Logo
news content
User
Kateqoriyalar

Analitika

“Boşqablı nəhəng”in ölümü: Rusiyaya hələ belə zərbə dəyməmişdi...
Ukrayna ordusu uçan radarı necə məhv edib?

A-50 təyyarəsinin məhvi və İl-22M təyyarəsinin vurulması Ukrayna ilə müharibədə Rusiya aviasiyasının eyni anda baş verən ən böyük itkisi ola bilər. Rusiyanın belə təyyarələrlə bağlı çatışmazlığı var, onlardan daha istehsal etmir. Bundan əlavə, A-50-nin göyərtəsində təcrübəli mütəxəssislər ola bilərdi ki, onların da hazırlanması asan deyil.

A-50-nin məhv edilməsi barədə yanvarın 14-də əvvəlcə Ukrayna, sonra Rusiya blogerləri yazmağa başladılar. Səhəri isə bunu USQ-nin baş komandanı Valeri Zalujnı rəsmən bildirdi.

Bu zaman ukraynalı sərkərdə öz xəbərində İl-22M-in də məhv edildiyini yazıb, amma sonradan həmin təyyarənin Anapa hava limanında enməsindən sonrakı şəkli yayıldı. 

İl-22M-in ciddi xəsarətlər almasına baxmayaraq eniş edə bilməsini USQ hava qüvvələrinin spikeri Yuri İqnat da təsdiq edib. 

Beləliklə, A-50-nin məhv edilməsi barədə informasiya rəsmi Ukrayna mənbələrindən və hərbi aviasiyaya aidiyyatı olan rusiyalı şərhçilərdən qeyri-rəsmi daxil olur. 

Rusiya Müdafiə Nazirliyi itkiləri həmişə etiraf etmir, edəndə də bir müddət sonra edir. Amma ikinci təyyarənin fotoşəklinin internetdə tələsik yayılması faktı nəzərə alınsa, ehtimal etmək olar ki, A-50-nin enişi ilə bağlı da sübutlar olsaydı, onlar da ictimailəşdirlərdi. 

Kim atəş açıb?

Təyyarələrdən birinin məhv edilməsi, digərinin zədələnməsinin necə baş verdiyinin detalları tam məlum deyil.

Rusiya sosial şəbəkələrində dolaşan bir versiyaya görə, İl-22M Krım körpüsünü qoruyan Rusiya HHM qüvvələrinin atəşi ilə vurula bilərdi.

Lakin Valeri Zalujnı və USQ HQ-nin rəsmi teleqram kanalı baş verəni “Azovyanıda xüsusi əməliyyat” adlandırırlar. 

Əgər bu doğrudursa və hər iki təyyarəni ukraynalılar vurubsa, yenə də vurulma üsulu müəmmalıdır. 

A-50

Yuri İqnatın sözlərinə görə, USQ-nin əsas hədəfi A-50 olub, İl-22M də onun “badına gedib”. İkincinin məhv edilməməsinin səbəbi, ola bilər, budur. 

Zalujnı həmin rayonda təyyarələrin uçuşunu göstərən animasiyalı xəritə paylaşıb. Xəritəyə görə, təyyarələr Azov dənizinin şimal-qərb hissəsində, Primorsk yaxınlığında keşik çəkirmişlər.

“Suspilne”nin informasiyasına görə, İl-22M Xerson vilayətin Strelkovoye kəndi rayonunda, A-50 isə Zaporojye vilayətinin Kirillovka qəsəbəsi rayonunda olublar. Hər iki rayon Krım körpüsündən təxminən 130-140 km, cəbhə xəttindən isə 160 km aralıdadır. 

Rusiyanın S-400 kimi uzaq radiuslu ZRK-ləri körpüdən bu qədər uzaqdakı hədəfi vura bilərlər, amma operatorların İl-22M-i, xüsusən də A-50-ni Ukrayna təyyarələri ilə səhv saldıqlarını güman etmək çətindir. 

Əgər hadisə həqiqətən də USQ-nin əməliyyatıdırsa, yenə də təyyarələrin vurulması üçün istifadə olunan vasitə naməlum qalır. 

Necə vurublar?

İki təyyarənin vurulması barədə informasiya ortaya çıxan kimi ukraynalı şərhçilərin müzakirə etdikləri əsas versiya “Patriot” ZRK oldu. 

