Logo
news content
User
Kateqoriyalar

Analitika

Cəmil Həsənli: "Vətəndaşlar gərək talelərini hökumətin ümidinə buraxmasınlar”

Demokratik Qüvvələrin Milli Şurasının sədri, professor Cəmil Həsənli Azərbaycanda ictimai-siyasi hadisələrlə bağlı sualları cavablandırır: 

- İctimai-siyasi həyatda gərginlik hökm sürür. Həm pandemiyanın yaratdığı sosial-iqtisadi, psixoloji çətinliklər, həm də siyasi müstəvidə baş verənlər bu gərginliyin əsasında dayanır. Proseslərin bundan sonrakı inkişafını necə görürsünüz? 

- Ölkədə yaranan gərginliyin mənbəyi bacarıqsız Azərbaycan hökumətidir. Əlbəttə, obyektiv səbəblər də var, lakin subyektiv amillər daha çoxdur. Hakimiyyət böhranı önləmək üçün heç bir effektli addım atmadı, antiböhran proqramı əvəzinə, zəhmətkeş məktubları təşkil etməklə məşğul oldular. Axı, bu, vəziyyətdən çıxış yolu deyil. Bir professor var, hey yazırdı ki, gərək pandemiyaya qarşı mübarizəsinə görə İlham Əliyevə Mili Qəhrəman adı verilsin. Bir dəstə də onu müdafiə edirdi. Nə oldu? Virus bitdi? Əksinə, bu gün Azərbaycan "COVİD-19"un yayılma sürətinə görə təhlükəli ölkələrdən birinə çevrilib. Ölkə yalnız virusdan deyil, həm də avtoritarizm və volyuntarizmdən ziyan çəkir. Kleptokratiya zəminində korrupsiya ölkənin belini qırdı. İndi də "COVİD" korrupsiyası baş alıb gedir. Karantində qalan bir adama görə günlük 240 manat pul ödəyir, 600 min vətəndaşa aylıq 190 manat verirlər. Bu, hansı məntiqlə edilir? İyun ayı virusun dağıdıcılıq gücünə görə ən ağır aydır, bilinmir, gələn ay vəziyyət necə olacaq. 190 manatlıq sosial paketi dayandırmaq əvəzinə, onun həcmini və əhatə dairəsini genişləndirmək lazım idi. Polis dəyənəyi ilə vətəndaşları qovub evə salmaqla virus həya edib, gedəsi deyil. Azərbaycan hökuməti uzun illər ərzində neft gəlirlərini bölüşdürməklə məşğul olub. İndi o pullar gəlmir və hökumət özünü itirmiş vəziyyətdə qalıb. Effektli tədbirlər görmək lazımdır.

- Rəsmi şəxslərin çıxışlarından belə nəticəyə gəlmək mümkündür ki, pandemiya şəraiti ilin sonuna qədər davam edə bilər. Bu halda müxalifətin planı nədən ibarətdir: qoyulan qaydalarla razılaşaraq hazırkı şəkildə davam edəcək, yoxsa, tədricən fərqli fəaliyyət formasına üstünlük verəcək?

- Hesab edirəm ki, pandemiya qaydalarına əməl etmək lazımdır. Vətəndaşlarımız da gərək bu qlobal bioloji virusun dağıdıcı gücünü nəzərə alsınlar. Sosial məsafə gözlənilməlidir və məhdudiyyətlərə əməl edilməlidir. Hökumət çox bacarıqsızdır, vətəndaşlar gərək öz talelərini onun ümidinə buraxmasınlar. Nə qədər ağır da olsa, qonaq getmək, qonaq qəbul etmək, kütləvi tədbirlərdə iştirakdan çəkinmək lazımdır. Hökumət isə vətəndaşların ən zəruri ehtiyaclarını qarşılamalıdır və bizim tənqidimizin əsas hədəfi də budur. Ölkədə doğru-dürüst statistika yoxdur. Qlobal böhran İlham Əliyevin 5 faiz işsizlik və yoxsulluq rəqəmlərini alt-üst etdi. Biz hökuməti indiyə qədər spekulyasiya etdiyi rəqəmləri bir kənara qoyub, reallığı dərk etməyə, anlamağa səsləyirik. Böhranın birinci dalğası göstərdi ki, sosial yardıma ehtiyacı olan 600 min nəfər yox, 2 milyondan 3 milyona qədər vətəndaş var. Bunların minimum ehtiyacları qarşılanmalıdır. Bir günü 240 manata “karantin ödənişi” bədxərcliyi nəyə görədir? Kimə məxsusdur bu hotellər? Hakim elitaya. İnsanların bioloji böhranın təhdidi altında olduğu dövrdə niyə onlar “5 ulduz” hotel qiymətinə olmalıdır? Bu ki, acıq-aydın pandemiyadan varlanmaq cəhdidir, yəni, şaxələnmiş korrupsiyanın yeni istiqaməti, "COVİD" korrupsiyasıdır. İlham Əliyev koronavirusla bağlı "təmizləmə" doktrinası irəli sürmüşdü. Əslində, vəziyyətin bu həddə düşməsinin bir səbəbi də İlham Əliyevin dövlət resurslarını təhlükəli virusa qarşı deyil, müxalifətə qarşı səfərbər etməsi oldu. Tofiq Yaqublu həbs edildi, kibercinayət yolu ilə Milli Şuraya qarşı savaş açıldı. Hökumət bütün imkanlarını müxalifəti yox etməyə yönəltdi. Nəticədə əvvəllər müxalifətlə üz-üzə dayanan rejim indi “xalq müxalifəti” ilə qarşılaşmalı olub. "COVİD" amnistiyası elan etmək əvəzinə, bunlar “virus həbsləri” həyata keçirdilər. Əlbəttə ki, ağıllı addım deyildi və məhz müxalifətə düşmən münasibət Əliyevi belə addıma vadar etdi. Milli Şura millətimizin ən zəruri maraqlarının müdafiəçisi missiyasını qanuni yollarla davam etdirəcək. Biz belə hesab edirik ki, hazırda Əliyev rejimi milli mövcudluq üçün təhlükəyə çevrilib və xalqın iradəsini ifadə edən idarəçiliyə dinc keçidi təmin etməkdən başqa yol qalmayıb. 

