq təminatların verilməsi, BMT və ya ATƏT-in himayəsi altında yeni danışıqlar formatının yaradılması, mədəni irsin qorunması üçün UNESCO missiyasının göndərilməsi, eləcə də Bakının ilkin şərtlər irəli sürməsinə son qoyulması və İrəvanın köçkünlərə dəstək göstərməsi daxildir.

Rəsmi Bakı isə öz növbəsində 2023-cü il hadisələrindən və Azərbaycanın suverenliyinin bərpasından sonra münaqişənin tamamilə həll olunduğunu hesab edir.

Bəs “Ay Data” nəyə nail olmağa çalışır? Təşkilatın bu növbəti bəyanatı hansı məqsədə xidmət edir? Onun hansı təsiri ola bilər? Bu cür addımlar Ermənistanla Azərbaycanın tam sülh sazişi imzalamaq istiqamətində irəliləməsinə mane olmurmu?

Bu məsələlərlə bağlı Pressklub.az-a danışan müstəqil siyasi ekspert Nəsimi Məmmədlinin müşahidələrinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın yeni Konstitusiya mətninin yaxın vaxtlarda dərc olunacağını açıqlamasından sonra ölkədə siyasi fəallıq yenidən artmağa başlayıb.

“Həm ölkə daxilində, həm də xaricdə fəaliyyət göstərən müxalif siyasi və ictimai təşkilatlar referendum ərəfəsində yaranmış vəziyyətdən Paşinyan hökumətini zəiflətmək üçün istifadə etməyə çalışırlar.

Paşinyan hökuməti son parlament seçkilərində Azərbaycan və Türkiyə ilə sülh və əməkdaşlıq, eləcə də Avropa İttifaqına daha sıx inteqrasiya kursunu açıq şəkildə bəyan edərək qələbə qazanıb. Bununla belə, Azərbaycan və Türkiyə ilə sülh gündəliyinə qarşı çıxan, Rusiya ilə ənənəvi əlaqələrin dərinləşdirilməsini müdafiə edən müxalif siyasi qüvvələrin də cəmiyyətdə müəyyən dəstəyi var.

Paşinyanın rəhbərlik etdiyi partiya seçicilərin təxminən 30 faizinin səsini toplayıb, müxalifət düşərgəsi isə ümumilikdə 28 faizə yaxın səs qazanıb. Seçicilərin təxminən 42 faizinin səsvermədə iştirak etməməsi cəmiyyətdəki siyasi mənzərənin birmənalı olmadığını göstərir.

Hazırda parlament seçkilərinin nəticələrinin mümkün referendumda nə dərəcədə təkrarlanacağını və ya dəyişəcəyini söyləmək çətindir”, – analitik qeyd edib.

Onun fikrincə, müxalifət də mövcud siyasi reallığı nəzərə alaraq referendum ərəfəsində hökumətə qarşı müxtəlif siyasi vasitələrdən istifadə etməyə çalışacaq.

“İstisna deyil ki, sülh gündəliyinə qarşı çıxan daxili siyasi qüvvələr, eləcə də Moskva və Tehran Ermənistanda yaranmış vəziyyətdən öz maraqları naminə istifadə etməyə çalışacaqlar. Bununla əlaqədar əsas risklərdən biri daxili siyasi qarşıdurmanın Ermənistanla Azərbaycan arasında formalaşmaqda olan sülh gündəliyinə mənfi təsir göstərə bilməsidir.

Azərbaycan və Ermənistan hökumətləri arasında qarşılıqlı dialoq mövcuddur və sülh prosesinin davam etdirilməsi üçün müəyyən etimad mühiti yaranıb. Tərəflər Vaşinqtonda paraflanmış sülh sazişindən irəli gələn öhdəliklərə sadiqliklərini dəfələrlə nümayiş etdiriblər. Bundan əlavə, Azərbaycan ərazisindən Ermənistana mal və məhsulların daşınması davam edir.

Bütün bunlar iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində praktik addımlar atıldığını göstərir. Bu prosesin davamlılığı yalnız hökumətlərin siyasi iradəsindən deyil, həm də hər iki cəmiyyətdə sülhə qarşı çıxan qüvvələrin təsirinin nə dərəcədə effektiv şəkildə tənzimlənməsindən asılı olacaq”, – Məmmədli hesab edir.

Rauf Orucov