Böyük Saziş: təhlükə, yoxsa qazanc? - ARAŞDIRMA – II YAZI
Hökumət həvəssiz davranır, cəmiyyət isə ehtiyatlı...
17 Noyabr 2023
Azərbaycanla Avropa İttifaqı arasında Hərtərəfli Əməkdaşlıq Sazişinin imzalanması ilə bağlı danışıqlar 5 ildən artıqdır davam etsə də sonuc görünmür. Hər iki tərəfdən rəsmilər əsas istiqamətlər üzrə fikir ayrılıqlarını aradan qaldırdıqlarını bildirsələr də, yerdə qalan 10 faiz məsəllər üzərində razılığa gələ bilmirlər. Bu ilin mart ayından bu istiqamətdə hər hansı, görüş, müzakirəsinin olduğu barədə rəsmi məlumat yoxdur. Tərəflər hansı məsələlərdə razılaşa bilmirlər, Sazişin olacağına ümid varmı? Bu barədə ekspertlər nə düşünür?
(Araşdırmanın əvvəli bu linkdədir: https://old.pressklub.az/ekskluziv/avropaya-geden-yolun-qaranliq-parcasi/)
Seçkilərin Tədrisi və Demokratiyanı Öyrənmə Mərkəzinin rəhbəri Anar Məmmədli deyir ki, Azərbaycanla Avropa İttifaqı arasında Hərtərəfli Əməkdaşlıq Sazişinin imzalanması uzun müddətdir ki, müzakirə mövzusudur, amma ortada sənəd layihəsi yoxdur. Ən azından belə bir layihə ictimaiyyət üçün açıq deyil:
“Aİ qurumlarında, Azərbaycan hökumətində belə bir sənədin mövcudluğu haqda danışılır, amma bizim ondan xəbərimiz yoxdur ki, razılaşdırılan və razılaşdırılmayan məsələlər nədən ibarətdir. Prosesdə şəffaflığın olmamasına səbəbkarın Azərbaycan hökuməti olduğunu düşünürəm. Avropa İttifaqına qalsa, hansısa məqamlar açıqlana bilərdi. Çünki bir sıra ölkələrin təcrübəsi göstərir ki, belə sənədlər hazırlanarkən ictimai müzakirələr aparılır, siyasi partiyaların, vətəndaş cəmiyyəti institutlarının mövqeyi öyrənilir, medianın məlumatı olur. Konkret olaraq, Gürcüstanda, Ukraynada, Moldovada, Ermənistanda belə sənədlər imzalanmazdan əvvəl onun layihəsindən ictimaiyyətin xəbəri olub. Bizdə isə bu yoxdur”.
Bəs yubanmanın səbəbləri nə ola bilər?
Anar Məmmədlinin fikrincə, ilk səbəb odur ki, Azərbaycan tərəfi üzərinə ciddi öhdəliklər götürmək istəmir. Xüsusən, hökumətin insan haqları, şəffaf idarəçilik, qanunun aliliyi məsələləri ilə bağlı üzərinə öhdəliklər götürməyə siyasi iradəsi yoxdur. Digər səbəbləri isə o, aşağıdakı kimi sıralayır:
“İkincisi, Avropa İttifaqının məsələyə yanaşmasında fərqlər var. Bir sıra ölkələr Azərbaycanla belə bir saziş imzalanmasını zəruri saymır, hesab edirlər ki, Azərbaycan imitasiya ilə məşğuldur. İnsan hüquq və azadlıqlarının təmin olunmadığı şəraitdə bu sazişi imzalamaq hökuməti mükafatlandırmaq olar.
Üçüncü səbəb bu ola bilər ki, Azərbaycan və Ermənistan arasında son illərdə kəskinləşən münasibətlər, hərbi əməliyyatlar, ermənilərin kütləvi şəkildə Qarabağdan köçməsi bu müzakirələrə mənfi təsirini göstərəcək. Çünki ermənilərin Qarabağı tərk etməsinə münasibət birmənalı deyil”.
