Logo
news content
User
Kateqoriyalar

Analitika

Dəyişən siyasət – İran prezidenti hansı oyunu oynayır?
Pezeşkian Nyu-Yorkda Moskvanı təcavüzkar adlandırmaqdan da çəkinməyib

İran prezidenti Məsud Pezeşkian okeanın o tayına uçaraq, Qərb liderləri ilə bir sıra görüşlərə başlayıb. Eyni zamanda, uzun müddət Moskvanın müttəfiqi hesab olunan ölkənin başçısı Rusiyanı “təcavüzkar” adlandırıb. O, İranın Ukraynaya qarşı müharibəni dəstəkləmədiyini və Rusiyanın hərəkətlərini heç vaxt bəyənmədiyini deyib.

Bəs Moskvanın ayətullahlarla münasibətləri konkret olaraq necədir? İranın yeni rəhbərinin apardığı siyasət İran və Rusiya arasında imzalanması gözlənilən strateji əməkdaşlıq haqqında sazişin pozulmasına gətirib çıxara bilərmi? 

Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının (UNGA) iclasında çıxış edən Pezeşkian ölkəsinin xarici siyasətində yeni səhifə açacağına söz verib.

İran prezidenti sentyabrın 25-də BMT Baş Assambleyasının sessiyası çərçivəsində fransalı həmkarı Emmanuel Makronla görüşüb və bu görüşü “müsbət” adlandırıb. Pezeşkianın digər həmsöhbəti Çin diplomatiyasının rəhbəri Vanq Yi olmalıdır. İran prezidenti onunla Tehranın vaxtilə BMT Təhlükəsizlik Şurasının üzv dövlətləri, o cümlədən ABŞ, Çin və Rusiya ilə bağladığı “nüvə sazişi”nin yenilənməsini müzakirə etməyi planlaşdırır. 

Beləliklə, İranın yeni prezidenti seçilməzdən əvvəl verdiyi vədləri yerinə yetirməyə başlayıb - İslam Respublikasına qarşı tətbiq edilən iqtisadi sanksiyaları yumşaltmaq üçün Qərblə münasibətləri yaxşılaşdırmağa çalışır.

Öz növbəsində Makron görüşdən sonra bildirib ki, Tehran öz nüfuzundan istifadə edərək Yaxın Şərqdəki gərginliyi azalda, xüsusən də “sabitliyi pozan subyektlərə” təsir edə bilər. Yelisey sarayının bu bəyanatını Livanın “Hizbullah” hərəkatına işarə kimi qiymətləndirmək olar. Fransa prezidenti həmçinin Tehranı Ukrayna münaqişəsində Rusiyanı dəstəkləməməyə və onu silahlarla təchiz etməyi dayandırmağa çağırıb.

Amma Makron İranın yeni prezidentinin Nyu-Yorkda söhbət etdiyi ilk Qərb lideri deyildi. Bundan əvvəl Pezeşkian Avropa Şurasının rəhbəri Şarl Mişellə görüşüb. Onun "Ukrayna münaqişəsində heç vaxt Moskvaya kömək etməyəcəyi" vədi isə sensasiyaya çevrilib.

İran rəhbəri Moskvanın ünvanına çox sərt ifadələr də işlədib: “Biz dialoq və müzakirə üçün avropalılar və amerikalılarla danışıqlar masasına oturmağa hazırıq. Biz heç vaxt Rusiyanın Ukrayna ərazisinə təcavüzünü bəyənməmişik”.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dərhal İran prezidentinin bəyanatına reaksiya verib. “Bu, İranın suveren mövqeyidir. Biz öz mövqeyimizi və Ukrayna ətrafındakı bu münaqişə ilə bağlı hər şeyi iranlı dostlarımıza izah etməyə davam edəcəyik”. O, Tehranla əlaqələrin müsbət istiqamətdə inkişaf etdiyini vurğulayaraq, belə dinamikanın davam edəcəyinə ümid etdiyini bildirib.

Pezeşkian Nyu-Yorkda olarkən İslam Respublikasının Rusiyaya uzaq mənzilli raketlər verməyə başladığı ilə bağlı şayiələri də rədd edib.

