Bu gün İranda nə dəyişəcək? – AKTUAL ŞƏRH
“O, Xameneidən qüdrətli olmayacaq ki, nə islahatı apara bilər?”
28 İyun 2024
Bu gün İranda növbədənkənar prezident seçkiləri keçirilir. İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra iyunun 28-nə növbədənkənar prezident seçkiləri təyin olunub. Hökumət rəhbəri olmaq uğrunda 4 namizəd - Məhəmməd Bağır Qalibaf, Səid Cəlili, Mostafa Purməhəmmadi və Məsud Pezeşkian - mübarizə aparır. Namizədlər biri - Məsud Pezeşkian milliyyətcə türkdür.
İrandakı prezident seçkiləri ilə bağlı rəy verən əksər ekspertlər bildirirlər ki, kampaniyada iştirak edənlər, etnik və siyasi kimliyindən asılı olmayaraq, İran rejiminə qulluq edirlər, rəsmi Tehranın siyasi kursunu dəyişmək, ona təsir etmək prezidentin imkanı daxilində deyil. Ötən seçkilərdə də hakimiyyət içindəki “islahatçı” qanadı təmsil edən namizədlər ölkədə islahat aparacaqları, qeyri-fars xalqların milli-mədəni hüquqlarını təmin edəcəklərini söz versələr də, reallıq onu sübut etdi ki, hakimiyyətə gəldikdən sonra onlar rejimin ənənəvi siyasətinin icraçısına çevrilirlər.
Bununla belə, suallar aktualdır: hazırkı namizədlərdən hansının qalib gəlməsi İran üçün nə vəd edir? İranın daxilində köklü dəyişikliklər baş verə bilərmi? Məsud Pezeşkian qalib gələrsə, bu, siyasi baxımdan İran və Azərbaycana necə təsir göstərəcək? Müsbət addımlar ata və köklü dəyişikliklər edə biləcəkmi?
Mövzu ilə bağlı Pressklub.az-a danışan politoloq, professor Xaləddin İbrahimli deyir ki, İranda prezident seçkiləri heç nəyi dəyişməyəcək və nəyinsə dəyişməsini gözləmək lazım deyil. Çünki İran rejimi və anayasa dəyişməsə, teokratik quruluş ortadan qalxmasa, prezident kim olursa-olsun, əvvəlki prezidentlər kimi çalışmağa məcbur qalacaq.
“Namizədlərdən biri türkdür. O da seçilsə, şübhəsiz, heç nə dəyişməyəcək. Dövlətin başında duran Xamenei də türkdür. Nə dəyişir? Nəyi dəyişdirə bilir? Xamenei ev məhbusu olan, 40 milyonluq toplumun danışdığı dilin daşıyıcısıdır. Amma heç bir islahat apara, heç bir iş görə bilmir. Eləcə də yeni namizəd. O, hər halda, Xameneidən qüdrətli və geniş səlahiyyətlərə malik olmayacaq. Nə islahatı apara bilər? İran teokratik rejimini və anayasasını dəyişdirib, demokratik anayasa qəbul etdirəcək? Yoxsa İranda türk dilini ev məhbusluğundan çıxaracaq?” – professor İbrahimli deyir.
Müsahibimiz deyir ki, İranla bağlı əsas narahatlığımız iki məsələ ilə bağlıdır. Birincisi, İranda teokratik rejim dəyişsin, normal demokratik rejim bərqərar olsun. O zaman Azərbaycanla münasibətlər də düzələcək. İkincisi də türk dili bəraət alsın və azadlıq qazansın. Bu işləri görən rəhbəri, bəli, islahatçı adlandırmaq olar. Amma bunlar yoxdursa, islahat da yoxdur. Ola bilər ki, hansısa dekorativ xarakterli iqtisadi dəyişikliklər olsun. Amma İranın köklü xarici siyasəti və daxili siyasəti dəyişməyəcək. Ona görə də bu prezident seçkiləri formal bir şeydir. Bizim bu seçkidən heç bir gözləntimiz olmamalıdır:
“Bəzi fikirlər var ki, bu seçkilərdən sonra İranın qərbə münasibəti dəyişəcək. Mümkün deyil. Bu rejimin qərbə yönəlik siyasəti dəyişməyəcək və İran yenə də əvvəlki kimi ABŞ ilə gizli müttəfiq olaraq qalacaq. İran şiə və məzhəbçilik siyasətindən üz döndərməyəcək, qərbin əlində islam dünyasını dağıdan alət olaraq qalmağa davam edəcək. O, hər zaman olduğu kimi, Orta Asiyanı qarışdıracaq və Orta Asiyadakı terror təşkilatlarını dəstəkləyəcək. Yəni, qərb siyasəti də, Ermənistan, Türkiyə, hətta Azərbaycan siyasəti də dəyişməyəcək”.
İranın xarici siyasət vektorlarının dəyişməyəcəyini vurğulayan İbrahimli bildirir ki, İran Hindistanla birgə Ermənistanı silahlandıracaq, Fransa və ABŞ ilə birlikdə Ermənistanı himayə siyasətini davam etdirəcək. Ona görə də İranda köklü dəyişiklik olması üçün, rejimin də köklü dəyişməsi lazımdır:
“Hakimiyyətə gələn türk belə olsa, bunlar imkansız şeylərdir. Əksinə, türkün seçilməsi daha təhlükəlidir. Çünki türklər deyir ki, İran bizimdir. Bu isə daha böyük rahatlıq yaradır. İş adamları üçün ola bilər ki, sərf etsin, amma İranın nəyi sizindir ki, İranda öz ana dilimizdə danışmağa haqqınız belə yoxdur? İnsanların ana dilində danışma haqqı yoxdursa, deməli, o ölkə onlara aid deyil. Onlar sadəcə ikinci, üçüncü və dördüncü dərəcəli bir xalqdır”.
Mədinə Useynova