Müsahibimiz hesab edir ki, belə bir vəziyyətdə Strateji Əməkdaşlıq Sazişini imzalamaq heç də asan olmayacaq. Hətta imzalansa belə, onun Avropa İttifaqının bir sıra qurumlarında ratifikasiyası zaman alacaq: “Azərbaycan bu sənədin imzalanmasının çox ciddi faydasının olduğunu düşünməlidir. İstər viza rejiminin yumşaldılması, ölkəyə investisiya axını, Azərbaycan vətəndaşlarının AB ölkələrinə daha sərbəst giriş-çıxışının təmin olunması, istərsə də təhsil, səhiyyə, akademik sahələrdə Aİ ölkələri ilə yaxınlaşma çox ciddi nailiyyətlərə səbəb ola bilər. Biz Aİ-nin maliyyə dəstəyindən də yararlana bilərik. Görünür, bu kimi faydalar Azərbaycan hökumətini düşündürmür, daha çox korporativ maraqlarını güdürlər”.
Oksford Universitetinin əməkdaşı, politoloq Leyla Əliyevanın fikrincə, Azərbaycanın əvvəl rəsmi mövqeyi belə idi ki, ölkənin istehsalı Avropa İttifaqına inteqrasiyanın qurbanı olacaq. Ona görə bu müzakirələri davam etdirmək istəyir ki, həmin vaxta qədər iqtisadiyyatda müdafiə mexanizmləri formalaşdırsın, yerli istehsal, biznes xarici idxalla rəqabətə davam gətirə bilsin.
“Məncə, burada geopolitik faktor da var. Hansı ölkələr Avropaya inteqrasiya istiqaməti götürüblər, onların Rusiya ilə problemləri ortaya çıxıb. Ona görə də vaxtında prezident Heydər Əliyevin Avrointeqrasiyanı prioritet elan etməsinə baxmayaraq, sonralar onun siyasətində getdikcə daha çox balanslaşdırma yer tuturdu. İndi Azərbaycan tam neytral bir mövqeyə malikdir, çünki qoşulmayan ölkələrin sırasındadır, bu təşkilata hətta rəhbərlik edir. Ukraynanı da müşahidə edən Azərbaycan rəhbərləri görürlər ki, Qərbə intensiv inteqrasiya addımları Rusiya tərəfindən cavablandırılacaq. Ona görə də bu təhlükə Azərbaycanla Avropa Birliyi arasında sazişin imzalanmasını ləngidir”, – Leyla Əliyeva deyir.
L.Əiyeva hesab edir ki, Azərbaycan Qarabağ məsələsində özünü daha sərbəst hiss edir, nəinki hansısa ciddi inteqrasiya prosesində: “Avropaya inteqrasiya Azərbaycana çox lazımdır. Çünki məhz bu halda Azərbaycanın islahatlar potensialını reallaşdıra bilərik. Olmasa, geridə qalacağıq. Siyasi, iqtisadi baxımdan islahatlar olmayacaq. Əlbəttə, müzakirə olunan Sazişdə siyasi islahatlar iqtisadi məsələlərlə müqayisədə çox az yer tutur. Bu, daha çox Avropa Birliyinin Qazaxıstanla imzaladığı saziş layihəsinə bənzəyir. Amma biz həmişə deyirdik ki, Avropa ölkəsiyik. Avropa ölkəsi üçün belə zəif, dərinə getməyən müqavilə yaraşmır”.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev Azərbaycanla Avropa ittifaqı arasında müzakirə olunan sənədlə bağlı XİN-in mövqeyini öyrənməyin daha məqsədəuyğun olduğunu qeyd etdi.
“Azərbaycan və Ermənistan arasında mövcud vəziyyət formal olaraq bu məsələyə təsir göstərməməlidir. Amma görünən odur ki, bəzi ölkələr - Fransa, digərləri əngəllər törədə bilərlər. Sənəd hazırlanıb bitdikdən sonra müxtəlif parlamentlərin ratifikasiyasından keçməlidir. Biz Ukrayna məsələsində gördük, Niderland və bəzi ölkələr ona müsbət yanaşmadılar, sonra hökumət müdaxilə edib, o sənədi təsdiqlətdi. Əslində bu, qeyri-demokratik proses idi, amma görürük ki, avropalılar öz məqsədlərinə nail olmaq üçün yeri gələndə belə addımlara da əl atırlar. Azərbaycanla bağlı proses necə gedəcək, indidən demək çətindir. Ola bilsin, o vaxta qədər Azərbaycan və Ermənistan arasında bütün məsələlər həll olunacaq. Azərbaycanla Avropa İttifaqı arasında Saziş imzalansa belə, onun ratifikasiyası uzun prosesdir, azı 2-3 il çəkir”.
