Logo
news content
User
Kateqoriyalar

Analitika

Dəyiş-düyüş oyunu...
Rusiyanın Qarabağdakı generalları dəyişməkdə məqsədi nədir?

Rusiyanın Qarabağdakı hərbi kontingentinin yeni komandanı postuna general-mayor Kirill Kulakov təyin olunub. Bu barədə Ermənistanın “Hraparak” qəzetinin teleqram kanalı məlumat yayıb.

Qeyd edək ki, Ermənistan mətbuatı hələ bir müddət əvvəl hərbi kontingentin rəhbərliyində dəyişiklik ediləcəyi ilə bağlı xəbər yaymışdı. Məlumatda, bu postu tutan general-polkovnik Aleksandr Lentsovun artıq Qarabağı tərk etdiyini qeyd edilirdi.

Xatırladaq ki, Lentsov bu il aprelin 25-də Rusiya sülhməramlı kontingentinin (RSK) Qarabağdakı komandiri təyin edilib.

Maraqlıdır, Moskva niyə gözlənilmədən RSK komandanlığında rotasiya qərarı verib? Axı Lentsov Qarabağdakı komandanlar üçün əvvəlcədən elan edilən 6 ay əvəzinə cəmi 4 ay öz vəzifəsində qaldı. Üstəlik, o, çox kritik bir məqamda - Azərbaycan Laçın yolunun girişində sərhəd-keçid məntəqəsi qurandan iki gün sonra təyin edilib. Ermənilər isə ümid edirdilər ki, Lentsov hansısa yolla Bakını geri çəkilməyə məcbur edəcək, postu yığışdıracaq və s. Amma bacarmadı.

O həm də dramatik bir məqamda - Bakının qətiyyətli addımları səbəbindən Qarabağın separatçı elitaları daxilində çəkişmələrin, hay-küyün, hakimiyyət uğrunda mübarizənin və təlatümlərin başladığı bir vaxtda vəzifəsindən geri çağırılıb. Bəs bir generalın digərinə, Lentsovun Kulakova dəyişməsi Moskvaya nə verəcək? Bu, RSK-nın müvəqqəti məsuliyyət zonasındakı vəziyyətə necə təsir edə bilər?

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Press Kluba açıqlamasında bildirib ki, Qarabağda hər şey Moskvanın iştirakı ilə baş verir.

Onun sözlərinə görə, Rusiya hərbi kontingentinin komandirinin şəxsiyyəti heç nəyi dəyişmir və proseslərə təsir göstərmir. “Onların hamısı Kremlə tabedir. Azərbaycan tərəfi Moskvaya məlumat vermədən, razılaşmadan heç nə etmir. Azərbaycan tərəfi sülhməramlı kontingenti tənqid etmir və bu kontingentin çıxarılması gündəmdə deyil. Bu həyata keçirilməyənə qədər Qarabağda baş verən hər şey stəkanda fırtına deməkdir”, - institut rəhbəri bildirib.

Onun fikrincə, hər şey iki məsələdən asılıdır. "Birincisi, Paşinyan hakimiyyətini saxlaya biləcəkmi və ikincisi, Rusiya Ukrayna müharibəsində qalib gələ bilərmi? Yuxarıda göstərilənlərdən ən azı birinin dəyişməsi Rusiyanın mövqeyinin dəyişməsinə gətirib çıxaracaq. Yəni Moskva 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın bəndlərinə istinad edərək, dərhal Laçın dəhlizinin açılmasını tələb edəcək”, - deyə Qasımlı bildirib. 

Konfliktoloq, beynəlxalq münasibətlər üzrə elmlər doktoru, Gürcüstan Texniki Universitetinin professoru Amiran Xevtsuriani isə öz növbəsində qeyd edib ki, RSK-dakı kadr dəyişiklikləri heç nəyi dəyişmir.

“Hraparak” nəşrinə etibar etmirəm. Çünki mənim (və tək mənim yox) müşahidəmə görə, sözügedən nəşr Rusiyanın informasiya-təbliğat fabrikinin bölgəmizdəki filialıdır”, - gürcü alimi qeyd edib.

“Belə bir kadr dəyişikliyi həyata keçirilirsə, mən bunda xüsusi bir şey görmürəm. Çünki bunun həm sülhməramlıların fəaliyyəti, həm də regionda vəziyyətin normallaşdırılması baxımından hər hansı sistem dəyişikliyinə səbəb olacağı şübhəlidir. Hamımız (qeyd olunan münaqişənin həllində maraqlı olan şəxslər) Rusiya sülhməramlılarının münaqişə zonasında əslində nə işlə məşğul olduqlarını çox gözəl bilirik. Onların gündəlik fəaliyyəti korrupsiya, qəsb, adam oğurluğu və digər cinayət əməlləri ilə bağlıdır. Prinsipcə, onların dəst-xətti bir vaxtlar Gürcüstanda necə idisə, bu gün də qorunub saxlanılır. Mən dəfələrlə demişəm və bir daha təkrar edirəm ki, Rusiyanın bu münaqişə ilə (regiondakı istənilən digər münaqişədə olduğu kimi) istənilən formada təması münaqişənin əbədi qalacağının zəmanətidir. Rusiya bu münaqişənin həllində maraqlı deyil və heç vaxt da maraqlı olmayıb, çünki bu münaqişənin mövcudluğu tamamilə onun maraqlarına cavab verir. Ümid edirəm ki, gec-tez tərəflər bu reallığı aydın başa düşəcək və yeganə düzgün qərarı verəcəklər”, - deyə konfliktoloq yekunlaşdırıb.

Rauf Orucov