“Dağlarda döyüş” və gecikmiş Dövlət Komissiyası...
Polisə qarşı ictimai qəzəbin səbəbi nədir?
22 İyun 2023
Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin etiraz aksiyasının polis zorakılığı ilə dağıdılması Azərbaycanda çoxdan üst-üstə qalanmış problemləri gündəmə gətirir. Vəziyyət həddindən artıq kritikdir, ucqar Gədəbəydə baş verənlər onun kiçik nəticəsidir.
Kənd sakinləri həmin ərazidə 10 ildən artıq qızıl istismarı ilə məşğul olan şirkətin ətraf mühitə, vətəndaşların təsərrüfatına, mülkiyyətinə vurduğu zərərə etiraz edir. İllərdir, camaat danışır, media yazır, göstərir, dövlət qurumları özünü eşitməzliyə, görməzliyə vurur. Problem böyüyür, məmurların saymazlığı hədd tanımır, günün birində əhali etiraza qalxır və hökumət onların üstünə xüsusi vasitələrlə silahlanmış polis qüvvələri göndərir. Polisə daş atılır, o da zora əl atır. Yayılan kadrlar ictimai hiddətə səbəb olur, sosial şəbəkələrdə polisin hərəkətləri lənətlənir, icra başçısının aqressiv ritorikası qəzəbi daha da artırır, aksiya yenidən başlayır, DİN günahkarları cəzalandıracağını vəd edir. Baş nazir Əli Əsədov isə problemin araşdırılması üçün Dövlət Komissiyası yaradıb. 10 il bundan əvvəl yaradılmalı olan komissiyanı...
İndi isə daha ətraflı.
1997-ci ildə Azərbaycanın “Azərqızıl” Dövlət Şirkəti ilə ABŞ-ın “R.V. İnvestment Group Services LLC” şirkəti arasında Gədəbəy, Qoşa, Ordubad qrupu, Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanıb.
Gədəbəy qızıl-mis layihəsi gəlirdə payı 51 faiz olmaqla, Azərbaycan hökuməti ilə birlikdə həyata keçirilir. Payı 49 faiz olan Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti layihəyə rəhbərlik edir. Bu şirkət Londonda qeydiyyatdan keçən Anqlo-Asiya Mininq MMC-nin tam subsidiyalı mülkiyyətidir. Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti layihə üçün zəruri olan bütün kapitalı təmin edir.
Hasilata start verilməsi ilə yerli əhalinin o günə qədər üzləşmədiyi problemləri başlayır. 2014-cü ildə Gədəbəyin Arıxdam kənd sakinlərinə məxsus onlarla heyvan tələf olub. Onlar qızıl mədənindən axıdılan tullantı sularından içdikdən sonra zəhərlənmişdilər. Bu göl qızıl istehsalı zamanı istifadə olunan sianid turşusu ilə çirkləndirilmiş suların toplandığı yerdir. Bu zəhərli maddədən qızıllı torpaqların yuyulması zaman istifadə olunur. Mütəxəssislər bildirirlər ki, sianid zəhəri hətta havanı da çirkləndirir və onun buxarı ilə nəfəs almaq insanı öldürə bilər. Söyüdlü kəndinin əhalisi qızıl şirkətinin kəndlilərin pay, örüş torpaqlarının yerində daha bir çirkab gölünün tikintisi barədə planlarından qəzəbləniblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Elşad Hacıyev də bildirib ki, Söyüdlünün bir qrup sakini ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxiləsilə bağlı 2 aydır ki, həmin şəxslərlə rayon icra hakimiyyəti və polis əməkdaşları tərəfindən profilaktik izahat işləri aparılıb.
“Ancaq bütün tədbirlərə baxmayaraq, dünən həmin şəxslər müəssisə əməkdaşlarına hücum etməsi ilə əlaqədar polis əməkdaşları əraziyə cəlb olunaraq onların qanunsuz əməllərinin qarşısını alıblar”, - o, əlavə edib.
DİN rəsmisinin dediyindən belə məlum olur ki, kənd sakinləri ilə icra hakimiyyətinin apardığı müzakirələr nəticə verməyib. Əlbəttə, şirkət zəhərlə dolu yeni göl tikmək planından geri çəkilməyibsə, deməli, icra qurumu və polis sakinləri yola gətirməyə, tələblərindən vaz keçirməyə çalışıblar. Amma buna müvəffəq ola bilməyiblər, şirkət də dövlət qurumlarının xeyir-duası ilə hərəkətə keçib.
Kəndlilərin tələbi əsassızdırmı? Xeyr! Ortada ekoloji problem yaradan, insanların və heyvanların həyatına təhlükə törədən ciddi problem var. O zaman müvafiq qurumlar – Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyəti, bu məsələyə aidiyyatı olan qurumlar niyə susublar? Vətəndaşların istəyi, haqlı tələbi, təhlükəsizliyi niyə bir şirkətin maraqlarından aşağıda dayanmalıdır? Niyə mövcud qanunlar tətbiq olunmayıb, insanların fundamental hüquqlarının pozulmasına şərait yaradılıb? Baxmayaraq ki, problem kifayət qədər ictimailəşdirilib, o zaman hakimiyyət niyə reaksiya verməyib? Əlbəttə, reallıqları göz önünə gətirəndə bu sualların hamısı ritorikdir və cavabları məlumdur.
Polisin kənd sakinlərinə qarşı qəddar davranışına ictimai reaksiyanın bu qədər sərt olması yazının əvvəlində qeyd olunan kritik vəziyyətin təzahürüdür.
Birincisi, Azərbaycanda vətəndaşların qaldırdığı ictimai tələblərin qarşısına ilk növbədə polis çıxarılır. Müvafiq dövlət qurumları, bələdiyyələr polisdən sonra gəlir və yaxud, ümimiyyətlə, gəlmir. Hüquq mühafizə orqanları isə aldıqları əmrə uyğun olaraq, problemləri öz yöntəmləri ilə “həll etməyə” çalışırlar. Nəticədə problem həll olunmur, narazılıq da qalır, amma polis həmin kütlələrin qəzəbinin hədəfinə çevrilir.
İkincisi, Azərbaycanda ictimai həyatın bütün sferaları polis əməkdaşları ilə dolub-daşır. Küçələrdə addımbaşı YPX, PPX avtomobilləri şütüyür, polis əməkdaşları gözə dəyir. Səbəb oldu-olmadı vətəndaşı saxlayır, sorğu-sual edir, cərimə kəsir və s. Polis hər dəqiqə özünü hiss etdirir, vətəndaş evində, ofisində, qapalı məkanlarda onu görməsə belə avtomobillərin sirenalarını eşidir. Sahibkarların ən çox narazı olduğu təşkilat da polis qurumlarıdır. Bu barədə mətbuatda, sosial mediada çoxsaylı şikayətlər yer alıb.
Beləliklə, polisin Gədəbəydə vətəndaşa qarşı güc tətbiq etməsi ictimai hiddətə səbəb olur, insanlar polisin ictimai asayişi qoruyucu funksiyasını yada salmadan onu qınayırlar.
Turqut