Logo
news content
User
Kateqoriyalar

Analitika

“Bu, Bakı ilə Moskva arasında həll olunmuş məsələdir”
Ekspertlər sülhməramlıların gedişinin İranın hədələri ilə bağlı olduğunu inandırıcı saymırlar

Rusiya hərbi kontingentinin Qarabağı müəyyən edilmiş vaxtdan tez tərk etməsi müxtəlif şərhlərə yol açıb. 2020-ci il noyabrın 20-də imzalanmış üçtərəfli bəyanata əsasən, Rusiya sülhməramlı hərbi kontingenti Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq beş il müddətində yerləşdirilmişdi. Yəni Rusiya sülhməramlı hərbi kontingentinin Qarabağda xidmət müddəti 2025-ci ilin noyabr ayında bitəcəkdi. Amma həmin vaxta 6 ay qalmış - aprelin 16-dan Rusiya sülhməramlıları Qarabağı birdəfəlik tərk etməyə başladı. 

Mövzunun müzakirəsi davam edir, gözlənilməz gedişin səbəbləri araşdırılır. Ən diqqətçəkən şərhlərdən biri 2007-2012-ci illərdə Azərbaycanın Avropa Şurasında daimi nümayəndəsi olmuş Arif Məmmədovdan gəlib. O, “Turan”a açıqlamasında deyib ki, bu qəfil gediş Bakı ilə Moskva arasında yox, Moskva ilə Tehran arasındakı razılaşmanın nəticəsidir. Məmmədovun iddiasına görə, İran Rusiyaya xəbərdarlıq edib ki, İsrail Azərbaycanın Qarabağ bölgəsində özünün radioelektron mübarizə avadanlıqlarını və dronları idarə edən texnikasını yerləşdirib. İsrail İrana zərbə endirsə, İran da bölgəyə cavab zərbəsi vuracaq və bu zaman Rusiya hərbi kontingentinin orada olmasını istəmir. 

Keçmiş səfirin fikirləri nə dərəcədə məntiqlidir? Bu iddianı inandırıcı saymaq olarmı? 

Hərbi ekspert Azad İsazadə mövzunu Pressklub.az-a şərh edərkən bir xatırlatma edib: “Sülhməramlıların Qarabağı tərk etdiyi gün erməni ekspert David Şahnazaryan eyni fikirləri söyləmişdi”

Ancaq müsahibimiz İranın Qarabağda sülhməramlıların olduğu yerə zərbələr endirəcəyi ilə bağlı fikirləri inandırıcı saymır. Onun fikrincə, İran Azərbaycanı vurmaq fikrinə düşsə, daha strateji əhəmiyyətli və qərbin maraq obyekti olan layihələri hədəf alar: “İsrailin Qarabağda hərbi obyekt yerləşdirməsi həqiqət olsa belə, Ağdama, Füzuliyə və ya Cəbrayıla yerləşdirər. Sülhməramlılar isə bu zonalarda deyildi və onlar zərbə altına düşməyəcəkdilər. Əksinə, belə bir zərbə olsa, onların Azərbaycanda rolu güclənər və belə bir təhlükə olduğuna görə sülhməramlılar ərazidən çıxmaq əvəzinə saylarını artırardı”

Ekspert deyir ki, bu məqamda Türkiyə və Pakistan amilini yaddan çıxarmamaq lazımdır. İrandan Azərbaycana qarşı hər hansı hərbi təzyiq olsa, Türkiyə buna reaksiya verəcək. Pakistan və Türkiyə ən azı diplomatik və siyasi yolla İrana təzyiq göstərəcəklər. 

“Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanı tərk etməsinin İsrail-İran gərginliyi ilə əlaqəsi olduğuna inanmıram”. 

Bu sözləri isə saytımıza danışan politoloq Şahin Cəfərli deyib.

Politoloq qeyd edir ki, İran yalnız o halda Azərbaycan ərazisinə zərbələr endirə bilər ki, İsrail və İran arasında böyük müharibə başlasın və Azərbaycan öz ərazisini İsrailə İrana zərbələr endirmək üçün təqdim etsin. Yalnız bu halda İran Azərbaycan ərazisindəki İsrailin istifadə edəcəyi hərbi obyektlərə zərbələr endirə bilər: “İran və İsrail arasında müharibə başlayarsa, Azərbaycan öz ərazisini İrana qarşı istifadə etməsi üçün İsrailə təqdim etməz. Bu baxımdan da göstərilən ehtimallar doğru  səslənmir. Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanı tərk etmə səbəblərini Rusiya-Azərbaycan əlaqələri kontekstində araşdırmaq lazımdır”. 

Ş.Cəfərli deyir ki, Azərbaycan və Rusiya arasında qarşılıqlı etimada əsaslanan münasibətlər formalaşıb. Baş verən hadisələri və qəbul olunan qərarları bu çərçivədə qiymətləndirmək lazımdır. Qarabağ məsələsi həll olunduqdan sonra sülhməramlıların orada qalmasının heç bir əsası yox idi . Yəni, yerli erməni əhali oranı tərk etdikdən sonra “Rusiya sülhməramları Qarabağda niyə qalıb və nə ilə məşğuldur?” kimi suallar aktuallaşmışdı. Bu baxımdan, onlar gec-tez Azərbaycanı tərk etməli idilər. Yalnız bu halda Rusiya sülhməramlıları Qarabağda qala bilərdi ki, onlara başqa bir status - “Rusiya hərbi bazası” statusu verilsin. Bu isə o qədər də real görünən bir məsələ deyildi. Azərbaycanın hərbi doktrinasında qeyd olunur ki, ölkə ərazisində xarici dövlətlərin hərbi bazaları yerləşdirilə bilməz. 

“Hərbi doktrinada dəyişiklik etmək mümkün idi. Amma rəhbərlik buna ehtiyac görmədi. Artıq bu, Bakı ilə Moskva arasında həll olunmuş məsələdir. Hər iki ölkə arasındakı danışıqlarda mətbuata açıqlanmayan, gizli razılaşmaların olması mümkündür. Təbii ki, bu gizli razılaşmalar bərədə məlumatımız yoxdur. Biz, sadəcə, 2022-ci ildə imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannaməyə istinad edə bilərik. Bu, iki ölkə arasındakı münasibətlərin müttəfiqlik səviyyəsinə qalxdığını ehtiva edən bir sənəddir”. 

Politoloqun müşahidəsinə görə, son aylarda hər iki tərəf həmin sənəddə nəzərdə tutulan öhdəlikləri yerinə yetirir: “Azərbaycanın son vaxtlar qərblə yaranmış soyuqluğunun və gərginliyinin də səbəbini bunda axtarmaq olar. Çünki Azərbaycan regional geosiyasətdə Rusiyanın maraqlarını daha fəal nəzərə almağa başlayıb. Rusiya tərəfini bu siyasət qane edir. Belə olan halda da onlar Azərbaycan ərazisində hansısa məhdud hərbi kontingentin saxlanılmasını xüsusi həyati və vacib bir məsələyə çevirmədilər. Proseslərin necə inkişaf edəcəyini isə sonrakı mərhələlərdə müşahidə edəcəyik”.

Mədinə Useynova