Detallar açıqlandı: Ermənistana az pay verdilər
Həm suverenlik, həm də Naxçıvana maneəsiz yol...
14 Yanvar 2026
Vaşinqtonda Rubio-Mirzoyan görüşünün Dünən ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edərkən bildirib ki, TRIPP layihəsi bir ölkənin öz suverenliyi və ərazi bütövlüyünü heç bir şəkildə şübhə altına almadan iqtisadi imkanlara açılmasının dünya üçün modelinə çevrilə bilər.
Jurnalistlər qarşısında verdiyi qısa açıqlamada Marko Rubio “Tramp yolu” çərçivəsində “əhəmiyyətli addımların” atılmasının davam etdiriləcəyini də vurğulayıb.
“Bizim fikrimizcə, bu razılaşma möhtəşəm bir nümunədir. O, Ermənistanı biznes və iqtisadi rifah imkanları üçün açır və bunu elə edir ki, Ermənistanın suverenliyinə heç bir şəkildə zərər dəymir. Burada suverenlik problemi yoxdur, ona hörmət edilir. Bu, eyni zamanda, ikitərəfli münasibətlərimizi davam etdirmək üçün bir yoldur. Bu münasibətlər artıq çox möhkəmdir və bu razılaşmalar, eləcə də TRIPP layihəsindən kənar təşəbbüslər sayəsində daha da güclənir”, – deyə ABŞ dövlət katibi bildirib.
Marko Rubio jurnalistlərin suallarını cavablandırmayıb. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə mətbuat qarşısında hər hansı açıqlama verməyib.
Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi məlumatına görə, görüş zamanı Mirzoyan və Rubio Ermənistan–ABŞ strateji tərəfdaşlığının inkişafı, əldə olunmuş razılaşmaların icrasında müşahidə olunan aktiv dinamika, birgə təşəbbüslər və gələcək perspektivləri məmnunluqla vurğulayıblar.
Tərəflər, həmçinin, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Sammiti zamanı əldə olunan razılaşmaların icra vəziyyətini müzakirə ediblər. Görüşdə sülhün daha da institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyi xüsusi qeyd olunub və bu istiqamətdə atılan addımlara toxunulub.
Eyni zamanda Ermənistanın xarici işlər naziri və ABŞ dövlət katibi “Beynəlxalq sülh və rifah naminə Trampın yolu” (TRIPP) proqramı çərçivəsində Ermənistan–ABŞ icra mexanizminə dair birgə bəyanatı təsdiqləyiblər.
TRIPP layihəsinin icrasına dair çərçivə sənədi dərc edildikdən sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransı keçirərək, sənəddə əksini tapan əsas müddəalara aydınlıq gətirib.
Nazir TRIPP Development Company-də Ermənistanın payının ilkin mərhələdə niyə 26 faiz təşkil etdiyini izah edib. Onun sözlərinə görə, pay bölgüsü tərəflərin yatırdığı investisiyaların həcmi ilə bağlıdır. ABŞ layihə çərçivəsində əhəmiyyətli maliyyə və siyasi investisiyalar həyata keçirməyi planlaşdırır, Ermənistan isə əsasən tikinti və istifadə hüququ təqdim edir.
Mirzoyan bildirib ki, söhbət qarşıdakı 49 ili əhatə edən dövrdən gedir və zamanla investisiyaların geri qayıtması fonunda pay bölgüsü dəyişəcək, demək olar ki, bərabərləşəcək.
Eyni zamanda, Ermənistan XİN rəhbəri vurğulayıb ki, şirkətdə ABŞ tərəfi nəzarət paketinə malik olsa da, elə prinsipial məsələlər olacaq ki, pay bölgüsündən asılı olmayaraq Ermənistanın razılığı olmadan heç bir qərar qəbul edilməyəcək.
“Front-ofis–back-ofis” mexanizminə toxunan Mirzoyan qeyd edib ki, bu, beynəlxalq praktikada geniş tətbiq olunan modeldir və “vahid pəncərə” prinsipi əsasında xidmətlərin göstərilməsini nəzərdə tutur. Bu zaman sərhədi keçən şəxs bütün prosedurla birbaşa təmasda olmur, məlumatların emalı isə arxa planda həyata keçirilir.
Nazir, həmçinin bildirib ki, TRIPP-in icrasına dair çərçivə sənədində razılaşdırılan, lakin açıqlanmayan heç bir maddənin olmadığını xüsusi vurğulayıb. “Razılaşdırılan yalnız kağıza köçürülən və ictimaiyyətə açıqlanan məqamlar olub”, – deyə Mirzoyan bildirib.
Rusiya tərəfinin TRIPP layihəsində iştirakı məsələsinə münasibət bildirən Mirzoyan deyib ki, bu istiqamətdə hər hansı müzakirə aparılmır. Bununla belə, o vurğulayıb ki, region üçün faydalı olan genişmiqyaslı nəqliyyat-kommunikasiya açılımı heç bir qonşunu, o cümlədən Rusiyanı kənarda qoymaq məqsədi daşımır.
Mirzoyanın sözlərinə görə, proses daha geniş regional kontekstdə qiymətləndirilməlidir. Bu çərçivədə o, Türkiyə ilə aparılan müzakirələrin mövcud olduğunu və bu danışıqların kifayət qədər konstruktiv getdiyini bildirib.
“Düşünürəm ki, yaxın vaxtlarda bu istiqamətdə konkret və hiss olunan irəliləyişlər olacaq”, – deyə Ermənistanın xarici işlər naziri qeyd edib.
