Logo
news content
User
Kateqoriyalar

Analitika

Bombardman altında sülh illüziyası
ABŞ-nin müharibəni bitirmək təklifi realdırmı?

ABŞ-İsrail koalisiyası ilə İran arasında müharibənin növbəti mərhələyə keçdiyi bir vaxtda Vaşinqtonun Tehrana ünvanladığı mümkün “sülh paketi” ətrafında müzakirələr daha da intensivləşib. Xüsusilə, Donald Tramp administrasiyasının sərt ritorikası və paralel olaraq “danışıqlara açığıq” mesajları regionda ziddiyyətli mənzərə formalaşdırır. Bu fonda ABŞ-nin İrana təqdim etdiyi şərtlərin mahiyyəti, onların real siyasi məqsədləri və Tehran tərəfindən verilən reaksiyalar diqqət obyektinə çevrilib.

Vaşinqtonun irəli sürdüyü şərtlər əsasən İranın nüvə proqramının məhdudlaşdırılması, ballistik raket potensialının zəiflədilməsi və regiondakı proksi qüvvələrə dəstəyin dayandırılması kimi strateji məsələləri əhatə edir. ABŞ tərəfi bunu “qlobal təhlükəsizliyin təmin olunması” kimi təqdim etsə də, Tehranda bu tələblər birbaşa rejimin zəiflədilməsi və ölkənin geosiyasi təsir imkanlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. İran isə rəsmi mövqeyində bəyan edir ki, hərbi və siyasi hədəflərinə çatmadan heç bir danışıqlara getməyəcək və əvvəlcə sanksiyalar aradan qaldırılmalıdır. Bu ziddiyyətli yanaşmalar fonunda tərəflər arasında real kompromis imkanları xeyli məhdud görünür.

Bu kontekstdə, siyasi şərhçi Rauf Mirqədirov Pressklub.az-a şərhində bildirib ki, Donald Trampın İranla bağlı irəli sürdüyü 15 maddəlik “sülh planı”nı nə ciddi sənəd, nə də real siyasi layihə hesab edir. Onun sözlərinə görə, bu, ya vəziyyətin elementar şəkildə anlaşılmaması, ya da klassik siyasi manipulyasiya - vaxt udmaq cəhdidir.

Rauf Mirqədirov qeyd edib ki, açıq danışmaq lazımdır: Tramp və İran rejimi elə bir qarşıdurma nöqtəsindədir ki, onların arasında real sülh sazişi mümkünsüzdür.

O bildirib ki, bunun birinci səbəbi İranda real hakimiyyətin kimdə olması ilə bağlıdır: bu gün ölkədə əsas güc mərkəzi SEPAH-dır və məhz bu struktur həm daxili, həm də xarici siyasətdə həlledici rol oynayır. Mirqədirov vurğulayıb ki, SEPAH Trampın təklif etdiyi istənilən “sülh formuluna” prinsipial şəkildə qarşıdır.

Onun sözlərinə görə, belə bir saziş SEPAH-ın gücünü sarsıdır, onu zəiflədir. O deyib ki, bu şərtlərlə razılaşma imzalansa, İran cəmiyyətində dərhal suallar yaranacaq: bütün bu güzəştlərə hazır idinizsə, bəs niyə illərlə xalqı qarşıdurmaya sürüklədiniz? Niyə ölkəni sanksiyalara, təcridə və böhrana saldınız?

Siyasi təhlilçi qeyd edib ki, bu suallar birbaşa rejimin legitimliyini hədəfə alır və SEPAH rəhbərliyi bunu hamıdan yaxşı anlayır: “Onlar eyni zamanda başa düşürlər ki, belə bir ssenaridə heç kim onlara “rəhm etməyəcək” və mümkün etiraz dalğası rejim dəyişikliyinə gətirib çıxararsa, ilk hədəf məhz onlar olacaq”.

Rauf Mirqədirov ikinci məqam kimi Trampın təkliflərinin İran rejiminin ideoloji təməlinə zidd olduğunu vurğulayıb. O deyib ki, İranın xarici siyasəti təsadüfi qərarlara deyil, konkret və sərt postulatlara əsaslanır. Onun sözlərinə görə, bu postulatlara Amerikanın və onun müttəfiqlərinin “şər imperiyası” kimi təqdim olunması, İsrailin Yaxın Şərqdə mövcudluğunun prinsipial şəkildə rədd edilməsi və İranın regiondakı müsəlmanların əsas müdafiəçisi kimi çıxış etməsi daxildir.

O bildirib ki, bu yanaşma sadəcə siyasət deyil, rejimin varlıq fəlsəfəsidir və bu fəlsəfədən imtina etmək faktiki olaraq sistemin özünü dağıtmaq deməkdir. Mirqədirov qeyd edib ki, belə bir şəraitdə Trampın “15 maddəlik planı” reallıqdan qopmuş sənəddir və İranın xarici siyasət doktrinasının bütün əsas sütunlarına ziddir.

Onun fikrincə, bu səbəbdən belə bir “sülh təşəbbüsü” nə Tehranda qəbul edilə bilər, nə də praktikada həyata keçirilə bilər. Ekspert vurğulayıb ki, əksinə, belə bir razılaşma baş versə də, bu, Trampın siyasi qələbəsi yox, açıq məğlubiyyəti kimi qiymətləndiriləcək.

Siyasi təhlilçi üçüncü məqam kimi prosesdə İsrail faktoruna diqqət çəkib və bildirib ki, İsrailin öz təhlükəsizlik maraqları var və bu maraqlar belə bir razılaşma ilə toqquşa bilər.

Sonda Rauf Mirqədirov belə nəticəyə gəlib ki, bu danışıqların real nəticə verəcəyinə inanmaq üçün ya sadəlövh olmaq, ya da reallığı görmək istəməmək lazımdır. O qeyd edib ki, bu, sülh planı deyil, siyasi illüziyadır.

Turqut