- Hakimiyyət daxilində gedən prosesləri izləyirsinizmi? Bu günlərdə deputatlardan biri Ramiz Mehdiyevin ünvanına kəskin ittihamlar söylədi və onu islahatlara qarşı əks fəaliyyətdə ittiham etdi. YAP rəhbərliyindən Siyavuş Novruzov isə bir sıra nazirləri quldurluq fəaliyyətində suçlayır. Belə şərhlər var ki, hakimiyyətdə “vurulanlar” - şərti olaraq “klan” adlandırılan qruplaşma müqavimət göstərir. 

- Hakimiyyətdaxili qarşudurmalar və quruplaşmalar həmişə olub. Ramiz Mehdiyevlə bağlı səsləndirilən ittihamlar da onun hazırkı təzahür formasıdır. Mehdiyev bu hakimiyyətin simvollarından biri olub. İlk dəfə 2014-cü ildə yazdığı məqaləsində o, "5-ci kolon" ifadəsini nəzəri cəhətdən "əsaslandırmışdı". İndi özünü "5-ci kolon" elan edirlər. Bu illər ərzində o, çox evlər yıxıb, çoxlarının əmlakını əlindən alıb, müxalifətin izlənməsi prosesinə də bilavasitə rəhbərlik edib. Eyni zamanda, Ramiz Mehdiyev regional idarəçiliyin, regionçuluğun əsas ideoloqlarından biri olub. Hazırda isə onun yeni kontekstdə gündəmə gəlməsinin birinci səbəbi uzun illər ərzində tutduğu yüksək vəzifədən şəxsi məqsədlərlə istifadə etməsi, əlində böyük maliyyə imkanları toplamasıdır. Aydın məsələdir ki, 83 yaşında bir adam bu gün nə dəstə düzəldəsi, nə çevriliş edəsidir. Əlində olanları almaq istəyirlər. İkinci mühüm amil 17 illik iflasın günahını kiminsə üzərinə qoymaqdır. Guya İlham Əliyev, Fəzail Ağamalı demişkən, "demontaj" edəcəkmiş, Ramiz Mehdiyev imkan verməyib. Üçüncüsü, son illərdə idarəçiliyin regional dayaqlardan ailə dayaqları üzərinə keçirilməsi planlaşdırılmışdı. Növbədənkənar parlament seçkiləri bu işi başa çatdırmalı idi. Lakin hansısa məqamda geri çəkilmək məcburiyyəti qarşında qaldılar. Son baş verənlər hakimiyyəti ailə dayaqları üzərinə keçirmək istəyənlərin gecikmiş addımlarıdır. Ramiz Mehdiyevə görə isə, yalnız iqtidar deyil, onun müxalifəti də regional zəmində formalaşmalıdır. Keçmiş administrasiya rəhbərinin bir dəstə dönük müxalifətçini "gənc heydərçilər" adı altında parlamentə salması da hakimiyyəti regional konfiqurasiyada saxlamağa xidmət edirdi. İndi həmin "gənc heydərçilər”in regiondan olmayan nazirlərə, məsələn, yarıtmaz “sosial nazırə” qarşı belə kəskin çıxış etməsi özünüqoruma instinktinin açıq təzahürüdür. Əslində, pandemiya bütövlükdə hökumətin, ilk növbədə isə Fövqəladə Hallar Nazirliyinin yararsızlığını ortaya qoyub. "COVİD"dən böyük fövqəladə təhdid olmadığı bir şəraitdə FHN-in nə ilə məşğul olduğu bilinmir. “Gənc regioncular” təhlükəni artıq dərilərində hiss etməyə başlayıblar və onların həyəcan təbili çalmaları bununla bağlıdır.  