“Şəxsi fikrim belədir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanması gözlənilən strateji sənəd yaxın gələcəkdə heç müzakirə predmeti də olmayacaq”.
Bunu isə Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov deyir. Səbəblərini də göstərir: “Çünki həmin sənəd təsdiq üçün bu və ya digər formada Avropa Parlamentindən, eləcə də quruma üzv ölkələrin parlamentlərindən keçməlidir. Bu da hazırki dövrdə qeyri-mümkündür. Hətta biz onu imzalasaq da, onun qəbulu mümkün olmayacaq. Ən yaxşısı sahəvi sənədlərin imzalanmasıdır”.
Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi əlaqələr nə yerdədir, Strateji Sazişin imzalanmamasından bu sektor nə itirir, perspektiv nə vəd edir?
Azərbaycanın rəsmi statistikasından məlum olur ki, 2020-ci ilin 11 ayında Avropa Birliyi ölkələrinə ixracımız 11 milyard 497 milyon 280 min dollar təşkil edib. Bu, ümumi ixracın 58 faizdən çoxu deməkdir. AB-dən idxal isə 1 milyard 924 milyon 780 min dollar təşkil etməklə, ümumi idxalın 18,5 faizinə bərabərdir. 2019-cu ilin eyni dövründə AB-yə ixrac 10 milyard 15 milyon 359 min dollar (ümumi ixracın 54.72 faiz), idxalımız isə 2 milyard 163 milyon 230 min dollar(ümumi idxalın 17.47 faizi) təşkil edib.
Aİ ilə strateji əməkdaşlıq sazişi imzalanmasa belə, Azərbaycan Birliyin ayrı-ayrı üzvləri ilə qarşılıqlı iqtisadi əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Hazırda üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. İndiyədək 9 üzv dövlətlə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb.
Azərbaycanın Avropa İttifaqı ilə Hərtərəfli Əməkdaşlıq Sazişini imzalanmamasından ölkənin aqrar sektoru, fermerlər, sahibkarlar, istehlakçılar nə itirir? Bu Saziş Azərbaycanın aqrar sektoruna nə vəd edir?
Aqrar sektor üzrə mütəxəssis, alim Vahid Məhərrəmov bu fikirdədir ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı sahədə modernləşmə işlərinin həyata keçirməsindən asılıdır. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanda kənd təsərrüfatının modernləşmə prosesini sürətləndirə bilər. Bundan başqa:
“Aİ ilə əməkdaşlıq
Azərbaycanın kənd təsərrüfatına xarici investorları cəlb edər, Azərbaycanda Avropa standartlarına cavab verən müasir (şərab, süd, meyvə, tərəvəz və sair) emal müəssisələrinin yaradılmasına və həmin müəssisələrdə ixtisaslı işçi qüvvəsinin hazırlanmasına imkan yaradar;Aqrar sahədə Avropa texnologiyasının geniş tətbiqi sayəsində rəqabətqabiliyyətli, Avropa standartlarına uyğun mal, məhsul istehsal etmək imkanı yaradar;
Avropa ölkələri ilə geniş ticarət imkanı yaradar, Azərbaycan qanunvericiliyinin Aİ standartlarına yaxınlaşdırılması öz növbəsində Azərbaycan məhsullarının Aİ bazarlarına çıxışını asanlaşdırar”.
Ekspert hesab edir ki, Aİ ilə Strateji Əməkdaşlıq Sazişi imzalanmasa, Azərbaycanın aqrar sektoru bu kimi imkanları əldə edə bilməyəcək. Və Azərbaycanın kənd təsərrüfatı geniş mənada qabaqcıl Avropa təcrübəsindən yararlana bilməyəcək.
