Logo
news content
User
Kateqoriyalar

Analitika

Boş məkanı dolğun edən adam - Ramilə Qurbanlı yazır 
O, həyatdan köçəndə də ölümü sevdi, amiranə qarşıladı, onunla qucaqlaşıb, getdi... 

Hamamdan teatr düzəldən də demək olar. İndi nə o hamam var, nə teatr; Vaqif İbrahimoğludan sonra yoxa çıxdılar. Vaqif İbrahimoğlu isə yaşayır, onu tanıyan, yaradıcılığından, ustadlığından bəhrələnən sonuncu kəsə qədər də yaşayacaq. Bəlkə hələ ondan sonra da yaşayacaq, axı, Vaqif İbrahimoğlu teatr aləmində yalnız yeni yol açmayıb, həm də o yolla yüzlərlə adam, gənc onun arxasınca gedib, o estetikanı əxz edib və davam etdirir. Harda o dəst-xətt varsa, orda Vaqif İbrahimoğlu yaşayır. Kinoda, teatrda, hansısa qurumun təşkil etdiyi tədbirdə Vaqif müəllimin yetirmələrinin işini tanımaq olur, seçilir, baxılır, sevilir. Bilirsən ki, bu iş Əbdülqəninin, Mirsahibin, Gümrahın, Mikayılın, İradənin, Günayın, Kamranın, Qasımın, Tərlanın işidir. Hansı işdə sanbal, sənət varsa, yaxud tələbələr fərqlidirsə, orda Məmmədsəfa, Fəxrəddin, Gülzar, Mehriban, Yaqut var. Çoxdur, bütün teatrların bel sütunları Vaqif İbrahimoğlunun qaynatdığı bulaqdan su içənlərdir. Xarici ölkə teatrlarında uğurla tamaşalar hazırlayan da onlardır. İzi var, möhürü var, yolu var Vaqif İbrahimoğlunun.

“Boş məkanın dolğunluğu” adlı teatr festivalı təşkil etmişdi. Bu o vaxta təsadüf edirdi ki, teatr məkanında bir boşluq, süstlük vardı, Vaqif müəllimin bu addımı yalnız festival keçirməkdən ibarət deyildi, həm də o boşluğu doldurmaq, teatr mühitini ətalətdən çıxartmaq cəhdi idi. Nail də oldu, o boşluqda dolğunluq yarandı, teatr əhlində sabaha ümid yarandı, yeni tamaşalar ərsəyə gəldi.
Hamam deyilən bina həqiqətən “eramızdan əvvəl” hamam kimi fəaliyyət göstərmişdi, rütubətindən də bəlli olurdu. Vaqif İbrahimoğluna bəlkə də sözkəsənlik üçün verdilər o binanı, amma usta hamamdan teatr düzəldə bildi. Uzun illər Akademik Dram Teatrının kölgəsində yerləşən binada Yuğ teatrı uğurlu tamaşalar hazırladı, o binadan onlarla aktyor, hətta aktyor nəsli yetişdi.
Binanın qarşısında məhəllənin zibilxanası vardı. Və o teatra xarici ölkələrdən qonaqlar gəlirdi, tamaşaçılar buyururdu. Vaqif İbrahimoğlunun işığına yığışanlar zibilxanadan keçib mədəniyyətə, nura doğru gedirdilər. Uzun mübarizədən sonra Vaqif İbrahimoğlu zibilxananın ordan yığışdırılmasına nail olanda uşaq kimi sevinirdi: “Məndən sonra bu zibilxananın yerində mənim heykəlim qoyulacaq, əlim Azdramaya doğru”-deyə zarafatından qalmazdı.
Hərdən düşünürəm, o hamam binası tarixi tikili idi, Vaqif müəllimdən sonra Yuğ teatrı elə orda fəaliyyətini davam etdirsə, qarşısında Vaqif müəllimin barelyefi vurulub, filanıncı illərdə burda teatr yaradıb, yeni teatr estetikasının, yeni yolun əsasını qoyub-yazılsaydı, mədəniyyət tariximiz nə itirərdi..? Ocağı quranların tifağını dağıtmaqla nə qazanıb, nə itiririk...? Ritorik suallardır…
Filanıncı il deyincə elə o tarixə, illərə bir nəzər salaq. Vaqif İbrahimoğlu ilə Yuğ əslində eyni vaxtda yaranmışdı. Vaqif İbrahimoğlu dünyaya gələndə, 1949-cu ilin 18 oktyabrında. Niyəsini indi izah edirəm.  Dünyaya gələndə Tanrı tərəfindn bu missiya ona həvalə edilmişdi. Yoxsa insan niyə bu dərəcədə ətrafından və mühitindən fərqlənsin…
İncəsənət Universitetində Tofiq Kazımovun kursunda oxuduğu illərdə həm zahirən, stil baxımından, həm də sənətə münasibəti, yanaşması baxımdan sələflərindən seçilib. Aktyorluğa da meyl edib, kinolara çəkilib, teatrlarda işləyib, amma özünü axtarıb oralarda, nəhayətdə özünü öz içində tapıb. Tapıb ki, bu edilənləri, olanları etmək istəmir, özünün olacaq nə isə etməlidir, amma nə? Bu sual ətrafında çox düşünüb əvvəlcə eksperimental teatr studiyası yaradır… və o studiya arı pətəyi kimi bütün bal verən arıları öz ətrafında cəmləyir, böyüyür, olur Yuğ.
Yuğ teatrında onun qoyduğu üslübda tamaşalar Azərbaycandan kənarda da səs salmışdı. Vaqif İbrahimoğlu xarici ölkələrdə tamaşa hazırlamağa dəvət olunurdu. Onun estetikasından yararlanan xarici ölkə teatrları bu gün o janrda davam edirlər, bir azərbaycanlı rejissorun açdığı yolla.
Yuğ teatrının binasındakı darısqal otağına böyük qəlbli insanlar sığışardı. Kimlər gəlməzdi onun alovundan köz götürməyə. Hamıya da çatardı közü. Orda yalnız teatr yaratmamışdı, sənət üçün, insanlar üçün, dostlar üçün pərvanə kimi yanırdı, özünü qətrə-qətrə xərcləyirdi, qəlbindən, özündən kəsib, hamıya paylayırdı. Çox sevdiyi Mövlanə kimi…Vaqif İbrahimoğluda nifrət deyilən nəsnə görmədim, sevgini hamıya qucaq-qucaq payladı. Onu sevənlərlə sevməyənlər nisbətdə eynilik təşkil edərdi, amma o, onu sevməyənləri də sevirdi. Həyatı sevirdi, işini sevirdi, tələblərini, aktyorları sevirdi…yalnız sevirdi. İncə yumor hissi ilə hər kəsin dilini tapmağı bacarırdı. Həyatdan köçəndə də ölümü sevdi, amiranə qarşıladı, onunla qucaqlaşıb, getdi.

