Logo
news content
User
Kateqoriyalar

Analitika

“Çəhrayı eynək”, yaxud “noldu, Zelenski?”
Müharibədə vəziyyət hər an dəyişə bilər; Rusiya da, Türkiyə də, Ukrayna da gözləyir… 

NATO-nun Vilnüsdəki sammiti maraqlı nəticələrlə yadda qaldı. Bu, bir tərəfdən Ukraynanın, digər tərəfdən İsveçin Şimali Atlantika blokuna üzvlüyünün müzakirəsi ilə bağlıdır.

NATO sammitinin əsas mövzularından biri Ukraynanın alyansa dəvəti idi. Kiyev, nəhayət, NATO-nun “müəmmalı” bəyanatlardan imtina edəcəyini və tez bir zamanda dəvət alacağını gözləyirdi. Ukrayna prezidenti Volodimir Zelenski də Vilnüsə konkret plan üçün getmişdi. Yəni, NATO-dan üzvlük üçün dəqiq vaxt və plan tələb edirdi.

Sammitdən əvvəl alyans üzvlərinin üçdəbiri, daha dəqiqi isə 31 üzv dövlətdən 20-si Kiyevin üzvlüyünü açıq şəkildə dəstəkləyir, bəziləri isə hətta Ukraynanı elə Vilnüsdəcə dəvət etməyə səsləyirdi. Amma digərləri, xüsusən də Almaniya və ABŞ təcili dəvətin əleyhinə çıxır və Kiyevin hələlik buna hazır olmadığını bildirirdilər.

Nəticədə, kommünikedə Ukraynanın NATO-ya üzvlüyü prosesinin asanlaşdırılması razılaşdırılsa da, hələlik Kiyevə rəsmi dəvət göndərilməyib. Qeyd edilib ki, Kiyev bütün şərtləri yerinə yetirdikdən və bütün alyans üzvləri razı olandan sonra Ukraynaya rəsmi dəvət göndəriləcək.

Təbii ki, NATO-nun bu qərarı üzvlüyə dəvət üçün Vilnüsə səfər edən prezident Volodimir Zelenskinin ürəyincə olmayıb. O, kommünike dərc olunmamışdan əvvəl üzvlük üçün dəvətin olmamasını və vaxt çərçivəsinin müəyyən edilməməsini “bənzəri olmayan absurd qərar” adlandırıb. Onun fikrincə, NATO bu qərarla özünün “zəiflik və qərarsızlığını” göstərir, bu da öz növbəsində Rusiyanı terrora davam etməyə həvəsləndirir: “Müttəfiqlərimizin bizi NATO-ya dəvət etməməsi Rusiya ilə danışıqlarda bazarlıq üçün yer qoyur”.

Bəzi məlumatlara görə, Zelenskinin bu kəskin bəyanatları müttəfiqlərinin narazılığına səbəb olub. NATO-nun yüksək ranqlı diplomatlarından biri Ukrayna liderinin “düşünülməmiş və ədalətsiz” yanaşma sərgilədiyini, “mümkün olan sərhədləri keçdiyini” bildirib. 

NATO niyə Ukraynanı dəvət etməyib və onun üzvlüyü üçün konkret vaxt qoymayıb? Çünki bütün optimist bəyanatlara baxmayaraq, müharibənin nə qədər və hansı istiqamətdə davam edəcəyi bəlli deyil. Hazırkı şəraitdə Ukraynanın üzvlüyünü konkret vaxt çərçivəsinə salmaq NATO-nu rəsmən müharibənin iştirakçısına çevirə bilər. Ukraynanın tez bir zamanda üzvlüyə qəbulunun əsas əleyhdarı olan Almaniya və ABŞ da arqumentlərini bununla əsaslandıraraq, vaxtı uzadırlar.

Digər tərəfdən, “noldu, Zelenski” deyə Ukrayna prezidentini də ittiham etməyin yeri yoxdur. Hər gün döyüş meydanında yüzlərlə hərbçisi ölən və yaralanan, iqtisadiyyatı, infrastrukturu darmadağın edilmiş bir ölkənin rəhbəri edilməli mümkün olanı edir və nə qədər ağır qəbul edilsə də, həqiqəti söyləyir.

Amma sammitin Ukrayna üçün nəticəsiz qaldığını da söyləmək olmaz. Böyük Britaniyanın “Storm Shadow” uzaq mənzilli raketləri Ukraynaya göndərməsinin ardınca, Fransa da bu raketlərin analoqu olan “SCALP”ları Kiyevə verməyə başlayıb. Növbədə, ABŞ-ın ATACMS raketləri gəlir. Paralel olaraq, bir çox NATO üzvləri Kiyevə göstərilən hərbi yardım paketini dəfələrlə artırmağa razılaşıblar.  

