Logo
news content
User
Kateqoriyalar

Analitika

Böyük məyusluq və böyük başlanğıc
Bir gecə anidən gələ bilərik - Qarabağın tam qaytarılması üçün yeni imkan yaranıb

BMT Təhlükəsizlik Şurasının Ermənistanın tələbi ilə avqustun 16-da keçirilən iclası gözlənilməz nəticə ilə yekunlaşdı. Müzakirə masasında olan qətnamə layihəsi ümumiyyətlə səsverməyə çıxarılmadı. Çünki TŞ-nın daimi və müvəqqəti üzvlərinin mövqeləri bir-birindən kəskin fərqlənirdi. 

Beləliklə, Qarabağda humanitar vəziyyətin ağırlaşması, Azərbaycanın guya erməni əhaliyə qarşı “genosidə” hazırlaşması barədə təbliğat iflasa uğradı. Rəsmi Bakının Laçın yolunda hərəkətə məhdudiyyətlər tətbiq etməsi nəticəsində Qarabağda “acınacaqlı” vəziyyət yaratması ilə bağlı beynəlxalq ictimaiyyətdə formalaşdırılan ictimai rəy də əhəmiyyətini itirdi. 

Maraqlı məsələlərdən biri odur ki, nə Azərbaycan, nə Ermənistan siyasi rəhbərliyi bu müzakirələrin nəticələrini daxili auditoriyada böyük qələbə kimi təqdim etməyib. Hər iki tərəfdə qarşılıqlı qınaq və ittihamlar olsa da, sonda sülh danışıqlarının alternativinin olmadığı qeyd olunur. 

Azərbaycan XİN-in dünən yaydığı bəyanatın birinci abzasında Ermənistanın addımı sərt şəkildə qınanır: 

“Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu. Ermənistanın sözügedən ali orqanı bu cür manipulyasiya və istismar etmək səyləri postmünaqişə dövründə normallaşma gündəliyinin irəli aparılması baxımından qeyri-məhsuldar olmaqla yanaşı, son dərəcə destruktivdir”.

XİN-nin yekun mövqeyi bundan ibarətdir ki, Azərbaycan Ermənistana iki ölkənin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət əsasında sülh təklif edib. “Digər tərəfdən, Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş, habelə Azərbaycanın tərəfdar çıxdığı insan hüquqları üzrə bütün müvafiq beynəlxalq mexanizmlərə uyğun olaraq, bütün hüquq və azadlıqlarını təmin etməklə bərabərhüquqlu vətəndaş kimi reinteqrasiya siyasətini aparır. Hər iki istiqamətə sadiq olduğumuz kimi, suverenliyimizi və ərazi bütövlüyümüzü BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit edilmiş bütün qanuni vasitələrlə qorumaqda da əzmliyik”, - bəyanatda vurğulanır.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə hesab edir ki, BMT Təhlükəsizlik Şurasının iclasının əsas nailiyyəti beynəlxalq ictimaiyyət tərəfindən Laçın “dəhlizinin” blokadasını təsbit etməsi olub.

"Xülasə olaraq deyə bilərik ki, Laçın dəhlizinin bağlanması faktı ən yüksək beynəlxalq instansiyada bəyan edilib. İlk baxışda bu, bir qədər qəribə bəyanatdır, lakin unutmaq olmaz ki, Azərbaycan blokada faktını daim inkar edir", - Paşinyan bildirib.

“BMT Təhlükəsizlik Şurasındakı müzakirə Dağlıq Qarabağda humanitar böhranın mövcudluğunu və Dağlıq Qarabağ ermənilərinin həyatı və təhlükəsizliyinin sual altında olduğunu təsdiqləyib. BMT Təhlükəsizlik Şurası Azərbaycanın Beynəlxalq Məhkəmənin qərarlarına əməl etməməsini də qeydə alıb. Beynəlxalq ictimaiyyət Azərbaycana dəhlizin açılması üçün kollektiv çağırış səsləndirib”, - Baş nazir əlavə edib.

Ermənistan rəhbərinin də açıqlamasının yekunu sülh prosesinin davam etdirilməsi ilə bağlıdır: “Ermənistan hələ də beynəlxalq mexanizmlər çərçivəsində Stepanakert-Bakı dialoqunun başlanmasında israr edir, həmçinin sülh gündəminə sadiqdir”.

Əsas sual bundan sonra nə baş verəcəyi ilə bağlıdır. Çünki dünyanın əhəmiyyətli institutlarının cəlb olunduğu bir proses yekunlaşıb, onun nəticələrindən dərs çıxarmaq, vəziyyəti obyektiv dəyərləndirib qərarlar qəbul etmək lazımdır. 

