Bizsiz keçən Sülh Sammiti – Qlobal faciə, yoxsa dövlət marağı?
Azərbaycanın Ukrayna sammitində iştirak etməməsi Rusiyanın sifarişi ola bilərmi?
20 İyun 2024
İyunun 15 və 16-da İsveçrədə baş tutan Ukrayna üzrə Sülh Sammiti 90-dan çox ölkəni bir araya gətirdi. Sammitdə Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı başladığı və bu gün də davam edən təcavüzü fonunda beynəlxalq hüquqa əsaslanan davamlı sülhə nail olmağın yolları müzakirə olundu. Tədbir 78 iştirakçı ölkənin yekun sənədi qəbul etməsi ilə başa çatdı. Sənəddə beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində bütün dövlətlərin, o cümlədən Ukraynanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin zəruriliyi vurğulanır.
Adı dəvət olunan ölkələr siyahısına salınmayan Rusiya sammit ərəfəsində sülh danışıqları üçün öz şərtlərini irəli sürmüşdü. Bu şərtlərə Ukraynanın öz ərazilərinin bir hissəsindən imtina etməsi tələbi də daxildir. Bu şərtlər Kiyev və onun Qərbdəki müttəfiqləri tərəfindən rədd edildi. Onlar bunu sülh təklifi kimi deyil, təslim olmaq üçün ultimatum kimi qəbul edirlər.
Bizim üçün ən maraqlısı odur ki, dəvət olunan, lakin tədbirdə iştirak etməyən ölkələr arasında Azərbaycanın da adı var. Nə Azərbaycanın Xarici İşlər Nazirliyi, nə də Prezident Administrasiyası tədbirdə iştirak etməməyimizə aydın izahat verməyib. Düzdür, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov bu sammiti təbliğat adlandırıb. O, Turan-ın müxbiri ilə söhbətində o, Azərbaycanın tədbirdə iştirak etməməsinin Ukrayna ilə münasibətlərinə xələl gətirməycəyini deyib. Bu zaman o, Azərbaycanın Ukraynaya dəstək üçün əvvəlki tədbirlərdə, məsələn, bu ölkənin iqtisadiyyatının bərpası ilə bağlı Berlin sammitində iştirakını əsas gətirib.
Amma Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı fərqli mövqedədir. O, Azadlıq Radiosuna açıqlamasında qlobal siyasi mənzərəni avtoritar və demokratik düşərgələr arasında rəqabət kimi qiymətləndirib və İsveçrədə keçirilən konfransın bu fərqi ortaya qoyduğunu vurğulayıb. “Demokratik Qərb ölkələri tədbirdə ən yüksək səviyyədə təmsil olundu. Avtoritar dövlətlər, o cümlədən Azərbaycan orada yox idi”, - Qasımlı qeyd edib. - “Azərbaycanın yoxluğu onu Rusiya və digər avtoritar rejimlərlə daha da yaxınlaşdırdı və çox güman ki, bu qərara Moskvanın istəyi təsir edib”.
Həqiqətən də, Azərbaycan geosiyasi baxımdan getdikcə daha çox Rusiyaya meyl edir. Xüsusən də, Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında 22 fevral 2022-ci il tarixində “müttəfiqlik haqqında deklarasiyanın” imzalanmasından sonra. Bu deklarasiyada siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunur. Bu da iki ölkə arasında dərin müttəfiqlikdən xəbər verir.
Azərbaycanın Belarus, Qazaxıstan, Qırğızıstan və Türkmənistan kimi avtoritar dövlətlərlə bərabər sammitdə iştirak etməməsi ciddi geosiyasi parçalanma olduğunu göstərir. Qərb demokratlarının Ukraynanı dəstəkləmək üçün toplaşdığı bir vaxtda, bu ölkələrin Rusiya ilə yaxınlaşması avtoritar blokun birləşməsindən xəbər verir. Bu da münaqişəyə qlobal reaksiyanı daha da çətinləşdirir.
İsveçrədə keçirilən Ukrayna üzrə Sülh Sammitinin məhdud əhatə dairəsinə və bəzi əsas iştirakçıların olmamasına baxmayaraq, münaqişənin həlli istiqamətində mühüm hadisə oldu. O, demokratik və avtoritar dövlətlər arasında artan uçurumu üzə çıxardı və bu da, çox güman ki, yaxın gələcəkdə qlobal siyasəti formalaşdıracaq.
