Logo
news content
User
Kateqoriyalar

Analitika

Böyük yarış başlayır: əlacsız demokratlar, tərəddüdlü respublikaçılar
Baydenin tərəfdarlarının 68 faizi prezidentin lehinə deyil, Trampın əleyhinə səs verirlər

Amerika demokratları Donald Trampın mümkün yeni prezidentliyini vahimə ilə təsəvvür edirlər. Amma bu respublikaçıya rəqib olaraq yenə Co Baydeni,  81 yaşlı indiki prezidenti seçirlər. Onun isə reytinqi rəqibində dörd il əvvəl, seçkini uduzduğu zaman olduğundan daha aşağıdır. 

Keçid namizədi

Co Bayden yalnız bir kadensiya prezident olacağını heç zaman vəd etməyib, amma dəfələrlə buna eyham vurub. 

“Özümü keçid namizədi hesab edirəm”, – 2020-ci ildə deyirdi.

Həmin kampaniya zamanı onun 78 yaşı vardı və əsas vəzifəsi məlum idi: Donald Trampın ikinci dəfə seçilməsinin qarşısını almaq. Demokratların tərəfdarları Baydenin prezidentliyinin gənc nəsil siyasətçilər qarşısında güclü əngəl olacağından əndişə keçirsələr də, onun qələbə şansının digər namizədlərdən çox olması ilə razılaşırdılar. Xüsusən də söhbət elə bil bir kadensiyadan gedirdi – Baydenin 81 yaşında ikinci müddətə gedəcəyini az adam təsəvvür edərdi. 

Tərəfdarlarını sakitləşdirmək üçün Bayden özünü ölkənin gələcəyini formalaşdıracaq gənc nəsil və keçmiş siyasətçilər arasında körpü ilə müqayisə edirdi. Həmin vaxt səhnədə onun yanında Miçiqanın 48 yaşlı qubernatoru Qretxen Uitmer və keçmiş rəqibləri – 55 yaşlı Kamala Harris və 50 yaşlı Kori Buker dururdu. 

“Keçid namizədi” fikri demokratların çoxunu inandırdı ki, Bayden 2024-cü ildə öz yerini üçlükdən birinə – öz vitse-prezidenti seçəcəyi adama verəcək. Daha doğrusu, ikisindən – Uitmer və Harris – birinə, çünki vitse-prezidentliyə namizədin qadın olacağı artıq şübhə doğurmurdu. 

Bayden seçimini Kamala Harrisin üzərində saxlayanda əksəriyyət əmin idi ki, xanımın siyasi karyerası sürət yığacaq. Jurnalistlər onun haqqında yazırdılar: ABŞ vitse-prezidenti postunda ilk qadın, ilk qaradərili, ilk Asiya kökənli. Amma tarixə belə parlaq şəkildə qədəm qoyan Harris yeni vəzifədə uğurlarını artıra bilmədi.

Vitse-prezident ölkədə populyar deyil (rəyi soruşulan 538 nəfərin 53,5 faizi ona etimad etmir). Hətta tərəfdarları belə şəxsi söhbətlərdə etiraf edirlər: Harris partiyanın gələcək liderinin məhz o olacağını seçicilərə sübut edə bilmədi, hələ ölkə liderliyi kənara qalsın. 

Trampa qalib gələ biləcək başqa demokrat namizədlər varmı? – jurnalistlər Baydendən soruşmuşdular. “50-yə yaxın, yəqin ki. Ona qalib gələcək yeganə adam deyiləm. Amma mən bunu edəcəyəm”, – prezident cavab verib. 

Bayden, deyəsən, səmimi deyil. Axı öz partiyadaşlarına müraciət edərkən deyirdi ki, məhz o – daha təcrübəli və hazırlıqlı siyasətçi, – Trampın Oval kabinetə qayıdışının qarşısını almağa qadirdir. 

Amma görünür, gələn seçkilərdə təkcə təcrübə və bacarıq rol oynamayacaq. 

ABŞ-ın yeni tarixində fəaliyyətdə olan prezidentin ikinci müddətə getməməsi nümunəsi çox deyil. Sonuncusu 1969-cu ildə öz postunu tərk edən Lindon Conson olub. Seçilə bilməyən prezidentlər son 100 ildə beş nəfər olub və son vaxtlar Baydeni onlarla müqayisə edirlər. 