Sammitin ikinci ən əsas məsələsi Türkiyənin “yox” baryerini qaldıraraq, İsveçin NATO üzvlüyünə razılaşması ilə bağlıdır. Rəsmi Ankara hələ cəmi bir neçə gün öncə İsveçin NATO üzvlüyünün mümkünsüz olduğunu deyirdi. Bunu həm yeni xarici işlər naziri Hakan Fidan, həm də prezident Rəcəb Tayyib Ərdoğan dilə gətirmişdi. Amma Ərdoğan Vilnüsdə razılığa gələrək, Stokholmun NATO yolunu açmağa söz verib. O, ən qısa zamanda İsveçin NATO üzvü olması ilə bağlı protokolu parlamentə göndərməyə və onun retifikasiyasını təmin etməyə söz verib. 

Bəs Ankara nə əldə edib? Əvvəla, Türkiyə ABŞ-dan 40 ədəd “F-16” təyyarəsi almağa və əlində olan 79 belə təyyarənin modernləşməsinə ümid edir. Məlum olduğu kimi, son zamanlar bu məsələ konqresmenlər tərəfindən bloklanırdı və onlar bunu İsveçin NATO üzvlüyü yolunun açılması ilə bağlayırdılar. 

Türkiyə eyni zamanda, beynəlxalq arenada yaranmış problemlərini yola qoymaq istəyir. Məsələn, Ərdoğan Baydenlə görüşündə açıq şəkildə iki ölkə arasında münasibətlərin yeni dövrünün başladığını bildirib. Kanada baş naziri ilə görüşdə isə bu ölkənin tətbiq etdiyi hərbi embarqonun qaldırılması barədə razılıq əldə edilib. Xatırladaq ki, Kanada hökuməti İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi “Bayraktar” PUA-larında bu ölkənin istehsal etdiyi sensorların olduğunu bəhanə gətirərək, qadağa tətbiq etmişdi.

Nəhayət, Ərdoğan, Türkiyənin Avropa Birliyinə üzv olması üçün prosesi bərpa etmək niyyətini açıqlayıb. O, Baydenlə görüşü zamanı da ABŞ-dan bu istiqamətdə yardımçı olmağı xahiş edib. Öz növbəsində İsveç baş naziri Ulf Kristersson AB-yə üzv olmaq üçün Türkiyəyə yardım edəcəklərinə söz verib. Stokholm həm də, PKK terror təşkilatını dəstəkləməməyə və təhlükəsizlik sahəsində Ankara ilə əməkdaşlıq etməyə boyun olub.

Qərb dövlətləri Ərdoğana verdikləri sözü tutacaqlarmı? Buna sona qədər əmin olmaq olmaz. ABŞ istənilən an “F-16”la bağlı yeni tələb irəli sürə bilər. Artıq bununla bağlı ilk xəbərlər də gəlməkdədir. Məlumata görə, Türkiyədən “F-16”ların Yunanıstana və ABŞ-ın digər müttəfiqlərinə qarşı istifadə edilməyəcəyi təminatı istənilir.

Kanada da hələlik hərbi embarqonu götürməyib və istənilən an yenidən tətbiq edə bilər.

Elə İsveçin də PKK məsələsində nə qədər səmimi olduğu bilinmir. Stokholm bundan əvvəl də Türkiyə ilə əməkdaşlığa söz versə də, sonda bunu etməmişdi. AB üzvlüyü məsələsi də asan iş deyil. Birlik təkcə İsveçdən ibarət deyil və Türkiyənin bu yolda önünün açıldığını söyləmək olmaz.

Amma Türkiyə də yekun qərar qəbul etməyib. İsveçin NATO üzvlüyü ilə bağlı protokol parlamentə hələ payız sessiyasında göndərilməlidir. Ankara bu müddət ərzində ona verilən vədlərin yerinə yetirilməsinə çalışa bilər. Müsbətə doğru dəyişiklik olmasa, sənəd parlamentdən qayıda və ya ümumiyyətlə, ora yetişməyə bilər.

Nəhayət, NATO sammitində baş verənlərə Moskvanın münasibəti barədə. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ankaranın İsveçin NATO üzvlüyü ilə bağlı razılığını belə şərh edib: “Biz heç bir zaman Türkiyənin NATO üzvü olduğunu unutmamışıq. Onların atdığı addımlardan özümüz üçün nəticə çıxarırıq”.

Putinin mətbuat katibi Dmitri Peskov da dilə gəlib: “Türkiyənin NATO qarşısında öhdəlikləri var və bu, bizim üçün sirr deyil. Amma Ankara “çəhrayı eynəyini” çıxarsa yaxşıdır, onları heç kim Avropa Birliyində gözləmir”.

Press Klub