Logo
news content
User
Kateqoriyalar

Analitika

“Cavab mənfi olarsa, Bakı hərəkətə keçəcək...”
Ekspert: “Regionda yalnız Azərbaycanın şərtləri daxilindəki sülhün alternativi yoxdur”

Vaşinqtonda sülh sazişinin mətninin razılaşdırılması ilə bağlı Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında danışıqlar davam etdiyi, baş nazir Nikol Paşinyanın isə hökumətin iclasında “bölgəmizdə sülhün alternativi yoxdur” bəyanatı verdiyi bir vaxtda, Qarabağın özündə tamamilə başqa mənzərə müşahidə olunurdu.

News.am-ın məlumatında deyilir: “İyunun 29-da Artsax Respublikası Milli Məclisinin 7-ci çağırışının 7-ci sessiyasının yekun iclası çağırılıb. 

Prezident Arayik Arutyunyan ölkədəki vəziyyət, Azərbaycanın təxribatları, danışıqlar prosesi ilə bağlı deputatların çoxsaylı suallarını cavablandırıb.

Prezident, Artsaxın öz müqəddəratını təyinetmə hüququ ilə bağlı sualı cavablandıraraq deyib: “Bizi burada saxlayan öz müqəddəratını təyinetmə hüququmuzdan istifadə etmək imkanıdır”. O, vurğulayıb ki, qarşıda hələ çox çətinliklər var, amma ümumi məqsəd varsa, bütün qüvvələr bu məqsəd ətrafında birləşməlidir.

Arayik Arutyunyan təlaş əhval-ruhiyyəsinin yayılmasını qəbuledilməz hesab edərək, ölkəni parçalayan hadisələri barədə danışıb. “Belə hallara qarşı mübarizə gücləndiriləcək, etimadsızlıq mühiti yaradanlar cəzalandırılacaq”.

Göründüyü kimi, Qarabağ ətrafında belə bir paralel reallıq hökm sürür. Və bu vəziyyətdə nə etmək lazım olduğu da asan sual deyil. Axı İrəvan Bakını sülh müqaviləsində Qarabağ ermənilərinin milli hüquqları və təhlükəsizlik təminatının hansısa formada qeyd olunmasına razı salmağa çalışır. Ermənistan rəhbərliyi artıq onlar üçün hansısa status haqqında düşünmür. Və sonra görürük ki, “prezident” Arayik Arutyunyan yenə də əvvəlki kimi “öz müqəddəratını təyinetmə hüququnu reallaşdırmaq imkanı” haqqında köhnə “nəğməsini” səsləndirir. Yəni, rəsmi İrəvan və Qarabağ ermənilərinin faktiki rəhbərləri arasında tamamilə bir-birinə uyğun gəlməyən mövqelər var. Bəs bununla nə etmək lazımdır? Əlbəttə ki, Moskva bundan xəbərdardır və bəlkə də, separatçılar arasında özü bu cür əhval-ruhiyyə yaradır. Belə bir vəziyyətdə Azərbaycan nə etməlidir? Rusiya sülhməramlılarının Qarabağda qalmasının birinci müddətinin başa çatmasını (2025-ci ilin sonuna qədər) gözləmək, onların ölkədən çıxarılmasını təmin etmək, sonra isə Arutyunyan və Qarabağ ermənilərinin gələcək taleyi ilə bağlı onun fikirlərini bölüşənlərlə məsələni zor gücü ilə həll etmək?

Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktor müavini Fuad Çıraqov bununla bağlı fikirlərini Press Klubla bölüşüb.

Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin bu il mayın 28-dən Laçında çıxışından sonra Bakı gözləyir ki, Qarabağdakı qeyri-qanuni qurumun rəhbərləri Azərbaycanın iki tələbindən yalnız birini seçəcəklər.

“Azərbaycanın tələbi heç də ikimənalı deyil, aydın və birbaşadır. Bu qeyri-qanuni birləşmələr özünü buraxmalı, onun rəhbərləri isə Azərbaycandan bağışlanmalarını xahiş etməlidirlər. Azərbaycanın mesajı aydın idi: onlar bu şərtləri qəbul edib-etmədiklərini cavablandırmalıdırlar. Əgər cavab mənfi olarsa, o zaman Bakı birtərəfli qaydada hərəkət edəcək. Əgər cavab birmənalı olaraq “hə” deyilsə, indi onların nə deməyindən, etməyindən asılı olmayaraq, Bakı bunu “yox” kimi qəbul edəcək.

Paşinyan deyir ki, regionda sülhə alternativ yoxdur. O, tam haqlı deyil. Regionda yalnız Azərbaycanın şərtləri daxilindəki sülhün alternativi yoxdur”, - analitik yekunlaşdırıb.

Rauf Orucov