Cimmi Karterin birinci müddətinin sonunda daxili və xarici siyasətdə uğursuzluqlar, neft və enerji böhranı, işsizlik və inflyasiya üzündən reytinqi çox aşağı idi. Buna baxmayaraq, ikinci müddətə namizəd olmaq qərarına gəldi. Praymerizdə rəqibi Edvard Kennedi idi. Karter nominasiyada çətinliklə qələbə çaldı, amma seçkilərdə respublikaçı Ronald Reyqana uduzaraq, Oval kabineti tərk etdi. 

Amma ən azı bir kontekstdə Karterin Baydenlə müqayisəsi korrekt deyil: iqtisadi. 

Bədbin respublikaçılar

Co Baydenə bəxtinə COVİD sonrası ölkə düşdü. Böyük depressiyadan sonra işsizlik görünməmiş həddə idi, karantin milyonlarla iş yerini məhv etmişdi, inflyasiya rekord vururdu.

“Qiymətlərin qısa müddətdə belə sürətlə artmasını amerikalıların çoxu xatırlamırdı. Amma nisbətən qısa müddət ərzində inflyasiya 8-9 faizdən 3 faizə düşdü. İndi işsizlik rekord aşağı səviyyədədir. Bu yaxınlarda iş yerləri üzrə hesabat yayıldı: yanvarda 350 min iş yeri açılıb, mütəxəssislər isə iki dəfə azını gözləyirdilər. Əmək haqqı inflyasiyadan sürətlə artır. Hər şey iqtisadiyyatın yaxşı vəziyyətdə olduğunu göstərir. Məntiqlə, amerikalılar həm bunu, həm də prezidenti müsbət qiymətləndirməlidirlər, çünki ABŞ-da bunlar bir-birinə bağlıdır”, – amerikaşünas politoloq Yan Veselov deyir. 

Ancaq sorğulara inansaq, amerikalılar iqtisadi vəziyyətin yaxşı olmadığını düşünürlər. Əksəriyyət neqativ rəy verərək, yüksək inflyasiyanı və həyat bahalığını – xüsusən də ərzaq, zəruri mallar və mənzil – göstərirlər. İqtisadi vəziyyəti pozitiv qiymətləndirənlər isə işsizliyin azalmasını, bəziləri də inflyasiyanın zəifləməsini və maaş artımını göstərirlər.

“İqtisadiyyatın qiymətləndirilməsində partiya qütbləşməsi son iyirmi ilin mühüm amilidir -– Yan Veselov deyir. – Yəni əgər Ağ evdə demokratdırsa, respublikaçılar iqtisadi vəziyyətin heç də yaxşı olmadığını deyirlər. Özü də eyni şərtlər çərçivəsində respublikaçılar demokratlardan daha aşağı qiymət verirlər. Maraqlıdır ki, insanları öz maliyyə vəziyyətini qiymətləndirməyə dəvət edəndə hər şeyin qaydasında olduğunu deyirlər. Respublikaçılar sorğularda bədbindirlər, amma onlar da özləri ilə bağlı hər şeyin yaxşı olduğunu deyirlər. Sadəcə şəxsi rifahı şəxsi amillərlə izah edirlər, məsələn, “mən çox çalışıram, çox işləyirəm”. İqtisadiyyatın vəziyyəti isə prezidentin əsəridir”.

Seçkilərə qalan aylar ərzində ciddi sarsıntıların olacağı gözlənilmir: resessiya proqnozaşdırılmır, inflyasiya, çox güman, indiki səviyyədə qalacaq, işsizlik də həmçinin. Məntiqlə, Co Baydenin reytinqi də yüksəlməlidir. Amma bu, baş vermir. 

Əfqanıstan mirası

“Pew Research Center”in keçirdiyi sorğuya görə, amerikalıların 33 faizi Baydenin prezident fəaliyyətini bəyənir. Neqativ fikirdə olanların payı isə 65 faizə çatır. Prezidentin reytinqi öz sələflərinin eyni vaxtda olan reytinqindən daha aşağıdır. 

