Logo
news content
User
Kateqoriyalar

Analitika

“Bu, kino olmadı...” 
Tamaşaçının həsrətlə gözlədiyi “o kinolar” indi niyə çəkilmir?

“Hardadı o köhnə kinolar?”… “Heyif deyildi əvvəlki filmlər, dadı-duzu yerində, aktyorlar da ki, ayrı aləm…”

Bəzən qınaq, bəzən də yanğı ilə deyilən bu sözləri yəqin ki, hamımız eşitmiş, az da olsa, hələ işlətmişik də. Səbəbi odur ki, son illər Azərbaycanda çəkilən filmlər sovet dövrünün, xüsusilə də son illərinin məhsulu olan filmlərlə nəinki müqayisəyə gəlmir, hətta tərəziyə belə qoyulası deyil. Bəzi istisnalar var, əlbəttə, lakin bu ümumi vəziyyəti dəyişmir. Kino sənayemiz, xarici auditoriya bir yana, heç daxildəki tamaşaçı kütləsini belə qane edən məhsullar yaratmır.   

Niyə? Ənənə var, istedadlı aktyorlar, insafən, yetərincə. Kino infrastrukturu pis-yaxşı elə sovet dövründən qalan studiyalar və idarələrdir. Üstündə də müasir texnologiyaların vasitəsilə yeniləri qurulub. Bəs, məşhur filmdə deyildiyi kimi, “o əjdahadan” indi niyə çəkilmir? Niyə son illərdə çəkilən filmlərimiz tamaşaçıda sövt Azərbaycanının kino məktəbinin məhsulları qədər zövq və emosiya yaratmır? 

Söz yox ki, günümüzdə kinoşünaslar, kino mütəxəssisləri və bu sahədə əlindən gələni əsirgəməyən istedadlı insanlarımızın işləri izlənilir, lakin kinonu yaradan rejissordursa, yaşadan da tamaşaçıdır. Sözsüz ki, tamaşaçının istənilən sənət əsərindən, o cümlədən də kinodan gözləntiləri həmişə yüksək olub. Elə bunu nəzərə alaraq, xalqın dilindəki suallarla kino mütəxəssislərimizə müraciət etdik. 

Əvvəllər teatr tamaşalarını və kinoları kinoteatrlarda, başqa mədəniyyət obyektlərində izləmək olurdu. İndi isə internet var, Youtube, çoxsaylı kino saytları, müxtəlif resurslar fəaliyyət göstərir. Bu qədər imkanların içərisində Azərbaycan kinosunu necə baxımlı etmək olar? Necə edək ki, bizim də “imzalar içində imzamız olsun”? 

“Bu gün Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti milli kino və televiziyalarımızın istehsal etdiyi keyfiyyətsiz mənəvi qidalarla qane olmadığından  Amerika, Qərbi Avropa ölkələri Çin, Rusiya kimi super dövlətlərin kino və televiziya məhsullarına üz tutur”. 

Bu sözləri old.pressklub.az-a açıqlamasında rejissor, kino mütəxəssisi Eltən Törəçi deyib. O, hesab edir ki, elə bunun da nəticəsində Azərbaycanın milli kimliyi məhv olur və beyin dizaynı, düşüncə tərzi, həyata baxışı dəyişir. 

“Müxtəlif yad kultlar, fəlsəfi düşüncə tərzi, ideologiyalar beyinləri işğal edir və    xalqın milli kimliyi tədricən yoxa çıxır. Azərbaycan tamaşaçısı da amerikan, çinli,  rus, italyan, fransız kimi düşünməyə başlayır” - Eltən Törəçi deyir. 

Bəs, problemin həlli yolu? Bunun qarşısını almaq üçün nələr edilməlidir? Eltən Törəçinin fikrincə, problemin həlli bir neçə mərhələdən ibarətdir: 

“Birincisi, Azərbaycanda piratlıq qadağan olunmalı, müəllif hüquqları ilə məşğul olan qurumlar  öz fəaliyyətlərini gücləndirməlidir . Video və audio portallar bağlanmalı, televiziyalarda yayımlanan proqramlardakı ideya oğurluğuna son qoyulmalı, plagiat musiqilərin istifadəsi qadağan edilməlidir. 

İkincisi, Azərbaycanın bütün bölgələrində müasir tələblərə cavab verən kinoteatrlar açılmalıdır. 

Üçüncüsü, milli kinomuzu formalaşdırmaq üçün xarici ölkələrdən, o cümlədən də  Türkiyədən kino və televiziya mütəxəssisləri dəvət olunmalı, Azərbaycan dövlətinin daxili siyasətinə uyğun kino və televiziya layihələri həyata keçirilməlidir.  Bu layihələri icra edən xarici mütəxəssislərin yanında milli təfəkkürlü  kadrlar yerləşdirilməli və onlara həmdə bu layihə çərçivəsində praktiki  dərslər keçilərək, kadrlar ixtisaslaşdırılmalıdır. 