Bir az da quru statistika.
Vaqif İbrahimoğlu ölkəmizdə fərqli və qeyri-adi üslub olan “Psixosof” (ruhun hikməti) poetikası üzrə teatr yaradan ilk rejissordur.
1949-cu il oktyabrın 18-də Mərdəkan qəsəbəsində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub, 1972-ci ildə həmin institutu bitirib.
1973-1976-cı illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi işə başlayan Vaqif İbrahimoğlu 1976-1979-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental Teatr Studiyasında, 1979-1982-ci illərdə Tədris Teatrında Bədii rəhbər,  1982-1989-cu illərdə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində də fəaliyyət göstərib.
Azərbaycan Milli Akademik Dram Teatrında, Türkiyənin Ankara və Bursa teatrlarında, eləcə də Estoniyanın Uqala Teatrında tamaşalar hazırlayıb. 1989-cu ildən “Yuğ” Teatrının bədii rəhbəri vəzifəsində çalışıb və yaratdığı “Yuğ” Teatr-Studiyası 1992-ci ildə dövlət statusu alıb.
Vaqif İbrahimoğlu Azərbaycan Dövlət “Yuğ” Teatrında 1989-cu ildən həyatının sonunadək 90-a yaxın tamaşaya quruluş verib və bir çox filmlərdə fərqli obrazlar canlandırıb. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənəti ixtisası üzrə xeyli tələbə yetişdirib. Onun tələbələri arasında bu gün ölkə üzrə müxtəlif teatrlarda istedadı ilə seçilən xeyli sayda aktyor və rejissorlar var.
1991-ci ildə Əməkdar incəsənət xadimi fəxri adı, “Qızıl Dərviş” mükafatı laureatı və eləcə də ADMİU-nun dosenti olan rejissor 2006-cı ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu 2011-ci il mayın 12-də, ömrünün 62-ci ilində vəfat edib.
Ölümündən sonra, 2019-cu ilin martında Bakıda Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunmuş "Boş məkanın dolğunluğu" adlı eksperimental tamaşalar festivalı keçirilib. Yerində qalan boşluq görünür, nə qədr yetirməsi olsa belə.
Bu gün Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcısı, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun anım günüdür. 12 may, vəfatından 12 il keçir. Ruhu şad olsun.

Ramilə Qurbanlı