Logo
news content
User
Kateqoriyalar

Analitika

Bloklanan saytlara giriş imkanları tam məhdudlaşdırılacaq

Ali Məhkəmə belə nəticəyə gəlib ki, Azərbaycanda beş saytın (“Azadlıq” qəzeti, Azadlıq radiosu, Meydan TV, Turan TV və “Azərbaycan saatı”) bloklanması kifayət deyil, bu internet səhifələrinə baxışı mümkün edən başqa resurslara da giriş məhdudlaşdırılmalıdır. Ali Məhkəmənin Plenumu bu məsələyə baxılması üçün saytların bloklanması işini Bakı Apellyasiya Məhkəməsinə göndərib.

Ölkədə adları çəkilən saytlara giriş 2017-ci ilin martından məhdudlaşdırılıb. Amma bu barədə məhkəmə qərarını həmin il mayın 12-də Səbail rayon Məhkəməsində hakim Nurəddin Bağırov çıxarıb. Qərar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında qəbul edilib. Nazirliyin Elektron Təhlükəsizlik Mərkəzinin iddia ərizəsində göstərilib ki, baş prokuror Zakir Qaralov martın 27-də nazirliyə məktubunda yazıb ki, bu saytlar “dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yaradır.” Baş prokuror məktuba bu saytlarda yaymlanan bəzi yazıları da əlavə edib. Sonradan nazirlik də o materialları məhkəməyə göndərdiyi iddia ərizəsinə əlavə edib. Nazirlik iddia ərizəsində adları çəkilən saytlarla yanaşı, gələcəkdə həmin saytlara girişə imkan yaradacaq internet resurslarının da bloklanması tələbini qoyub. Səbail rayon Məhkəməsi həmin 5 sayta Azərbaycan ərazisində girişin məhdudlaşdırılmasına qərar versə də, iddianın yardımçı internet resurslarının da bloklanması hissəsini təmin etməyib.

Belə görünür ki, o vaxt nazirlik iddiasının qismən təmin olunmamasından narazı qalmayıb. Hər halda, qərardan apellyasiya şikayəti verməyib. Amma bloklanmış saytlar şikayətçi olublar və nəticə dəyişməyib, 2017-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi də onların əleyhinə qərar çıxarıb. 2018-ci ilin iyununda Ali Məhkəmə eyni qərarı qüvvədə saxlayıb.

Saytların bloklanmasından üç ilə yaxın vaxt keçəndən sonra bloklanmış saytlara girişə imkan verən internet resurslarıyla bağlı tədbir görmək məsələsi gündəmə gəlib. Ali Məhkəmənin Plenumu 2020-ci il martın 19-da bu barədə qərar verib. R.Rzayevin imza atdığı qərarda yazılıb ki, Plenum nazirliyin əlavə kassasiya şikayəti əsasında bu işə baxıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üç il əvvəl qaldırdığı iddianın tam təmin olunmasını istəyir.

“Nazirlik tərəfindən aparılmış monitorinqlər nəticəsində bu saytlara müraciətlərin digər informasiya ehtiyatları vasitəsilə mümkün olduğu müəyyən edilib. Məhdudlaşdırılma barədə qərarın bu resurslara da şamil olunmasına zərurət yaranıb”, - Plenumun qərarında nazirliyin şikayətinə istinadən belə yazılıb.

Plenum da şikayəti əsaslı sayıb və martın 19-da saytlarla bağlı Ali Məhkəmənin qərarı ləğv olunub. İş yenidən araşdırılması, başqa internet resurslarının da bloklanması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb. İyulun 1-də bu instansiyada sözügedən məsələyə baxılacaq.

Plenumun qərarında diqqət çəkən məqamlardan biri bu işdə maraqlı tərəflərdən heç birinin qərar verilən iclasda iştirak etməməsidir. Belə aydın olur ki, heç nazirliyin təmsilçiləri də orada olmayıblar. Bloklanmış saytların nümayəndələrinə gəlincə, onlar bildirirlər ki, nə nazirliyin əlavə kassasiya şikayəti, nə Plenumun iclası, nə də qərar barədə onlara bir söz deyilib.

Plenumun qərarında yazılıb ki, maraqlı tərəflərə bildiriş göndərilib, amma onlar üzürsüz səbəbdən gəlmədiklərinə görə, iştirakları olmadan baxılıb.

“Azadlıq” qəzetinin baş redaktoru və Turan TV-nin rəhbəri Qənimət Zahid “Press Klub”a bildirdi ki, bu haqda yazılanlar doğru deyil, redaksiyaya da, məhkəmələrdə bu media orqanlarının maraqlarını müdafiə edən vəkilə də heç bir məlumat verilməyib: “Xəbər verilsəydi, nümayəndəmiz, vəkilimiz iştirak edərdi. Qərarı gizli verib, məsuliyyəti də qarşı tərəfin üstünə atmağa çalışırlar. Necə xəbər veriblər, ortaya sübut qoysunlar”.

Q.Zahid hesab edir ki, digər internet resurlarına girişin məhdudlaşdırılması hökumətin öz qərarıdır. Sadəcə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən istifadə olunur: “Narazı idilərsə, niyə vaxtında aşağı instansiya məhkəmələrinə şikayət verməmişdilər? İndi əsas yaratmaq üçün əlavə kassasiya şikayətindən bəhanə kimi istifadə edirlər.”

Q.Zahid əlavə etdi ki, saytların bloklanmasıyla bağlı qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət olunub. Şikayət icraata götürülüb və artıq kommunikasiya mərhələsi başlayıb.

“Azadlıq” radiosu da AİHM-ə şikayət göndərib.

Meydan TV-dən də “Press Klub”a bildirdilər ki, Plenumun iclası, çıxarılan qərar barədə onlara məlumat verilməyib.

Azərbaycanda bloklanmış saytlara daxil olmaq üçün VPN-dən istifadə olunur. Sosial media istifadəçiləri bildirirlər ki, son vaxtlar VPN-dən istifadədə də problemlərlə üzləşirlər. “Bir neçə ildir Azərbaycanda bloklanmış saytları oxumaq üçün işlətdiyim VPN-ə daxil olmaq olmur.. Deyəsən, internet ölkəmizdə daha da “azad” olur”, - sabiq deputat Nazim Bəydəmirli sosial media hesabında belə yazıb.

Jurnalist Xədicə İsmayıl da son aylar bu çətinliklə üzləşdiklərini deyir: “Bir neçə aydır VPN problemi yaşayırıq”.

Media hüququ üzrə ekspert Xalid Ağaliyev inanır ki, AİHM bu iş üzrə qərarında Azərbaycan hökumətinin addımını ifadə azadlığının pozuntusu kimi qiymətləndirəcək və dövləti cərimələyəcək: “Bütün bunların fonunda başqa internet resurslarının da bloklanması məsələsinin gündəmə gəlməsi pozuntunun dairəsini genişləndirməkdən başqa bir şey deyil. Sadəcə, hüquqşunasların işini, dövlətin təzminat yükünü artırırlar”.

Gülər