Logo
news content
User
Kateqoriyalar

Analitika

Brüssel formatı da gündəlikdən çıxır?
Bakı sülh danışıqlarının ,və məkanını təzələyir 

“İndi Azərbaycan və Ermənistan gələcək sülh müqaviləsi üzərində fəal işləməlidirlər. Biz vasitəçilik səylərini alqışlayırıq. Nə qədər ki, birtərəfli və ya qərəzli deyil, biz istənilən yardımı alqışlayırıq. Ancaq fikrimcə, bu baxımdan ən düzgün seçim - həm tarixi əlaqələr, həm də coğrafi faktorlar nəzərə alınmaqla - şübhəsiz ki, Gürcüstan ola bilər. Mən cənab Baş nazirə minnətdaram ki, o da bu sahədə vasitəçilik imkanları təklif edir. Hesab edirəm ki, buna hazır olan bir ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik. Əgər Ermənistan da razılaşarsa, o zaman bizim müvafiq qurumların rəhbərləri Gürcüstana gələrək həm ikitərəfli, həm də üçtərəfli görüşlər keçirə bilərlər”.

Bunu Prezident İlham Əliyev dünən Tiflisdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə keçirdiyi mətbuat konfransında deyib.

Bundan əvvəl Gürcüstan hökumətinin başçısı deyib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi bütövlükdə Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasına töhfə verəcək. “Bu, bizim çiçəklənməyimizə gətirib çıxaracaq. Gürcüstan bu prosesdə həmişə neytral, qərəzsiz mövqe tutur. Biz barışıq prosesinə təvazökar töhfəmizi verməyə hazırıq. Bizim gələcəyimiz dinc və sabit olmalıdır və biz Cənubi Qafqazın üç ölkəsi regionun problemlərini və gələcək inkişafımızı həll etməyi bacarmalıyıq”, - Qaribaşvili bildirib. 

Gürcüstan rəhbərliyi bundan əvvəl də Bakı ilə İrəvan arasında sülh danışıqlarını təşkil etməkdə maraqlı olduğunu bəyan etmişdi. Amma tərəflər Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə və daha sonra Moskvada danışıqlar aparmağa üstünlük veriblər. Hazırda Ermənistan-Rusiya gərginliyi, habelə Kremlin regionda xüsusi maraqları bu formatı tamamilə gündəlikdən çıxarıb. İrəvan Rusiyanın qatıldığı üçtərəfli prosesdə iştirak etmir, Qarabağda keçirilən antiterror əməliyyatından sonra 10 noyabr bəyanatından de-fakto çıxdığını bəyan edib. Ermənistan rəhbərliyi bəyan edib ki, Rusiya sülhməramlıları məsələsi də Moskva ilə Bakı arasında həll edilməlidir. 

Brüssel formatına gəlincə, 5 oktyabrda Qranadada nəzərdə tutulmuş beştərəfli görüşün iflasından sonra Bakıda Qərbin vasitəçiliyi ilə bağlı yeni suallar yaranıb. Azərbaycan Fransanın birtərəfli - Ermənistana dəstək mövqeyinə etiraz olaraq, Qranada görüşündə iştirak etmədiyini bəyan edib. Həmin görüşdə Avropa İttifaqı, Fransa, Almaniya liderləri və Ermənistanın Baş nazirinin imzaladığı bəyanatda Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə də dəstək ifadə edilib. Azərbaycan Prezidenti İlham Əliyev Aİ lideri Şarl Mişellə telefon söhbətində sözügedən bəyanata görə ona etirazını bildirib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın iştirak etmədiyi görüşlə bağlı bəyanata adının salınması doğru deyil. “Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq”, - Əliyev vurğulayıb.

Prezident Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olduğunu deyərək, bu kəndlərin işğaldan azad olunmasının vacibliyini vurğulayıb.

Şarl Mişel öz növbəsində Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etməyə hazır olduğunu bildirib. İlham Əliyev Brüssel formatının davam etdirilməsinə müsbət yanaşdığını deyib, habelə Paşinyan da oktyabrın sonunda təklif olunan müzakirələrdə iştirak etməyə hazır olduğunu bildirib.

Məhz belə bir vaxtda İlham Əliyevin Gürcüstana səfəri və Tiflisin sülh danışıqları ilə bağlı təklif etdiyi vasitəçiliyə “hə” deməsi maraq doğurur. Belə məlum olur ki, Baş nazir Qaribaşvili Ermənistan rəhbərliyi ilə əlavə danışıqlar apararaq, onları Tiflisdə təşkil etmək istədiyi müzakirələrdə iştiraka razı salmalıdır. 