Dördüncüsü, dövlət kino, televiziya və digər incəsənət sahələrində işləyən şəxslərlə ardıcıl olaraq iş aparmalı, onlar lisenziya ilə təmin edilməli və vaxtaşırı sertifikatlaşdırılmalıdır. 

Beşincisi, KİV-də reklam qiymətləri tənzimlənməlidir. 

Altıncısı, reytinq ölçən şirkətlərin fəaliyyətinə nəzarət olunmalı, texniki bazaları gücləndirilməli və reytinqlər hər kəs tərəfindən rahatlıqla izlənilə bilən olmalıdır”.

Mövzunun davamını kinorejissor Fərid Kərimovla müzakirə edirik. Bu dəfə başqa suallarla: Azərbaycanın müharibədəki qələbəsi ilə bağlı filmlər niyə çəkilmir? Bəlkə “bunun üçün müəyyən qədər zaman keçməlidir” deyənlər haqlıdırlar? 

Müsahibimiz deyir ki, əvvəla, bu mövzuda 2-3 film artıq var və təbii ki, uğursuz olduğu üçün çox nümayiş olunmur. İkincisi də bu elə bir mövzudur ki, ya yeri gəldi-gəlmədi vətənpərvərlik etməlisən, ya da kim nə deyirsə, onu: “Düşünürəm ki, gərək Mədəniyyət Nazirliyi özü belə mövzuda filmlərin çəkilməsində maraqlı ola və buna uyğun addımlar ata”. 

Bəs, Azərbaycanda kinoya maraq oyatmaq üçün nələr edilməlidir? 

Fərid Kərimovun fikrincə, təəssüf ki, Mədəniyyət Nazirliyi kinonu çox da önəmsəmir, maraq dairələrində deyil: “Kino Agentliyi (ARKA –red.) adlı qurum yaratdılar ki, kinoya dəstək verilsin. Təəssüf ki, ARKA da bizi irəliyə yox, arxaya apardı. Nə qədər ki, bizdə qohumbazlıq, dost-tanışa dəstək çox olacaq, kino sahəsi inkişaf etməyəcək . İlk növbədə gənclərə dəstək verilməlidir. Köhnə sovet düşüncəsi artıq kinodan getməlidir, eyni zamanda kinoya biznes kimi yanaşmamaq lazımdır. Qısası, öz yağında bişməsi üçün şərait yaradılmalıdır. Bundan sonra kino inkişaf edəcək”.

Azərbaycan tamaşaçılarının hansı filmlərə daha çox ehtiyacı var? Hansı filmləri indi çəkmək daha vacibdir? 

Bu suallarımıza isə tanınmış jurnalist, mədəniyyət yazarı Ramilə Qurbanlı cavab verir. O, old.pressklub.az-a açıqlamasında deyib ki, bu gün Azərbaycanda, eləcə də dünya kinosunda bəşəri filmlərə daha çox ehtiyac var. “Qarabağ müharibəsindən filmlər çəkilməlidir, amma xırda, cılız hisslərə yox, bəşəri duyğulara xidmət edən filmlər. O film ki, mərkəzində insan olsun. Onun mənəvi dünyası, taleyi, insan amili əsas götürülsün. Alman, ingilis, azərbaycanlı, erməni yox, məhz insan əsas olsun. Hər hansı ölkədə istənilən millətin nümayəndəsi o insanı özü kimi bilsin, onun barəsində çəkildiyini düşünsün.  Amma həm də Azərbaycan kinosu olsun. Azərbaycan kinosunun öz imzası olmalıdır. Ümumilikdə bunu anlamalıyıq ki, kinodan olan gözləntilərimizi yaratmaq və yaşatmaq üçün tələbkar və doğru baxışı seçməliyik” – Ramilə Qurbanlı deyib. 

Kino onu istehsal edən cəmiyyətin dəyərlərini daşıyan mənəvi məhsul olmaqla yanaşı, həmkarımızın dediyi kimi, həm də bəşəri dəyərləri ehtiva etməlidir. Çünki biz çəkdiyimiz filmlərə təkcə özümüz yığışıb baxmalı deyilik, həm də onu dünyaya təqdim etməli, Azərbaycan mədəniyyətinin kinosunun nümunəsi kimi tanıtmalıyıq. Bunun üçün isə həm maddi zəmin, həm də mənəvi tələblər – istedad, baxış, yanaşma, innovasiya tələb olunur. Dövlətin və kino sahəsində çalışan insanların bu amilləri nəzərə alaraq, yeni, daha sanballı sənət nümunələri yaradacaqlarına böyük inamla...

İlahə Mirzəyeva