“Fermerlərin itkisi:
Azərbaycan fermerləri dünyanın ən böyük kənd təsərrüfatı bazarına giriş imkanı əldə edə bilməyəcək;
Avropalıların yüksək keyfiyyətli, rəqabətqabiliyyətli mal, məhsul istehsal etmək təcrübəsindən yararlana bilməyəcək;
Avropa istehsalı olan keyfiyyətli istehsal vasitələrini güzəştli şərtlərlə əldə edə bilməyəcək;
Ucuz kredit resursları əldə etmək imkanı olmayacaq.
Sahibkarların itkisi:
Yeni ticarət imkanlarından, dünyanın ən böyük bazarı olan Aİ bazarından faydalana bilməyəcək;
Avropa İttifaqının tərəfdaş ölkələr üçün nəzərdə tutulan güzəştlərindən yararlana bilməyəcək.
İstehlakçıların itkisi:
Azərbaycan istehlakçıları Avropanın yüksək keyfiyyət standartlarına cavab verən müxtəlif çeşiddə ərzaq məhsullarını əlçatan qiymətlərlə əldə edə bilməyəcəklər;
Azərbaycan bazarında rəqabət mühiti olmayacaq, inhisarçılıq davam edəcək;
Digər ölkə vətəndaşlarından fərqli olaraq, yüksək keyfiyyət standartına cavab verməyən ərzaq üçün daha çox vəsait xərcləməli olacaqlar”.
Mövzu ilə bağlı parlament təmsilçisinin də fikirləri maraqlıdır. Həm də bu Sazişdə geniş yer alan iqtisadi məsələləri nəzərə alsaq...
Azərbaycan Milli Məclisinin Sahibkarlıq və sənaye komitəsinin üzvü Vüqar Bayramov deyir ki, Strateji Sazişin imzalanması ilə bağlı danışıqlar davam edir. Onun fikrincə, Avropa İttifaqı Azərbaycanla ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanın ümumi ticarət dövriyyəsinin 60 faizindən çoxu Avropanın payına düşür. Xüsusən, son iki ildə ticarət dövriyyəmizdə artımlar qeydə alınır. Bu da mavi yanacaq sahəsində əməkdaşlıqla bağlıdır.
“Hər iki tərəfin yaydığı son məlumatlara əsasən, Sazişdə nəzərdə tutulan əməkdaşlıq sahələri ilə bağlı fundamental fikir ayrılıqları yox idi. Bir sıra iqtisadi məsələlərlə bağlı müzakirələr davam etdirilirdi, xüsusən subsidiyalarla bağlı. Aİ subsidiyaların ləğvini prioritet hesab edir. Bu istiqamətdə müzakirələr davam edir. Azərbaycanda bir sıra sahələrdə, xüsusən enerji sektorunda subsidiyaların verilməsi həyata keçirilir, bu da taariflərin tənzimlənməsi məqsədi daşıyır. Hazırda tərəflər arasında iqtisadi və əməkdaşlıq sahələrində ciddi bir əməkdaşlıq var. Ona görə də Tərəfdaşlıq Sazişinin imzalanması zaman alsa belə iqtisadi əməkdaşlığın dərinləşməsi müşahidə olunur”.
Cəmiyyətin, qeyri-hökumət təşkilatlarının və ekspertlərin fikri aydındır. “Getməyək” deyən yoxdur, məsələ necə getməkdir. Bir də, yuxarıdakı rəylərdən o aydın olur ki, hətta biz bunu ürəkdən istəsək belə, texniki olaraq proses xeyli vaxt tələb edir. Daha bir maraqlı, həm də məsuliyyətli məqam Ukrayna, Gürcüstan, Moldova kimi o qədər də xoş olmayan nümunələrin presedentlərin yaranmasıdır.
İnteqrasiya bahalı işdir, toplumun prioritetlərinə münasibətdə xüsusilə. Xülasə, hökumət nə qədər həvəssiz görünürsə, cəmiyyət də o qədər ehtiyatkar yanaşır.
Bəs hər iki tərəfi təmsil edən rəsmi instansiyaların mövqeyi necədir? Reallıqda proses hansı mərhələdədir, indiyədək hansı işlər görülüb, qarşıda nələr var?
Bu barədə növbəti yazıda...
Elçin Rüstəmov