Hər iki ölkənin indiyədək belə əməkdaşlığı inkar etməsinə baxmayaraq, Pezeşkian sentyabrın 16-da Tehranda çıxışı zamanı ilk dəfə sələflərinin həqiqətən də Rusiyaya raketlər göndərdiyini istisna etməyib. “İran keçmişdə Rusiyaya raket göndərmiş ola bilər. Amma mən vəzifəyə başlayandan bəri belə bir fakt olmayıb”, - deyə yeni prezident bildirib.

İran lideri əlavə edib ki, o, ABŞ-la birbaşa danışıqlara hazırdır, lakin bunun üçün amerikalılar İranla düşmənçiliyi dayandırmalıdırlar. O, çıxışını “iranlılar və amerikalılar qardaşdır” kimi cəsarətli bəyanatla bitirib.

Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski  Pezeşkianın bəyanatına toxunaraq, İranın öz siyasi oyununu oynadığını və bəyanatların Qərb auditoriyası üçün nəzərdə tutulduğunu deyib: “Gələcəyə gəlincə, biz yaxından izləyəcəyik. Nəticə çıxarmaq hələ tezdir. Rusiya-İran münasibətləri sabit strateji tərəfdaşlıq xarakteri daşıyır. Və bu vektor saxlanılır”.

İran üzrə ekspert Karine Gevorqyanın fikrincə isə İranla Rusiya arasında strateji əməkdaşlıq haqqında sazişin imzalanması baş tutmayacaq. “Bununla yanaşı, prezident Pezeşkianın bəyanatları nəzərə alınsa belə, hər hansı dəqiq proqnoz vermək hələ tezdir. Pezeşkian dövlətinin suverenliyinin möhkəmləndirilməsində və İslam Respublikasının Yaxın və Orta Şərqdə müxtəlif ölkələrin maraqlarının təminatçısı ola biləcəyini nümayiş etdirməkdə maraqlıdır”, - ekspert bildirib.

Bəyanat makrosiyasi səviyyədə baş verən dəyişikliklər kontekstində, dünya hegemonunun düşərgəsində - ABŞ-da verilib. Bu gün İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qərbə münasibətdə “pis müstəntiq” kimi təqdim olunduğu bir vaxtda, Pezeşkianın vəzifəsi özünü Qərbə “yaxşı müstəntiq” kimi təqdim etməkdir”, - politoloq bildirib. Onun fikrincə, İranın yeni prezidentinin davranışının əsas səbəbi budur.

Pezeşkianın açıq-aşkar anti-Rusiya bəyanatlarının səbəbi nədir? Bu bəyanatların İranın ali dini rəhbəri ayətullah Xameneinin xəbəri olmadan verildiyini qəbul etmək çətindir. Bəs bu nə deməkdir? İran Moskva ilə münasibətləri kəsməyə hazırlaşır? Niyə? Nə məqsədlə? Bütün bunlar regionda, Cənubi Qafqazda vəziyyətə necə təsir edəcək?

Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze fikirlərini Pressklub.az-la bölüşüb.

"Mənə elə gəlir ki, burada hər şey olduqca sadədir", - deyir. - “İran Kamala Harrisin seçkidə qalib gələcəyinə ümid edir və yeni administrasiyaya harada güzəştə getməyə, nədə sövdələşməyə hazır olduğu və ya nədə geriyə addım atmayacağı ilə bağlı işarələr verir”.

Analitikin fikrincə, şübhəsiz ki, İran üçün Rusiya Federasiyası ilə münasibətlər sövdələşmə predmetidir. Lakin Tehran bu məsələdə maksimum gəlir əldə etmək istəyir. “Əsas məsələ nüvə sazişinin yenilənməsidir. Lakin təkcə bu deyil. Bütün bunlar həm dünyada, həm İran və həm də ABŞ daxilində ziddiyyətlər yaradacaq son dərəcə çətin işdir. Amma İran rəhbərliyi Böyük Oyunun qaydalarının sərtləşdirilməsi kontekstində resursların məhdud olduğunu yaxşı başa düşür. Ona görə də bu, geosiyasi cek-pot əldə etmək və mənfi tendensiyanı öz xeyrimizə dəyişməyə cəhd edir. Yeri gəlmişkən, İranın son hadisələrə reaksiyası da çox şeyi izah edir”, - Vasadze hesab edir.

Rauf Orucov