Logo
news content
User
Kateqoriyalar

Analitika

Dəryada balığa həsrət qalan kənd
“Ermənilər gözümüzün qabağında bütün günü qayıqla tor atırlar”

“Sərhəd kəndlərimizin həyatı” silsiləsindən dördüncü reportaj

“Bu gün iş var işləyirik, amma 1 ay sonra  iş qurtaranda gərək dilənək. İmkan da vermirlər göldən 3-5 manat çörəkpulumuzu qazanaq" .

Qazax rayonunun Məzəm kəndi Azərbaycanda erməni postuna ən yaxın yerləşən yaşayış məntəqəsidir. Kənd onların səngərindən sadəcə 100-150 metrlik məsafədə yerləşir. İşğal altında olan Xeyrimlidəki erməni mövqeyi ilə Məzəmi Coğazçay su anbarının bir qolu ayırır. Uzun illər atəş altda yaşayan kəndin əhalisi zamanla azalıb. Hazırda burada 60-dan artıq evdən 35-də daimi yaşayış var. Sakinlərin sözlərinə görə, köçənlərin əksəriyyəti qorxu altında yaşamaqdan bezib gediblər. Sonrakı köçlər isə əsasən güzəranla əlaqədar olub. 

Hazırda Məzəm camaatı gündəlik ərzaq tələbatını ödəmək üçün inək saxlayır, toyuq-cücə  bəsləyir, arıçılıqla məşğul olur. Ancaq evində pensiya alan, hər hansı aylıq gəliri olmayanlar üçün dolanmaq çətindir. 

Təqaüddə olan polis işçisi Bəhruz Süleymanov şəhid qardaşıdır. Hələ Milli Ordu yaranmamışdan o, sərhədin ilk keşikçilərindən olub. Bəhruz kəndin çox ağır günlər gördüyünü, hazırda isə vəziyyətin dəyişdiyini bildirir:  

“Bu kənd çox çətin günlərdən keçib. Daim atəş altında olub. Neçə dəfə qaçqın həyatı yaşayıb. Aynaların qabağına beton dirəklər düzüb yaşamışıq ki, güllə evə keçməsin. Bir kənd ki, erməni postuyla 100-200 metr məsafədə yaşaya, necə olmalıdı?! Gölün o üzü, təpənin başı ermənidi. İndi hündürdən danışsaq, səsi orda eşidilər. Ordan bizim kəndin evlərinin içinə kimi görünür. Azərbaycanda ikinci bir belə yaşayış yeri yoxdu. Çox ziyanlıq veriblər kəndimizə. Heyvanımızı vurublar, özümüzə güllə atıblar. Anama güllə atəşkəs vaxtı öz bağımızdaca dəydi. Allah var eləsin ordumuzu, indi ermənilərin heç cıqqırları da çıxmır. Xeyli vaxtı güllə atmırlar. Çox sakitləşiblər”. 

Bəhruz Süleymanovun anası Tamella Süleymanova da kəndin ağır çağlarını yada salır. Bir oğlu 1992-ci ildə şəhid olandan sonra ana müharibənin ən qızğın vaxtında belə kəndi tərk etməyib. 2005-ci ildə həyətyanı sahədə işlədiyi yerdə özü gülləyə tuş gəlib. Həmin günü o, belə xatırlayır:

“Bağa işləməyə çıxdım. Yenə atışma gedirdi, ancaq elə öyrəşmişdik ki, güllə səslərinə əhəmiyyət vermirdik. Deyirdik, bizə dəyməz. Təzəcə işə başlamışdım ki, ayağımın yandığını hiss etdim. Əyilib baxanda, güllələr başımın üstündən keçdi. Evdə heç kim yox idi. Qonşunu çağırdım ki, “Ay Vilayət, ayağıma güllə dəyib, amma gəlmə. Qoy atışma dayansın, sonra”. Qonşunun köməyi ilə evə gəldim. Atışma kəsənə qədər qoymadım heç kimə xəbərə qaçmağa ki, belə bir hadisə olub”.

Tamella Süleymanova 2016-cı ildən sonra kənddə bütün evlərin qarşısına divar çəkildiyini, daha ermənilərin kəndi asanlıqla hədəfə ala bilmədiklərini deyir.

Məzəm camaatı Qazaxda zəhmətkeşliyi ilə ad çıxarıb. Bütün dağətəyi kəndlər kimi, burada da əhali əsasən maldarlıqla məşğuldur. Başqaları ilə müqayisədə örüş yerləri az olsa da, var. Müharibədən sonra Coğaz çayının sol sahilindəki “Şaftalı bağları” adlanan sahə də məzəmlilərin ixtiyarına keçib. Əvvəl burada otlayan heyvanları qarşı tərəfdən atəşə tuturdular, indi camaat sahədən rahat istifadə edir. Ərazi dəmyə əkinçiliyi üçün əlverişlidir. Amma sənədləri yoxdu deyə, kənd sakinləri bu yerdə əkin üçün subsidiya ala bilmirlər. 