Yan Veselov deyir ki, Əfqanıstandan qoşunların çıxarandan sonra Baydenin reytinqi 50 faizdən aşağı düşdü. Hazırda 33-39% arasındadır.

Əfqanıstandan qoşunların çıxarılması həmişəlik Baydenin irsi kimi qalacaq, hərçənd, proses Donald Trampın prezidentliyi zamanı başlamışdı. 

Bayden Oval kabinetə keçəndə ABŞ 20 il idi ki, Əfqanıstanda döyüşürdü. Ölkə 2 trilyon dollardan çox xərcləmişdi, minlərlə amerikalı əsgər və onminlərlə əfqan ölmüşdü. Baydenin seçkiqabağı vədlərindən biri qoşunların buradan çıxarılması idi – qərarı amerikalıların yarısından çoxu dəstəkləyirdi. Doğrudur, Bayden prosesin “nizamlı” olacağını vəd etmişdi. 

Son nəticədə isə amerikalların 70 faizi prosesdən razı qalmadı. Onlar Kabildən təxliyənin necə xaosa çevrilməsini televizorda gördülər. 13 ABŞ hərbçisi həlak oldu, taliblərlə mübarizəyə kömək edən minlərlə əfqan isə ölüm təhlükəsi altında ölkədə qaldılar. 

Yekun: taliblər yenə hakimiyyətdədirlər və Amerikanın müdaxiləsinə səbəb olan 11 sentyabr hadisələrini törədən “əl-Qaidə” ilə yenə də dostluq edirlər. 

Qoşunların Əfqanıstandan çıxarılması prezidentin imicini sarsıtdı. Halbuki ona Donald Trampın əksi olaraq, məhz səriştəli siyasətçi kimi səs vermişdilər. Ağ evin nümayəndəsi Con Kirbi o zaman deyirdi ki, Bayden heç vaxt reytinqlərə fikir verməyib. O, sadəcə inanırdı ki, müharibənin bitməsi ABŞ-ın maraqlarına xidmət edir. Amma Trampı yenə udmaq istəyirsə, öz populyarlığına fikir verməlidir. 

Bir namizədin adının seçilməsi

SSRS şirkəti aşkar edib ki, əgər seçkilər indi olsaydı, qeydə alınan seçicilərin 49 faizi Trampa, 45 faizi  Baydenə səs verərdi. 5% də “başqa birini” seçərdi.

Bu zaman maraqlıdır ki, hər iki düşərgədən olan seçicilərin əksəriyyəti seçimlərinin Trampla əlaqəli olduğunu etiraf ediblər. Baydenin tərəfdarlarının 68 faizi etiraf edir ki, prezidentin lehinə deyil, Trampın əleyhinə səs verirlər. Respublikaçı seçicilərin 60 faizi isə səslərini Baydenin əleyhinə deyil, məhz Trampın lehinə verirlər. 

“Keçmiş və indiki prezidentlərin iştirak etməsi seçki yarışının xarakterini dəyişir. Bu, təkcə yeni prezidentin seçilməsi deyil, müqayisədir. Namizədlərdən heç biri yoluna ağ vərəqdən başlamır”, – Corc Vaşinqton universitetindən politoloq Todd Belt deyir.

Donald Tramp özünü elə aparır, sanki respublikaçılar onu artıq prezidentliyə namizəd seçiblər. O, ənənəvi olaraq, Bayden və Harrisi tənqid edir, həm uğursuzluqlarına görə, həm də elə-belə: diqqəti öz problemlərindən, o cümlədən qanunla olan problemlərindən yayındırmaq üçün, axı Trampa qarşı dörd cinayət işi açılıb. 

Trampın hücumlarını dəf etmək Bayden üçün asan deyil. Onların keçən dəfəki seçki yarışı zamanı COVİD başladı, publik tədbirlərin çoxu ləğv edildi. Bu da xarizma və kütləni elektrikləşdirməkdə öz rəqibindən geri qalan Baydenin xeyrinə oldu. 