Bəs Azərbaycanın sammitdə iştirak etməməsini necə izah etmək olar? Və bu, artıq onilliklərdir ölkəmizlə Ukraynanın rəsmi strateji tərəfdaş olması fonunda baş verir. Bundan başqa, Kiyev 44 günlük müharibə zamanı Azərbaycanın haqlı tərəf olduğunu açıq şəkildə bildirdi. Nəticədə, erməni gənclərin İrəvanda nümayişi zamanı Ukrayna səfirliyinin divarlarına borş atıldı. Azərbaycan Rusiyanın hazırkı təcavüzü zamanı dəfələrlə Ukraynaya milyonlarla dollar dəyərində humanitar yardım göstərib və göstərməkdə davam edir, fövqəladə hallar xidmətlərini pulsuz benzinlə təmin edib və təmin etməkdə davam edir, eləcə də Kiyev yaxınlığında Rusiya qəsbkarları tərəfindən dağıdılmış İrpen şəhərini bərpa edir. Ermənistan forumda iştirakdan çəkinməməsi fonunda, rəsmi Bakının bu forumda iştirakına nə mane ola bilərdi?
Siyasi şərhçi, hüquqşünas, ictimai xadim Fuad Ağayev bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.
Onun sözlərinə görə, İsveçrədə keçirilən Ukrayna üzrə Sülh Sammit o baxımdan kifayət qədər mürəkkəb hadisədir ki, təcavüz qurbanı olan dövlət, bəlkə də tarixdə ilk dəfə belə bir tədbir təşkil edə bilib.
“Bu sammitə siyasi nöqteyi-nəzərdən verilən qiymətə gəlincə, təbii ki, qeyri-adi hadisədir. Və bu sammiti sırf təbliğat adlandırmaq olmaz - yanlış yanaşmadır.
Digər yanaşma isə daha böyük yanlışdır - bu sammitin az qala xeyirlə şər, demokratiya və avtoritarizm arasında qarşıdurmanı ifadə etməsi iddiası. Hesab edirəm ki, Azərbaycanın sammitdə yoxluğunu bu baxımdan qiymətləndirmək kökündən yanlışdır. Və bunu Azərbaycanın hazırda Rusiya ilə birgə siyasi ambisiyalarını həyata keçirməsi ilə izah etmək qətiyyən doğru olmaz. Beynəlxalq siyasətdə iştirak edən hər bir ölkə, ilk növbədə, öz dövlət maraqlarından çıxış etməlidir. Praktikada Azərbaycan Ukraynaya böyük, səmərəli yardım göstərib və göstərməkdədir. Bundan əlavə, Azərbaycanın bu tədbirdə iştirak etməsi heç nəyi dəyişməyəcəkdi. Bu sammitin yekun sənədinin özü əsasən deklarativ xarakter daşıyır: hətta Zelenski özü belə, münaqişənin sülh yolu ilə həlli ilə bağlı sənəddəki on tələbdən yeddisindən imtina edib. Əslində, sənəd beynəlxalq hüquq əsasında hamı tərəfindən qəbul edilmiş ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini göstərməklə məhdudlaşır, bu da ümumiyyətlə heç kim tərəfindən mübahisə predmeti deyil”, - politoloq deyir.
O, hesab edir ki, təbii, Azərbaycan nümayəndə heyəti İsveçrədəki sammitə gedib bu sənədə səs verə bilərdi. Amma bizim orada olmamağımızdan faciə yaratmaq və məhz buna görə də Azərbaycanın az qala Cənubi Qafqazda Rusiyanın forpostuna çevrildiyini iddia etmək düzgün deyil. “Ermənilər bu sammitdə təmsil olundular, lakin yekun sənədə ümumiyyətlə səs vermədilər. Bəs buna nə ad verməliyik? Mənə elə gəlir ki, bu, bir dövlət üçün nümayəndə heyətinin olmamasından daha böyük çatışmazlıqdır. Yəni sammitdə iştirak edib heç bir mövqe bildirməmək, ümumiyyətlə qeyri-müəyyənlikdir. Bu cür davranış erməni nümayəndə heyətinin bu tədbirdə iştirakını tamamilə mənasız edir.
Onu da qeyd edə bilərəm ki, Türkiyə ilə Rusiya arasında kifayət qədər sıx iqtisadi əlaqələrin olmasına baxmayaraq, Ankara bu sammitdə Xarici İşlər Nazirliyinin rəhbəri səviyyəsində təmsil olunub və yekun sənədə səs verib.
Ümumiləşdirərək deyə bilərəm ki, bu sammitin əhəmiyyətini azaltmağa ehtiyac yoxdur. Lakin Azərbaycanın bu sammitdəki yeri baxımından onun dünya siyasəti üçün əhəmiyyətini şişirtməyə də ehtiyac yoxdur”, - deyə Ağayev yekunlaşdırıb.
Rauf Orucov