Logo
news content
User
Kateqoriyalar

Analitika

Devalvasiya qorxusu: Manatın taleyi necə olacaq?

Müəllif: Ülviyyə Şahin

Dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi Azərbaycanda narahatlığı artırıb. Manatın və bütövlükdə ölkə iqtisadiyyatının taleyi indi əsas müzakirə mövzusudur. Artıq əhali arasında ajiotaj yaranıb və banklarda manatı dollara dəyişmək istəyənlərin sayı xeyli artıb. Cəmiyyətdə devalvasiya qorxusu var.

Yaranmış vəziyyətlə bağlı ekspertlərin rəyini öyrəndik.

İqtisadçı Rövşən Ağayev bildirdi ki, manatın taleyi neftin ucuz qiymətinin nə qədər davam edəcəyindən asılı olacaq:

“Azərbaycan Rusiya və Qazaxıstan kimi ən azından idarəolunan üzən məzənnəyə keçmiş olsaydı, biz neft bazarındakı mövcud vəziyyətin təsirlərini indi hiss etmişdik. Amma Azərbaycanda fiksasiya olunmuş məzənnə rejimi var. Yəni hökumət özü birbaşa manatın məzənnəsini müəyyənləşdirir. Ona görə də belə situasiyada proses hökumətin yanaşmasından, qərarından asılı olur. Hökumət prosesi izləyir və qərar verir ki, əgər məzənnəni dəyişməsəm, nə qədər valyuta ehtiyatı itirə bilərəm. İstənilən halda ölkəyə valyuta axını azalanda hökumət hansısa həcmdə valyuta itirir. Amma məzənnə aşağı olanda daha çox itkiyə məruz qalır. Məsələn, əgər hökumət 2015-ci ildə məzənnəni dəyişməsəydi, qısa müddətdə ölkənin bütün valyuta ehtiyatları xərclənəcəkdi. Hökumət məzənnəni (0,78) iki dəfə artırsa belə, 15 milyard pul xərclədi. Yəni daha aşağı məzənnə ilə ölkənin valyuta ehtiyatları xərclənib, qurtara bilərdi. Bu baxımdan manatın taleyinin necə olacağı məsələsi hökumətin davranışından və verəcəyi qərarlardan, hesablamalardan asılıdır ki, əgər indiki məzənnəni saxlasaq, ölkə nə qədər valyuta ehtiyatı itirə bilər.”

R.Ağayev qeyd etdi ki, neftin indiki qiyməti bir müddət belə qalarsa, devalvasiya qaçılmaz olacaq: “Bu, başqa situasiyadır, amma neft 40 dollardan yuxarı qalxacaqsa, o səviyyədə qalmaq ehtimalı aratcaqsa, tamam fərqli situasiya olacaq.”

Neftin ucuzlaşmasının bütövlükdə ölkə iqtisadiyyatına təsirlərinə gəlincə, iqtisadçı əlavə etdi ki, bunu elə manatın ucuzlaşmasında görə bilərik: “Ən ciddi təsiri bu sahədə olacaq. Çünki bizim tədiyyə balansının qeyri-neft kəsiri həddindən artıq böyükdür. Neftin qiyməti 45 dollardan aşağı olanda tədiyyə balansı mənfiyə düşür və bu o deməkdir ki, sən tədiyyə balansındakı kəsiri yalnız ehtiyatların hesabına, ya da xarcidən borc almaq hesabına qapada bilirsən. Ən birinci mənfi təsiri budur. Sonrakı təsirlər hamısı bundan qaynaqlanacaq.  Çünki manat qiymətdən düşəcəksə, bu artıq insanların biznesinin, ev təsərrüfatlarının sərvətlərinin də qiymətdən düşməsi demək olacaq. Biz idxaldan asılı ölkəyik. Adicə ərzaq məhsullarından tutmuş, texnoloji vasitələrə qədər, hamısını xaricdən alırıq. O məhsulların qiyməti bahalaşacaq və hökumətin sosial paket dediyi tədbirlər əhəmiyyətini itirəcək.”

REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli də devalvasiya ehtimalının olduğunu bildirdi:

“Əgər neftin qiyməti 35-45 koridorunda uzun müddət qalacaqsa, hökumət və Mərkəzi Bank 10-15%-lik devalvasiyaya getmək məcburiyyətində qalacaq. Kəskin devalvasiyanın olacağını gözləmirəm. Hər halda, Azərbaycanda alıcılıq qabiliyyəti də buna imkan vermir. Amma 15%-ə yaxın devalvasiyanın olma ehtimalı yüksəkdir.  Düşünmürəm ki, bu gün-sabah bu baş verəcək.  Çox güman ki, Mərkəzi Bank və hökumət bazarları izləmək qərarına gəlib və qiymətlərin hansı səviyyədə qalacağına baxıb, sonra qərar verəcəklər. Aşağı neft qiymətləri bir neçə ay davam edərsə, devalvasiyanın baş verməsi mümkündür.”

N.Cəfərlinin sözlərinə görə, Azərbaycanda ÜDM-in həcminin aşağı düşməsini də müşahidə edəcəyik: “Neftin ucuzlaşmasının psixoloji təsirləri də var. Ona görə də bu gün banklarda dollarla bağlı ciddi ajiotaj yaşanır.”