Logo
news content
User
Kateqoriyalar

Analitika

Dializ xəstələri şikayət edir

Gəncə şəhəri, Abbas Səhhət adına 1 saylı Xəstəxananın hemodializ şöbəsinin pasientlərindən biri - Hidayət Çobanov ünvanımıza şikayət ünvanlayıb.

H.Çobanov şikayətində qeyd edib ki, 2013-cü ildən sözügedən xəstəxanada müalicə alır:

“2018-ci ilə qədər vəziyyət belə deyildi, dərmanlarımızın hamısı vaxtlı-vaxtında gəlirdi. 2018-ci ildən sonra “Essensiale” və “Riboksin” adlı dərmanları seansdan çıxardılar və xəstələrə vermirlər. “Venafel” adlı preparatı ayda 3 dəfə verirdilər, indi isə bircə dəfə verirlər. “Kartan” əvəzinə, ayda beş dənə olmaqla, ucuz “Karnitin” verirdilər, indi onu da ayda bir dəfə verirlər. Demək olar ki, bütün dərmanları yarıbayarı azaldıblar və bu da xəstəliyin ağırlaşmasına səbəb olur”.

Şikayətçi məsələ ilə bağlı Səhiyyə Nazirliyinə də müraciət etdiyini söyləyir:

“Amma problemimizin həll olunması üçün köməklik edən yoxdur. Səhiyyə Nazirliyindən bildirdilər ki, hökumətin ayırdığı vəsaitlə əvvəlki kimi dərmanları almaq olmur, dərmanlar dollarla xaricdən alınır. Adlarını çəkdiyim dərmanları öz pulumuzla almaq məcburiyyətindəyik. Bir dəfə ala bilirik, növbəti dəfə yox...”

Hidayət Çobanov xəstəxanada həkim çatışmazlığının da olduğunu deyir.

Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun rəsmisi məsələni araşdıraraq qısaca bildirdi ki, şikayətçinin adlarını çəkdiyi dərmanlar dövlət proqramından çıxarılıb. 2008-2017-ci illərə qədər həmin dərmanlar verilirdi, yeni proqram əsasında artıq bu dərmanlar dayandırılıb.

Ülviyyə Şahin