Nəticələrə gəldikdə:

Ermənistan rəhbərliyi anladı ki, Azərbaycana qarşı strateji təzyiq siyasəti aparmaqla nəticəyə nail olmaq mümkün deyil. Çünki həm Azərbaycanın, onun müttəfiqi Türkiyənin beynəlxalq çevrələrdə ciddi əlaqələri var, həm də iştirakçı qüvvələrin geosiyasi maraqları fəqrlidir. Ermənistanın coğrafi mövqeyi onun siyasi əhəmiyyətini xeyli məhdudlaşdırıb, İrəvan və onun müttəfiqləri yaxşı başa düşürlər ki, ölkənin xilası Azərbaycanla sülh bağlamaq, Türkiyə ilə sərhədləri açmaq, nəqliyyat-kommunikasiya əlaqələrini bərpa etməkdən keçir. Bunun alternativini düşünmək belə ağılsızlıqdır. 

Qarabağdakı hərbi xuntanın rəhbərliyi də başa düşdü ki, çığır-bağırla “xilas” olmaq mümkün deyil. Dünya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır, ermənilərin əlahiddə imtiyazlar qoparması çətin məsələdir. Çıxış yolu separatçı liderlərin Xankəndini tərk etməsi, sadə erməni əhalisi ilə Azərbaycanın mərkəzi hökuməti arasında danışıqların başlamasına, onun tələblərini qəbul etməsinə mane olmamaqdır. Bunun əksi daxili parçalanma, xaos, Rusiya hərbçiləri ilə dərinləşən konflikt və günün birində Azərbaycan xüsusi təyinatlıları tərəfindən həbs olunub ömürlük cəzaya məhkum edilməkdir. 

Rusiya BMT TŞ-dəki müzakirələrin yekunlarından məmnundur. Amma perspektiv necə olacaq, bu, indiki kritik dövrdə Moskvanı az maraqlandırır. Ukrayna kampaniyası yekunlaşana qədər Rusiya Cənubi Qafqazda ayaqda qalmaq, Qərbin regiona gəlişini ləngitməyə çalışır. Buna nail olmaq üçün münaqişə dondurulmalı, post-müharibə status-kvosu saxlanılmalıdır. İndi qalır, Qarabağ ermənilərini növbəti dərin məyusluqdan çıxarıb, onları “Vardanyan dövründəki” siyasi aktivliyə qaytarmaq. Buna nail olmaq, Azərbaycanla balansı qorumaq mümkün olacaqmı, bu xeyli problematik görünür.

ABŞ və Avropa İttifaqı isti yay dövründəki gərginliyi öz masalarına yansıtmadan Bakı və İrəvanla sülh danışıqlarını davam etdirəcəklər. Hər iki tərəfdən verilən mesajlar qaneedicidir, qarşıdakı həftələrdə yeni görüşlər, müzakirələr gözlənilir. 

Azərbaycana gəldikdə, Ermənistanın, erməni lobbisinin müttəfiqlərin köməyi ilə ağır prosesdən az itki ilə çıxmasından məmnundur. Bakı şərtlərindən geri çəkilməyib, əksinə, Xankəndinə humanitar yüklərin daşınması ilə bağlı təklif etdiyi alternativ yol dəstək qazanıb. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza ölkəsinin BMT TŞ iclasında qoyduğu mövqeni belə izah edib: “ABŞ-ın BMT-dəki səfiri Linda Tomas Qrinfildin rəsmi bəyanatına əsasən, Təhlükəsizlik Şurası sırf Azərbaycanı qınamır. Daha doğrusu o, həm Azərbaycanı, həm də Ermənistanı Laçın yolu boyunca gərginliyi azaltmağa və sülh müqaviləsi üzərində işləməyə davam etməyə çağırıb. Səfir Tomas-Qrinfild humanitar yüklərin daşınması üçün əlavə marşrutlar üzrə kompromislərin mümkünlüyünü qeyd edib. Bu, Azərbaycanın Ağdamdan Qarabağdakı etnik ermənilərə humanitar yardım çatdırmağa hazır olduğuna işarədir. Bunu Avropa Şurasının prezidenti Şarl Mişel də Prezident İlham Əliyevlə Baş nazir Paşinyan arasında keçirdiyi ən son görüşdən sonra verdiyi bəyanatda da bildirib”.

Bakı üçün mühüm məsələ Qarabağın silahsızlaşdırılması, hərbi xuntanın bölgəni tərk etməsi, reinteqrasiya prosesinə başlamaqdır. TŞ iclasının yekunları bu gündəliyin icrasını sürətləndirmək üçün yeni imkanlar açır. Çünki beynəlxalq müqavimət işə yaramadı, Qarabağdakı bir ovuc separatçının, onlara daha nə cür dəstək verəcəyini bilməyən Ermənistanın mövqeyi o qədər də əhəmiyyət daşımır...

Turqut