Maraqlıdır, İrəvandan müsbət cavab gəlsə, Brüssel formatı gündəlikdən çıxarıla bilərmi?

Prezident İlham Əliyevin Tiflisdə mətbuat konfransında səsləndirdiyi bəyanat, habelə Şarl Mişellə telefon danışığında ona narazılığını bildirməsi rəsmi Bakının Brüssel danışıqlarına marağının azaldığını göstərir. Çünki Əliyev Qaribaşvili ilə birgə sülh danışıqları üçün “ən düzgün seçim - həm tarixi əlaqələr, həm də coğrafi faktorlar nəzərə alınmaqla - şübhəsiz ki, Gürcüstan ola bilər”, - deməklə əslində seçimini etmiş kimi görünür. Bunu bir neçə səbəblə əlaqələndirmək olar:

Qarabağda antiterror əməliyyatlarına Qərbin mənfi reaksiyası, Avropa strukturlarının anti-Azərbaycan mövqeyi. Xüsusilə Şarl Mişelin də tərəfsizliyini pozaraq Ermənistanı dəstəkləməsi;

Qərbin davamlı olaraq Ermənistanı dəstəkləməsi və Azərbaycanın sülh sazişində əlavə şərtlər, tələblər irəli sürməsi üçün atmosferin olmaması;

Rəsmi Bakının Rusiyanın Qərbin sülh platformasına kəskin neqativ münasibətini nəzərə alması, 19 sentyabr antiterror əməliyyatının həyata keçirilməsinə “yaşıl işıq” yandırmış Moskvanın bəzi istəklərinin təmin olunması.

Rusiya xarici işlər naziri Sergey Lavrovun bu gün yerli mediada dərc olunan məqaləsində yer verdiyi ifadələr bu baxımdan diqqət çəkir: "Özünün geosiyasi ambisiyalarının qayğısına qalan Brüssel hazırda "vasitəçilik xidmətləri"ni Azərbaycanla Ermənistana sırıyır, Vaşinqtonla birlikdə Cənubi Qafqaza sabitsizlik gətirir. Artıq Yerevanla Bakı öz aralarında iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll ediblər, dinc həyatın qurulmasının, etimadın möhkəmlənməsinin vaxtı çatıb. Rusiya sülhməramlı kontingenti buna hər vasitə ilə töhfə verməyə hazırdır".

Prezident İ.Əliyev Şarl Mişellə söhbətində hələ də işğalda olan 8 kəndin azad edilməsi məsələsini qaldırması sülh danışıqlarının gündəliyini təzələyir və İrəvanda narazılıqla qarşılanır. Görünür, bütün səylərini ilin sonuna qədər Bakı ilə sülh razılaşmasına imza ataraq, ərazi bütövlüyünə beynəlxalq qarantiya almağa yönəldən Paşinyan hökuməti üçün bu, heç də asan olmayacaq. Bakı danışıqlar üçün yeni məkan (Tiflis) və yeni gündəlik təklif edir.    

Ermənistan hansı qərarı verəcək, bu, yaxın günlərdə Qaribaşvilinin İrəvanla apardığı danışıqların nəticəsindən asılıdır. 

Ehtimal etmək olar ki, Paşinyan Qərb tərəfdaşları ilə məsləhətləşdikdən sonra addım atacaq, onun Tiflisdə İlham Əliyevlə görüşdən imtina edəcəyi ağlabatan deyil, amma Bakının yeni şərtlərini asanlıqla qəbul edəcəyi də gözləmək olmaz.

Azərbaycana gəlincə, İlham Əliyevin Brüssel formatına qaldığı yerdən davam etməsi məntiqli görünmür. Əgər Paşinyan Tiflis müzakirələrində davamlı iştirak etməyə qərar verəcəksə, o zaman Avropa İttifaqının vasitəçilik missiyasının bitdiyini söyləmək olar. Ola bilsin, İrəvan Tiflis görüşü ilə bağlı tezliklə qərar verməsin, o zaman oktyabrın sonunda Aİ-nin paytaxtında Əliyev-Paşinyan görüşü keçirilə bilər. Amma Bakı orada hər hansı ümidverici mövqe sərgiləməyəcək. 

Gürcüstanın digər iki qonşusu arasında sülh danışıqlarına vasitəçilik etməsi Rusiya üçün də məqbuldur. Moskva bu formata regionda irəli sürdüyü 3+3 formatının ilk uğur hekayəsi kimi baxa bilər. Əsas məsələ Qərbin prosesdən, ümumiyyətlə, regiondan kənarda qalmasıdır, Azərbaycan da bu mövqedədir, qalır Qərbin Cənubi Qafqazda əsas müttəfiqi Paşinyan hökumətinin nə deyəcəyi…

Turqut