Logo
news content
User
Kateqoriyalar

Analitika

Dalana dirənmiş sülh yolu
Ekspert: “Bu vəziyyətdən çıxmaq üçün çox gözəl tarixi nümunə var”

Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılana qədər sülh müqaviləsi imzalanmayacaq. Bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 1-də Kanadanın yeni təyin olunmuş səfiri Kevin Hemiltonun etimadnaməsini qəbul edərkən deyib.

Sülh sazişinin əsas şərti Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Çünki orada Azərbaycana qarşı ərazi iddiaları var. Və bu baş verməyincə (Konstitusiyaya dəyişiklik) sülh müqaviləsi imzalanmayacaq”, - Əliyev bildirib.

Eyni zamanda, prezident “sülh danışıqlarının kifayət qədər sürətləndiyini” nəzərə çatdırıb.

Fikrimcə, biz sülh müqaviləsinin mətni, ən azı əsas prinsiplər üzərində işi bir neçə ay ərzində başa çatdıra bilərik”, - Əliyev deyib.

Onun sözlərinə görə, əvvəlcə əsas prinsiplər, onların paraflanması, daha sonra isə sazişin mətni üzərində işləmək barədə razılıq əldə oluna bilər.

Bununla belə, Əliyev bir daha vurğulayıb ki, bu, ancaq Ermənistan Konstitusiyasının dəyişdirilməsi halında mümkündür.

Beləliklə, biz Azərbaycan Prezidentinin dilindən rəsmi Bakının İrəvana əsas şərtini bir daha aydın və birmənalı şəkildə eşitdik. Yəni Ermənistanda konstitusiya referendumu keçirilmədən ölkələrimiz arasında sülh sazişi olmayacaq. Amma Ermənistanın hakim komandası son bir neçə ay ərzində israr edir ki, Azərbaycanın belə bir tələb irəli sürməyə haqqı yoxdur. 

Belə olduqda, hansı vəziyyət yaranır? Dalana dirənmiş çıxılmaz vəziyyət? Bu vəziyyəti neçə aşmaq olar? Axı hər iki tərəf öz mövqeyində israr etsə, bu il sülh müqaviləsi bağlanmaya bilər. İkinci Qarabağ müharibəsinin bitməsindən dörd il keçəndən sonra “nə sülh, nə müharibə” vəziyyətinin davam etməsi hansı nəticələrə gətirib çıxara bilər? Bu, iki qonşu dövlət arasında növbəti silahlı toqquşmalar riskini artırmırmı?

Pressklub.az-ın suallarını politoloq, Bakı Dövlət Universitetinin müəllimi Sultan Zahidov cavablandırıb.

O xatırladıb ki, Azərbaycan bu yaxınlarda Ermənistana 5 prinsipə əsaslanan sülh müqaviləsinin mətninə təklif etdiyi 10-cu düzəliş paketini göndərib. “Prezident İlham Əliyevin dediyi kimi, sazişin prinsipləri üzərində müzakirələrlə bağlı müsbət dinamika var. Bu temp davam edərsə, bir neçə ay ərzində saziş imzalana bilər.

Azərbaycanın təklif etdiyi prinsiplər beynəlxalq hüququn güc tətbiq etməmək, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmət, diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması kimi fundamental normalarını əks etdirir. Lakin sülh prosesinə gedən yolda müəyyən maneələr var və əsas maneə Ermənistan Konstitusiyasıdır. Xatırlatmaq istərdim ki, Ermənistan Konstitusiyasının preambulasında 1990-cı ildə qəbul edilmiş Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad var. Bəyannamədə açıq şəkildə göstərilir ki, Ermənistan Qarabağı Ermənistana birləşdirmək istəyir. Beləliklə, mövcud konstitusiyaya əsaslanaraq, Ermənistanın hələ də Azərbaycana rəsmi ərazi iddialarının olduğunu söyləmək olar. Belə bir şəraitdə iki dövlət arasında sülh müqaviləsinin imzalanması mümkün deyil. Vurğulamaq istərdim ki, Azərbaycanın sülh müqaviləsinin bağlanması üçün konstitusiyanın dəyişməsini Ermənistana ilkin şərt kimi irəli sürməsi beynəlxalq standartlara uyğundur və yerinə yetirilməlidir”, - politoloq hesab edir.

Onun sözlərinə görə, bu məsələdə istifadə oluna biləcək yaxşı tarixi nümunə var. “Şimali İrlandiya, İrlandiya Respublikası və Böyük Britaniya 1998-ci ildə Şimali İrlandiyada uzun müddət davam edən etnik münaqişəyə son qoyan Belfast sazişini imzaladılar. Bu müqavilənin maddələrinin birində aydın şəkildə qeyd olunurdu ki, İrlandiya Respublikası öz konstitusiyasına dəyişiklik etməli və bununla da Şimali İrlandiyaya qarşı ərazi iddialarından əl çəkməlidir. İrlandiya münaqişəsi sona çatdı və o vaxtdan Şimali İrlandiyada iri miqyaslı qan tökülməsindən əsər-əlamət yoxdur.

Ona görə də, hesab edirəm ki, Ermənistan həqiqətən də regionda davamlı sülhə nail olmaq istəyirsə, konstitusiya dəyişiklikləri prosesinə başlamalıdır. Yeri gəlmişkən, Paşinyan konstitusiya dəyişikliklərinə ehtiyac olduğunu dəfələrlə qeyd edib. Lakin o, Qarabağ klanı və ultramillətçi ermənilərin sərt müqaviməti ilə üzləşir. Ona görə də, çox güman ki, proses bir qədər vaxt aparacaq. Amma konstitusiya dəyişiklikləri baş verməsə, regionda münaqişəli vəziyyət uzanacaq və rəqabət aparan regional və qlobal güclər Cənubi Qafqazda təsir dairələrini saxlamaq üçün öz rıçaqlarından istifadə etməyə davam edəcəklər. Sülh müqaviləsinin imzalanması da davamlı sülhə zəmanət vermir. Lakin buna baxmayaraq, bu, iki ölkə arasında sülh üçün yaxşı əsas sayıla bilər” – politoloq bildirib.

Rauf Orucov