Logo
news content
User
Kateqoriyalar

Analitika

Daha bir mərhələ geridə qaldı: indi nə baş verəcək?
Ekspert: “Bizdən başqa hamı Qarabağdakı hazırkı separatçı rejimin saxlanmasında maraqlıdır”

Beləliklə, cəmi 24 saat ərzində Qarabağın dağlıq hissəsindəki vəziyyət köklü şəkildə dəyişdi. Separatçı “Dağlıq Qarabağ Respublikası”nın rəhbərliyi, obrazlı desək, Azərbaycanın lokal anti-terror əməliyyatı başlamazdan əvvəl irəli sürdüyü əsas şərtlərlə razılaşaraq, kapitulyasiya imzaladı.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə daxil olan müraciəti nəzərə alınaraq, 2023-cü il 20 sentyabr saat 13-də lokal anti-terror tədbirlərinin aşağıdakı şərtlərlə dayandırılması barədə razılıq əldə olunub:

  1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
  2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
  3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Rəsmi Bakının ilkin olaraq irəli sürdüyü yalnız bir tələb yerinə yetirilməmiş qalıb – Rusiya hərbi kontingentinin müvəqqəti məsuliyyət zonasındakı qeyri-qanuni strukturların qanunsuz rəhbər orqanlarının öz-özünü buraxması. Yaxın zamanlarda Azərbaycanın qanuni hakimiyyət orqanları ilə aparılacaq danışıqlarda da özünü “DQR” adlandıran qanunsuz qurumun rəhbərliyi iştirak edəcək. Maraqlıdır, Bakı bundan sonra da regionda qanunsuz hakimiyyətin bütün atributlarının məhv edilməsində israr edəcəkmi? Söhbət “parlament”, “hökumət”, “prezident” və onun “aparatından” gedir. Belə olacaqsa, Qarabağ ermənilərinin Azərbaycan daxilində dinc həyata real reinteqrasiyası prosesi bir o qədər sürətlə başlayacaq.

Hadisələr bundan sonra necə inkişaf edəcək? Ekspertlər bu barədə nə düşünür?

Tanınmış politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu old.pressklub.az-a açıqlamasında qeyd edib ki, prinsipcə, qeyri-qanuni silahlı birləşmələrin buraxılması və onların silahlarının Azərbaycana təhvil verilməsi 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda da öz əksini tapıb.

“Yəni, Rusiyanın adı “sülhməramlı” qoyulan hərbi birləşmələrinin hələ o zaman təmin etməli olduğu məsələyə Azərbaycan faktiki olaraq özü güc tətbiq etmək yolu ilə nail oldu.

Qarabağdakı qeyri-legitim separatçı rejimin məhvinə gəlincə, hesab edirəm ki, bunun üçün vaxt lazımdır. Çünki bu rejim bizim üçün və hüquqi baxımdan qeyri-qanuni olsa da, orada yaşayan ermənilər üçün onların rəhbərliyidir. Və düşünürəm ki, Qarabağ ermənilərinin içərisində icma adından danışıqlar aparmaq üçün həqiqətən mandata (hətta şərti olaraq) sahib ola biləcək alternativ liderlər tapmayana qədər rejim mövcud olacaq. Onun mövcudluğunda təkcə Qarabağ erməniləri deyil, Ermənistan və Rusiya da maraqlıdır. Çünki bu qeyri-legitim, özünü qanuni elan edən strukturlar faktiki olaraq müəyyən ərazini idarə edir. Və əgər bu rejim bütün strukturları ilə birgə tamamilə ləğv edilərsə, yerlərdə xaotik vəziyyət yarana bilər. Bu, bir çox konkret səbəblərdən ruslara sərfəli deyil. Nə qədər ki, separatçı hökumət fəaliyyətdədir, ruslar istənilən zaman yarana biləcək fəsadları onun üzərinə ata bilərlər. Amma bu strukturlar ləğv edilərsə, bütün məsuliyyət avtomatik olaraq rusların üzərinə düşəcək. Bu isə artıq Azərbaycanla birbaşa münaqişəyə səbəb ola bilər. İndi ruslara bu lazım deyil. Düşünürəm ki, zaman keçdikcə qondarma rejimə bəzi alternativlər tapmaq olar. Bunun üçün vaxt, əmək və böyük səy tələb olunur. Üstəlik, səylər təkcə Azərbaycan tərəfdən edilməməlidir. Unutmayaq ki, bizdən başqa hamı hazırkı rejimin saxlanmasında maraqlıdır. Qarabağın erməni icması da, Rusiya da, Ermənistan da” - mərkəzin direktoru deyir.

Hadisələrin gələcək inkişafına gəlincə, ekspert hələ lokal münaqişələrin olacağını düşünür. “Bəlkə də indiki kimi böyük miqyasda deyil, amma yenə də olacaq. Mübahisələr də olacaq, fikir ayrılıqları da olacaq. Hesab edirəm ki, Azərbaycanla Qarabağın erməni icması arasında münasibətlərin sülh yolu ilə həlli çox böyük vaxt və səy tələb edəcək. Ən əsası odur ki, bizim müəyyən edilmiş yol xəritəmiz olmalıdır. O varmı? Mən bilmirəm. Yol xəritəsi olmasa, tədbirlər addım-addım həyata keçirilməsə, çətin ki, orada uğur qazanmaq mümkün olsun”, - deyə Ə.Oruclu fikrini yekunlaşdırıb.

Rauf Orucov