USQ-nin ixtiyarında cəmi üç “Patriot” batareyası var. Amma indiyə qədər güman olunurdu ki, Ukraynadakı komplekslər PAC-3 tipli raketlərdən istifadə edirlər, çünki onlar ballistik raketlərin, o cümlədən “Kinjal”ın öhdəsindən daha yaxşı gəlirlər. 

Amma bu raketlərin fəaliyyət radiusu cəmi 40, hündürlüyü isə 20 kilometrdir. PAC-2 raketləri isə hava hədəflərini 25 km hündürlükdə və 160 km uzaqlıqda haqlaya bilir. 

Digər xarici və ya sovet istehsalı olan yerüstü komplekslər belə məsafədən təyyarəni vura bilməzlər, onların fəaliyyət uzaqlığı daha azdır. 

Ancaq PAC-2 raketli “Patriot” ZRK üçün də belə məsafə, az qala, son həddir. Bunun üçün çox qiymətli kompleksi cəbhə xəttinin lap yaxınlığında yerləşdirərək təhlükəyə atmaq lazım gələrdi.

Bəzi şərhçilərin səsləndirdikləri daha bir versiya isə USQ HQ-nin uzaq radiuslu raketlərə malik qırıcılardan istifadə etməsidir. Amma ukraynalılarda olan MiQ-29 və Su-27 qırıcıları üçün belə raketlər yoxdur, Amerikanın F-16-ı isə Ukraynaya hələ gəlib çıxmayıb. 

Bundan əlavə, qırıcıların uçuşunu A-50-dən gizlətmək praktiki mümkün deyil, F-16-nın siqnaturasını isə rusiyalılar yaxşı tanımalıdırlar: bu təyyarələr hətta Jukovskidəki aviasalona da gəliblər. Əgər ukraynalılar bu qırıcıdan gizli istifadə etsəydilər, zərbədən sonra ya özləri, ya da ruslar xəbər verərdilər. 

İl-22M-in enişdən sonrakı fotoları Rusiya teleqram kanallarında yayılıb. Görmək olur ki, quyruq hissəsində yetərincə böyük çoxsaylı dəliklər var. Onlar daha çox yerüstü kompleksin zenit raketinin xəsarətinə bənzəyir. Aviasiya raketi, çox güman, bu cür xəsarətlər yetirə bilməzdi. 

Taktika

USQ HQ-nin Rusiya təyyarələrini haqlamaq üçün hansı taktika işlətdiyi məlum deyil, amma uğura səbəb ola biləcək məlum şərtlər məcmusu var.

USQ Krımda və Rusiyanın cənubundakı hava məkanında fəallığı izləyən NATO kəşfiyyat təyyarələrinin informasiyasından yararlanır. 

İl-22 (İl-18-in modifikasiyalarından biri də ola bilər)

A-50 və ya İl-22M kimi təyyarələrin havaya qalxmasını müəyyənləşdirmək çətin deyil. Birincisi, radar ekranlarında yaxşı görünən çox böyük təyyarələrdir. İkincisi, A-50 radardan - füzelyajın üstündə yumru “boşqab” (“Şmel” radiotexniki kompleksi) – istifadə edir. Həmin radar radiosiqnal mənbəyidir və uzaq məsafədən də yaxşı görünür. 

Belə təyyarələr düşmən üçün çox mühüm hədəf olduqlarından cəbhə xəttinə yaxınlaşmırlar. 

Amma hər iki təyyarədən, yəqin, yetərincə şablon şəkildə istifadə olunub. Yəni, ola bilər, eyni marşrutla uçublar, eyni rayonlarda növbə çəkiblər. 

İstisna deyil ki, həmin uçuşlar hansısa hadisələrlə – məsələn, Ukraynanı qanadlı raketlər və dronlarla atəşə tutulması – əlaqəli keçirilib. Belə halda onlar Ukrayna HHM sistemlərinin fəallığını izləyə bilərdilər. 

Hərəkət şablonluğu düşmənə hava pusqusu qurmağa – müəyyən yerdə ZRK yerləşdirməyə və ya qırıcılar göndərməyə – imkan verə bilər.

A-50 nə qədər önəmlidir?

İl-22M-in aldığı xəsarətlər çətin ki, ona yaxın vaxtlarda xidmətə qayıtmaq imkanı versin, hətta ola bilər ki, xidmətdən silinsin. 