- Bu günlərdə keçmiş səhiyyə naziri, Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov mətbuata müsahibəsində maraqlı təkliflər səsləndirdi. Belə nəticə çıxaranlar üstünlük təşkil edir ki, İnsanov hakimiyyətdə “vurulan” klan üzvlərinə əməkdaşlıq, birlik təklif edir. Eyni təklif müxalifətə də ünvanlanıb. Bunun ardınca sizin geniş məqaləniz oldu, orada "hakimiyyət nümayəndələri ilə hər hansı dialoqdan və əməkdaşlıqdan söhbət gedə bilməz" mesajı vardı. Onu Əli İnsanovun təklifinə Milli Şuranın cavabı kimi qəbul etmək olarmı?

- Milli Şura olaraq, Əliyev rejiminə qarşı mübarizə aparan, onun zəifləməsinə təkan verən bütün siyasi qüvvələrin fəaliyyətini yüksək qiymətləndiririk. Bu prosesdə HƏP təşkilatlanma mərhələsindədir və biz ona uğurlar arzu edirik. Hakimiyyətlə dialoq məsələsində fikirlərimiz çox açıq, aydın və birmənalıdır. Biz ölkənin gələcəyində hazırkı hakim ailənin və YAP-ın yerini təsəvvür etmirik. YAP süni partiyadır. Belə yanaşmanın dövlət idarələrində işləyən geniş məmur təbəqəsinə, peşəkar işçilərə aidiyyəti yoxdur. Bilavasitə cinayət əməlində iştirak etməyən orta məmur təbəqəsi, əlbəttə, bu prosesdən gərək ziyan çəkməsin. Amma YAP özünü elə ifşa edib ki, onun taleyi Kommunist Partiyasından da pis olacaq, bu partiyanı müdafiə etməyə adam tapılmayacaq. Bütün həbs edilən, evindən, kabinetindən pul bağlamaları çıxan yüksək vəzifəli şəxslər istisnasız olaraq YAP-ın üzvüdürlər. "Rabitə işi"ndə aylıq 300-350 min paket aldığını etiraf edən keçmiş nazir bu gün də YAP-ın Siyasi Şurasındadır. Belə partiyanın qurduğu bir hakimiyyətlə necə dialoq aparmaq olar? Amma bizim bu fikrimizi hörmətli Əli İnsanovun təkliflərinə qarşı qoymaq doğru olmazdı. Biz rejimə qarşı mübarizəni öz fəaliyyətində ön plana çəkən hər bir siyasi quruma, siyasətçiyə hörmətlə yanaşırıq. Taktiki yanaşmada fərqliliklər qarşıdurmalara gətirib çıxarmamalıdır. 

- Nəhayət, son sual: Ameriakdakı fəaliyyətiniz nədən ibarətdir? Azəbaycana nə zaman dönməyi planlaşdırırsınız?

- Amerika paytaxtında mən dünyanın birinci onluğuna daxil olan, beyin, ideya mərkəzi kimi tanınan Vudro Vilson Mərkəzində çalışıram. Bura çox qaynar bir elm və siyasət, dövlət idarəçiliyi mərkəzidir. Bir neçə il əvvəl Vilson Mərkəzi mənə "Demokratiya uğrunda" mükafatı vermişdi. Həm Vaşinqtondakı Azərbaycan səfirliyi, və həm də buradakı Azərbaycan hakimiyyətinə bağlı lobbi təşkilatları bütün vasitələrə çalışdılar ki, Vilson Mərkəzini fikrindən daşındırsınlar. Amma bir şey alınmadı. Son anda adamlara zəng edib tədbirə gəlməməyə çağırdılar. Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsinin təqdimata qatılmasının qarşısını ala bilsələr də, tədbir özü yüksək səviyyədə keçdi. İstər Departamentdə, istər Konqresdə, istərsə də müxtəlif siyasi mərkəzlərdə, insan hüquqları təşkilatlarında, partiya ofislərində mühüm görüşlərim oldu. 

 

Kongressmen Kris Smitlə görüş

Bu müddətdə Harvard və Yuta universitetlərində məruzə ilə çıxış etdim. Burada tamamladığım daha bir monoqrafiyam Harvard Universitetinin kitab seriyasında nəşr üçün qəbul edildi. Bu, mənim Harvard seriyasında 4-cü kitabım olacaq. Eyni zamanda, Harvardda fevral ayında etdiyim məruzə birinci dərəcəli elmi iş kimi universitetin "The Journal of Cold  War Studies" jurnalına nəşr üçün qəbul edildi. 

ABŞ filosofu, politoloqu və yazıçısı Frensis Fukuyama ile görüş

Bəziləri belə bir şey uydururlar ki, guya mən daha Azərbaycana dönməyəcəyəm. Bu, yalandır. Mən Azərbaycandan kənar yerdə özümü təsəvvür etmirəm. Bizim proqram başa çatmaq üzrədir. Sadəcə, qlobal "COVİD" böhranı kommunikasiya imkanlarının kəskin məhdudlaşdırılmasına gətirib çıxarıb və indi, istəsəm də, təəssüflər olsun ki, yol bağlıdır. İlk imkan düşən kimi, Bakıdayam. Ayrı cür ola bilməz.  

Turqut