Logo
news content
User
Kateqoriyalar

Analitika

Ciddədən gələn sülh səsləri
Bu görüş dünyanın və müharibənin taleyini dəyişə bilər 

Avqustun 5-də və 6-da Səudiyyə Ərəbistanında dünyanın taleyini dəyişə biləcək görüş keçirilib. 40-dan çox ölkənin nümayəndəsi Ukrayna böhranı və sülh müzakirələri üçün Ciddə şəhərində toplaşıblar. 

Maraqlıdır ki, Çinin də dəvət olunduğu bu görüşə Rusiya dəvət almayıb. Ümumilikdə görüşdə Ukraynadan savayı Avropadan Bolqarıstan, Böyük Britaniya, Danimarka, Estoniya, Finlandiya, Fransa, İtaliya, Latviya, Litva, Niderland, Almaniya, Norveç, Polşa, Rumıniya, Slovakiya, İspaniya, İsveç, Çexiya; Yaxın Şərq və Asiyadan Səudiyyə Ərəbistanı, Avstraliya, Bəhreyn, Qətər, Çin, Hindistan, İordaniya, Küveyt, Komor Adaları İttifaqı, Yaponiya, Cənubi Koreya, Türkiyə; Afrikadan Misir və CAR; Şimali Amerikadan Kanada və ABŞ, Cənubi Amerikadan Argentina, Braziliya, Meksika, Çili; eləcə də BMT və Aİ nümayəndələri iştirak ediblər. 

Görüşün vacibliyini iştirakçı ölkələrin rəngarəngliyi də təsdiq edir. Bura müharibədə birmənalı olaraq Ukraynanı dəstəkləyən ölkələrlə yanaşı (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Kanada və s.), “neytral” ölkələr sayılan, amma hələ də Rusiya ilə aktiv əlaqə saxlayan ölkələr (Hindistan, Braziliya, CAR, eləcə də Rusiya ilə əlaqələr və danışıqlarda son dərəcə müstəsna rolu olan Türkiyə) daxil olub. Və sözsüz ki, əsas məsələ görüşdə müharibənin taleyini həll edə biləcək ölkə sayılan Çinin danışıqlarda iştirakıdır. Pekinin hansı tərəfi dəstəkləməsi sonda müharibənin necə başa çatmasını şərtləndirə bilər.

Bağlı qapılar arxasında keçirilən görüş yekun bəyannamə olmadan başa çatıb. Braziliya prezidentinin baş müşaviri Selsu Amorim müharibənin əsas qurbanının Ukrayna olduğunu qəbul etsə də, görüşə Rusiyanın da dəvət olunmasının vacibliyini qeyd edib.  O, bunun sülhün əldə edilməsi üçün lazım olduğunu deyib. Amma təklif digər iştirakçıların dəstəyini qazanmayıb.

Görüşün təşkilatçısı kimi ciddi xal toplayan Səudiyyə Ərəbistanı nəticələr barədə Rusiyaya informasiya verəcəyini bəyan edib. Onu da qeyd edək ki, neft hasilatına görə dünyada ikinci yeri tutan (ABŞ-dan sonra) Səudiyyə Ərəbistanı Rusiya ilə daima əlaqə saxlayır və neft siyasətini korrektə edir. Ər-Riyad hələ görüşdən əvvəl hər iki döyüşən tərəflə əlaqəsi olduğunu bildirərək, mümkün danışıqlarda potensial vasitəçi kimi çıxış edə biləcəyini də nəzərə çatdırıb. Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd ibn Salman isə Putinin dostu sayılır.

Görüşdə əldə olunan əsas nəticə, bütün ölkələrin birmənalı olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi olub. Hətta daima ehtiyatlı mövqe tutan Çin belə, bu bəndi dəstəkləyib. Ümumiyyətlə, bir çox ölkələr qeyd edirlər ki, Çinin danışıqlarda iştirak etməsi faktının özü Rusiyanın getdikcə daha çox təcrid olunduğunu göstərir.

Çin görüşdə müharibədə mövqeyi ilə bağlı ehtiyatlı siqnallar göndərib. Bəzi məlumatlara görə, bu, Pekinin müharibənin həll edilməsi ilə bağlı Ukrayna “sülh formulu”nu nəzərdən keçirməyə razılaşması ilə bağlıdır. Ukrayna formulu isə Rusiyanın qoşunlarını 1991-ci il sərhədlərinə çıxarmasını nəzərdə tutur. Eyni zamanda, Pekin gələcək sülh danışıqlarına “bəzi qırmızı xətlərin” və Rusiyanın “narahatlıqlarının” daxil edilməsinin təklif edib. Pekinin açıqlanmayan planı 12 bənddən ibarətdir. 

Digər məlumatlara görə, Ciddədə daha bir sülh planı müzakirə olunub. Səudiyyə Ərəbistanının irəli sürdüyü bu plan, Ukraynanın ərazi bütövlüyünün tanınması şərti ilə dərhal döyüş əməliyyatlarının dayandırılmasını, əsrlərin “hamının-hamıya” prinsipi ilə dəyişdirilməsini və sülh danışıqlarına başlanmasını nəzərdə tutur.

Amma hələlik bu planların həyata keçirilməsi mümkünsüz görünür. Rusiya 1991-ci il sərhədlərinə qayıdılması planının qəbuledilməz olduğunu bəyan edib. Putinin mətbuat katibi Dmitri Peskov “xüsusi hərbi əməliyyatın” davam edəcəyini bildirib: “Biz, Konstitusiyada yeni torpaqlarımız kimi göstərilən ərazilərə nəzarət etmək istəyirik”.

Öz növbəsində Kiyevin müharibənin dayandırılması və bundan sonra danışıqlara başlanması ideyasını rədd etdiyi bildirilir. Rəsmi Kiyev danışıqların ancaq Rusiya bütün işğal etdiyi ərazilərdən çıxacağından sonra başlayacağı mövqeyində qalmaqda davam edir və ərazi məsələsinin danışıqlar predmeti olmadığını vurğulayır. 

Tərəflərin mövqeyi bəllidir. Vasitəçi və maraqlı dövlətlər isə yaxın həftələrdə yeni görüş keçirmək barədə razılığa gəliblər. Mümkündür ki, hər şey həqiqətən də dünya nəhəngi olan Çinin mövqeyindən asılı olacaq.

Press Klub