Logo
news content
User
Kateqoriyalar

Analitika

Brüssel danışıqları təxirə düşə bilər...
Azərbaycan-Ermənistan mövzusu arxa plana keçir 

Azərbaycan və Ermənistanın xarici siyasət vektorunda baş verən dəyişikliklər gözlənilən sülh müqaviləsinin imzalanmasında əngələ çevrilir. Oktyabrın sonunda Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında keçirilməsi planlaşdırılan görüşün də məhz bu səbəbdən təxirə düşəcəyi gözlənilir. Qeyd edək ki, ayın sonuna az qalsa da, görüşün tarixi hələ də müəyyənləşməyib.

Rəsmi Bakının Avropa Birliyinə ciddi iradları var. Bu, əsasən Fransanın Ermənistanı hərbi-siyasi cəhətdən tam dəstəkləməsi, regionda yeni eskalasiya yaratmaq meylləri ilə bağlıdır. Qərb 19 sentyabr əməliyyatından əvvəl və sonra açıq şəkildə İrəvanı müdafiə edib, nəticədə Azərbaycan oktyabrın 5-də Qranada şəhərində keçirilən beştərəfli görüşdə iştirak etməyib.

Azərbaycanın əsas tələblərindən biri odur ki, Qranadada imzalanan bəyanat üçtərəfli Brüssel formatında hər hansı baza rolu oynaya bilməz. Bu dialoq mexanizmi 2 ilə yaxındır davam edir, onun aydın gündəliyi var. Fransanın diktəsi ilə onun yenilənməsi qəbuledilməzdir. İlham Əliyev Qranada görüşündən sonra Şarl Mişellə telefon söhbətində bu barədə onu xəbərdar edib. 

Xarici siyasət vektorunda dəyişikliklər dedikdə, Azərbaycanın Fransanın timsalında Qərbə inamsızlığı, əksinə, Ermənistanın rəsmi Parislə birgə hərəkət etməsindən söhbət gedir. Nikol Paşinyan ötən həftə Avropa Parlamentində çıxışında Ermənistanın Qərbə intenqrasiya siyasətini davam etdirəcəyini, ölkənin Avropa Birliyinə daxil olmaq hədəfini açıqlayıb və beynəlxalq dəstək istəyib.

Azərbaycan isə regional formata üstünlük verir, Türkiyənin irəli sürdüyü 3+3 prinsipi üzrə əməkdaşlıq formatının yaradılmasının fəal təşəbbüskarıdır. Rəsmi Bakı regional məsələlərin, o cümlədən Ermənistanla sülh danışıqlarının bu çərçivədə aparılmasını dəstəkləyir. Prezident İlham Əliyev bu yaxınlarda Tiflisə səfəri zamanı bu məsələ Gürcüstanın Baş naziri tərəfindən qaldırıldı və onun tərəfindən dəstəkləndi. Amma İrəvan bu təklifə isti baxmır, prosesin Qərb platformasında davam etdirilməsinə tərəfdardır.

Azərbaycan sülh danışıqlarının Moskvada və Tehranda aparılmasına etiraz etmir. Amma Rusiya variantı artıq İrəvan üçün tamamilə istisnadır. Bu günlərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan etdi ki, Azərbaycanla sülh müzakirələrinin 3+3 formatında aparılmasını istəmir. 

Beləliklə, Azərbaycanda Qərbin ədalətli vasitəçi olduğuna dair ciddi suallar yaranıb, Ermənistan isə bu platformaya hər hansı alternativ görmür. Qarşıdakı həftələrdə ABŞ-ın fəallaşacağı, xarici işlər nazirlərinin yenidən Vaşinqtona dəvət ediləcəyi istisna deyil. Rəsmi Bakı yazda və yayda keçirilən danışıqlarda fəal iştirak edib və Vaşinqtonun yanaşmasından narazı olmayıb. Amma Laçın yolu ilə bağlı yaranmış problem, daha sonra 19 sentyabr əməliyyatı vəziyyəti kökündən dəyişib. Rəsmi Vaşinqton hələlik sülh danışıqlarına dair yeni yanaşmasının olub-olmadığını açıqlamayıb.

Yaxın Şərqdə başlayan müharibə də Azərbaycan-Ermənistan sülh müqaviləsini beynəlxalq gündəmdən çıxarıb, indi Qərbdə əsas məşğuliyyət bu istiqamətlə bağlıdır. Ona görə də sülh mövzusunun ən azı bir neçə aylıq gündəmdə olmayacağını güman etmək olar...

Turqut