Məzəmin ibtidai məktəbi, tibb məntəqəsi açıqdır. Bu günlərdə isə 30 ildi qapıları bağlanmış uşaq bağçasını təmir edib, təzədən işə salıblar. Məktəbin direktoru Cəbrayıl Osmanov ibtidai sinifləri bitirən şagirdlərin qonşu Alpoud məktəbinə getdiklərini, ancaq yaman əziyyət çəkdiklərini söyləyir:

“Müharibə başlayandan sonra camaat da kənddən köçməyə başladı. Elə indinin özündə də gənclərdən köçənlər çoxdur, kənddə uşaq azalır. Hazırda 4 sinifdə cəmi 9 uşaq oxuyur. Onlar da ibtidaini bitirəndən sonra Alpoud məktəbinə gedirlər. Di gəl, zülm çəkirlər. Səhər 8-də kənddən marşrut çıxır, ona minib gedirlər. Amma qayıdanda yollarda qalırlar. Həmin saatlarda maşın olmur qayıtmağa. Heç olmasa, marşrutun vaxtı dəyişdirilsə, onlar da dərslərini oxuyub, rahat qayıdardılar”.

Məzəmlilərin başqa bir həyat çətinliyi əksər sərhəd kəndlərində problemə çevrilmiş suvarma məsələsi ilə bağlıdır. İş ondadır ki, Məzəmdə su var, amma suvara bilmirlər. Kənd Coğaz su anbarının sahilindədir. Bir müddət bu anbardan kəndə suyu güclü nasoslarla vurublar. Ancaq bu nasoslar birbaşa transformatordan cərəyan götürdüyünə, sayğacsız işlədiyinə görə onları şəbəkədən ayırıblar. Son nəticədə söhbət yenə pula dirənib: adamlara deyiblər ki, kim su götürmək istəyirsə, şəxsi büdcəsindən “üç-faza” sayğac almalıdır və həmin sayğacla nasosları işlətməlidir. Bu da cəbhə kəndinin sakinlərinin “şəxsi büdcə”sinə heç cür uyğun gəlmir, camaat göldən yalnız kiçik nasoslarla əl-ayaqda işlətməyə su götürə bilir. O da həyətyanı sahələri suvarmaq üçün kifayət etmir.

Kəndin ən yaralı yeri elə bu Coğazçay su anbarıdır. Sakinlər gölün bir addımlığında yaşasalar da, ordan balıq tutmağa həsrət qaldıqlarından gileylənirlər. 

Şəhid qardaşı İbrahim Məmmədov kənddə pensiya və yaxud hansısa sabit aylıq gəliri olmayanlar  üçün yaşayışın çətinliyindən danışır. Deyir, iki inək, üç-beş arı saxlamaqla külfəti dolandırmaq olmur. 

“Ailədə 4 nəfərik. Pensiya almıram. Neçə il döyüşdüm, heç veteranlığım da yoxdu. Bir-iki dəfə getdim, gördüm, çək-çevirə salırlar, ona görə başını buraxdım. İki inəyim var, onunla ailəmi yola verə bilmirəm. İndi Qazaxda günəmuzd fəhləliyə gedirəm. Bir-iki ay sonra o iş də bitəcək. Ondan sonra biz də bitəcəyik. Gərək dilənək. Kəndin əksəriyyəti mən gündədi. Sağ olsunlar, xətləri bərpa etdirənlər, qaz, işıq limitimiz olmasa, tamam batarıq. Məzəm kəninin sakinlərinə köçkün statusunda adambaşına aylıq qaz, işıq limiti ayrılıb. Bir müddət bu limit ləğv olundu, sonra rayon rəhbərliyinin köməyi ilə onu yenidən əldə edə bildik”.

İbrahim Məmmədovun sözlərinə görə, kənd gölün sahilində yerləşsə də, ordan bir qəpik xeyir götürə bilmir. Sərhədçilər göldən balıq tutmağa icazə vermirlər. 

“O boyda gölümüz var, balıq tutmağa icazə vermirlər ki, satıb 3-5 manat pul edəsən. Ermənilərsə gözümüzün qabağında bütün günü qayıqla balıq tuturlar, tor atırlar. Bizimki də deyir, olmaz, atarlar, qarışıqlıq düşər. Sudan başqa, göldən heç nə götürəmmirik. Bir-iki nəfər “udoçka”ynan orda-burda nəsə tutur. O da heç ailənin yeməyi eləmir. Amma balıq tutmağa icazə versələr, Məzəm camaatı dolanar”.

***

Press Klub: Beləcə, Azərbaycanın onilliklərlə ən gərgin, səksəkəli ömür sürmüş sərhəd kəndlərinin əhalisi indi dinc həyatını qurmağa çalışır. Deməzdik ki, bu, güllə qabağında duruş gətirməkdən çətin işdir, amma müharibədə çox şey daha sadədir: bilirsən ki, hardan atacaqlar, divar çəkib daldalanmaq, ya silah götürüb müdafiə olunmaq lazımdır. Dolanışıq problemi yarananda da, özünə təpər verirsən ki, müharibədir, dözməliyik, qələbə çalarıq, yaxşı yaşayarıq. Amma, məşhur bir filmdə deyildiyi kimi, indi başqa zamandır. Bu zaman məsələlərə fərqli baxış, problemlərin ayrı həlli yollarını tələb edir. Onların öhdəsindən gəlmək üçün məzəmlilərə də, əlibəylilərə də, digər sərhəd kəndlərimizin əhalisinə də dəstək və xüsusi dövlət qayğısı gərəkdir. Çünki ucqar bölgələri möhkəmlətmək üçün sərhədlərdə müdafiə sədləri qurmaq, nəzarət məntəqələri tikmək kifayət etmir, həmin yerlərdə məskunlaşmış insanlarımızın özlərini möhkəmlətmək, kəndlilərin suya, ərzağa, işə, nəqliyyata, məktəbə, sosial yardıma, müalicəyə, o cümlədən psixoloji reabilitasiyaya olan ehtiyaclarını ödəməklə, onlara güc vermək çox vacibdir.