Onun sağ əli Kamala Harrisdə də eyni problemlərdir. Onun bəzi xüsusilə uğursuz çıxışlarına indi də gülürlər, hərçənd, natiqlik səhvləri Baydendə də, Trampda da olub. Bəzi analitiklər hesab edirlər ki, Harrisə yönələn tənqidin çox hissəsi rasizm və ya seksizm təzahürüdür. Digərləri düşünürlər ki, Harrisə verilən tapşırıqlar ona özünü yaxşı tərəfdən göstərməyə mane olub. Məsələn, ABŞ-da miqrasiya məsələləri ilə məşğul olan məmur olmaq asan deyil.

Miqrant problemi amerikalıları çox narahat edir. Ötən ilin dekabrında cənub sərhədini qanunsuz keçənlərin sayı 300 mini keçib – bu, aylıq rekorddur. CBS News sifarişi ilə aparılan sorğunun nəticələri amerikalıların 70 faizinin Baydenin bu sahədə fəaliyyətini bəyənmədiyini ortaya qoyur.

Tramp demokratların birliyinin qarantıdır

Adətən olduğu kimi, fəaliyyətdə olan prezident Co Baydenin Demokratik partiyanın daxilində ciddi müxalifəti yoxdur. 

Hə, partiyanın daxilində onun ikinci müddətinə şübhə ilə yanaşanlar var, xüsusən də yaşına görə. Gerçəkdə isə demokratlar Baydenin fəaliyyətini əsasən bəyənirlər – bir qayda olaraq, işsizliyi tarixi minimuma endirən iqtisadi siyasətinə görə. Amma partiyada həmrəyliyin bərqərar olmasına kömək edən əsas amil Donald Trampın prezidentlik təhlükəsidir.

Baydenə qarşı çıxa biləcək potensial namizədlər (məsələn, Kaliforniyanın qubernatoru Qevin Nyusom) bu ideyadan Baydenin siyasətinə inandıqlarına görə deyil, öz siyasi karyeraları naminə vaz keçdilər. İndi prezidentə qarşı çıxıb ya praymerizdə böyük hesabla uduzacaqsan, ya da gözlənilmədən qalib gəlib tarixi seçkilər ərəfəsində partiyada xaosun səbəbkarı olacaqsan. 

Amerikalılar bütün ölkə boyu seçki məntəqələrinə gedəcəklər, amma prezident kreslosunun taleyi bir neçə ştatda həll ediləcək. Bunlar çoxsaylı seçimçi kvotası olan mütərəddid Viskonsin, Pensilvaniya, Miçiqan, Arizona və Corciyadır. Bir də Nevada var, amma orada seçimçilərin sayı azdır və çətin ki, namizədlər buradakı səslər uğrunda ölüm-qalım mübarizəsi aparsınlar. 

Bu ştatlarda noyabrda keçirilən sorğular Trampın liderliyini təsbit etdi, amma seçkilərə hələ bir il qalmışdı. Bundan əlavə, sorğuları keçirmək metodologiyasının öz problemləri var. Amerikalılar yaxşı xatırlayır ki, 2016-cı ildə sorğular Hillari Klintonun Tramp üzərində inamlı qələbəsindən xəbər verirdi, amma Ağ evi Tamp tutdu. 

 İstənilən seçkilərdə bir qisim seçicilər var ki, son məqama qədər qərar verə bilmir. Sosioloqlar həmin qrupun son anda hansı tərəfə meyl edəcəyini və bu qərarı  hansı meyarlar əsasında verəcəklərini müəyyənləşdirməyi hələ öyrənməyiblər. İqtisadiyyatla bağlı vəziyyətdə olduğu kimi burada da obyektiv göstəricilər var, insanların fərdi duyğuları var. 

Sorğular üçün insanların seçilməsində də problem var. Məsələn, təhsilli seçicilər daha fəal olurlar: onlar da 2016-cı ildə əsasən Klintonu dəstəkləyirdilər. Daha az təhsilli adamların seçimi isə yekun nəticələrdə az əks olunurdu. 

O vaxtdan bəri sosioloqlar əsas səhvləri nəzərə alıblar və belə qüsurlara diqqət yetirirlər. Amma reytinqlər namizədlərin populyarlığı haqda müəyyən təsəvvürlər yaratsa da, seçkilərə hələ 9 ay qaldığını və hər şeyin baş verə biləcəyini unutmaq olmaz. 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://www.bbc.com/russian/articles/cp9w1402j1no