Logo
news content
User
Kateqoriyalar

Analitika

Britaniya ştammı nə dərəcədə təhlükəlidir?

COVİD-19 ilə mübarizə başa çatmamış virusun mutasiya olunmuş forması - Britaniya ştammı adalanan yeni növü yayılmağa başladı. Artıq ölkəmizdə də Britaniya ştammına yoluxma qeydə alınıb. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində "Sars Cov-2" genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkarlanıb.

Bəs, Britaniya ştammı nə qədər təhlükəlidir?

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov “Press Klub”a açıqlamasında 3 nəfərdə Britaniya ştammının təsdiqlənməsindən narahat olduqlarını söylədi:

“Virusun mutasiyaya məruz qalması reallığı var. Və bu, qeyri-adi bir hadisə deyil. Biz bunu davamlı şəkildə gözləyirdik. Türkiyə daxil olmaqla, Avropa ölkələrinin çoxunda qeydə alınmış bu ştammın ölkəmizdə olmaması mümkünsüz idi, bunun sığortası yoxdur”.

Mahmudov qeyd etdi ki, Britaniya ştammı və ya ona bənzər digər ştammların xüsusiyyətləri içərisində fərqlilik odur ki, yoluxma sürəti çok yüksəkdir:

“Bu da o deməkdir ki, qısa müddət içərisində saylar bugünkü bilinən rəqəmlərin qat-qat üstünə çıxa bilər. Onun insan həyatına təhlükəli olub-olmaması artıq çox da əhəmiyyət kəsb etmir. Çünki yoluxma sayı çox artdığı zaman eyni nisbətdə belə ölümə səbəb olsa, bu, avtomatik olaraq ölüm göstəricilərini də artıracaq. Ona görə də, həm Brianiya ştammının ölkəmizdə aşkarlanması, həm də yoluxma sayındakı sürətli artım hər bir dövlət kimi, bizi də narahat edir. Ola biləcək növbəti dalğalar qarşısında daha böyük tələfat verməmək, COVİD-19 xaric, digər xəstəliklərlə mübarizədə səhiyyəmizin xəstəxana və insan resurslarının tükənməməsi üçün cəmiyyətin hər bir üzvü məsuliyyətini dərk etməlidir”.

Professor Adil Qeybulla da Britaniya ştammında yoluxuculuq faktorunun üstünlük təşkil

etdiyini vurğuladı:

“Bunu artıq gündəlik həyatımızda müşahidə edirik. Avropa ölkələrində artan dinamika var, Azərbaycanın özündə də Britaniya ştammı təsdiq edilib. Bİzdə də yoluxmaların sayı sürətlə artır. Gündəlik həyatımızda da bu, özünü göstərir”.

A.Qeybulla xatırlatdı ki, koronavirusun Britaniya ştammı qonşu ölkələrdə də aşkarlanıb:

“Türkiyədə son günlər müşahidə olunan yoluxma sayındakı artım da virusun Britaniya ştammı ilə əlaqələndirilir. Ölkəmizdə Novruz bayramı ilə əlaqədar 9 gün tətil olacaq. Bu müddətdə bir çox insan regionlara getməyi planlaşdırır. Bu da öz növbəsində Britaniya ştammının yayılmasına, ölkədə epidemiolji vəziyyətin ağırlaşmasına səbəb ola bilər. Bunun qarşısını almaq üçün preventiv tədbirlərin görülməsi zərurəti yaranıb. Karantin qaydalarının sərtləşdirilməsi və ya yumşaldılması epidemioloji duruma birbaşa bağlıdır. Əgər artım olarsa, vəziyyət həddindən artıq pisləşərsə, statistikada dinamika günü-gündən artarsa, dövlətin müvafiq qurumları müəyyən qərarlar verməyə məcbur olacaq”.

Pulmonoloq İbrahim Əsədli Britaniya ştammının ölkəmizdə aşkarlanması xəbərinin heç də

yaxşı xəbər olmadığını bildirdi:

“Deməli, yeni xəstələrin sayı artacaq, xəstə sayı artdıqca da problemlər artacaq. O zaman bu vaksinasiya nəyə lazım idi? Bu koronavirus tibbi problem deyil, ictimai-siyasi problemdir”.

Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə də yeni ştammın təhlükəli tərəfinin daha sürətlə yayılması və daha çox insanı yoluxdurma qabiliyyəti olduğunu vurğuladı:

“Belə hallarda deyilir ki, variant kontagioz ştammdır, yəni daha çox insanı yoluxdura bilir. Epidemik cəhətdən yoluxduruculuq xüsusiyyəti çox olsa da, ölüm halları bu mutasiya üçün də eynidir. Britaniya ştammının özü də mutasiyaya uğrayır. Elementar bir misal çəkim: bir ailədəki 5 uşağın hamısı bir-birinə oxşayır? Xeyr. Virus da belədir. Bu gün koronavirus infeksiyasının 4000-dən çox mutasiyaya uğramış forması var. Sadəcə, onların içərisindən Britaniya variantı yoluxduruculuq baxımından daha təhlükəlidir. Ümumiyyətlə, virusun quruluşunu protein zülalları təşkil edir ki, burada baş verən hər hansı dəyişiklik onu mutasiyaya uğradır. Virusun quruluşu on minlərlə zülaldan təşkil olunub. Onun hər hansı birinin dəyişikliyi artıq mutasiya deməkdir.”

İnfeksionistin sözlərinə görə, Britaniya ştammı, Cənubi Afrika ştammı və yaxud COVID-19 infeksiyasında simptomlar arasında heç bir fərq yoxdur:

“İnsanlar əgər Britaniya ştammına yoluxarsa, nəinki onun özü, hətta infeksionist də bunu müəyyən edə bilməz. Hansı ştamma yoluxma olduğunu yanlız laboratoriya şəraitində PCR testlər etməklə müəyyənləşdirmək mümkündür. Aşkar edilsə belə, yeni ştammın müalicəsi də COVİD-19 ilə eyni olacaq. Bu zaman da eyni protokollar və eyni dərmanlar tətbiq ediləcək”.

Ülviyyə Şahin