Politoloq Fərhad Məmmədovun fikrincə, Ermənistanın xarici işlər naziri ilə ABŞ dövlət katibinin qəbul etdiyi TRIPP-in icra çərçivə proqramı hüquqi baxımdan öhdəlik yaradan sənəd deyil və daha çox siyasi mesaj xarakteri daşıyır.
Ekspert xatırladır ki, sənədin preambulasında açıq şəkildə qeyd olunur: bu çərçivə proqramı nə ABŞ, nə də Ermənistan üçün hüquqi öhdəlik nəzərdə tutmur. Bu isə TRIPP layihəsinin konkret icra mexanizmlərindən daha çox, onun mümkün konturları və danışıqların istiqaməti barədə mesaj verdiyini göstərir.
Fərhad Məmmədov bildirir ki, sənəddə artıq razılaşdırılmış məqamlarla yanaşı, ciddi suallar doğuran müddəalar da yer alır. Əsas sual isə dəyişməz qalır: Ermənistanın suverenliyinin tanınması şərti ilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz tranzit hansı formada təmin olunacaq?
Politoloqun sözlərinə görə, sənədin ilk bölməsində TRIPP proqramının Ermənistan ərazisində “suverenliyə, ərazi bütövlüyünə və yurisdiksiyaya hörmət əsasında maneəsiz multimodal tranzit” təmin etməyi hədəflədiyi qeyd olunur. Lakin bu iki anlayışın – maneəsizlik və tam suveren nəzarətin necə uzlaşdırılacağı açıq qalmış əsas məsələdir.
“Uğura sadiqlik” bölməsində Azərbaycanla Naxçıvan arasında hər iki istiqamətdə şəxslər, nəqliyyat vasitələri və yüklər üçün fərqləndirilmiş prosedurların yaradılmasının nəzərdə tutulduğu vurğulanır. Bununla belə, bu prosedurların tam şəkildə Ermənistan qanunvericiliyi, normativ aktları və beynəlxalq sazişlər əsasında həyata keçiriləcəyi açıq şəkildə göstərilir.
Fərhad Məmmədov diqqətə çatdırır ki, sənəddə Ermənistanın layihə ərazisi üzərində suverenliyinə dəfələrlə istinad olunur. Buraya məhkəmə yurisdiksiyası, hüquq-mühafizə funksiyaları, sərhədçilərin və gömrük əməkdaşlarının fiziki iştirakı, eləcə də gömrük və sərhəd nəzarətinin tam şəkildə Ermənistan dövlət qurumları tərəfindən icrası daxildir.
Ekspertin sözlərinə görə, sənəd TRIPP Development Company adlı amerikan–erməni birgə şirkətinin yaradılmasını nəzərdə tutur. İlk 49 il ərzində şirkətin səhmlərinin 74 faizi ABŞ-a, 26 faizi Ermənistana məxsus olacaq. Sonrakı 50 ildə Ermənistanın payı 49 faizə yüksəlsə də, nəzarət paketi ABŞ-da qalacaq və şirkət amerikalı–erməni statusunu saxlayacaq.
Şirkət layihənin tikintisi və idarə olunmasına cavabdeh olacaq. Maraqlı məqamlardan biri isə odur ki, təhlükəsizlik sisteminin təmin edilməsi Ermənistan qanunvericiliyinə uyğun şəkildə həyata keçiriləcək.
Fərhad Məmmədov hesab edir ki, sənədin maneəsiz tranzit baxımından ən vacib hissəsi front-ofis və back-ofis mexanizmidir. Front-ofisdə TRIPP Development Company fəaliyyət göstərəcək, back-ofisdə isə Ermənistanın dövlət strukturları işləyəcək. Proses maksimum rəqəmsallaşdırılacaq, məlumat mübadiləsi elektron sistemlər vasitəsilə aparılacaq.
Lakin back-ofisin səlahiyyətləri ciddi suallar yaradır. Sənədə əsasən, Ermənistanın gömrük və sərhəd xidmətləri aşağıdakı bütün suveren funksiyaları icra edəcək:
yekun gömrük qərarları və icazələr
təhlükəsizlik yoxlaması və nəzarət
immiqrasiya nəzarəti
hüquq-mühafizə tədbirləri
icazə və avtorizasiyalar
yoxlama və baxış prosedurları.
Eyni zamanda sənəddə açıq şəkildə qeyd olunur ki, front-ofis operatorları yalnız təminedici funksiyanı yerinə yetirir, qərar qəbul etmir və suveren funksiyaların autsorsinqi istisna olunur.
Politoloq Fərhad Məmmədovun qənaətinə görə, sənəd ümumi mənzərədə belə bir təsəvvür yaradır ki, Ermənistan öz suveren qərarı ilə Azərbaycan üçün ərazisindən maneəsiz tranzitə razılıq verir, bu prosesə isə amerikan–erməni şirkəti nəzarət mexanizmi kimi cəlb olunur.
Bununla belə, ekspert vurğulayır ki, maneəsiz tranzitin konkret mexanizmləri hələ tam detallandırılmayıb. Ən vacib sual isə bundan sonra yaranır: Azərbaycan bu sənədə necə reaksiya verəcək və Bakı bu məsələ ilə bağlı danışıqları hansı tərəflə – Ermənistan dövləti ilə, yoxsa TRIPP şirkəti ilə aparacaq?
“Bu sualların cavabını yaxın gələcəkdə görəcəyik”, – deyə Fərhad Məmmədov qeyd edir.
Turqut