A-50-nin taleyi məchul qalır, amma ehtimal ki, o da itiriləcək, çox güman, artıq məhv edilib. Əks halda, onun da fotoşəkli Rusiya sosial şəbəkələrində yayılardı. 

Bu, Rusiya HHQ üçün çox böyük itkidir, çünki belə təyyarələri çox deyil. Birincisi, bütün A-50-lər deyil, yalnız A-50U səviyyəsinə qədər modernləşdirilənlər hərbi dəyərə malikdir. Təməl A-50-lər, yəqin ki, hərbi əməliyyatlarda iştirak etmir. 

Rusiyada uçuşa yararlı vəziyyətdə olan A-50U sayının 10-dan az olması təxmin edilir. Hərçənd, açıq mənbələrdə bu haqda məlumat yoxdur. “Military Balance” bülleteninin 2022-ci il məlumatına görə, müharibədən əvvəl Rusiyanın üç A-50 və altı A-50U təyyarəsi vardı. 

Uçan radarlar həm havada, həm yerdə fəallığı izləyirlər və yerüstü lokatorlardan fərqli olaraq, hündürlükdən daha çox “görürlər”. Bundan əlavə, müasir radarlar yerdəki hədəfləri maneələrdən ayıraraq yaxşı fərqləndirir: “Şmel” kompleksi də məhz bu xüsusiyyətilə seçilir. 

Ona görə də bu radarlar Rusiya hərbi komandanlığına Ukrayna HHM-nin – radarların, atəş qurğularının yerləşməsini və iş sxemini öyrənmək imkanı verir.  Onlar həm də Ukrayna aviasiyasının uçuşlarını izləmək fürsəti yaradır: Azov dənizi üzərində A-50 olduğu zaman Ukraynanın “Storm Shadow” raketli Su-24 təyyarələrinin uçuşu xeyli çətinləşir, bəlkə də qeyri-mümkün olur.  

A-50 eləcə də faktiki komanda məntəqəsi kimi çıxış edərək, hava döyüşünün idarə olunmasında iştirak edir, hərbi təyyarələrin və helikopterlərin işini koordinasiya edir.

Belə təyyarə hava əməliyyatlarının komanda mərkəzi üçün hava məkanının dəqiq mənzərəsini real vaxtda təmin edir ki, bunsuz döyüşü idarə etmək çox çətindir. 

Rusiyalı hərbi ekspert İlya Kramnik 2022-ci ilin noyabrında özünün teleqram kanalında yazırdı ki, onun hesablamalarına görə, Rusiya Hava-Kosmik Qüvvələrinin (HKQ) təxminən iyirmi A-50U təyyarəsinə ehtiyacı var. Bu isə indi olduğundan üç dəfədən çox artıqdır – yanvarın 14-ə kimi Rusiyanın altı belə təyyarəsi vardı.

Müharibə dövründə bir A-50 diversiya nəticəsində xəsarət aldı. Bu, 2023-cü il fevralın 26-da Belarusun Maçulişşi hərbi aerodromunda baş verdi. Təyyarə təmir üçün Rusiyaya göndərildi. Onun xəsarətləri və indiki vəziyyəti haqda heç nə məlum deyil.

İl-22 nə ilə məşğul idi?

Baş verən hadisədə İl-22M təyyarəsinin rolu tam aydın deyil. Ola bilər ki, HKQ zabitlərinin hərbi aviasiyanı idarə etdikləri həmin komanda məntəqəsi olub.

Amma retranslyator kimi işləyərək siqnalı yerdəki qərargaha ötürə bilərdi, bu təyyarələrdən retranslyator kimi də istifadə olunur. “Military Balance 2022” məlumatına görə, Ukrayna müharibəsinə başlayarkən Rusiyanın 12 İl-22M və 10 İl-22 (daha köhnə modifikasiya) təyyarəsi olub.

Onlardan biri 2023-cü ilin iyununda ÇVK “Vaqner” qiyamı zamanı vurulub. Daha biri hərbi əməliyyatlar zamanı Ukrayna ZRK atəşi nəticəsində xəsarət alıb. 

“Moskovski komsomolets” qəzetinin 2022-ci ilin oktyabrında yazdığına görə, Ukrayna HHM atəşinə məruz qalan İl-22 xəsarət alsa da bazaya qayıda bilib. Onun sonrakı taleyi barədə məlumat yoxdur. 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://www.bbc.com/russian/articles/cqq1w7n4w36o